6 May 2024

Bazar ertəsi, 22:25

MÜNASİBƏTLƏRİN SÜTUNU

"Cənub" qaz dəhlizi Azərbaycan-İtaliya münasibətlərinin inkişafı istiqamətində yeni və şərtləndirici addımdır

Müəllif:

30.09.2014

Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (Milan) eksperti Karlo FRAPPİNİN "R+" jurnalına müsahibəsi 

 

-Azərbaycan və İtaliya enerji sahəsində strateji tərəfdaşdırlar. Bakıda sentyabrın 20-də "Əsrin müqaviləsi"nin 20 illiyi günü "Cənub" qaz dəhlizinin təməlinin qoyulması kontekstində bu əməkdaşlığı necə qiymətləndirərdiniz?

- "Əsrin müqaviləsi"nin 20 illiyi ilə "Cənub" qaz dəhlizi layihəsinin təməlinin qoyulmasının üst-üstə düşməsinin böyük rəmzi mənası var. O, Azərbaycanın son 20 ildə necə uzun yol keçdiyini göstərir. Bu qısa vaxt ərzində Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan ağır vəziyyətdə olmasına rəğmən enerji resurslarının istehsalına başlaması, regional və beynəlxalq tərəfdaşlar istiqamətində yeni ixrac kanalları qurmacı və nəhayət, Avrasiya enerji siyasəti sahəsində özünü əsas və etibarlı tərəfdaş kimi təsdiq etməyi bacardı. 

Digər tərəfdən, təbii resurslarının son dərəcə cüzi olması üzündən daim idxaldan asılı olan İtaliya bu prosesin lap əvvəlindən Bakının əsas tərəfdaşına çevrilib. 1999-cu ildən başlayaraq İtaliya Bakı-Supsa boru xətti ilə ixrac olunan Azərbaycan neftinin böyük bir hissəsinin alıcısıdır. Daha sonra o, Bakı-Tbilisi-Ceyhan boru xətti ilə ixrac olunan neftin də alıcıları arasına girdi. Bu, İtaliyanı Azərbaycan üçün bir nömrəli tərəfdaşa çevirdi və İtaliya bu mövqeyini indi də qoruyub saxlayır.

Beləliklə, Xəzər və Adriatik dənizlərinin sahillərini birləşdirən "Cənub" qaz dəhlizinin açılması ikitərəfli əməkdaşlığın genişləndirilməsi yolunda yeni və şərtləndirici addımdır. Üstəlik, neft bazarından fərqli olaraq, qaz bazarının özünəməxsus cəhəti var - o, istehsalçılarla istehlakçıları uzun illər ərzində bir-birinə bağlayır. Obrazlı şəkildə ifadə etsək, "Cənub" qaz dəhlizi Azərbaycan-İtaliya münasibətlərinin əsasını təşkil edir. O, boru xətti sisteminin iki tərəfinin qarşılıqlı asılılığını artırır və İtaliyanın yalnız Azərbaycanın resurslarına deyil, potensial olaraq Xəzər regionunun ən böyük qaz mənbəyinə çıxışını təmin edir.

- Yeri gəlmişkən, "Cənub" qaz dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik qaz kəmərinin (TAP) keçəcəyi İtaliya regionlarında ekoloqların etiraz aksiyaları müşahidə olunur. Onlar boru xəttinin ətraf mühitə zərər vuracağını bildirirlər. Yerli müxalifət liderlərindən biri Beppe Qrillo isə hökuməti boru xəttinin çəkilməsi məsələsini referenduma çıxarmağa çağırıb. Bu, TAR layihəsinin reallaşdırılmasına problem yaratmayacaq ki?

- İqtisadi böhranın aradan qaldırılması ilə bağlı çətinliklərin fonunda İtaliya siyasətçiləri çox ağır dönəmdən keçirlər. Belə hallarda hər zaman olduğu kimi, vəziyyətdən öz maraqları üçün istifadə etməyə çalışan siyasətçilər meydana çıxır. Müvafiq olaraq, məsələyə yalnız TAP kontekstində yox, daha geniş yanaşmaq lazımdır. Yeri gəlmişkən, onun belə ritorika ilə qarşılaşmasının bir səbəbi də TAP konsorsiumunun yol verdiyi səhvlərdir. Konsorsium layihənin, onun üstünlüklərinin yerli icmalar qarşısında təqdimatı zamanı yanlışlıqlara yol verib.

Bununla yanaşı, TAP İtaliya üçün milli şaxələndirmə strategiyası çərçivəsində strateji layihədir. Bu üzdən də şəxsən mən ona hər hansı təhlükənin yaranacağını düşünmürəm. TAP və daha geniş anlamda Azərbaycanla İtaliyanı birləşdirən qaz dəhlizi göydən düşməyib. Əksinə, o, siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün hökumətlərin sədaqəti və dəstəyinin nəticəsidir. Matteo Rensi (İtaliyanın baş naziri) də sələfləri kimi, layihəyə birmənalı dəstək verərək, onu milli infrastrukturun inkişafı üçün strateji əhəmiyyətli layihələr sırasına aid edib.

Bu, əlbəttə ki, TAP layihəsinin ekoloji risklərinin olmadığı anlamına gəlmir. Demək, layihəyə cəlb olunmuş və maraqlı tərəflərin hər biri bu işdə konstruktiv əməkdaşlıq etməli, Adriatik sahillərinin ən gözəl hissələrindən birində ətraf mühitə təsirin minimuma endirilməsinə çalışmalıdır.

- Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda İtaliyaya rəsmi səfər edib. Səfər çərçivəsində tərəflər Azərbaycanın İtaliyanın mədəniyyət abidələri və muzeylərinin bərpasına investisiya yatırması da daxil olmaqla, bir sıra vacib məsələlərə dair razılıq əldə ediblər. İkitərəfli münasibətlərin hazırkı səviyyəsi və perspektivləri haqda nə düşünürsünüz?

- Cənab Əliyevin İtaliyaya bu yaxınlarda etdiyi səfərin Azərbaycan-İtaliya münasibətlərinin pozitiv inkişafının göstəricisi olması fikri ilə razıyam. İlk növbədə tərəflərin strateji tərəfdaşlığa dair bəyannamənin qəbulu haqqında razılığa gəlmələri bu əməkdaşlığın səviyyəsini göstərir. Əslində bu, İtaliya ilə Azərbaycanın münasibətlərini yavaş-yavaş, amma qəti surətdə enerji sahəsindən kənara çıxarmaqda olduqlarının göstəricisidir. İndiyədək münasibətlərin əsasını, şübhəsiz ki, enerji sahəsi təşkil edib.    İlham Əliyevin İtaliyaya səfəri zamanı imzalanmış razılaşmaların əhatəli olması göstərir ki, iqtisadi-ticari mübadilənin artırılması üçün potensial böyükdür və hər iki tərəfdaş bu imkanlardan istifadə etməyə çalışır.

Maraqlıdır ki, Azərbaycan tərəfinin həyata keçirdiyi ictimai diplomatiya sahəsində qeyri-institusional və işgüzar dairələr arasında da əlaqələr getdikcə genişlənir. Məsələn, hazırda elm və təhsil sahəsində sabit, məhsuldar əlaqələr qurulur. Düşünürəm ki, bu tendensiya ölkələrimiz arasında möhkəm, uzunmüddətli münasibətlərin qurulması üçün son dərəcə vacibdir.

- Erməni diasporu İtaliya baş nazirinin Bakıya səfər edərək, "Cənub" qaz dəhlizinin təməlqoyma mərasiminə qatılmasının qarşısını aldığını açıqlayıb. Bu bəyanatı necə şərh edərdiniz?

- Baş nazir Rensinin Azərbaycana səfərinin baş tutmamasının əsas səbəbi sırf daxili amillərlə bağlıdır. Bunun İtaliyanın erməni diasporu ilə heç bir əlaqəsi yoxdur.

Ümumiyyətlə, İtaliya immiqrasiya ölkəsinə yaxın keçmişdə çevrilib və orada diaspor siyasəti ənənəsi yoxdur. Konkret olaraq İtalyadakı erməni diasporu gəlincə isə,  Amerika və Fransada fəaliyyət göstərən eyniadlı qurumlarla  nə sayına, nə də gücünə görə müqayisəyə gəlir. İtaliyanın erməni diasporu sadəcə müxtəlif mədəni tədbirlər, diskussiyalar təşkil edir. Onu siyasi oyunçu saymaq mümkün deyil.

Bundan başqa, İtaliya xaricdən təzyiqlərə imkan verilməməsi və balanslaşdırılmış mövqe siyasətinə böyük önəm verir, amma eyni zamanda regional sabitlik və əməkdaşlığı vacib sayır. 

Yeri gəlmişkən, artıq adını çəkdiyim Azərbaycanla strateji tərəfdaşlıq bəyannaməsində İtaliya hökuməti Bakı-Roma münasibətlərinin hər hansı üçüncü ölkəyə qarşı yönəlmədiyini təsdiqləyir. Bu, Ermənistana açıq işarədir. İtaliya hökuməti Avropa İttifaqının mövqeyinə uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dəstəyini də qəti şəkildə davam etdirir.

- Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən söz düşmüşkən: Ermənistan Şotlandiyada və Kataloniyada baş verənlərdən ruhlanıb. Onlar bu məsələlər arasında paralellər aparır, Azərbaycan ərazilərinə iddialarına haqq qazandırmaq üçün Şotlandiya və Kataloniyada baş verənləri presedent sayırlar. Amma ermənilər xalq olaraq öz müqəddəratlarını təyin ediblər - bu, Ermənistandır. Bundan başqa, Qarabağın "müstəqilliyi" regionun bütün əhalisinin dinc şəraitdə səs verməsi yolu deyil, etnik təmizləmə, ərazilərin işğalı nəticəsində elan olunub. Ermənilərin apardıqları paralellər haqda nə deyə bilərsiniz? 

- Xalqların öz müqəddəratlarını təyinetmə və sərhədlərin toxunulmazlığı prinsipləri arasında ziddiyyət həllini tapa bilməyən əsas məsələlərdən biridir. O, ikiqütblü beynəlxalq sistemin dağılmasından sonrakı dövrdə daimi mübahisə mövzusudur. Bu məsələnin həlli edilməmiş qalması çox sayda birmənalı olmayan, ağrılı vəziyyətlərin yaranmasına səbəb olur. Beynəlxalq birlik bu məsələnin uzunmüddətli həllini tapmaq iqtidarında deyil.

Bilavasitə sizin sualınıza gəlincə, fikrimcə, Şotlandiya və Kataloniyadakı vəziyyətlərin Dağlıq Qarabağla müqayisəsinin mümkün olmadığı hər kəsə aydındır. Burada həm problemin təkamülündə, həm münaqişə tərəflərinin rolu və vəziyyətində fərqlər var. Onların yerli əhaliyə vurduğu yaralar da fərqlidir.

Tərəflərin mövqelərinə və arqumentlərinə baxmayaraq, beynəlxalq institutlar Dağlıq Qarabağ münaqişəsinin həllində sərhədlərin toxunulmazlığı prinsipinin prioritet olduğunu təsdiqləyiblər. Problemin hansı institusional həllinin tapılacağından asılı olmayaraq, bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacaq. Bu, münaqişənin həlli üzərində işlənilən zaman istinad edilmsi vacib olan yeganə əsas prinsipdir. 


MƏSLƏHƏT GÖR:

640