29 Aprel 2024

Bazar ertəsi, 17:59

QƏLİZ TÜRK HESABI

"İslam dövləti"nin Suriya ərazisinə hücumu Ankara üçün ciddi təhlükələr yaradıb

Müəllif:

14.10.2014

İraqda və Suriyada fəaliyyətdə olan "İslam dövləti" ("İD") təşkilatına qarşı müharibəyə qoşulduğunu bəyan edən Türkiyə Yaxın Şərqdə kəskin şəkildə gərginləşmiş vəziyyətin düz episentrinə düşüb. Ölkənin kürdlərin sıx məskunlaşdığı bir sıra şəhərlərində etiraz aksiyaları başlayıb. Küçələrə axışan kürdlər Ankaradan Suriyanın Türkiyə ilə sərhəddə yerləşən kürd şəhər və kəndlərini ələ keçirmiş radikal islamçılara qarşı dərhal hərbi əməliyyatlara başlanılmasını tələb edir.

Beynəlxalq koalisiyanın radikal islamçıların mövqelərinə aviazərbələr endirməsinə baxmayaraq, "İD" Suriyanın kürdlərin məskunlaşdığı Kobani şəhərinin bir hissəsinə nəzarəti tam ələ keçirib. Artıq şəhərin 160 minədək əhalisi Türkiyəyə qaçıb. Görünən isə odur ki, Suriyanın kürdlərin yaşadığı ərazilərinin radikal islamçılardan təmizlənməsi işini istər kürdlər, istərsə də beynəlxalq koalisiya məhz Türkiyənin üzərinə qoyur. Türkiyənin özündə müşahidə olunan təlatümlər bunu göstərir. Nümayişçilər Türkiyənin yalnız öz sərhədlərini möhkəmləndirməklə məşğul olmasından və münaqişəyə müdaxilə etməməsindən narazıdırlar. Onlar bunun əvəzində Ankaranın "İD"yə qarşı hərbi əməliyyatlara başlamalı olduğunu düşünürlər.

Ankaranın Kobaninin müdafiəsi üçün sərt addımlar atmaması həqiqətən də bəzi suallar yarada bilər. Halbuki, Türkiyə Parlamentinin Silahlı Qüvvələrə verdiyi ixtiyara görə, hərbçilər Suriya və İraqda transsərhəd əməliyyatları başlamaq hüququna malikdirlər. Parlamentin orduya bu hüququ verməsindən sonra, çoxları Ankaranın dərhal ABŞ-ın rəhbərlik etdiyi hərbi əməliyyatlara qoşulacağını gözləyirdilər. Ankara isə əvvəlcə Vaşinqtonun bütün təzyiqlərinə rəğmən, son anadək koalisiyaya qoşulmaqdan imtina edirdi. Lakin regional vəziyyətin bir qədər dəyişməsi Türkiyənin də qərarını dəyişməsi ilə nəticələndi. İlk növbədə, Ankara "İD"yə qarşı birbaşa savaşa qoşulmasına mane olan əsas problemi həll etdi. Türkiyənin İraqın Mosul şəhərindəki konsulluğunun 49 əməkdaşının islamçıların girovluğundan azad olunmaları Ankaranın əl-qolunu açdı.  Bundan başqa, "İD" yaraqlıları Türkiyə-Suriya sərhədinə yaxınlaşmağa başladılar və bu, kürdlərin kütləvi şəkildə Türkiyə ərazisinə axışmalarına səbəb oldu. Nəhayət, Ankara "İD" yaraqlılarının Suriyanın Hələb əyalətindəki Süleyman Şah sərdabəsinə soxulmalarına biganə qala bilməzdi. Söhbət Osmanlı İmperiyasının banisi olmuş I Osmanın babasının sərdabəsindən gedirdi. Suriya ərazisində yerləşən bu ziyarətgah 1921-ci ildə imzalanmış müqavilə (Türkiyə ilə Fransa arasında imzalanmış bu razılaşma Türkiyə-Suriya sərhədini müəyyənləşdirib və bu gün də hüquqi qüvvəsini qoruyub-saxlayır) əsasında məhz Ankaranın nəzarətindədir.

Bütün bunlarla yanaşı, "İD"yə qarşı müharibəyə başlamağa hazır olduğunu bəyan edən Türkiyə bununla yalnız radikalların onun sərhədinə doğru irəliləməsinin qarşısını almaq məqsədi güdmür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "İD"ni yalnız aviazərbələr hesabına İraq və Suriyada ələ keçirdiyi ərazilərdən çıxarmağın  mümkünsüzlüyünü dəfələrlə bəyan edib. Onun fikrincə, bu məqsədə nail olunması üçün həmin ərazilərdə yerüstü əməliyyatlara başlanılmalıdır.

Türkiyənin baş naziri Əhməd Davudoğlu isə öz növbəsində ölkəsinin Suriya ərazisində "İD"yə qarşı yerüstü əməliyyatlara başlaya biləcəyini, lakin bunun üçün ABŞ-ın Suriya prezidenti Bəşər Əsədin devriləcəyinə zəmanət verməli olduğunu bildirib.

Beləliklə, Ankara Suriya ərazisində "İD"yə qarşı yerüstü əməliyyatlara başlanılmasını Suriya probleminin onun maraqlarına uyğun həlli ilə əlaqələndirir. Ankaranın "İD"yə qarşı tammiqyaslı əməliyyatlara başlanılmasını ləngitməsi bununla bağlıdır. Məhz bu məqam kürd hərəkatının Türkiyə hökumətini sərt tənqid etməsinə yol açıb.

Amma Ərdoğanla Davudoğlunun anti-Suriya planının reallaşdırılmasına "İD" ilə müharibə şəraitində ciddi maneə ABŞ-ın mövqeyidir. ABŞ-ın Dövlət Departamenti Ankaraya hazırda Vaşinqtonun diqqətini "İD" ilə mübarizəyə yönəltdiyi eyhamını vurub. Məhz bu üzdən hazırda Amerika üçün Suriya müxalifətinin dəstəklənməsi ikinci plana keçib. ABŞ prezidenti Barak Obamanın dünya üçün "İD"nin Bəşər Əsəd rejimindən daha ciddi təhlükə olduğunu bəyan etməsi təsadüf deyildi.

Ümumiyyətlə, son zamanlar Suriyadakı vəziyyət Ankara-Vaşinqton münasibətlərini dəfələrlə sınaq qarşısında qoyub. Bu mənada ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Türkiyəni Səudiyyə Ərəbistanı və BƏƏ ilə birlikdə Əsəd rejiminə qarşı vuruşan ekstremistlərə yüz milyonlarla dollar və on minlərlə ton silah göndərməkdə günahlandırması çox şeydən xəbər verir. Sonradan Bayden bu sözlərinə görə Ərdoğandan üzr istəsə də, deyilən artıq  deyilmişdi...

Beynəlxalq koalisiyanın tərkibində "İD"yə qarşı müharibəyə razılıq verən Ankaranın daha bir məqsədi artmaqda olan kürd separatizmi təhlükəsinə sinə gərməkdir. ABŞ-ın Suriya ərazisində İraqdakı kürd muxtariyyətinin analoqunu yaratmaq niyyətini görən Ankaranın "İD"yə qarşı koalisiyaya qoşulmaq qərarını açıqlamasının bir səbəbi də var: o, Qərbin növbəti antiterror əməliyyatlarının kürd məsələsində Türkiyənin maraqlarına növbəti dəfə toxunmasının qarşısını almağa çalışır.

Türkiyənin "İD" ilə müharibəyə qoşulması kontekstində onun regionda hadisələrin inkişafına hansı formada təsir göstərə biləcəyi sualı da gündəmdədir. Ankaranın bu addımı, əlbəttə ki, İraq və Suriyada koalisiyanın uğur qazanmaq şansını artırır. 

Türkiyə Ordusu nəinki regionda, həm də dünyada ən qüdrətli ordulardan biridir. Odur ki, islamçıların tezliklə ələ keçirdikləri bu və ya digər ərazilərdən geri çəkilməyə başlayacaqlarını güman etmək olar. Bundan başqa, nəzərə almaq lazımdır ki, Türkiyə Silahlı Qüvvələri partizan müharibəsi aparan düşmənə qarşı vuruşmaqda böyük təcrübəyə malikdir. Onlar uzun illər ərzində istər Türkiyə ərazisində, istərsə də İraqın şimalında kürd terrorçularının bazalarını məhv ediblər. Beləliklə, güman ki, Türkiyə ordusunun "İD"yə qarşı yerüstü əməliyyatlara başlaması qaçılmazdır. İndi bu, sadəcə zaman məsələsidir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyanatından belə məlum olur ki, Ankara koalisiyanın digər üzvlərinin dəstəyi olmadan Suriyada hərbi əməliyyatlara başlamayacaq. Türkiyə bunun üçün ABŞ və bütünlükdə Qərblə sövdələşməyə getməyə çalışacaq. Əsas məqsəd isə odur ki, türklərin "İslam dövləti"nin darmadağın edilməsi və ya heç olmasa, zəiflədilməsindəki iştirakı müqabilində regiondakı postmünaqişə dövründə Türkiyənin maraqları da nəzərə alınsın.



MƏSLƏHƏT GÖR:

634