28 Aprel 2024

Bazar, 00:11

ÇƏKİLƏN ZƏHMƏTƏ DƏYƏRMİ?

Seyran Ohanyan prezidentliyə can atır və bu işdə "azərbaycanlı diversantlar" kartı ilə oynayır

Müəllif:

29.07.2014

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonu ərazisində girov götürülmüş Azərbaycan vətəndaşlarının taleyi ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Həyəcan üçün səbəblər kifayət qədərdir. Ermənistan girov götürdüyü vətəndaşlarımıza hərbi əsir statusu verməkdən imtina edir. Beynəlxalq Qırmızı Xaç təşkilatının nümayəndələri hələ də onlarla görüşə bilməyib və bu, yalnız girovların yaxınlarında və əzizlərində deyil, digər insanlarda da haqlı hiddətə səbəb olur. Girov götürülmüş azərbaycanlılara qarşı "Dağlıq Qarabağ prokurorluğu"nda ittiham hazırlanır: casusluq, "dövlət sərhədlərinin pozulması", qətllə müşahidə olunan oğurluq...

Bakı isə hadisələrin lap əvvəlindən birincisi, Kəlbəcərin Azərbaycan ərazisi olduğu, Azərbaycan vətəndaşlarının oraya baş çəkmək hüququna malik olduqlarını bəyan edib. İkincisi, "Qarabağ hökuməti" tərəfindən hazırlanmış "hüquq sənədlər"in heç bir real hüquq qüvvəsi və əsası ola bilməz. Ən azı ona görə ki, sıfırı sıfıra vurduqda sıfır alınır. Üçüncüsü, girov düşmüş azərbaycanlılar "diversant" deyillər. Onlar elə həmin Kəlbəcər rayonundan qaçqın düşmüş şəxslərdirlər və cəbhə xəttini yalnız doğma kəndlərinə baş çəkmək, əcdadlarının məzarlarını ziyarət etmək üçün keçiblər.

Amma daha da vacib məqam kadr arxasında qalır. Əksər ekspertlərin fikrincə, saxta "diversant" məsələsində kifayət qədər aydın məqsəd var - Ermənistanın müdafiə naziri Seyran Ohanyan üçün "promouşn" yaradılması.

Ekspertlər xatırladır ki, son zamanlar Ermənistanın müdafiə naziri nəzərəçarpacaq dərəcədə mediafəallıq nümayiş etdirir və burada əsas mövzu, məhz, "azərbaycanlı kəşfiyyatçılar və diversantlar"dır.

Bu yaxınlarda Ermənistan KİV-də və bloqlarında Ermənistan ordusundakı təhlükəli insidentlərlə bağlı ardı-arası kəsilməyən məlumatlar yer almağa başlamışdı. Bu, Ohanyanın onun rəhbərlik etdiyi quruma "qara yaxılmasına" son qoyulması tələbi irəli sürməsinədək davam etdi. Nazir ordunun Ermənistanın ən yaxşı dövlət institutu olduğunu da bəyan etdi. Bundan az sonra "mənfi informasiya" axını dayandı. Ermənistan ordusundakı insidentlər isə davam edir. Sadəcə, indi insidentlər nəticəsində həlak olan erməni əsgərləri "azərbaycanlı diversantların qurbanları" kimi təqdim edilir. Bu ilin yanvarında Ermənistanın hərbi hissələrindən birində "irəvanlılar"la "qarabağlılar" arasında baş vermiş insident də bu cür qələmə verilmişdi. Xatırladaq ki, həmin insident nəticəsində çavuş Arman Ovannisyan qətlə yetirilmişdi. Seyran Ohanyanın rəhbərlik etdiyi qurum isə cavuşun "azərbaycanlı diversant"ların Qarabağa daxil olmasının qarşısını alarkən, qəhrəmancasına həlak olduğunu bəyan etmişdi. Arman Ovannisyana kifayət qədər təmtəraqlı dəfn mərasimi də düzənlənmiş, üstəlik, onun valideynləri susmağa məcbur edilmişdi: onlar qəhrəman oğullarını "hörmətdən salacaq" addımlar atmamışdılar.

Erməni hüquq müdafiəçilərinin dediklərinə görə, bu, Ermənistan üçün kifayət qədər adi təcrübədir. Ermənistan ordusunda bənzər insidentlər tez-tez baş verdiyindən, Seyran Ohanyan mütəmadi olaraq kameralar qarşısında poz verir və "azərbaycanlı diversantlar" və "qəhrəman erməni əsgərləri" haqda moizələr oxuyur. Düzdür, o, indiyədək bir nəfər də olsun diversantın nə ölüsünü, nə də dirisini ictimaiyyətə təqdim edib. Amma bu, erməni nazirin alovunun üzərinə su tökməyib.

Bu yay isə Seyran Ohanyanın mətbuat səhifələrindəki fəallığı pik nöqtəsinə çatıb. O, nəinki bu dəfə növbəti diversantların Tavuşa soxulduqlarını bəyan edib, üstəlik, müdafiə nazirinin səlahiyyətlərini aşan kifayət qədər səs-küylü bəyanat səsləndirib. Üstəlik, o, bu bəyanatı düz "ön xətdə" təşkil olunmuş mətbuat konfransında dilə gətirib: nazir bu dəfə sərhəd məftilləri qarşısında poz verib.

Bütün bu fəallıqlarda nazirin "yuxarı sıçramağa" hazırlaşdığını, bu məqsədlə müəyyən "siyasi planların" həyata keçirildiyini sezməmək mümkün deyil. Onun hədəfi, çətin ki, baş nazir postu olsun - məhv olmuş iqtisadiyyatın fonunda Ermənistanda bu vəzifə artıq "edam" vəzifəsidir. Görünən odur ki, S.Ohanyan, məhz, prezidentliyə can atır və hələ ki,  inamla özünün "piar"ı ilə məşğuldur.

Ohanyan üçün "stavkalar" həmişəkindən çox yüksəkdir. Sual, həqiqətən də, kəskin qoyulub: "Ya hər şey, ya da heç nə!".

Həqiqətən də, Ermənistanın bu gün üzləşdiyi "geosiyasi dalan" orada kifayət qədər nadir daxili siyasi vəziyyətin yaranmasına səbəb olub. Əksər ekspertlərin dəfələrlə dedikləri kimi, Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü məsələsi birdəfəlik "donub". Yerli əhalinin "lənətlənmiş sualları" getdikcə artır: "Avropa arzusu"ndan nəyin xətrinə əl çəkdik? Aİİ-yə üzvlük nə vaxt reallığa çevriləcək? Bəs, bizi bu ittifaqa qəbul etmək istəmirlərsə, oraya can atmağa dəyərmi?

Məlum olduğu kimi, Ermənistan özü özünü dolandırmaq iqtidarında deyil. Hazırkı Ermənistan yalnız xarici maliyyə dəstəkləri hesabına yaşaya bilər. Amma bunun üçün o, mütləq Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına üzvlük vədi verməlidir. Ermənistan yalnız Rusiyadan alınan neft, qaz və almaza görə rüsumların "sıfırlanması" hesabına ildə, təxminən, 1 milyard dollar qazanır. Amma ölkənin üzləşdiyi iqtisadi durum bu pulların bir anda yox olması ilə nəticələnir. Üstəlik, İrəvanda çoxları əmindirlər ki, Aİİ layihəsi tam gücü ilə işə salınsaydı, Ermənistan SSRİ dövründəki iqtisadi əlaqələrini bərpa edər, fəaliyyətsiz qalmış "nəhəng sənayesini" canlandırardı və s. Aydındır ki, bugünkü reallıqlar şəraitində Rusiya və Aİİ-nin digər üzvlərilə etibarlı quru əlaqələri olmadan, bu, sadəcə xülyadır. Amma Ermənistan vətəndaşları Aİİ-yə üzvlüyü səbirsizliklə gözləyirlər. Onlar Aİİ-ni Ermənistanın heç də dilənçi günündə olmadığı SSRİ-nin bərpası kimi görürlər.

Aİİ-yə üzvlük bu gün Serj Sarqsyanın əsas siyasi layihəsinə çevrilib. Seyran Ohanyan isə yaxşı anlayır ki, cəmiyyətdə iqtisadi çətinliklərlə bağlı yaranmış narazılıq kritik həddə çatarsa, xalq hakimiyyəti sadəcə silib-süpürəcək. Bu zaman hazırkı hakimiyyətin əsas fiqurları da yox olacaqlar. Bundan başqa, Seyran Ohanyan bir şeyi də gözəl başa düşür: bu ssenari işə düşərsə, "çat", güman ki, "irəvanlılar"la "qarabağlılar" arasında olacaq. Bu isə ona riskli olsa da, məyyən qədər ümidverici plana üstünlük verməsini diktə edir: prosesin qarşısını ala bilmirsənsə, ona başçılıq etməyə çalış. Yəni prezidenti elə özün devir. Üstəlik, müdafiə naziri hazırda Ermənistanda yaşanan inteqrasiya proseslərinin iflasına, iqtisadi nizamsızlığa görə məsuliyyət daşımır. Hazırda Ermənistanda hakimiyyət, demək olar, yeganə "gəlirli biznes"dir. Odur ki, çəkilən zəhmətə dəyər.

Bütün bunların fonunda Seyran Ohanyan "Kəlbəcər insidenti"ni "piar" üçün növbəti vasitə seçib. Amma "informasiya müharibə"sinin bu raundunda hadisələr heç də İrəvanın xeyrinə işləmir. Girov götürülənlərin diversant deyil, adi kəndlilər olduqlarını artıq Ermənistanın özündə də danışırlar. Üstəlik, onlar vahimə içindədirlər, çünki bir daha əmin olublar ki, işğal edilmiş torpaqlardan qovulmuş azərbaycanlılar doğma vətənlərini yenidən görmək üçün, sözün əsl mənasında, canlarından keçməyə hazırdırlar. Əgər iki mülki şəxsin mətbəx bıçağı ilə işğal olunmuş ərazilərdə peyda olmaları ermənilərdə bu qədər təşviş yaradıbsa, nizami ordunun oraya yeridilməsi halında nə baş verəcək? Cəbhə xətti nə dərəcədə "keçilə biləcək" vəziyyətdədir? Amma İrəvan üçün ən pis xəbər heç də bunlar deyil. "Kəlbəcər insidenti" dünya birliyinin diqqətini yenidən Ermənistanın təcavüzünə, Azərbaycan torpaqlarının işğalına yönəldib. Bununla yanaşı, bu gün cəbhə xəttinin dövlət sərhədi ilə üst-üstə düşmədiyi də yenidən gündəmə gəlib. Üstəlik, bu proqnozlaşdırılmayan effekt Ermənistan üçün o qədər güclü və gözlənilməz olub ki, bəzi ekspertlər "Bakının ev tapşırığı" haqda belə, danışmağa başlayıblar. Onlar az qala iddia edirlər ki, Bakı yalançı diversantları işğal olunmuş ərazilərə məqsədli şəkildə göndərməklə, "Arsax"ın qeyri-legitim olduğunu" sübut etməyə çalışıb.

Təbliğatdakı bu iflasın Seyran Ohanyanı şöhrətpərəst planlardan əl çəkməyə məcbur edib-etməyəcəyi açıq qalır. O, hələ də diversant mövzusunu gündəmdə saxlayır, bu versiyaya şübhə ilə yanaşan hər kəsi tənqid atəşinə tutur. Bəlkə də, yaxın gələcəkdə Ohanyanın seçkiyə üstünlük verəcəyi, yoxsa hakimiyyəti hərbi çevriliş yolu ilə ələ keçirməyə çalışacağı aydın olacaq.



MƏSLƏHƏT GÖR:

541