4 May 2024

Şənbə, 18:52

QISAMÜDDƏTLİ EFFEKT

Nəticəsiz danışıqların davam etdirilməsi Azərbaycan üçün maraq kəsb etmir

Müəllif:

26.08.2014

İyulun sonu, avqustun əvvəlində Ermənistan-Azərbaycan sərhədində və Qarabağ cəbhəsi zonasında son 20 ilin ən gərgin hərbi qarşıdurması yaşandı. Atəşkəs rejiminin pozulması fasiləsiz xarakter aldı, qarşılıqlı olaraq kəşfiyyat-diversiya qruplarının reydləri oldu, hər iki tərəfdən onlarla ölən və yaralanan qeydə alındı. Şübhəsiz ki, hadisələrin bu cür inkişafı beynəlxalq birlikdə təlaş yaratdı. ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin xarici siyasət idarələri, nüfuzlu beynəlxalq qurumlar tərəfləri təmkinli olmağa, miqyaslı hərbi əməliyyatların bərpasına aparacaq addımlardan çəkinməyə çağırdı. Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan dövlət başçılarının təcili toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və 3 prezident Soçidə bir araya gəldilər.

Vladimir Putinin dəvətilə Ermənistan və Azərbaycan prezidentləri Serj Sarqsyanla İlham Əliyev avqustun 9-10-da Soçidə oldular. Birinci gün onlar rusiyalı həmkarları ilə ikitərəfli görüşlər keçirdilər. Daha sonra qeyri-formal olaraq, sambo üzrə beynəlxalq turnir çərçivəsində söhbətləşdilər. İkinci gün isə Ermənistan-Azərbaycan cəbhə xəttindəki vəziyyətin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə intensiv dialoqun bərpası perspektivlərinin müzakirəsi məqsədilə üçtərəfli görüş keçirildi.

Danışıqlar gərgin alındı. Minsk Qrupunun həmsədrləri görüşə dəvət olunmamışdılar. Tərəflər sənəddə (kommunike, bəyanat və s.) əksini tapa biləcək hər hansı razılıq əldə etmədilər. Prezidentlər görüşün sonunda onları gözləyən KİV təmsilçilərinin qarşısına çıxmağı belə, lazım bilmədilər. Bunu onların əvəzindən Rusiyanın xarici işlər naziri Sergey Lavrov etdi. O, özünə xas olan qeyri-müəyyən tərzdə tərəflərin həmsədrlər tərəfindən irəli sürülən prinsiplərə sadiqliyindən və danışıqların yalnız ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri əsasında aparılmasının vacibliyindən danışdı. Lavrov fikrini belə davam etdirdi: "Prezidentlər Ermənistan və Azərbaycan rəhbərliyi səviyyəsində dialoqun davam etdirilməsinə hazır olduqlarını bildiriblər, Rusiya isə Minsk Qrupunun həmsədrlərindən biri kimi, bu işə əlindən gələn dəstəyi göstərəcək". Onun sözlərinə görə, bu məqsədlə xarici işlər nazirlərinə müvafiq tapşırıqlar verilib. Lavrov onu da bildirib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair razılaşmanın əsas hissəsi artıq aydındır, yəni indi bir neçə konkret məqam üzərində işlənilməlidir: "Necə deyərlər, əsas məsələ də detallardadır və odur ki, ən çətin məsələlər hələ həllini  tapmayıb".

Qeyd edək ki, avqustun əvvəlində Sergey Lavrov prezidentlərin Soçi görüşünün anonsunu verərkən bildirmişdi ki, həmin görüşdə "münaqişənin həlli zamanı əsaslanılacaq prinsiplərin yer alacağı bəyanatın qəbulu, şübhəsiz ki, atmosferin normallaşmasına yardım edərdi". Əslində, bu, hələ 3 il əvvəl Rusiyanın XİN başçısının Kazanda rədd edilmiş ideyalarının təkrarıdır. Söhbət çərçivə razılaşması haqda ideyadan gedir. Amma sənəddə Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması üçün praktiki addımların yer almaması, bununla yanaşı, torpaqların azad olunması üçün güc tətbiqinə əl atılmayacağına dair öhdəliyin əksini tapması, Dağlıq Qarabağa azərbaycanlı qaçqınlar geri dönmədən yerli əhalinin iradəsi əsasında statusun verilməsi kimi məqamların yer alması Bakı üçün qəbuledilməzdir. Bu səbəbdən də, prezidentlərin Soçi görüşündə Lavrovun bu ideyası dəstək qazanmayıb.

Azərbaycanda prezidentlərin Soçidə keçirilən üçtərəfli görüşünün nəticələrilə bağlı məyusluq yoxdur. Çünki görüşdən əvvəl də xüsusi heç nə gözlənilmirdi. Soçidə ən yaxşı halda tərəflərin gərginliyin azaldılması üçün tədbirlər görməyə razılıq verəcəkləri, Rusiya prezidentinin moderatorluğu ilə intensiv danışıqların bərpasına razılaşacaqları gözlənilirdi. Görüşdə bu nəticələr də sanki, əldə olundu. Amma onlar da yaxın 1-1,5 ayda təsdiqlənməlidir. Əks təqdirdə, cəbhə xəttində atışmanın bərpası ehtimalı yüksəkdir. Nəticədə, atəşkəsin pozulması hallarının lokal hərbi toqquşmalar və sonda tammiqyaslı hərbi əməliyyatlara çevriləcəyini istisna etmək olmaz.

Yaxın zamanlarda Bakıya qonşu Türkiyə və İran prezidentlərinin səfərləri gözlənilir. Müvafiq məsləhətləşmələrdən sonra Bakı Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində 20 ildir davam edən qəbulolunmaz status-kvonun dəyişdirilməsi üçün hansı addımların atılmasının məqsədəuyğunluğunu müəyyənləşdirəcək. Güc tətbiq etməməyə dair öhdəliyin götürülməsinə və eyni zamanda da işğal altında olan Azərbaycan ərazilərindən BMT qətnamələrinə uyğun olaraq  erməni silahlılarını  çıxarmadan, ora yerli azərbaycanlıların qayıtmasını təmin etmədən hansısa  qarşılıqlı inam və etimadın yaradılmasına dair sadəcə boş söhbətlərin aparılması Azərbaycan üçün heç bir real önəm daşımır.

Soçidə tərəflər, hətta əsirlərin, həlak olmuş hərbçilərin meyitlərinin dəyişdirilməsilə bağlı lokal məsələlərdə belə, razılığa gələ bilməyiblər. Belə danışıqlardan sonra konfidensiallığa əməl olunması təcrübəsinə rəğmən, Serj Sarqsyan İrəvana qayıtdıqdan sonra yerli KİV-ə açıqlama verib, özünü "qəhrəman" kimi göstərməyə çalışıb. O, hətta dövlət başçısına yaraşmayacaq dərəcədə Azərbaycanın istənilən şəhərini yerlə-yeksan edilmiş Ağdamın halına sala biləcəklərilə hədələyib. Əslində, britaniyalı analitik Tomas de Vaala Xocalı soyqırımının bilavasitə təşkilatçısı olduğunu, şəhər əhalisinin məhvində, qovulmasında şəxsən iştirak etdiyini boynuna almış şəxs üçün bu, heç də təəccüblü hal deyil. Britaniyanın Müstəqil Araşdırmalar və Münaqişələrin Təhlili Mərkəzinin direktoru Kristofer  Lenqton NEWS.am saytına açıqlamasında "...Sarqsyanın Soçidə açıq-aydın qalmaqal axtardığını" bildirib.

Şübhəsiz ki, Rusiya liderinin təşkilatçılığı ilə Ermənistan və Azərbaycan prezidentləri arasında baş tutmuş təcili görüş yeni, qanlı müharibənin başlanmasının qarşısını almalı idi və bu mənada o, qısamüddətli effektini verdi. Amma danışıqlar prosesinı dalandan çıxarmaq hələlik mümkün olmadı. Bu baxımdan, Ermənistanın sabiq xarici işlər naziri, hazırda parlamentdə müxalifətçi deputat olan Vardan Oskanyanın məqaləsi maraqlıdır. Söhbət onun "Əl-Cəzirə" telekanalının saytında dərc etdirdiyi "Ermənistanla Azərbaycan danışıqlar yolu ilə həllə nail olacaqlarmı?" başlıqlı məqalədən gedir. Oskanyan məqalədə bildirir ki, 1994-cü ildən qüvvədə olan atəşkəs rejiminin hələ də davam etməsi 2 əsas amillə bağlıdır: münaqişə tərəfləri arasında güc paritetinin olması və danışıqlar prosesilə bağlı ümidlərin tükənməməsi. Oskanyanın fikrincə, bu önləyici amillər artıq laxlayıb, çünki Azərbaycanın hərbi gücü artıb, sülh danışıqları isə dalana dirənib. Eks-nazir hesab edir ki, Rusiya ilə Qərb arasında rəqabətin güclənməsi Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə də öz təsirini göstərə bilər. Oskanyan yazır ki, müharibənin bərpa olunacağını təsəvvür etmək çətin olsa da, onu istisna etmək də mümkün deyil: "Amma müharibəyə başlayacaq tərəf üçün bu, böyük risk deməkdir". V.Oskanyanın qənaətləri və gümanları bayağıdır və Ermənistanla onun himayədarlarının ənənəvi arzularına əsaslanır. O, hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün 2 paralel addımın atılması vacibdir - hərbi əməliyyatların bərpa olunmayacağına zəmanətin verilməsi və yekun nəticənin əldə edilməsilə bağlı qarşılıqlı öhdəlikləri nəzərdə tutan dəqiq proqramın qəbulu. Söhbət "ciddi" danışıqlara başlanacağı ilə bağlı vədin qarşılığında Bakının üzərinə konkret öhdəliklərin qoyulmasından gedir.

Məqalə və orada yer almış tezislər göstərir ki, Ermənistanda siyasi elita və analitiklər hələ də Azərbaycana Qarabağ münaqişəsinin həllilə bağlı öz proqramlarını qəbul etdirmək ümidini itirməyib. Amma ermənilər münaqişənin həllilə bağlı öz versiyalarını həyata keçirmək üçün nə gücə, nə də vasitələrə malikdirlər. Ermənistan iqtisadiyyatında durğunluqdur, yoxsulluq, səfalət getdikcə artır. Acınacaqlı vəziyyətdən çıxış yolunu tapmadan başını götürüb qaçanların sayı da artır. Bu ilin ilk yarısında Ermənistanı tərk edən şəxslərin sayı ölkəyə gələnlərin sayından 85 869 nəfər çox olub (mənfi miqrasiya saldosu).

Prezidentlərin Soçi görüşündən sonra qoşunların təmas xəttində gərginlik bir qədər azalıb. Atəşkəsin pozulması hallarında azalma, ağır texnikanın geri çəkilməsi halları müşahidə olunur. Amma münaqişənin sülh yolu ilə həlli baxımından irəliləyiş perspektivini göstərən konkret təşəbbüslər olmazsa, cəbhə xəttində gərginliyin yenidən artacağını gözləmək mümkündür. Erməni analitik İqor Muradyan hesab edir ki, qoşunların təmas xəttində gərginliyin azalması müvəqqəti xarakter daşıyır. O, bunu Vladimir Putinin İlham Əliyevə verdiyi işarə ilə əsaslandırır: Putin hərbi əməliyyatların bərpa olunacağı halında yeni Rusiya silahlarının Azərbaycana satışının mümkünsüzlüyünə dair işarə edib və nəticədə, İlham Əliyev hərbçilərinə müvəqqəti "otboy" verib.

Rusiyanın hərbi tədarükünün miqyası maraq doğurur. "Vedomosti" qəzetinin öz mənbəsinə istinadən verdiyi məlumata görə, Rusiya Azərbaycan ordusuna 94 ədəd "T-90" tankı, təxminən, 100 ədəd BMP-3, 18 özü hərəkət edən "Msta-S" artilleriya qurğusu və eyni sayda "Vena" topunun, 18 ədəd "Smerç" qurğuları, 6 ədəd "Solnsepek" ağır odsaçan sisteminin tədarükünə başlayıb. Türkiyənin "Hürriyet" qəzetinin məlumatına görə isə Bakı bu yaxınlarda İsrail istehsalı olan ballistik raketlər (130 km) və Pakistan istehsalı olan uzaqmənzilli raketlər (2000 km) alıb.

Görünən odur ki, nəticəsiz qalan və uzandıqca uzanan danışıqlar prosesi erməni-azərbaycanlı münaqişəsinin birbaşa toqquşmalara keçməsinin qarşısını ala bilməyəcək. Beynəlxalq hüquqa uyğun konkret qərarların qəbulu vaxtı çoxdan yetişib. Azərbaycanın səbri tükənmək üzrədir. Bunu vasitəçi fövqəldövlətlər də anlayırlar. Rusiya prezidenti Vladimir Putin tərəflər arasında Minsk Qrupundan kənar razılığın əldə olunmasına çalışır və bu üzdən, Soçi görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar haqda qazaxıstanlı həmkarı Nursultan Nazarbayevi də məlumatlandırmağı lazım bilib. ABŞ öz növbəsində Azərbaycan və Ermənistan prezidentlərini payızda BMT Baş Assambleyasının kluarlarında görüşdürməyi planlaşdırır. Fransa prezidenti Fransual Olland isə Əliyevlə Sarqsyanı sülh danışıqlarının aparılması üçün Parisə dəvət edib.

Bu sülh təşəbbüslərinin məhsuldar olub-olmayacağını demək çətindir. İndi bir şey məlumdur ki, erməni tərəfinə təzyiq olmadan, İrəvan ərazi ambisiyalarını beynəlxalq hüquq normaları ilə uzlaşdırmağa məcbur edilmədən münaqişənin dinc yolla nizamlanmasını gözləməyə dəyməz. Qarşılıqlı şəkildə qəbul olunan kompromis qərarın qəbulu üçün vaxt sürətlə azalır. Nə qədər ki, sülhə nail olunması üçün pəncərələr bağlanmayıb və toplar danışmağa başlamayıb, bu imkandan yararlanmaq lazımdır.

 

 

ТРИБУНА

 

Yaxın müttəfiqləri Rusiyanı hansı oyunlara cəlb etməyə çalışır? 

Rusiyanın "Tribuna" qəzeti Ermənistanın dövlət başçısı Serj Sarqsyanı prezidentlərin Soçi görüşündə dezinformasiya yaymaqda ittiham edib. Qəzetin müxbiri Alesya Dovlatovanın yazdığı məqalədə bildirilir ki, Sarqsyan, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin indiyədək icra olunmamasında Azərbaycanı günahlandırmaqla məsuliyyəti İrəvanın üzərindən atmağa çalışıb və onun bu hərəkəti təxribatdan başqa bir şey deyil. 

Müəllif yazır: "Serj Sarqsyanın səsləndirdiyi kimi bəyanatlara el arasında "oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" deyirlər. Böyük siyasətdə isə bunun adı təxribatdır. Lakin məsələ ondadır ki, Ermənistan prezidenti bu təxribatçı bəyanatları haradasa İrəvanda və ya Gümridə öz tərəfdarlarının mitinqində deyil, Rusiyanın Soçi şəhərində, Rusiya və Azərbaycan prezidentləri ilə görüşdə səslənhdirib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş bu görüşdə Rusiya vasitəçiliyi öz üzərinə götürmüşdü. Bu isə o deməkdir ki, Sarqsyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini belə başa düşməsi bizim üçün də problemə çevrilə bilər". 

Rusiyalı jurnalist qeyd edir ki, bu yaxınlarda Soçidə aparılmış danışıqlarda prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının hələ 20 il əvvəl erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə çıxardığını xatırladıb. Serj Sarqsyan isə cavab olaraq deyib ki, "qətnamənin tələbinə riayət edən tərəf varsa, o da Ermənistandır, çünki o, hərbi əməliyyatların dayandırılması üçün öz təsir imkanlarından istifadə edib".

"Ermənistan prezidentinin nümayişkaranə şəkildə səsləndirdiyi versiyaya görə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhz Azərbaycan əməl etmir. Lakin axı Azərbaycan bu qətnamələrin dinc yolla icrasına necə səbəb ola bilərdi? Yoxsa o, özünün qanuni torpaqlarından ümumiyyətlə əl çəkməli idi? Bəlkə torpaqlarının iyirmi faizini qonşuya bağışlamalı idi?" - deyə jurnalist soruşur. 

A. Dovlatova hesab edir ki, S. Sarqsyan belə təxribatçı bəyanatlar verməklə Rusiyanı öz yaxın müttəfiqləri ilə təhlükəli oyuna sürükləməyə çalışır. Müttəfiqlər sırasına isə müəllif təkcə Avrasiya İttifaqına qoşulmağı hazırlaşan Ermənistanı deyil, həm də Rusiya ilə "gerçək mehriban münasibətlər" quran, "rus məktəblərini və qəzetlərini bağlamayan, "sovet işğalı muzeyləri" yaratmayan və ümumiyyətlə antirusiya təbliğatı aparmayan, əksinə uğurlu siyasi islahatlar yürüdən, on il ərzində böyük iqtisadi uğurlara nail olan" Azərbaycanı aid edir. "Bu gün Azərbaycan Rusiyanın vacib siyasi və iqtisadi tərəfdaşıdır" - məqalədə vurğulanır.  



MƏSLƏHƏT GÖR:

539