5 May 2024

Bazar, 20:27

FƏALİYYƏT AZADLIĞI

"R+" jurnalının suallarını Britaniyanın Chatham House "beyin mərkəzi"nin Rusiya və postsovet ölkələri üzrə eksperti, Böyük Britaniyanın Rusiyadakı sabiq səfiri ser Endryu Vud cavablandırır.

Müəllif:

01.10.2013

-Keçmiş SSRİ-nin bir çox digər ölkələrilə müqayisədə Azərbaycan Rusiyadan daha müstəqil ölkədir. Qərb Azərbaycandakı mövqelərini qoruyub saxlamaq, bu mövqeləri Rusiyaya və ya hər hansı digər regional qüvvəyə uduzmamaq üçün hər hansı addımlar atmaq niyyətindədirmi?

- Əlbəttə ki, heç birimiz tam müstəqil ola bilmərik. Çünki hər birimiz başqa dövlətlərlə əməkdaşlıq etməliyik. Bununla yanaşı, hesab edirəm ki, Azərbaycanın həm Qərblə, həm də Rusiya ilə münasiboətləri kifayət qədər güclüdür və obyektiv reallıqlara əsaslanır. Bu fikri Qafqazın digər ölkələri haqda söyləmək olmaz. Rusiyanın Şimali Qafqaz regionunun perspektivi də aydın deyil. Odur ki, Azərbaycanda fəaliyyət azadlığı var. Mən Azərbaycanın Rusiya və ya digərindən müstəqilliyini artırması üçün bu azadlığı qurban verməyə, yaxud Qərb dövlətlərilə münasibətləri zəiflətməyə razı olmasına əsas görmürəm. Amma əlbəttə ki, biz təhlükəli bir dünyada yaşayırıq və "Şərq tərəfdaşlığı" proqramının digər üzvləri Azərbaycanla ikitərəfli münasiblətlərin inkişafı sahəsində çalışmalıdırlar. 

- Bəs, bu cür xarici təsirlər qarşısında "Şərq tərəfdaşlığı"nın di- gər iştirakçıları nə dərəcədə zəifdirlər?

 - Ukrayna və onun imkanları haqda danışırıqsa, Moskva Yanukoviç hökumətinə Rusiyanın hökmranlıq etdiyi Gömrük İttifaqının xeyrinə Aİ ilə Assosiativ Sazişdən imtina etməsi üçün aşkar təzyiqlər göstərir. Güman ki, bu məsələ Şərq tərəfdaşlığının gələcəyində əsas yeri tutacaq. Moskva tərəfindən Moldovaya və Gömrük İttifaqının üzvü olan Belarusa qarşı da hədələr eşitmişik. Qazaxıstanda bu haqda nə düşündüklərini bilmirəm. Lakin Astana üçün ehtiyatı əldən verməmək vacibdir. Aİ isə öz növbəsində baş verənləri qarşıdurma saymaq üçün heç bir əsasa malik deyil. Əslində, Aİ Rusiya ilə danışıqlar aparır, onun özünə azad ticarət haqda razılaşma təklif edir və qitəmizin parçalanmasında qətiyyən maraqlı deyil. Bu il Kiyevin Vilnüsdə edəcəyi seçimlə yanaşı, Aİ-nin də Ukraynanın siyasi normalara əməl etməsi istiqamətində nə qədər qətiyyətli mövqe tutacağı həlledici əhəmiyyət daşıyacaq.

- Rusiyanın sammit öncəsi fəaliyyəti Vilnüs toplantısına qatılacaq ölkələrin Avropaya inteqrasiya cəhdlərini zəiflədirmi?

 - Doğru deyirsiniz. Rusiyanın fəaliyyəti postsovet ölkələrinin Qərbə inteqrasiyasını çətinləşdirib. Bu proses fərqli ssenari ilə gedə bilərdi. Amma mən düşünürəm ki, Rusiyanın bu siyasətinin daha inandırıcı və effektiv olması Aİ-nin postsovet məkanındakı zəif siyasətilə bağlıdır. Aİ-nin ardıcıl siyasət formalaşdırması və həyata keçirməsi, həqiqətən də, çətindir. Buna səbəb Aİ-də qərarların qəbulunun çətinliyidir. Amma bir məqamı da qeyd etmək lazımdır ki, Moskvanın qonşularına təzyiqləri onların öz maraqlarını qorumaq istəyini gücləndirir. Nəticədə, həmin ölkələr özlərini başqa dövlətlərlə daha sıx şəkildə birləşdirmək istəmirlər. Nəhayət, söhbət uzun bir təkamül yolundan gedir və hadisələrin sürətləndirilməsi, çətin ki, kiminsə xeyrinə olsun. 

- Yaşananlar göstərir ki, Rusiyanın Vilnüs sammiti öncəsi ən effektiv taktikası Gömrük İttifaqına qoşulmağa razılıq verən Ermənistanla bağlı oldu...

- Azərbaycanla müqayisədə İrəvanın davranış azadlığı daha məhduddur. Bunun səbəbi isə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışındakı uğursuzluqdur. Bu, yalnız təəssüf doğurur. 


MƏSLƏHƏT GÖR:

629