21 May 2024

Çərşənbə axşamı, 11:42

DALANA DİRƏNMİŞ MƏSƏLƏ

Ukraynanın cənub-şərqində yaşanan böhran həqiqətənmi yalnız hərbi yolla çözülə bilər?

Müəllif:

15.07.2014

Ukraynada baş verənlər serğezno razmıvaet pustğ i falğşivuö, no vse-taki privıçnuö i ustoəvşuösə kartinu realğnosti. İlk nəzərə çarpan böhranın həlli üçün beynəlxalq mexanizmlərin heç bir işə yaramamasıdır. BMT və ATƏT-in, onların simasında beynəlxalq birliyin gücsüz  olduğu getdikcə daha çox üzə çıxır. Onlar vəziyyətə heç bir təsir göstərə bilmir, hər şey yalnız münaqişəyə cəlb olunmuş dövlətlərin liderləri (və onların nümayəndələri) arasında praktiki olaraq qeyri-rəsmi dialoqla, telefon danışıqları ilə həll edilir. Yaşananlar fonunda hüquq müdafiəsi təşkilatlarının səsinin, demək olar ki, eşidilməməsi də dinc sakinlərin həlak olduğu bir region üçün çox qəribə haldır. Orada, güman ki, uşaqlar və yaşlılara tibbi yardım çatışmazlığı var, infrastruktur məhv olub, minlərlə insan qaçqın düşüb. Hərbi əməliyyatların getdiyi boz zonaya yalnız Amnesty International təşkilatından olan hüquq müdafiəçiləri buraxılıblar. Onların hesabatları isə nikbinliyə heç bir əsas vermir - Ukraynanın  cənub-şərqində insan oğurluğuna və zorakılıqlara həm hərbçilər, həm də separatçılar əl atırlar. Belə halları təsdiqləyən sübutlar "Ukraynanın şərqində insan oğurluğu və zorakılıqlar" adlı məruzədə toplanıb.

Ukrayna böhranı ilə bağlı daha bir acınacaqlı hal müasir informasiya qeydiyyatı və ötürülməsi vasitələrinin mövcudluğuna rəğmən, yaşanan ciddi informasiya çatışmazlığıdır. Televiziya kanallarının çoxluğu və internet də bu boşluğun aradan qaldırılmasına kifayət etmir. Artıq həqiqətin nə olduğu, hansı məlumatların yalandan yayıldığını anlamaq mümkün deyil. Ziddiyyətli şərhlər vəziyyətin adekvat qiymətləndirilməsinə imkan vermir, jurnalistlərə tərəflərin heç biri normal işləmək üçün şərait yaratmır. Ən acınacaqlısı isə odur ki, mətbuatın tanınma nişanları belə jurnalistlərin təhlükəsizliyinə təminat vermir. Hazırda münaqişə zamanı həlak olanların dəqiq sayını heç kəs bilmir.

Nəhayət, artıq müasir müharibələrin aparılması sxemi tamamilə aydındır - lokal, şişirdilmiş, yalan məlumatlarla zəngin, dinc yaşayışla çox "normal" şəkildə "uyğunlaşan" müharibə. Vəziyyət elə gətirib ki, bu və ya digər tərəfdə bir ərazi hərbi əməliyyatlara səhnə olur, digər ərazi isə sakit şəkildə turistləri qəbul edir, beynəlxalq mədəni tədbirlərə ev sahibliyi edir. İctimai rəy sürətlə adaptasiya olunur, müharibə sanki köhnəlir və ikinci plana  keçir.

Beləliklə, Kiyev hökuməti Ukraynanın şərqində hələ apreldə başladığı hərbi əməliyyatları müntəzəm şəkildə davam  etdirir. Antiterror əməliyyatlarının ardıcıllığı və güzəştsiz olması artıq öz nəticəsini verib - Slavyansk və Kramatorsk Ukraynanın güc strukturlarının nəzarətinə keçib. Bunu, əlbəttə ki, müəyyən mənada psixoloji  baxımdan dönüş nöqtəsi saymaq  olar. Məlumata görə, bundan dərhal sonra hərbçilər sakinlərin separatçılarla əməkdaşlıq edib-etməmələrini araşdırmağa başlayıblar. Ukrayna KİV-nin yazdığına görə, yenidən Ukrayna bayrağının qaldırıldığı şəhərlərdə və yaşayaş məntəqələrində əhaliyə humanitar yardım, qida və su paylanılmasına da başlanılıb.

Jurnalın çapa hazırlandığı anda separatçıların son forpostu adlandırılan Donetsk hələ də qiyamçıların nəzarətində idi. Onun uğrunda mübarizə sözün əsl mənasında partizan müharibəsi şəklində aparılırdı -  dəmir yolu körpülərinin partladılması, aeroport uğrunda döyüşlər. Kiyev mətbuatı xəbər verir ki, Donetsk və Luqansk istiqamətində geri çəkilən separatçılar reaktiv qurğular, minalar və digər ağır silahlar  hesabına müdafiə olunurlar. Qiyamçılar isə öz növbələrində şəhərlərin məruz qaldıqları artilleriya zərbələri və dəstə-dəstə qaçqınlardan danışırlar.

Rusiya-Ukrayna sərhədində də gərginlik davam edir. Bu, ilk növbədə, buraxılış məntəqələrinin olduğu rayonlara aiddir. KİV həmin ərazilərdə atışmaların, partlayışların ara vermədiyini yazır. Moskva Rusiya ərazisinin atəşə tutulması ilə əlaqədar Kiyevə etirazını bildirib və insidentin təkrarlanacağı təqdirdə, cavabdehliyi Ukraynanın daşıyacağını bəyan edib. İnsidentin təkrar olunacağı təqdirdə, Rusiyanın buna necə reaksiya verəcəyi açıqlanmır.

Hökumət qüvvələrinin geri qaytardığı Slavyanska yollanan prezident Pyotr Poroşenko orada keçirdiyi mətbuat konfransında ölkənin cənub-şərqdə atəşkəsə razı olan bütün tərəflərlə dialoqun mümkünlüyünü bildirib, eyni zamanda dialoqun nədən baş tutmadığını da açıqlayıb. Poroşenkonun sözlərinə görə, qiyamçıların liderlərindən ikisi (Boroday və Puşilin) Moskvadadır, Bolotov isə "artıq dördüncü gündür sərxoşluqdan ayılmır". Bu üzdən də, Kiyev danışıqlar aparmağa heç kəsi tapmır. Poroşenko məsləhətləşmələrin "Donbassın əsl sahiblərilə aparılmalı olduğunu" da söyləyib. Onun sözlərinə görə, söhbət "metallurqlardan, mədənçilərdən, bir sözlə, bu günün ən böyük qüvvəsi olan, lakin silah gücünə susdurulmuş" insanlardan gedir. 

Nəhayət, BBS-nin məlumatına görə, Poroşenko ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə söhbətində Kiyevin münaqişəyə son qoyulması üçün irəli sürdüyü çoxsaylı təkliflərin Rusiya və separatçılar tərəfindən rədd olunduğunu  bildirib.

Avropa liderləri və Rusiya prezidenti Vladimir Putin isə sanki, hələ Bolotovdan fərqli olaraq, ayıqdırlar və danışıqların vacib olduğunu anlayırlar. Amma dərhal həyata keçirilə biləcək razılığa gəlmək hələ də mümkün olmur. Məlumata görə, Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında Ukraynadakı hazırkı duruma dair telefon danışığı olub və onlar öklənin cənub-şərqindəki vəziyyətlə bağlı kontakt qrupunun etirazçı regionların nümayəndələrinin də iştirakı ilə görüşməsinin vacibliyini  bildiriblər.

Yəni vəziyyət sadəcə təkrarlanır. Tərəflərdən hər hansının addımı dərhal bənzər cavab addımı ilə qarşılanır. Məsələn, Moskvanın Basmann məhkəməsi Ukraynanın xarici işlər naziri Arsen Avakovun və Dnepropetrovsk vilayətinin qubernatoru İqor Kolomoyskinin həbsinə dair qiyabi qərar çıxarıb. Onlar bir sıra ağır cinayətlərdə təqsirli bilinirlər. Ukrayna Helsinki İttifaqı isə öz növbəsində, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. O, Slavyanskın Rusiya ilə əlaqəli yaraqlılarının insanları oğurlamasından, girovlara qarşı zorakılıq hallarına yol verilməsindən şikayətçidir. 

Ukraynalılar Donbassda döyüşən insanların əksəriyyətinin Rusiya vətəndaşları olduğunu iddia edirlərsə, Moskvada əksəriyyət Ukraynanın güc strukturlarının amerikalı  muzdluların xidmətindən istifadə etdiklərinə əmindirlər.

Bütün bunların nəticəsində, Kiyev sülhdən danışsa da, ölkənin cənub-şərqindəki problemin hərbi yolla həllinə yönəlmiş fəaliyyətini davam etdirir. Bütün bunların iqtisadiyyatı can üstə olan ölkədə nələrə aparıb çıxaracağını güman etmək elə də çətin deyil. Poroşenko, hətta "heç kimə lazım olmayan" elmi proqramların maliyyələşdirilməsində ixtisarlar aparılacağını, həmin vəsaitlərin silah istehsalı həcminin artırılmasına yönəldiləcəyini  bildirib.

Ukraynanın baş naziri Arseni Yasenyuk isə ölkənin şərqində keçirilən əməliyyatlar üzündən bu il böyük həcmdə məhsul itirdiklərini söyləyib. Halbuki, bir müddət əvvəl elə həmin Yasenyuk ölkəsinin dünya ərzaq bazarının nəhəng oyunçusuna çevrilmək iqtidarında olduğunu bildirirdi. Bu işdə Kiyev, deyəsən, ABŞ-ın yardımına bel bağlayır. Artıq Ukraynanın aqrar sənaye kompleksinin inkişafı ilə bağlı danışıqlara başlanılıb. Burada söhbət, ilk növbədə, Ukraynaya Amerika kənd təsərrüfatı texnikasının gətirilməsindən, dünyanın... qarğıdalı bazarına birgə nəzarətdən gedir. Amerikalılar Donbassın  bərpasına da yardım vəd edirlər.

Amma ən yaxın perspektivdə Ukraynanı zəngin qarğıdalı zəmiləri deyil, kifayət qədər şaxtalı qış gözləyir. Odur ki, artıq indi - yayın ən isti çağında siyasətçilər və ekspertlər qarşıdan gələn şaxtalar, çovğunlar, o cümlədən həmin şaxtalı havada Rusiya ilə Ukrayna arasında yaşanacaq qaz müharibəsi  haqda düşünürlər. Kremldə əmindirlər ki, payızda Kiyev tranzit olaraq Ukrayna ərazisindən Avropaya qaz nəql edən borudan qeyri-qanuni şəkildə "mavi yanacaq" götürməyə başlayacaq. Bu üzdən də, Moskva "Cənub axını" vasitəsilə mümkün qədər tez zamanda qazın Ukraynadan kənar nəqlinə nail olmağa çalışır. "Qazprom" Serbiya ilə yeni müqavilə imzalayıb və orada 2 otvod inşa etməyi planlaşdırır: biri Xorvatiyaya, digəri Bolqarıstanın əvəzində Makedoniyaya. "Cənub axını"nın ən birinci, məhz, orada işə salınması nəzərdə tutulub. Bu arada İtaliya yenidən "Cənub axını"nda maraqlı olduğunu bəyan edib.

Şübhəsiz ki, məhz, indi Rusiya daha ciddi sanksiyalarla üzləşməyi qətiyyən arzulamır. Rusiya Maliyyə Nazirliyindən bildirilir ki, ölkənin qısamüddətli və ortamüddətli dövr üçün iqtisadi  itkilərin əksəriyyətini qarşılayacaq ehtiyatları var. Amma daha uzaq perspektivdə sanksiyalar "büdcənin dayanıqlığına ciddi təsir göstərə, texnologiya ixracı və ixracın məhdudlaşdırılacağı təqdirdə, modernləşmə  üçün şəraitin pisləşməsinə səbəb ola bilər". Hər halda, Aİ Rusiyaya qarşı sektorial sanksiyaların tətbiqi məsələsini fəal şəkildə müzakirə edir. Hazırda Aİ Rusiya və Ukraynanın 60-dan artıq vətəndaşına sanksiya tətbiq  edib. Avropalı diplomatların fikrincə, onlar böhranın dərinləşməsinə şəxsən "töhfə" veriblər.

Bütün bunların fonunda Qərb müşahidəçiləri Putinin hələ də qəribə şəkildə susmasını və güzəştə getməsini təəccüblə qarşılayırlar. Amma Kreml rəhbərinin Rusiya parlamentindən Ukrayna ərazisində hərbi əməliyyatlara icazə verən qanunu ləğvini istəməsi belə, tam rahatlaşmaq üçün əsas deyil. Bu, daha çox Moskvanın Ukrayna ilə münaqişəyə bilavasitə cəlb olunmaqdan qaçmaq cəhdlərilə əsaslandırılır.  Amma aydın deyil ki, Rusiyanı "ilişdirmək" üçün Krım faktoru ola-ola nəyə görə guya Moskvaya qarşı olan qüvvələr Ukraynanın cənub-şərqindəki olaylardan istifadə etməlidir? Ukrayna ordusunun yarımadanı geri qaytarmağa yollanacağı təqdirdə, nələrin baş verə biləcəyi hər kəsə aydındır. Üstəlik, müşahidəçilər Rusiya prezidentinin indiyədək dəfələrlə bu taktikaya əl atdığını xatırladırlar - sanki o, geri çəkilir, lakin sonradan hansısa gözlənilməz addımla bunun əvəzini çıxır. Hər halda, Putin hazırda bir istəyinə nail olub - Qərb Moskvanın nə planlaşdırdığını başa düşə bilmir. Məsələ o yerə çatıb ki, Qərb KİV-i Rusiyanı, əslində, Moskvanın hər zaman avropalıları və amerikalıları günahlandırdığı məsələdə ittiham etməyə başlayıb - ikili standartlar və yeni üsullarla müharibənin aparılmasında. Yəni bir tərəfdən sən müharibədə iştirak edirsən, amma digər tərəfdən - yox, "diversiya"lar informasiya məkanındakı zərbələrlə əvəzlənir (bu məkanda hazırda blogerlərdən tutmuş minlərlə pul müqabilində çalışan "troll"ar toplanıb) və s.

Ukraynada yaşananları çoxları dünyanın bölüşdürülməsi uğrunda beynəlxalq savaşın növbəti mərhələsi adlandırır. Odur ki, müəyyən vaxtdan  sonra  - Rusiya və Qərbin ya yanlış, ya da tamamilə gözlənilməz addımlarının ardınca qarşımıza yeni reallıq çıxacaq. O, çətin ki, hansısa cəhətlərinə görə özündən əvvəlkindən daha ədalətli və ya yaxşı olsun. Sadəcə, güc qütbləri və onların nüfuz dairəsi yerini bir qədər  dəyişəcək.



MƏSLƏHƏT GÖR:

466