18 May 2024

Şənbə, 16:41

"UKRAYNA SSENARİSİ"ndən QAÇIŞ

Moldovada keçirilən parlament seçkisi ölkənin əvvəlkitək təhlükəli yolayrıcında olduğunu təsdiqlədi

Müəllif:

09.12.2014

Moldovada noyabrın 30-da keçirilən parlament seçkisinin əsas intriqası iki siyasi qüvvə arasındakı mübarizədə idi. Söhbət hakim avroparəpəst alyansdan ("Avropaya inteqrasiya uğrunda alyans") və müxalifətçi, rusiyapərəst sayılan solçulardan gedir. Lakin 20,51% səs toplayaraq önə çıxan sosialistlər (İqor Dodonun başçılıq etdiyi Moldova Respublikası Sosialistlər Partiyası) əldə etdiyi 25 deputat yeri ilə hər kəsi təəccübləndirib. Çünki Vox Populi və Sosioloji Araşdırmalar Mərkəzinin həyata keçirdikləri sorğular onların uzağı 3-cü yeri tutacağını, hətta ümumiyyətlə, 6 faizlik baryeri aşa bilməyəcəklərini göstərirdi.

İkinci yeri Moldova Liberal-Demokrat Partiyası (MLDB) tutub. Vlad Filatın rəhbərlik etdiyi partiya 20,16% səslə parlamentdə 23 yerə sahib çıxıb. Vladimir Voroninin Kommunist Partiyası 17,48%-lik səs və 21 mandatla üçüncü olub. Sonrakı yerlər Marian Lupunun Moldova Demokratik Partiyasına (15,80%, 19 yer) və Mixay Qimpunun Liberal Partiyasına (9,67%, 13 yer) qismət olub. Maraqlıdır ki, hazırkı 41 deputat yeni parlamentdə təkrarən yer alacaq.

Seçici fəallığı 55%-dən çox olub (bu, minimum 33,3% olmalıdır). 2010-cu ildə keçirilmiş seçkidə seçici fəallığı 65%-dən çox olmuşdu. Bu dəfə fəallığın aşağı olması bəlkə də seçicilərin onlayn qeydiyyatı ilə bağlıdır. Məsələn, mətbuat Moldovanın heç də bütün seçicilərinin səsverməyə qatıla bilmədiklərini yazır. Söhbət, ilk növbədə, Rusiyada yaşayan moldovalılardan gedir. Rəsmi məlumata görə, Rusiyada 700 mindən artıq moldovan yaşayır. Lakin seçki üçün bu ölkəyə cəmi 15 min bülleten göndərilib.

Seçkidən sonra Moldovada siyasi vəziyyətin əhəmiyyətli şəkildə dəyişildiyini söyləmək olmaz. Partiyaların yığdıqları səslər arasında fərq o qədər də çox deyil. Bundan başqa, ilk baxışdan, "Avropapərəst" və "Avrasiya" partiyalarının mövqeləri aydın şəkildə müşahidə olunsa da, əksər siyasi qüvvələrin siyasi seçimini dəqiq müəyyənləşdirmək asan deyil.

Sosialistlər səsvermənin qalibi olsalar da, bu, heç nə demək deyil. Çünki onlar, hətta kommunistlərlə birlikdə belə, səslərin yarısına sahib çıxa bilməyiblər. Bu iki partiyanın birləşməyə hazır olduqları isə əvvəldən şübhəli görünürdü. Çünki sosialistlər vaxtilə elə Kommunist Partiyasından ayrılanlardır. Nəticədə, indi bu iki siyasi partiya rəqibə çevrilib. 

Moldova mətbuatı ölkədə siyasi böhranın aradan qaldırılmasının və 2012-ci ilin martında Nikolay Timoftinin prezident seçilməsinin məhz sosialistlərin sayəsində mümkün olduğunu xatırladır. Lakin kommunistlər növbədənkənar seçki istəyirdilər. Kommunistlərin lideri Vladimir Voronin sosialistlərlə koalisiyanın mümkünlüyünü birmənalı şəkildə rədd edir. Daxili qarşıdurmalar, xarici siyasi xətt (kommunistlərin lideri ruh baxımından avrasiyalı olsa da, 2003-cü ildə ölkəsində Avropaya inteqrasiya proseslərinin məhz onun sayəsində başlandığını xatırlatmağı sevir), partiyanın kommunist ideallarından kifayət qədər uzaq olan həyatı solçuların xeyli səs itirməsinə səbəb olub. Onların 2001-ci ildə topladıqları səsləri nəzərə aldıqda, bu, aydın şəkildə görünür. Bu gün Moldovanın mötədil kommunistlərinin fonunda sosialistlərin tələbləri kifayət qədər sərt görünür - onlar Moldovanın Gömrük İttifaqına qoşulması, Avropa İttifaqı ilə assosiativ üzvlüyə dair sazişin ləğvi məsələlərinin referenduma çıxarılması təşəbbüsü ilə çıxış etmək niyyətindədirlər. "Sosialist Partiyasının mövqeyi dəqiq və aydındır. Biz avropapərəst partiyalarla koalisiyaya getməyəcəyik", - deyə İqor Dodon bildirib. Sosialistlər pensiyaların 20% artırılmasını vacib sayır, Rusiya qazının qiymətinin ucuzlaşması ilə bağlı razılıq əldə etmək iqtidarında olduqlarına işarə edirlər. Onlar kənd təsərrüfatı sahəsindəki problemlərin qısa müddətdə həll olunmasını prioritet sayırlar.

Bu ilin yayında Kişinyovun Aİ ilə assosiativ üzvlük və azad ticarətə dair müqavilə imzalamasından sonra, Rusiya bazarlarını yerli fermerlerin üzünə qapayıb. Bu, əlbəttə ki, onlara mənfi təsirini göstərməkdədir.

Kommunistlərlə sosialistlərin daha bir "uğursuz müttəfiqi" "Patriya" ("Vətən") partiyasıdır. Bu partiya seçkiyə bir neçə gün qalmış Apelyasiya Palatasının qərarı ilə seçki yarışından kənarlaşdırılıb. Səbəb partiyanın maliyyələşmə məsələsində qaydaları pozması göstərilir. Bununla yanaşı, partiyanın lideri, moldovanəsilli rusiyalı biznesmen Renato Usatı tərəfdarlarını sosialistlərə deyil, yenə də öz partiyalarına səs verməyə çağırıb. Bu, səslərin parçalanmasına səbəb olmuş daha bir amildir. Hər halda, "Vətən" seçkidə 10-12% (bəzi məlumatlara görə, hətta 20%) səs yığacağını düşünürdü və bu halda yeni parlamentdə kommunistlər və sosialistlərlə kampaniya təşkil edə bilərdi.

Amma bu, baş vermədi. Yeni parlamentdə yer alacaq avropapərəst partiyaların rəhbərləri Vlad Filat, Marian Lupu və Mixay Qimpu isə artıq hakim koalisiyanı formalaşdırmaq haqqında razılığa gəliblər. Əlbəttə ki, Moldovanın avropapərəst partiyaları daha sıx birləşiblər. Lakin seçkinin nəticəsi onların əhalinin simpatiyasını itirdiklərini təsdiqləyib. Bunun əsas səbəbi həmin siyasi qüvvələrin hakimiyyəti dönəmində bir neçə səs-küylü korrupsiya qalmaqallarının baş verməsidir. Məsələn, Moldovanın AVA. MD analitik-informasiya portalı ölkədə hakimiyyətin oliqarxlardan və iri kapitallardan ciddi şəkildə asılı olduğunu, məhz onların ictimaiyyətə öz oyun qaydalarını diktə etdiyini yazır. Ölkənin xarici siyasi kursuna fərqli yanaşma da ortadadır. Liberal-demokratlar 2020-ci ilədək Aİ və NATO-ya üzvlüyü vacib sayırsa, liberallar bu məqsədə təcili nail olunmasını lazım bilir. Demokratlar isə Rusiya ilə əlaqələrin kəsilməsini yolverilməz hesab edirlər. Bundan başqa, demokratlar artıq Kişinyovun NATO-ya üzvlüyü ideyasını dəstəkləməyəcəklərini bəyan ediblər. Lupunun sözlərinə görə, onun partiyasının əsas məqsədi Moldovanın suverenliyinin möhkəmləndirilməsi, daxili birliyin gücləndirilməsidir.

Beləliklə, Moldovanın Avropaya inteqrasiya kursunun davam edəcəyi aydındır. Amma bu, nə qədər sərt və sürətli olacaq? Brüssel Kişinyova yardım əlini uzatmağa nə dərəcədə hazır olacaq? Yeri gəlmişkən, Almaniyanın nüfuzlu "Deutsche Welle" nəşri Brüsseli məhz buna çağırır. Liberalların və demokratların rəqiblərisə onların Moldovanın Rumıniyaya birləşdirilməsi cəhdlərinin bərpa edəcəklərini gözləyirlər. Bu siyasi qüvvələrin rəqibləri hesab edirlər ki, avropapərəstlər Moldovanın bloklara qoşulmama statusunu da ləğv etməyə çalışacaqlar. Bəs Moldova NATO-ya üzv olmağa qərar verərsə, Kişinyova çoxsaylı təzyiq rçaqlarına malik Rusiyanın məsələyə reaksiyası necə olacaq? Birincisi, Moldova qaz və elektrik enerjisi təchizatında Rusiyadan tam asılı vəziyyətdədir. İkincisi, Moskva Rusiyadakı moldovalı qastarbayterlərin sıxışdırılacağı ilə bağlı hədələr səsləndirir. Müxtəlif məlumatlara görə, Rusiyada onların sayı yarım milyona çatır. Üçüncüsü, tanınmamış Dnestryanı Respublikanı və rusiyapərəst Qaquziyanı yaddan çıxarmaq olmaz. Amma siyasi baxımdan Rusiya Moldovada sosialistlərdən başqa, kiməsə arxalana bilməz (hətta bu da sual altındadır). Hər halda, kommunistlər Moldovada hakimiyyətdə olduqları kifayət qədər uzun müddətdə Kremllə xüsusi yaxınlaşma cəhdləri etməyiblər.

Daha bir problem ondan ibarətdir ki, Moldovada istənilən siyasi qüvvə bütün tərəflərlə dil tapmağa çalışmalıdır. Çünki ölkə kifayət qədər parçalanmış haldadır: Moldovada vahid Avropa ailəsinin üzvü olmaq istəyən, Rumıniya pasportu daşıyan, tez-tez işləmək və dincəlmək üçün Aİ-yə yollanan və Moldovadakı ailələrinə kömək etmək üçün demək olar ki, daimi əsaslarla Rusiyada çalışan vətəndaşlar var. Bütün bunlarla yanaşı, hazırda nə Moskva, nə də Brüssel Kişinyova hansısa ciddi yardım təklif etmək iqtidarındadır. Rumıniyada siyasi və iqtisadi böhran yaşanır, Avropanın başı daha çox Ukraynaya qarışıb və o, yaxın zamanlarda genişlənməyi düşünmür. Brüssel üçün daha sərfəli olanı Kişinyova təsir imkanlarını əlində saxlamaq, lakin Avropanın ən yoxsul ölkəsinin sosial və iştisadi problemlərinə görə məsuliyyəti üzərinə götürməməkdir. Rusiyada isə Ukrayna böhranı ilə əlaqədar Qərbdən gələn sanksiyalar nəticəsində neftin də qiymətinin düşməsilə ağırlaşan durum getdikcə daha da pisləşir.

Moldovada artıq gələn il yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Sosioloqların hələ seçimini müəyyənləşdirməmiş hesab etdikləri 30-35% seçici bəlkə də həmin seçkidə mövqeyini ortaya qoyacaq. Hazırda Kişinyov üçün ən vacibi, Ukrayna ssenarisindən qaçmaqdır. Ölkədə bu ssenarinin təkrarlanması üçün isə bütün şərtlər var...



MƏSLƏHƏT GÖR:

430