28 Noyabr 2026

Şənbə, 07:09

DAYANIQLILIQDAN İNKİŞAFA

“Fitch Ratings” və Dünya Bankı Azərbaycan iqtisadiyyatının yeni artım mənbələrinə keçidinin əsas şərtlərini müəyyən edib

Müəllif:

15.10.2026

Güclü xarici mövqelər, əhəmiyyətli dövlət ehtiyatları və borcun aşağı səviyyəsi Azərbaycana qlobal qeyri-sabitlik dövrlərini mühüm dözümlülük ehtiyatı ilə keçməyə imkan verir. Lakin iqtisadi artımın yavaşlaması, büdcənin neft gəlirlərindən asılılığı və qeyri-neft sektorunun qeyri-kafi məhsuldarlığı ölkənin qarşısında daha mürəkkəb vəzifə qoyur: toplanmış resursları dayanıqlı inkişafın əsasına çevirmək.

Beynəlxalq reytinq agentliyinin təşkil etdiyi “Fitch on Azerbaijan 2026” konfransında aparılan müzakirələr göstərib ki, bu gün ölkənin iqtisadi perspektivləri neft kotirovkaları, valyuta ehtiyatlarının həcmi və dövlət borcunun dinamikası çərçivəsindən çox kənara çıxır. “Fitch Ratings”, Dünya Bankı (DB) və “PASHA Holding”in nümayəndələri toplanmış resursların özəl investisiyaların genişlənməsinə, məhsuldarlığın artırılmasına və yeni artım mənbələrinin yaranmasına yardım göstərə biləcək şərtləri müzakirə ediblər.

 

Davamlılıq ehtiyatı

“Fitch Ratings”ə görə, Azərbaycanın suveren reytinqi stabil proqnozla “BBB-“ səviyyəsindədir. Agentlik gözləyir ki, 2026-cı ilin yekunlarına əsasən, icmal büdcənin profisiti ÜDM-in, təxminən 3,7%-ni, cari əməliyyatlar balansının müsbət saldosu isə ÜDM-in 11%-nə yaxınlaşacaq. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mərkəzi Bankının (AMB) vəsaitləri daxil olmaqla, xalis suveren xarici aktivlər ÜDM-in təqribən 73%-i, toplanmış aktivlərin ümumi həcmi isə təxminən 91 milyard dollar məbləğində qiymətləndirilir.

“Fitch”in proqnozuna görə, birbaşa dövlət borcu 2026-cı ildə ÜDM-in 19,6%-ni təşkil edəcək. Müqayisə üçün: “BBB” reytinq kateqoriyasındakı dövlətlər üçün median göstərici ÜDM-in 57%-nə çatır.

“Fitch Ratings”in baş direktoru, Şərqi Avropanın suveren reytinqləri qrupunun rəhbəri Erik Arispe Morales diqqəti ona yönəldib ki, neft hasil edən ölkələrdə təkcə maliyyə aktivlərinin həcmi deyil, həm də dövlətin müxtəlif iqtisadi siyasət alətlərini tətbiq etmək bacarığı əhəmiyyət kəsb edir. “Neft ixrac edən ölkələri qiymətləndirərkən təkcə balans deyil, həm də müxtəlif iqtisadi siyasət alətlərinin vəhdəti vacibdir”, - o vurğulayıb.

Bu rəqəmlər ölkənin xarici şoklara qarşı mübarizə aparmaq üçün əhəmiyyətli imkanlara malik olduğunu göstərir. Lakin toplanmış resursların məhz necə istifadə edildiyi və iqtisadi siyasətin nə dərəcədə ardıcıl aparıldığı prinsipial əhəmiyyət daşıyır.

Agentlik nümayəndəsinin sözlərinə görə, suveren balansın gələcək möhkəmlənməsi pul-kredit siyasətinin effektivliyinin artırılması və icmal büdcənin ilkin qeyri-neft kəsirinin ardıcıl olaraq azaldılması ilə müşayiət olunmalıdır. “Fitch”in baza ssenarisinə görə, bu göstərici 2025-ci ildəki ÜDM-in 18,6%-dən 2029-cu ilə qədər 13%-ə enməlidir.

“PASHA Holding”in baş iqtisadçısı Elman Eminov isə öz növbəsində dövlət yığımlarının formalaşması xüsusiyyətlərinə diqqət çəkib: “Enerji daşıyıcılarının yüksək qiyməti bu profisitin avtomatik olaraq ölkənin qızıl-valyuta ehtiyatlarına çevrilməsinə səbəb olmur”.

Əgər qeyri-neft sektoru kifayət qədər sürətlə inkişaf etməzsə, karbohidrogenlərin payının azalması ümumi iqtisadi artımın yavaşlaması və büdcə imkanlarının məhdudlaşması ilə müşayiət oluna bilər.

“Qeyri-neft iqtisadiyyatında nələrin baş verdiyini və baş verəcəyini nəzərə almadan neft hasilatının azalmasının nəticələrini qiymətləndirmək olmaz”, - E.A.Morales qeyd edib. Onun sözlərinə görə, həyata keçirilən siyasətin uğuru böyük ölçüdə özəl sektorun iqtisadiyyatda nə dərəcədə fəal iştirak edə biləcəyindən, onun inkişafı üçün hansı maneələrin qaldığından və ortamüddətli perspektivdə onların nə dərəcədə effektiv aradan qaldırılacağından asılı olacaq.

Qeyri-neft daxilolmalarının artması, ilk növbədə, neft-qaz sahəsindən kənarda iqtisadi fəaliyyətin genişləndirilməsi ilə mümkündür. Bunun üçün yeni müəssisələrin bazara daxil olması, fəaliyyət göstərən şirkətlərin məhsuldarlığı artırması, özəl investisiyaların isə təkcə ənənəvi istiqamətlərə deyil, həm də daha yüksək əlavə dəyəri olan sahələrə yönəldilməsi zəruridir.

Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı Stiv Loris Qi-Dibi həmçinin əlverişli neft konyunkturunun hökumətə tənəzzül dövrlərində iqtisadiyyatı dəstəkləmək üçün ehtiyatlar formalaşdırmağa imkan verdiyini göstərib. Lakin eyni zamanda qeyri-neft sektorunun daha müstəqil inkişaf etməsinə imkan verəcək islahatlara ehtiyac da artır. Fiskal siyasət iqtisadi artımı stimullaşdırmaq üçün yeganə mənbə olaraq qalmamalıdır. Dövlət əsaslı vəsait qoyuluşları azaldıqca, iqtisadiyyatda özəl sektor getdikcə daha əhəmiyyətli rol oynamalı olacaq.

Beləliklə, söhbət dövlət xərclərinin iqtisadi fəallığın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış etdiyi modeldən artımın böyük ölçüdə özəl sektor, investisiyalar və məhsuldarlığın yüksəlməsi hesabına təmin edildiyi sistemə tədricən keçiddən gedir.

 

İslahatlar zəruridir

Bütün bunların fonunda “Fitch Ratings”in proqnozları maraq doğurur. Belə ki, buna əsasən, Azərbaycanın ÜDM artımı 2026-cı ildə 1,6%, 2027-ci ildə 2% və 2028-ci ildə 2,2% təşkil edəcək. Bununla yanaşı, E.Eminov müxtəlif institutların qeyri-neft-qaz ÜDM-in artımı üzrə qiymətləndirmələrinin 3,5-4% diapazonunda olduğunu təsdiqləyib. “Qeyri-neft-qaz artımının dinamikasının 2025-ci ildə 2,7% təşkil etdiyini, cari il üçün isə 2%-dən bir qədər çox proqnozlaşdırıldığını nəzərə alsaq, sürətlənmə zəruri şərtə çevrilir”, - o xatırladıb.

Yəni islahatlara ehtiyac ortadadır, çünki aydındır ki, qeyri-neft sektorunda məcmu faktor məhsuldarlığı göstəriciləri hələ ki, karbohidrogen hasilatının təbii azalmasını tam kompensasiya etməyə imkan vermir. DB hesab edir ki, bu, əmtəə və xidmətlərin istehsalı zamanı iqtisadiyyatın əmək, kapital və digər resurslardan nə dərəcədə səmərəli istifadə etdiyini əks etdirir.

Bununla əlaqədar Qi-Dibi dövlət əsaslı vəsait qoyuluşlarının miqyası dəyişdikcə özəl sektorun artan əhəmiyyətinə diqqət çəkib. Onun fikrincə, rəqabət mühitinin yaxşılaşdırılması və investisiyaların cəlb edilməsi üzrə tədbirlər gələcək artıma kömək edə bilər.

DB nümayəndəsi bankın Azərbaycan hökuməti ilə qarşılıqlı əməkdaşlıq etdiyi islahatların üç istiqamətini vurğulayıb. Birincisi, daxili rəqabətin gücləndirilməsi və özəl şirkətlərlə dövlət müəssisələri üçün bərabər şəraitin yaradılmasıdır. İkincisi, birbaşa xarici investisiyaların cəlb edilməsi, ticarət siyasətinin təkmilləşdirilməsi və qeyri-tarif məhdudiyyətlərinin azaldılması yolu ilə xarici rəqabət qabiliyyətliliyin artırılmasıdır. Üçüncüsü isə məhsuldarlığın və resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsidir.

Qi-Dibi qeyd edib ki, hazırkı mərhələdə Azərbaycan üçün prioritet vəzifə özəl sektorun gücləndirilməsinə, rəqabət şəraitinin təkmilləşdirilməsinə və birbaşa xarici investisiya axınının artırılmasına yönəlmiş islahatlar paketinin həyata keçirilməsidir. O, investisiya prosedurlarının sadələşdirilməsini, investorların hüquqlarının qorunmasını və bazara daxil olmaq üçün maneələrin aradan qaldırılmasını mühüm şərtlər adlandırıb. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması prosesinin aktivləşdirilməsi xarici biznes üçün daha şəffaf qaydaların formalaşmasına kömək edə bilərdi.

Dünya Bankı həmçinin məcmu faktor məhsuldarlığının - əmək, kapital və digər resurslardan istifadənin səmərəliliyi göstəricisinin əhəmiyyətinə diqqət çəkir. DB Azərbaycan müəssisələrinin məhsuldarlığının, o cümlədən sahələr arasında resursların bölüşdürülməsinin tədqiqinin ikinci mərhələsinə başlayıb. Bu işin nəticələri investisiyalardan daha yüksək gəlir əldə etməyə kömək edən tədbirlərin müəyyənləşdirilməsində faydalı olacaq.

 

Kifayət qədər qiymətləndirilməmiş artım ehtiyatı

İqtisadi artımın yeni mənbələrinin axtarışında xidmət sektoru xüsusi yer tutur. Onun inkişafı bir çox infrastruktur və sənaye layihələri üçün xarakterik olan irimiqyaslı əsaslı vəsait qoyuluşlarından bu qədər yüksək asılılıq olmadan iqtisadi fəallığı genişləndirməyə imkan verir.

“Xidmət sahəsi son 10 il ərzində Azərbaycanın iqtisadi artımının əsas amili qismində çıxış edib. Son dövrlərdə rəqəmsal xidmətlərin ixracının artımı da qeydə alınır. Buna baxmayaraq hesab edirik ki, xidmət ticarətindəki tənzimləyici maneələr səbəbindən bu göstərici hələ də öz potensialına çatmır”, - Qi-Dibi bildirib.

Dünya Bankı bu sahədə islahatların potensial təsirini kifayət qədər yüksək qiymətləndirir: aparılmış təhlilə görə, xidmət ticarətinə qoyulan normativ məhdudiyyətlərin aradan qaldırılması ÜDM-in əlavə olaraq 3% artımını təmin edə bilər.

Həmçinin informasiya texnologiyaları, turizm, nəqliyyat logistikası və biznes üçün peşəkar xidmətlər də vacib istiqamətlər olaraq qalır. Rəqəmsal xidmətlər dəniz limanlarından və böyük yük axınlarından asılı olmadan xarici sifarişçilərə çıxış imkanı verir. Lakin bunun üçün ixtisaslı kadrlar, texnologiyalara, kapitala və transsərhəd bazarlara çıxış lazımdır. “Xidmət sahəsinə investorları cəlb etmək və ölkəni regional mərkəzə çevirmək üçün kapitalın cəlb edilməsi qarşısındakı maneələri zəiflətmək, işçi qüvvəsinin hərəkətini liberallaşdırmaq və transsərhəd xidmətlərə maneəsiz çıxışı təmin etmək lazımdır”, - DB nümayəndəsi vurğulayıb.

Dayanıqlı artımın daha bir şərti olaraq daxili maliyyə bazarının inkişafı qalır. “Fitch Ratings”in qiymətləndirməsinə görə, Azərbaycanın bank sektoru son illərdə öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib: dollarlaşma azalıb, xarici borc yükü kiçilib, kifayət qədər kapital buferləri formalaşıb və aktivlərin keyfiyyəti yaxşılaşıb.

Lakin bankların dayanıqlılığı onların potensialından iqtisadiyyatın inkişafı üçün tam istifadə edildiyi demək deyil: hətta onların kifayət qədər resursları olduqda belə, özəl müəssisələr istehsalın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi üçün lazım olan həcmdə həmişə maliyyələşmə əldə edə bilmirlər.

AMB-nin likvidliyin idarə edilməsində, pul-kredit siyasəti alətlərinin təkmilləşdirilməsində və qısamüddətli faiz dərəcələrinə təsirdə irəliləyişə nail olmasına baxmayaraq, tənzimləyicinin uçot dərəcəsi üzrə qərarlarının kreditləşmə və depozit şərtlərinə ötürülməsi mexanizmi hələ ki, məhdud olaraq qalır. Maneələrdən biri bank sektorunda likvidliyin əhəmiyyətli dərəcədə izafi olmasıdır. Belə şəraitdə uçot dərəcələrinin dəyişdirilməsi müəssisələr və əhali üçün maliyyə resurslarının dəyərinin müvafiq qaydada dəyişməsinə həmişə gətirib çıxarmır.

“Əsas sual sabit kredit dövrünün formalaşması üçün nəyin tələb olunması ilə bağlıdır: maliyyə resurslarına çıxışdakı maneələrin aradan qaldırılması, yoxsa lazımi həcmdə keyfiyyətli layihələrin və özəl sektordan tələbatın yaranması”, - E.A.Morales qeyd edib.

Daxili kapital bazarının kifayət qədər dərin olmaması ilə bağlı məhdudiyyətlər də mövcuddur.

İnflyasiya fonunda bütün bunlar özəl sektorun inkişafı üçün risklər yaradır. Belə ki, “Fitch”in proqnozuna görə, Azərbaycanda orta illik inflyasiya 2026-cı ildə 6,1% təşkil edəcək, daha sonra 2027-ci ildə 5,6%-ə və 2028-ci ildə 4,9%-ə enəcək. Agentlik 2027-ci ildə inflyasiyanın hədəf diapazonuna qayıdacağını gözləyir, lakin müqayisə edilə bilən reytinq kateqoriyasına aid ölkələrin göstəriciləri ilə davam edən fərqə də diqqət çəkir.

 

Yaxın hədəflər

Bütün bunların fonunda “Fitch”in qiymətləndirmələrindən göründüyü kimi, Azərbaycanın reytinqinin gələcəkdə yüksəlməsi təkcə dövlət aktivlərinin həcmindən və borcun səviyyəsindən deyil, həm də iqtisadi siyasətin keyfiyyətindən asılı olacaq.

E.A.Morales reytinqə müsbət təsir göstərə biləcək amillər sırasında iqtisadi və normativ-hüquqi bazaların gücləndirilməsini, onların tətbiqində ardıcıllığı, struktur zəifliklərinin aradan qaldırılmasını və özəl investisiyaların cəlb edilməsi üçün şəraitin yaradılmasını fərqləndirir.

DB-nin qiymətləndirmələrində də oxşar yanaşma izlənilir. Bank Azərbaycanın gələcək inkişafını “3I” – “Investment”, “Infusion”, “Innovation” (investisiyalar, tətbiq etmə və innovasiyalar) konsepsiyası vasitəsilə nəzərdən keçirir.

Bu modelin mənası kapital yığımından texnologiyaların və biliklərin mənimsənilməsinə, daha sonra isə öz innovasiyalarının yaradılmasına ardıcıl keçiddən ibarətdir. Qi-Dibinin fikrincə, Azərbaycan artıq infrastruktur sərmayələrinin əhəmiyyətli bir mərhələsini keçib, buna görə də indi texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və keyfiyyətli birbaşa xarici investisiyaların cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bütövlükdə “Fitch Ratings”, Dünya Bankı və "PASHA Holding” əsas məsələdə həmfikirdirlər: Azərbaycanın gələcək inkişafı üçün mühüm maliyyə və infrastruktur zəminləri mövcuddur, lakin daha yüksək artım templərinə keçid struktur dəyişiklikləri tələb edir.

Növbəti iqtisadi vəzifə ondan ibarətdir ki, toplanmış kapital daha şaxələndirilmiş, məhsuldar və rəqabətli iqtisadiyyatın əsasını təşkil etsin. Bununla təkcə neft qiymətlərinin əlverişli olduğu dövrlərdə deyil, həm də xarici şərait dəyişdikdə artımı davam etdirmək mümkündür. Məhz buradan maliyyə dayanıqlılığı ilə davamlı inkişaf arasındakı sərhəd keçir.



MƏSLƏHƏT GÖR:

88