22 May 2024

Çərşənbə, 01:51

TÜRK MOTİVLƏRİ

Ərdoğan hökuməti Ankaranın xarici siyasi prioritetlərinə yenidən baxacaqmı?

Müəllif:

22.04.2014

Türkiyədə siyasi mübarizənin hərarəti avqustun 10-na təyin olunmuş prezident seçkisi ərəfəsində artacaq. Ölkənin sayca 12-ci prezidentinin seçiləcəyi seçki həm də Ankaranın beynəlxalq siyasətdə rolunun güclənməsi kontekstində əhəmiyyətli hadisə olacaq.

Türkiyədə prezident ilk dəfə olaraq, ümumxalq səsverməsilə seçiləcək. Bunadək dövlət başçısını parlament seçirdi. Bundan başqa, indiyədək prezident 7 il müddətinə seçilirdisə, bundan sonra bu müddət 5 il olacaq. Hazırkı dövlət başçısı Abdullah Gülün səlahiyyət müddəti avqustun 28-də bitir. Gülün bu post uğrunda 2-ci dəfə mübarizəyə qoşulub-qoşulmayacağı hələ ki, bəlli deyil.  Müxalifət əsas siyasi qüvvələr olan Cümhuriyyət Xalq Partiyası (CXP) və Milli Birlik Partiyası (MBP) da daxil olmaqla, güman ki, seçkiyə bir neçə namizədlə qatılacaq. Amma prezident postuna əsas namizəd hazırkı baş nazir, Ədalət və İnkişaf Partiyasının (ƏİP) lideri Rəcəb Tayyib Ərdoğan sayılır. Martın sonunda keçirilmiş bələdiyyə seçkisi onun prezident seçkisində də qələbə şansının kifayət qədər yüksək olduğunu göstərib. Xatırladaq ki, bələdiyyə seçkisində Ərdoğanın rəhbərlik etdiyi ƏİP 45,5% səslə qalib olub. Bələdiyyə seçkisi göstərdi ki, Türkiyədəki son siyasi qalmaqallara, etiraz aksiyalarına və bəzi şəhərlərdə yaşanmış iğtişaşlara baxmayaraq, ƏİP və onun lideri ölkənin ən populyar siyasi qüvvəsi olaraq qalır.

Seçki nəticəsində xalqın onu və partiyasını kifayət qədər dəstəklədiyinə əmin olan Ərdoğan rəqiblərilə mübarizəni davam etdirmək əzmindədir. Bu mübarizədə əsas silah isə sosial şəbəkələrdir. "Twitter", "YouTube" və "Facebook" sosial şəbəkələrini Türkiyədə sabitliyi pozmaqda ittiham edən baş nazir birincinin vergidən yayındığını bildirib və "məsələnin həll olunacağını" bildirib.

Hökumət tərəfindən daha bir aksiya kimi qanunsuz olaraq telefon danışıqlarının dinlənilməsilə əlaqədar, müxtəlif dövlət strukturlarında çalışan 150 məmurun işdən azad edilməsini göstərmək mümkündür. Əslində, bu qərar Türkiyə KİV-də prokurorluq orqanlarının, təxminən, 7 min insanın telefon danışıqlarını dinlədiyinə dair yer almış xəbərlərə cavabdır. Mətbuatın məlumatına görə, danışığı dinlənilən şəxslər arasında Ərdoğanın özü də daxil olmaqla, Türkiyə siyasi sinfinin nümayəndələri də var.

Türkiyənin baş naziri əmindir ki, telefon danışıqlarının dinlənilməsinin, ümumilikdə, ölkədə sabitliyin pozulmasının arxasında ABŞ-da yaşayan islam təbliğçisi Fətullah Gülənin başçılıq etdiyi "Hizmət" hərəkatı dayanır. Bununla yanaşı, Ərdoğan Gülənin, məhz, Birləşmiş Ştatlar tərəfindən ruhlandırıldığını düşündüyünü də göstərir. Rəsmi Ankara Gülənin dərhal Türkiyəyə verilməsini tələb edir. Amerikalılar isə hələ ki, bu tələbə əməl etməyə tələsmirlər. ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikkardone bildirib ki, onun ölkəsi Gülənin ekstradisiyasına yalnız Ankaranın onun günahını sübuta yetirəcəyi təqdirdə, razılıq verəcək.

Türkiyə ilə ABŞ arasında "Gülən məsələsi"ndəki fikir ayrılığı Ankara-Qərb münasibətlərində getdikcə artan ziddiyyətin yalnız bir hissəsidir. Ərdoğan hökumətinin daxili siyasəti Türkiyə-Avropa İttifaqı birgə parlament komissiyasının bu yaxınlarda Brüsseldə keçirilən toplantısında sərt tənqid olunub. Aİ məmurları Türkiyə hökumətinin Hakimlər və Prokurorlar Ali Şurasının səlahiyyətlərinin azaldılması hesabına Ədliyyə Nazirliyinin səlahiyyətlərinin artırılması, "polisdə və məhkəmə sistemində aparılan təmizləmələr", internetə çıxışın məhdudlaşdırılması kimi qərarlarına əsaslanaraq, "Ankaranın Avropa dəyərlərinə və standartlarına sadiqliyini şübhə altına alıblar".

Amma Brüsselin "şübhələri"nin arxasında bir məqam var - Qərb Ankaranın beynəlxalq və regional siyasətdə rolunu artırmasından narahatdır. ƏİP-in həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində Türkiyənin iqtisadi inkişaf templərinə görə dünya liderlərinin sırasına daxil olması da Qərbdə heç də hamını qane etmir.

Bu mənada baş nazir Ərdoğanın məsləhətçisi Yiğit Bulutun bu günlərdə Türkiyənin "Star" qəzetində dərc olunmuş məqaləsi maraqlıdır. Bulut Avropanın dünyanın yeni balansında rolunu itirəcəyini proqnozlaşdırır, Türkiyənin Ankaradan öz maraqları üçün istifadə edən Aİ ilə strateji münasibətləri poza biləcəyini yazır. Yeri gəlmişkən, Ərdoğanın bu məsləhətçisi hələ ötən ilin sentyabrında Türkiyə hökumətinə Aİ-yə üzvlük cəhdlərindən imtina edilməsini, xarici siyasətdə Şərq kursuna üstünlük verilməsini tövsiyə etmişdi.

Bu cür fikirlər, getdikcə özünü Avrasiya məkanında müstəqil və özünü tam təmin edən qüvvə kimi görən Ankaranın xarici siyasi prioritetlərində tezliklə dəyişikliklərin ola biləcəyi düşüncəsini gücləndirir. Ankaranın xarici siyasi kursunun fərqli istiqamət alması tendensiyası birmənalı fakt olmasa da, ehtimal çox böyükdür.

Ərdoğan qarşısında hansı perspektivlərin açıldığını anlayır və ABŞ-ın, Qərbin ünvanına getdikcə daha çox tənqidlər səsləndirir. Məsələn, o, "beşinci kalon"un Türkiyədə nifaq salmasına açıq-aydın işarə edir. Bələdiyyə seçkisinin və müxtəlif sosioloji sorğuların nəticələri göstərir ki, Türkiyə əhalisinin əksəriyyəti ƏİP hökumətinin antiqərb mövqeyi ilə həmrəydir. Bununla yanaşı, türklərin Avropaya şübhə ilə yanaşmağa başlamalarına faktiki olaraq qapılarını Ankaranın üzünə bağlamış Aİ-nin siyasəti də ciddi təsir göstərib.

Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatı və Rusiyapərəst Gömrük İttifaqı ilə yaxınlaşma istiqamətində siqnallarına da Ankaranın xarici siyasi prioritetlərinin mümkün dəyişməsi kontekstində baxmaq lazımdır. Türkiyənin baş nazirini növbəti seçki uğuru ilə əlaqədar ilk təbrik edənlər arasında Rusiya prezidenti Vladimir Putinin də olması heç də təsadüf deyil. Qərb tərəfindən beynəlxalq arenanın tamhüquqlu oyunçusu kimi itələnən Moskva ilə Ankaranın qarşısında strateji yaxınlaşma perspektivi durur. Ukrayna və Krımda baş verən son hadisələr belə, bu perspektivə maneə  yaratmır.

Maraqlıdır ki, Türkiyənin Aİ ilə əlaqələr naziri Mövlut Çavuşoğlu Brüsseli "Ukraynada vətəndaş müharibəsini qızışdırmaqda" ittiham edib. AŞPA-nın iclasında isə ƏİP üzvləri Rusiyanın qurumdakı nümayəndə heyətini səsvermə hüququndan, onun rəhbər strukturlarında təmsilçilikdən məhrum edən qətnamənin əleyhinə səs veriblər. Amma bu, əlbəttə ki, Türkiyənin Krım hadisələrilə bağlı rəsmi mövqeyinin Avropanın mövqeyilə üst-üstə düşmədiyini  göstərmir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun da dediyi kimi, onun ölkəsi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krımda keçirilmiş referendumun nəticələrini tanımır. Amma fakt faktlığında qalır - Ankara Ukraynada yaşanan kifayət qədər ciddi böhran şəraitində Rusiyanın əleyhinə heç bir real addım atmadı. Xatırladaq ki, 5 il əvvəl Gürcüstanla Rusiya arasında müharibə yaşanarkən də Ankara Moskvaya qarşı belə loyallıq göstərmişdi. Ankaranın bu yanaşması, şübhəsiz ki, Qərbin Avrasiyanın yolayrıcındakı siyasəti və maraqları ilə üst-üstə düşmür.

Qərb mərkəzlərinin və Ukraynanın yeni hökumətinin xüsusilə Krımın Rusiyanın nəzarətinə keçməsindən sonra Türkiyənin boğazları Rusiyanın Qara dəniz donanmasının üzünə bağlayacağına olan ümidləri doğrulmayıb. Ukrayna mətbuatının məlumatına görə, bu yaxınlarda boğazdan Aralıq dənizinə Rusiya HDQ-yə məxsus 2 böyük desant gəmisi - "Saratov və "Yamal" - keçib. "The Kiev Times" qəzeti hesab edir ki, Şərqi Ukraynada "vəziyyətin qarışması Türkiyə hakimiyyətinin və hərbi rəhbərliyinin ciddi marağına səbəb olmayıb".

Məşhur amerikalı analitik Cim Uilli isə 2014-cü ilin ABŞ və bütünlükdə, Qərb üçün həlledici il olacağını düşünür. O, fikrini "Rusiya-Çin-Hindistan" Avrasiya oxunun yaranmağa başlaması ilə əsaslandırır və bu ölkələrin sırasına Türkiyənin də qoşula biləcəyini güman edir. Bu mənada Ərdoğanın bu yaxınlaradək hökumət əleyhinə fəaliyyətdə günahlandırdığı hərbçilərlə yaxınlaşmaq cəhdləri maraqlıdır. Son zamanlar Türkiyə məhkəmələri  "Ergenekon" təşkilatı ilə bağlı səs-küylü əməliyyat zamanı həbs olunmuş fiqurantların bir hissəsini azadlığa buraxıb. Bu şəxslər isə Ankaranın Amerikapərəst kursdan imtinasına qarşı çıxan əsas qüvvə sayılırlar. ƏİP hökumətinin daxili siyasi mübarizə şəraitində qəzəbə gəlmiş generalitetə potensial müttəfiq kimi baxdığı istisna deyil. Çünki hökumət həm Türkiyənin siyasi meydanında mövqelərini gücləndirmək, həm də daha müstəqil xarici siyasət yürütmək üçün generalitetlə müttəfiqlik etməyə çalışa bilər. Ən azı, ətraf regionlarda mövqelərini gücləndirməyi qarşıya məqsəd qoyan dövlət üçünsə müstəqil xarici siyasət ən önəmli məsələdir.



MƏSLƏHƏT GÖR:

462