28 Aprel 2024

Bazar, 21:48

KİPR TESTİ

Türkiyə və Yunanıstan arasında ada ilə bağlı münaqişə yenidən qızışır

Müəllif:

28.10.2014

Avropada daha bir münaqişə yenidən gərginləşməyə doğru gedir. Yunanıstan və Kipr Respublikası (KR) Türkiyəni regionda sabitliyə və təhlükəsizliyə təhdiddə ittiham edirlər. Mübahisə Nikosiyanın öz iqtisadi maraqlarına aid zonada olduğunu düşündüyü neft-qaz yataqları ətrafında gedir. Kipr gələcəkdə yüz milyardlarla avro qazanc əldə etmək niyyəti ilə xarici şirkətlərə kəşfiyyat qazıntılarının aparılması üçün lisenziya verib. İtaliyanın ENI konsorsiumu və Koreyanın KOGAS şirkəti bundan dərhal yararlanaraq, "Onasaqors" 9 blokunda qərarlaşıblar. "Il sole 24 ore" nəşrinin məlumatına görə, eyni blokda Fransanın "Total" şirkəti də məskən salıb. Əvvəlcə Aralıq dənizindəki bu ərazidə karbohidrogen ehtiyatları 1,2-1,4 milyard barel neft və 1,5 trilyon kubmetrdən artıq qaz kimi qiymətləndirilirdi. Sonradan proqnozlar azalsa da, söhbət yenidən böyük həcmlərdən gedir. Kipr tərəfi 2020-ci ilədək qazmayeləşdirici zavodun tikintisini və neft-qaz resurslarının hasilatı ilə bağlı digər infrastruktur obyektlərinin inşasını planlaşdırır.

Ankara isə hesab edir ki, planlaşdırılan karbohidrogen istismarından qazanc parçalanmış Kiprin bütün sakinləri arasında bölüşdürülməlidir. Türkiyənin Barbaros Hayrettin Pasha tədqiqat gəmisi məhz bu məqsədlə 2 hərbi gəminin müşayiəti ilə Şərqi Aralıq dənizində neft-qaz şelfi ərazisində peyda olub. Türklər orada oktyabrın 20-dən dekabrın 30-dək neft-qaz mədənlərində seysmik kəşfiyyat işləri aparacaqlar.

Bununla yanaşı, Türkiyənin "Bardin" korveti Egey dənizinin şərq hissəsindən Yunanıstanın ərazi sularına baş çəkib.

"Barbaros Hayrettin Pasha" gəmisi seysmik tədqiqatları davam etdirəcək. Gəminin mühafizəsi baxımından lazımi tədbirlər görülüb. Qoy heç kəs bundan böhran yaratmasın", - deyə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib. O, Türkiyə ilə Şimali Kipr arasında imzalanmış müqaviləyə əsasən, Ankaranın bu işlərin aparılması hüququnun olduğunu söyləyib.

Şübhəsiz, bu addım Kipr və Yunanıstan tərəfindən son dərəcə qəzəblə qarşılanıb. "Nikosiya öz hüquqlarını və suverenliyini qorumağa məcburdur", - deyə Kipr Respublikasının müdafiə naziri Xristoforos Fokiadis bildirib. Yunanıstanın xarici işlər naziri Evangelos Venizelosun məsələyə münasibəti isə belə olub: "Türkiyə yalnız gəmilərinin deyil, xarici siyasətinin də kursunu dəyişməlidir". O, Ankaraya "beynəlxalq birliyin diqqətinin beynəlxalq terrorla, Avropanın cənub və şərq sərhədlərində yaşanan böhranlarla mübarizəyə yönəldiyi bir vaxtda" daha bir "qaynar nöqtə" yaratmamağa çağırıb.

Baş verənlərə Kipr prezidenti Nikos Anastasiadis də münasibət bildirib. O, türkləri "təxribatçı və qanunsuz əməllər"də günahlandırıb. Prezident Kipr türkləri ilə Kipr yunanları arasında növbəti raundu oktyabrın 9-da keçirilməli olan danışıqların dayandırıldığını bəyan edib. Nikosiya BMT TŞ-yə Ankaradan şikayət etməyi də mümkün sayır.

Kipr ətrafında mübahisə köhnə dondurulmuş münaqişələrdəndir - dünya birliyi sanki onlarla yaşamağa öyrəşib. Sadəcə, beynəlxalq görüşlərdə, ikitərəfli dialoqlarda, hüquqi sənədlərin qəbulunda onlardan yan keçməklə, problemi sanki aşırlar. Amma bu, o demək deyil ki, köhnə problemi lazımi anda yenidən üzə çıxarmaq, onun üzərindən tozu çırpmaq və yenidən gündəmə gətirmək mümkün deyil. Ola bilsin, dünya birliyi məhz bu üzdən ərazi münaqişələrini tez bir zamanda həll etməyə tələsmir. Çünki onlar bu və ya digər konteksdə geosiyasətdə korrektələr aparılması üçün rahat rçaqlardır. Bu, əlbəttə ki, yalnız ehtimaldır. Sadəcə, Şərqi Aralıq dənizinin neft-qaz ehtiyatları ətrafında vəziyyət o qədər qarışıqdır ki, istər-istəməz düşüncələrə dalırsan.

Kipr, Yunanıstan və Türkiyənin özü ilə məsələ az-çox aydındır. Kiprlə Yunanıstan dəniz mədənləri vasitəsilə çoxdan tənəzzül yaşayan iqtisadiyyatlarını sahmana salmaq, beynəlxalq nüfuzlarını artırmaq istəyirlər. Türkiyənin baş verənlərə reaksiyası kifayət qədər gözləniləndir. Amma bu, Ankaraya çoxsaylı problemlər vəd edir. Belə problemlərdən biri Aİ-yə üzvlüklə bağlı onsuz da çətin gedən danışıqların daha ağırlaşması ola bilər. Nikosiya artıq açıq şəkildə bildirir ki, o, Türkiyənin Avropa İttifaqına üzvlüyü prosesində istənilən yeni fəslin açılmasının əleyhinə çıxacaq. Bundan başqa, Türkiyə daha bir gərginlik ocağı ilə qarşılaşa bilər ki, bu da Suriya və İraqla sərhəddə yaşananlar fonunda qətiyyən yerinə düşmür. Ankara artıq ENI konsorsiumunun sözügedən şelfdə fəaliyyətini dayandırması üçün İtaliya hökumətinə müraciət edib. Üstəlik, hazırda Aİ-yə məhz Roma sədrlik edir. Amma deyəsən, İtaliya Ankaranın bu istəyini rədd edib. Hər halda, konsorsium hələ də şelfdə fəaliyyətini davam etdirir.

Vəziyyətə digər oyunçular olmadan nəzər saldıqda, hər şey sadalandığı kimidir. Amma işin içərisində kənar oyunçuların olmaması mümkün deyil. Kipr sahillərində neft və qaz ehtiyatlarının mövcudluğu xəbəri yayıldıqda, ABŞ bu ərazidə güclü enerji mərkəzinin yaradılması haqda danışmağa başlamışdı. 

Belə hesab olunur ki, Amerika şirkətlərinin fəal iştirakı ilə Kipr, Türkiyə, İsrail və Yunanıstan ümumi hədəfə nail olunması - Rusiyadan yanacaq tədarükünün kəskin şəkildə azaldılması üçün birləşə bilərlər. Buna Avropanın özündə də müəyyən ümidlər bəslənir. Məsələn, Denik.cz saytının yazdığına görə, Çexiya sənaye və ticarət nazirinin müavini Pavel Şolts bu yaxınlarda Rusiyadan qaz asılılığının aradan qaldırılması haqda danışarkən, məhz "Kipr, Türkiyə və İsrail"dən qaz hasilatına istinad edib.

Bu ideyanın sınaqdan keçirilməsi üçün ABŞ-ın vitse-prezidenti Cozef Bayden Kiprə səfər edib. 

Məlum olduğu kimi, o, xüsusilə Cənub-Şərqi Avropanın enerji asılılığının təmini üçün az səylər göstərmir. Amerikalılar əmindirlər ki, yeni layihə regiona sabitlik gətirəcək. Çünki bu halda layihənin bütün iştirakçıları bir-biri ilə əlaqəli olacaq, qarşılıqlı maraq isə hər zaman yaxşı haldır. Nəticədə, Avropada alternativ karbohidrogen mənbəyi yaranacaq.

Bu məsələdə ABŞ bütün ziddiyyətlərin aradan qaldırılmasında və karbohidrogenlərin birgə hasilatında maraqlıdır. Bundan başqa, Vaşinqton hesab edir ki, danışıqlarda dönüş anı məhz neft-qaz hasilatı olmalıdır. "Mən Türkiyə hökumətinin əvəzindən danışa bilmərəm, lakin güman edirəm ki, onlar razılığa gəlinməsi üçün ümumi mövzuların meydana çıxdığını anlayırlar. Məsələn, Aralıq dənizinin şərq hissəsində qaz istehsalı və hasilatı yalnız Türkiyə və Kiprin deyil, həm də Yunanıstanın Rusiyadan enerji asılılığını azalda bilər", - deyə Bayden hələ bir müddət əvvəl bildirmişdi. Anastasiadis isə "xarici ölkələrdən olan bəzi tərəfdaş"ların təkliflərini diqqətə çatdırıb. Onun sözlərinə görə, tərəfdaşlar təbii sərvətlərin Kipr türkləri ilə bölüşdürülməsi üçün tədbirlərin görülməsini məsləhət bilirlər.

Bütün bunlarla yanaşı, sözügedən məsələdə ABŞ iki od, daha dəqiqi, NATO-dan olan iki tərəfdaşı - Türkiyə və Yunanıstanın arasında qalıb. Kipr hökumətinin rəsmi nümayəndəsi Nikos Xristodulidis TASS agentliyinin sualını cavablandırarkən açıq şəkildə deyib ki, "Türkiyənin ABŞ üçün regiondakı strateji müttəfiq kimi, nə qədər vacib rola malik olduğu hər kəsə bəllidir". 

O, hazırda Ankaranın, sadəcə, "Suriya və İraqdakı vəziyyətdən istifadə etdiyini" söyləyib. "Bu, bizim bəzi dövlətlərlə münasibətlərimiz üçün hansısa mənada test olacaq", - deyə Xristodulidis qeyd edib.

Hadisələrin sonrakı gedişi isə testin nəticələrinin Kipr yunanlarını o qədər də qane etmədiyini göstərib. Məsələn, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Cen Psaki bildirib ki, Vaşinqton Kiprin özünə aid iqtisadi zonada enerji resursları hasilatı haqqını tanıyır. Bununla yanaşı, o, "adanın bütün resursları kimi, neft-qaz ehtiyatlarının ümumi nizamlama çərçivəsində hər iki icma arasında ədalətlə bölüşdürülməli olduğunu" əlavə edib: "...Və biz şübhəsiz ki, adanın ikizonalı, ikiicmalı federasiya şəklində birləşdirilməsi istiqamətində BMT-nin himayəsi ilə həyata keçirilən səyləri dəstəkləməkdə davam edirik".

Kiprin xarici işlər naziri İoannis Kasulidis ABŞ və digər ölkələrin Türkiyənin əməllərinə reaksiyalarını "etinasızlıq" adlandırıb. Onun sözlərinə görə, Nikosiya strateji tərəfdaşı olan Vaşinqtondan tamamilə fərqli mövqe gözləyirmiş: "Strateji tərəfdaş" termini Vaşinqton tərəfindən beynəlxalq terrorçuluqla mübarizədə əməkdaşlıq çərçivəsində seçilib. Amma bu, ittifaq deyil və biz heç zaman ABŞ-ı özümüzə müttəfiq seçməmişik".

Kiprin müxalifətçi AKEL partiyası narazılığını daha açıq ifadə edib. O, hökuməti Rusiya ilə münasibətləri sərinləşdirməkdə günahlandırıb. Partiyanın mətbuat katibi Yorqos Lukaidis bildirib ki, "Kiprin strateji tərəfdaşları"nın "türklərin təxribatları"na reaksiyası son dərəcə "təmkinli" olduğu halda, Rusiya Ankaranın əməllərini faktiki olaraq, pisləyib.

Həqiqətən də, Kiprin addımları və alternativ enerji xabının yaradılması heç bir halda Rusiyaya sərf etməsə də, Moskva yaranmış vəziyyətdə Türkiyəni yox, məhz Kipr Respublikasını dəstəkləyir. 

Bu yaxınlarda Milanda keçirilən "Asiya-Avropa" sammiti zamanı Kipr və Rusiya prezidentləri Nikosa Anastasiadis ilə Vladimir Putin arasında görüş olub. Xristodulidisin sözlərinə görə, "Putin Rusiyanın istər Kipr probleminin həlli, istərsə də öz iqtisadi zonası çərçivəsində təbii resurslarının hasilatı hüququ ilə bağlı prinsipial mövqeyini dilə gətirib. Putin Kiprin suverenliyinin istənilən formada pozulmasının qəbuledilməz olduğunu deyib".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində bildirib ki, "Kipr probleminin həllində birtərəfli fəaliyyət və güc tətbiqi yolverilməzdir və bu, Kiprdə, həmçinin Şərqi Aralıq dənizi regionunda vəziyyəti ?ox ağırlaşdıracaq".

Maraqlıdır, Rusiya bu bölgədə Nikosiya ilə ilkin razılaşmaya əsasən, hərbi təlimlər keçirəcək. İtaliyanın "Il Sole 24 Ore" nəşri güman edir ki, Kreml regionda nüfuzunu bərpa etmək istəyir və bu məqsədlə Türkiyə qarşısında Kiprin mövqeyinin dəstəklənməsinə maraq göstərir.

"Çoxsaylı zəngin ruslardan ibarət icmanın yaşadığı adada Moskvanın geniş maddi və iqtisadi maraqları var", - deyə yazıda bildirilir.

Beləliklə, belə çıxır ki, strateji mənada Rusiya öz ziyanına hərəkət edir. Geosiyasi vəziyyət isə hazırda sürətlə dəyişir və ola bilsin, Moskva Aİ üzvü olsa da, anti-Rusiya sanksiyalarından o qədər də məmnun qalmayan Kiprə dəstək vermək qərarına gəlib. 

Bundan başqa, Krım hadisələrindən sonrakı Moskva bu yolla beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirməyə çalışır, eyni zamanda, pravoslav həmrəyliyi göstərir. Putinin bu yaxınlarda Serbiyaya etdiyi səfər bu mənada nümunəvi sayıla bilər.

Bəs Kipr türkləri ilə Kipr yunanları birgə faydaları üçün ziddiyyətləri aşa biləcəklərmi? Ən azı, indiki mərhələdə bunun mümkün olacağını göstərən əlamətlər yoxdur. Amma münaqişənin birbaşa hərbi qarşıdurmayadək gedib-çıxacağını gözləməyə dəyməz. 

Birincisi, söhbət NATO üzvü olan ölkələrdən gedir; ikincisi, Yunanıstanın hazırda bunun üçün iqtisadi gücü yoxdur, Türkiyənin isə başı kürd və "İslam dövləti" ilə bağlı problemlərə qarışıb. Hazırda Kipr sahillərində yaşananlar, Nikos Xristodulidisin sözləri ilə desək, dünyanın aparıcı oyunçularının motivləri və niyyətlərinin "test" edilməsi baxımından böyük maraq doğurur.



MƏSLƏHƏT GÖR:

608