5 May 2024

Bazar, 06:41

"BÖYÜK OYUN"un NÖVBƏTİ MƏRHƏLƏSİ

Ukrayna böhranı getdikcə qızışır

Müəllif:

29.07.2014

Ukrayna hakimiyyətindəki növbəti dəyişikliklərlə bağlı xəbər, əslində, heç kəsdə xüsusi təəccüb yaratmayıb. Bu günlərdə vəzifəsindən istefa verən ölkənin baş naziri Arseni Yasenyuk qərarını "Avropa seçimi" adlı hakim koalisiyanın dağılması ilə əsaslandırıb. Xatırladaq ki, koalisiya UDAR və "Azadlıq" partiyalarının onu tərk etməsilə dağılıb. Baş nazirin səlahiyyətlərinin icrası müvəqqəti olaraq onun müavini Vladimir Qroysmana tapşırılıb. Hakim koalisiyanın dağılmasında məqsəd sonda Ukrayna Ali Radasının buraxılması və növbədənkənar parlament seçkisinin keçirilməsidir. Deyəsən, Ukraynanın siyasi qüvvələri xüsusi "texniki" mərhələyə qədəm qoymaq qərarına gəliblər: bu mərhələdə hər şey müvəqqəti xarakter daşımır və qəbul olunan qərarlara görə bütün məsuliyyət birbaşa prezidentin üzərinə düşür. Görünən odur ki, bu ssenarinin əsas tərəfdarı, məhz, prezident Pyotr Poroşenkodur. O, böyük ehtimalla bunu "parlamentin siyasi məsuliyyət daşımalı olduğunu" düşündüyü üçün edir.

Əslində, prezidentin istəyi Timoşenkonun adamlarından - artıq sabiq baş nazir Yasenyukdan və parlamentin spikeri Turçinovdan yaxa qurtarmaqdır. Bununla yanaşı, Poroşenko Ukrayna Kommunist Partiyasını (UKP) və Regionlar Partiyasını birdəfəlik "yox etməyə", öz oyununu oynamağa çalışır. Poroşenkonun partiyası Qərbi Ukraynanın, Kiyevin və iri biznesin maraqlarına arxalanmaqla qışı qarşılamaq  üçün  UDAR və "Azadlıq" partiyaları ilə koalisiyaya girməyə hazır olacaq. Məsələ, sadəcə, Poroşenkonun o vaxtadək tab gətirə bilib-bilməyəcəyində, tab gətirə biləcəyi halda belə, hansı vəziyyətdə olacağındadır.

Bəs, belə "rokirovka" yeni Maydanın və hələ də şübhəli şəkildə susan Yuliya Timoşenkonun yolunu açmır ki? "Batkivşşina" fraksiyasının (faktiki olaraq, artıq müxalifətə keçib) üzvləri hesab edirlər ki, koalisiyanın dağılması qəbul edilmiş vacib qərarların da ləğvi deməkdir. Söhbət ordunun maliyyələşdirilməsi və dövlət büdcəsinə dəyişikliklərin edilməsilə bağlı razılaşmalardan gedir. Bu razılaşmalara əməl olunması BVF-dən növbəti yardım tranşının alınması baxımından vacibdir. Maliyyə naziri Aleksandr Şlapakın sözlərinə görə, avqustun 1-dən Ukrayna hərbçilərinə əməkhaqqının ödənilməsi üçün vəsait olmayacaq. "Antiterror əməliyyatları" Ukrayna büdcəsinə ayda 1,5 milyard qrivinə (96 milyon avro) başa gəlir. Bundan əvvəl Pyotr Poroşenko əməliyyatların maliyyələşdirilməsi üçün vəsaitin əldə edilməsi məqsədilə elmi fəaliyyətə xərcləri kəskin şəkildə azaltmışdı. Terrorçuluğun bütünlükdə Ukrayna ərazisinə yayılması üzündən qismən səfərbərliyə dair qanunun qəbulu xərcləri daha da artıracaq.

Ukrayna büdcəsi çat verir. Üstəlik, Rusiya yaxın zamanlarda Ukrayna ərzaqlarının idxalını tam dayandıra bilər. Yasenyuk hələ istefa verməzdən əvvəl bildirirdi ki, Rusiya ilə ticarət əlaqələrinin kəsilməsilə Ukrayna ildə, təxminən, 5 milyard dollar itirəcək. Bununla yanaşı, tərəflər arasında qazla bağlı danışıqlar da dayandırılıb.

Amma indi qaz tədarükü yolları və "mavi yanacaq"a görə ödəniş məsələləri heç kəsi maraqlandırmır. İyulun 17-də Malayziyaya məxsus "Boeing-777" təyyarəsinin Donetsk yaxınlığında vurulması ilə Ukrayna ətrafında yaşananlar, demək olar ki, pik həddə çatdı. Tarixdə bu, sərnişin təyyarəsinin faciəvi yanlışlığın, hərbi əməliyyatların və ya gərgin siyasi vəziyyətin qurbanına çevrildiyi ilk hal deyil. Belə hallarda, demək olar ki, heç zaman günahkarlar tapılaraq məhkəmə qarşısına çıxarılmayıb. Amma bu dəfə beynəlxalq birlik məsələnin kökünə gedib çıxılacağına ümidlərini itirmir. İyulun 22-də Niderland prokurorluğu faciə ilə bağlı hərbi cinayət işi qaldırıb. Niderland Təhlükəsizlik Şurasının koordinasiyası ilə yaradılmış ekspertlər qrupunda Avstraliya, Böyük Britaniya, Almaniya, Malayziya, Rusiya, ABŞ, Ukrayna, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) təmsilçiləri yer alıblar. Qəzaya uğramış təyyarənin "qara qutusu"nun oxunması Böyük Britaniyada həyata keçirilir. Artıq ona heç bir kənar müdaxilənin olmadığı bəllidir.

"Boeing"in qəzaya uğramasının səbəbi kimi əsas versiya onun raketlə vurulmasıdır. Bununla yanaşı, maraqlı tərəflər ekspertlərin rəyini gözləmədən ən yüksək səviyyələrdə bir-birlərinə qarşı ittihamlar səsləndirirlər. Ukrayna və Qərb faciədə Rusiyanı və Ukraynanın cənub-şərqində Moskvanın yardımı ilə fəaliyyət göstərən separatçıları günahkar sayırlar. Rusiya və Ukraynanın cənub-şərqindəki tanınmamış "DXR" və "LXR" təmsilçiləri isə Malayziya təyyarəsinin qəzaya uğramasının səbəblərinin Ukraynada və Kiyevə yardım göstərən Qərbdə axtarılmasını vacib sayırlar.

ABŞ Dövlət Departamentinin rəsmisi Mari Harf bildirib ki, "Buk" zenit-raket kompleksi (NATO-nun təsnifatına görə SA-11) təyyarəyə separatçıların nəzarətində olan ərazidən atəş açıb. "Bu, çətin sistemlərdir və onlardan istifadə üçün ciddi təlimlərə ehtiyac var. Biz Rusiya hökumətinin rusiyapərəst separatçılara məsləhət verdiyini bilirik", - deyə Harf qeyd edib. Təxminən, eyni fikri ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri də söyləyib. Amma faciənin ilk günündən amerikalılar nədənsə, bəzi kəşfiyyat məlumatlarının "açıqlanmasının mümkün olmadığını" bildirirlər.

Qəzadan dərhal sonra üzə çıxmış sübutlar arasında separatçıların komandirləri arasında getmiş radiosöhbətin səs yazısı var. Həmin dialoqda onlar təyyarəni vurduqları, "Buk" yer-hava tipli raket sisteminə malik olmaları ilə öyünürlər.

Rusiya isə səs yazısının bir neçə danışıqdan "toplandığını" bildirir, öz qənaətlərini açıqlayır. Məsələn, Rusiyanın BMT TŞ-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib ki, iyulun 17-də Ukraynanın "Buk batareyalarından biri qiyamçıların nəzarətində olan əraziyə aparılıb. Bununla yanaşı, həmin dönəmdə Ukrayna HHM sisteminin RLS-i maksimal intensivliklə işləyib. Rusiyalı hərbçilərin bildirdiklərinə görə, sərnişin təyyarəsini Ukraynanın "Su-25" hücumçu təyyarəsi müşayiət edib, "Boeing" isə nədənsə planlaşdırılan marşrutdan çıxıb.

Bu qədər informasiya axınının olduğu şəraitdə, üstəlik, son zamanlar az qala bütün siyasətçilərin və politoloqların, həm də hərbi ekspertə çevrildikləri bir halda yaşananlardan baş çıxarmaq kifayət qədər çətindir. Rusiyanın və separatçıların versiyasının xeyrinə işləyən isə sadə məntiqdir. Həqiqətən də, separatçıların sərnişin təyyarəsini vurmalarına nə ehtiyac var idi? Bu suala qəti cavab vermək çətindir. Özlərinə və ya Rusiyaya qarşı dünya birliyində daha böyük nifrət qazanmaq üçünmü? Yoxsa ABŞ kimi ölkələrin "DXR" və "LXR"i tezliklə terrorçu qurumlar kimi tanıması üçünmü?

Digər versiyaya görə, separatçılar sərnişin təyyarəsini səhvən, onu hərbi təyyarə ilə səhv salaraq vurublar. Ukraynanın nəqliyyat və hücumçu təyyarələri, vertolyotları bundan əvvəl də vurulub. "Boeing"in nəqliyyat təyyarəsilə səhv salınması tamamilə mümkündür. Məsələn, qiyamçılar bundan əvvəl Ukraynaya məxsus "İl-76" və "An-26" nəqliyyat təyyarələrini də vurublar. Amma onların hər ikisi aşağı səviyyədə uçarkən vurulub - "İl-76"nı isə lap eniş zamanı daşınan zenit qurğusu (PZRK "İqla") və iri çarplı pulemyotla vurublar.

Hər halda, söhbət, həqiqətən, yanlışlıqdan gedirsə, buna yalnız separatçılar yol verə bilərdi. Ukrayna tərəfinin sərnişin təyyarəsini düşmən təyyarəsilə səhv salması mümkün deyil. Amma ukraynalı hərbçilər başqa məsələdə səhv edə bilərlər. İyulun 25-də "Boeing"in qəzaya uğraması ilə bağlı daha bir versiya ortaya çıxıb - Ukrayna ordusunun HHM bölüyünün təlimi zamanı fövqəladə hadisə. Guya, Ukraynanın güc strukturlarındakı mənbə RİA "Novosti"yə təlimlər zamanı "Buk-M1" raket kompleksindən sanksiya olmadan atəş açıldığını və laynerin vurulduğunu bildirib.

İstənilən halda, "Boeing"in vurulması Ukraynada nəzarətdən kənarda xeyli silah-sursatın olduğunu göstərir. "The Guardian" qəzeti yazır ki, baş verənlər "Kremlin raketləri sərxoş, silahlanmış şəxslərə verdiyini, onların isə ərazidən keçən təyyarələri bir-birindən ayıra bilmədiklərini göstərir". Bu qənaətdə artıq təyyarə faciəsinə aidiyyəti olmayan bir çox vacib məqam var. Qiyamçılar sərxoş olsalar da, olmasalar da (Britaniya qəzetinin bunu necə müəyyənləşdirdiyi məlum deyil), həqiqətən, ciddi silahlara malikdirlər - tanklar, zirehli avtomobillər, artilleriya, reaktiv yaylım atəşi sistemləri. Onlar, əlbəttə ki, bütün bunları əvvəlcədən əldə edə bilməzdilər. Belə çıxır ki, silahlar "DXR" və "LXR" təmsilçilərinin əlinə yalnız bir yolla keçə bilər və Moskva məsuliyyəti boynundan ata bilməz. Bu üzdən də, ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanı Ukraynanın şərqindəki separatçılara külli miqdarda silah-sursat verməkdə təqsirləndirib. NATO-dakı anonim mənbə isə "Reuters" agentliyinə faciəvi insidentə rəğmən, Rusiyadan Ukraynaya silah axınının davam etdiyini deyib. Bundan başqa, ABŞ Dövlət Departamenti Vaşinqtonun Ukrayna hərbçilərinin mövqelərinin Rusiya ərazisindən atəşə tutulduğuna dair sübutlara malik olduğunu bəyan edib.

Beləliklə, nəticəyə gəlmək hələ tez olsa da, fəsadlar var və bu, ilk növbədə, Moskvaya aidir. "Boeing"in qəzaya uğraması fonunda ABŞ, nəhayət, Avropanın Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqinə razılıq verməsinə nail olub. Yeni sanksiyalar kapital bazarına çıxış, banklar, müdafiə, ikili təyinata malik məhsullar, enerji sahəsində texnologiyalar, arktika şelfinin işlənməsi üçün texnologiyalar kimi sahələri əhatə edir. Yəni, yeni sanksiyalar Rusiya üçün kifayət qədər həssas sahələrə tətbiq olunur. Bundan başqa, "qara siyahı"ya daha 15 Rusiya və Ukrayna vətəndaşı, o cümlədən 18 təşkilat da əlavə olunub. Onların arasında FTX-nin direktoru Aleksandr Bortnikov, Çeçenistan prezidenti Ramzan Kadırov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Mixail Fradkov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və bir çox rusiyalı oliqarxlar var.

Bütün bunlarla yanaşı, ABŞ "DXR" və "LXR"i beynəlxalq terrorçu qurumlar kimi tanımağa çox yaxındır. İyulun 22-də Ali Rada beynəlxalq və Avropa təşkilatlarına analoji sorğu ilə müraciət edib və bu, Ukraynaya NATO-nun blokdan kənar imtiyazlı hərbi tərəfdaşı statusunun mümkün verilməsi fonunda kifayət qədər maraqlı görünür. Ukrayna KİV-də ölkənin cənub-şərqində ilk kamikadzelərin peyda olduğuna dair məlumatlar yayılıb. Məlumata görə, "kamikadze hücumları"ndan biri Ukrayna qüvvələrinin Donetsk vilayətində, Kamenka yaxınlığındakı blokpostuna edilib. ABŞ isə Ukraynanın cənub-şərqində Rusiyanın yaraqlılara təlim keçdiyi mərkəzlərin olduğunu bəyan edib.

Bəs, Avropa ölkələri Rusiyaya təzyiq məsələsində nə qədər uzağa getməyə hazırdırlar? Sanksiyaların tətbiqilə bağlı məsələ artıq həllini tapsa da, avropalıların sırasında məsələyə yanaşma hələ də birmənalı deyil. Söhbət İtaliyanın, "Mistral"larla bağlı sövdələşməni qaçırmaq istəməyən Fransanın və ən başlıcası, Almaniyanın tərəddüdlərindən gedir. Almaniyanın maraqları Aİ sərhədlərini çoxdan aşıb və bu, istər iqtisadi, istərsə də geosiyasi mənada belədir. Polşanın "Rzeczpospolita" nəşri yazır ki, Berlin üçün Moskva ilə iqtisadi əlaqələr daha vacibdir. Belə ki, Almaniya iqtisadi böhranın ən kəskin vaxtlarında üzləşdiyi zərərləri, məhz, Rusiyaya və Çinə ixrac hesabına kompensasiya etdiyini unutmayıb. İndi isə Moskvaya qarşı tətbiq olunan sanksiyalar almanlar üçün iş yerlərinin itirilməsilə nəticələnəcək. Bundan başqa, ABŞ-ın NATO-nun timsalında nümayiş etdirdiyi himayədarlığın Almaniyanı qıcıqlandırması da tamamilə mümkündür. Polşa nəşri yazır ki, "amerikalılarla prinsipial əhəmiyyət daşıyan mübahisələr Almaniyanın gücünü göstərir və son casus qalmaqalı da bunlardan biridir". Həqiqətən də, iyulun 10-da Amerika xüsusi xidmət orqanlarının rəhbəri Almaniyadan qovulub, bir müddət sonra isə Merkel ölkənin əks-kəşfiyyat strukturlarına ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanlarına qarşı casusluq fəaliyyətinin bərpa olunmasını tapşırıb. Bu səbəbdən də, polşalı analitiklər yaxın zamanlarda Berlinin Avrasiyadan müttəfiqlərə ehtiyac duyacağını istisna etmir. Rusiya isə bu rola ən uyğun gələn ölkədir. "Foreign Policy" jurnalını da narahat edən budur. Jurnal yazır ki, "Putin Berlini Transatlantik alyansdan qoparmağa çalışır".

Beləliklə, hər kəsin Ukrayna böhranının çözülməsini gözlədiyi bir vaxtda, o, getdikcə qızışır və miqyasını artırır. Söhbətin dünyanın geosiyasi düzəninin dəyişməsindən getdiyi vaxtda Radanın növbəti dəfə buraxılması, ölkənin bir hissəsində hərbi əməliyyatların getməsi, hərbi əməliyyatların getdiyi ərazidə sərnişin təyyarəsinin qəzaya uğraması yalnız "böyük oyun"un növbəti, planlaşdırılmış və ya planlaşdırılmamış mərhələləridir.



MƏSLƏHƏT GÖR:

455