4 May 2024

Şənbə, 22:11

ERMƏNİSAYAĞI "MİNNƏTDARLIQ"

İrəvan bütün problemlərinə görə məsuliyyəti Rusiyanın üzərinə qoymağa meyillidir

Müəllif:

09.12.2014

İrəvan Avrasiya İttifaqına üzvlüklə bağlı "yol xəritəsi"ni başa vurmaq üzrədir. Ölkə parlamenti Ermənistanın Avrasiya İttifaqına qoşulması haqda müqaviləni 103 səs lehinə, 7 əleyhinə və 1 bitərəf olmaqla, ratifikasiya edib. 

Ekspertlər deputatların sənədi dəstəkləyəcəklərinə şübhə etmirdilər. Hələ səsvermədən əvvəl məlum idi ki, bu razılaşmanı, hətta erməni müxalifətinin bir hissəsi dəstəkləməyə hazırdır. Məsələn, "Orinas yerkir" fraksiyasının rəhbəri Egine Bişaryan İrəvanın Aİİ-yə qoşulmasının ölkəyə iqtisadi fayda gətirəcəyini, təhlükəsizlik sahəsində problemləri çözəcəyini bildirirdi.

Erməni Milli Konqresi (EMK) fraksiyası adından isə onun rəhbəri Levon Zurabyan bu sənədi dəstəkləyəcəklərini bildirmişdi. Zurabyanın sözlərinə görə, onun təmsil etdiyi EMK hakimiyyətdə olsaydı, Qərblə Rusiya arasında ikili oyun oynanmazdı, 3 il Avropa İttifaqı ilə danışıqlar aparıb, sonra qəfildən danışıqlardan çıxaraq, Aİ-nin hörmətini və Rusiyanın etimadını itirməzdi. Və əlbəttə ki, danışıqların mahiyyətini xalqdan gizlətməzdi. İndiki şəraitdə isə Zurabyan bir tərəfdən, Rusiya ilə vahid təhlükəsizlik sistemində yer almağın, digər yandan, iqtisadi baxımdan Avropaya inteqrasiyanın yolverilməzliyini düşünür. Nəhayət, Zurabyanın fikrincə, Ermənistan Aİİ-yə üzv olacağı təqdirdə, müstəqilliyini itirəcəyinə dair bütün deyilənlər emosionallıqdan başqa bir şey deyil. Fraksiya rəhbəri çıxışını belə bitirib: "Amma onu da bilirik ki, Aİİ-yə üzvlük bizə risklər və təhlükələr gətirəcək. Bu, ittifaqın gələcəyinin qeyri-müəyyənliyi, Rusiyaya tətbiq edilən sanksiyalarla bağlıdır. Ən ciddi təhlükə isə Ermənistanda hakimiyyətin qeyri-legitimliyi ilə bağlıdır. İndiki hakimiyyət Aİİ-də Ermənistan xalqının maraqlarını təmsil edə bilməz". 

İrəvanın Aİİ-yə qoşulmasına yalnız "İrs" fraksiyası birmənalı etirazı edib.

Əslində, bu vəziyyət hələ müxalifətin mitinqləri zamanı ortaya çıxmışdı. Mitinq müxalifət liderlərinin səs-küylü bəyanatları, ultimatumları və s. baxmayaraq, nəticəsiz bitmişdi.

Bütün bunlarla yanaşı, bu gün Ermənistan ictimaiyyətində anti-Rusiya əhvalı açıq-aydın hiss olunmaqdadır. Üstəlik, ölkənin siyasi və iqtisadi həyatında bir sıra trendlər müşahidə olunur, hansı ki, bu, əhalini daha da qızışdıracaq.

İlk növbədə, Ermənistanın Aİİ-yə qoşulmasını dəstəkləyən müxalifət fraksiyalarının özlərində bu məsələ ilə bağlı birlik yoxdur. Məsələn, Levon Zurabyan EMK-nin İrəvanın Aİİ-yə qoşulmasını dəstəklədiyini deyirsə, eyni fraksiyanı təmsil edən Ermənistanın sabiq baş naziri Qrant Baqratyan parlament diskussiyaları zamanı deyib: "Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşulmaqla suverenliyinin, ən azı, üçdəbirini itirəcək. Bundan sonra bizim müstəqil xarici siyasətimiz olmayacaq. Onu başqa ölkə idarə edəcək". Daha sonra istənilən birliyin məqsədinin mübadilə olduğuna dair həqiqəti xatırladan deputat deyib: "Zəhmət olmasa, deyin, nəyi mübadilə etməyə hazırlaşırıq? Deyirsiniz, inkişaf olacaq. Amma axı bu, belə deyil".

Baqratyanın proqnozu diqqətəlayiqdir. İrəvanda əmindirlər ki, Rusiya İrəvanı göstərdiyi loyallığa görə mükafatlandırmağa, sadəcə, borcludur. Nəzəri baxımdan, əlbəttə ki, inteqrasiya mexanizmlərinə qoşulmanın Ermənistan iqtisadiyyatını canlandırmalı olduğunu düşünmək olar. Ermənistan KİV-in ötəri təhlili belə göstərir ki, Avrasiyaya inteqrasiyanın başlanması ilə ölkədə ciddi iqtisadi inkişaf gözlənilir. Lakin realist olmaq lazımdır - Ermənistanda belə sürətli inkişafın olacağını göstərən əlamətlər yoxdur. Birincisi, iqtisadiyyatda istənilən "sıçrayış" üçün daxili iqtisadi potensial lazımdır. Ermənistanda isə bu, yoxdur. İkincisi, Serj Sarqsyanın hələ Gömrük İttifaqına üzvlüklə bağlı bəyanatındakı fikir hələ də aktualdır: Ermənistan "sıxışdırıldığı" üçün Avropa və Avrasiyanın inteqrasiya layihələrində tam şəkildə iştirak etmək iqtidarında deyil. Rusiyadan gözlənilən iqtisadi "hədiyyələr"ə gəlincə, orada haqlı olaraq düşünürlər ki, Ermənistanın neft və qaza, həmçinin taraşsız almaza görə rüsumların ləğvindən əldə edəcəyi milyardlarla dollar Aİİ-yə üzvlüyə görə kifayət qədər ciddi bonusdur. Amma Qərbin sanksiyaları və rublun dəyərini sürətlə itirməsi Moskvanın müttəfiqlərinə səxavət göstərmək halında olmadığını nümayiş etdirir.

Beləliklə, əksər ekspertlərin fikrincə, Ermənistanın sabiq baş naziri parlament dinləmələri zamanı kifayət qədər ağrılı məqama toxunub. Hazırda Ermənistan iqtisadiyyatı dərin tənəzzül yaşayır. Bu tənəzzülün səbəbləri heç kimə sirr deyil. Səbəb İrəvanın təcavüzkar siyasətidir. Bu, onun miqyaslı və gəlirli regional layihələrdən kənarda qalması ilə nəticələnib. Lakin ermənilər üzləşdikləri iqtisadi problemlərini əsl səbəblərini "görməməyə" çalışırlar. Onlar belə səbəblər kimi, ilk plana daha tez həzm olunan məqamları çıxarırlar - hakimiyyətin iqtisadi sahədəki yanlışlıqlarından tutmuş, inhisarçılara, korrupsiyaya və s.-dək.

Ermənistanın Aİİ-yə üzvlüyü bu vəziyyətin kökündən dəyişməsi ilə nəticələnə bilər. Əgər hələ dünən Ermənistandakı iqtisadi qarışıqlığa görə məsuliyyət İrəvandakı fiqurların üzərinə qoyulurdusa, indi dramın ucuzlaşmasından tutmuş, işsizliyin və miqrasiyanın artımınadək hər şeyə Moskva cavabdeh olacaq. Artıq qışın ilk günlərində Ermənistanda dramın məzənnəsinin düşməsinə görə məsuliyyət Rusiyanın üzərinə qoyulub: cəmi 1 həftə ərzində 1 dolların milli valyuta ilə qiyməti 400 dramdan 450 drama yüksəlib.

Amma Rusiya üçün ən təhlükəlisi bu deyil. İrəvanın əl atdığı "vertolyot təxribatı" daha böyük risklər yaradır. Ermənilər Azərbaycanın hava məkanında vurulmuş erməni vertolyotunun Rusiya istehsalı olan "İqla" zenit-raket kompleksi ilə vurulduğuna diqqət çəkirlər.

Rusiyanın Azərbaycana silah-sursat satması çoxdandır ki, İrəvanın kəskin reaksiyası ilə qarşılanır. Bununla yanaşı, Ermənistanın özü KTMT-nin üzvü kimi, Rusiyadan silah alışında ciddi imtiyazlara malikdir. "Silah biznesi" ilə bağlı Rusiyaya Ermənistanın yalnız qərbpərəst müxalifətçiləri yox, şəxsən prezident Serj Sarqsyan da öz etirazını bildirib. İrəvanda bu gün də həmin əhval hiss olunur. Bundan başqa, orada Rusiyaya qarşı terror aktlarının törədilməsinə açıq çağırışlar eşidilib. 2010-cu ilin avqustunda İqor Muradyan "Lraqir" qəzetində Rusiyanın Azərbaycana "S-300" zenit-raket kompleksləri satmaq planını (1 il sonra onlar Bakının Azadlıq meydanında Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə bağlı keçirilən paradda nümayiş etdirildi) şərh edərkən yazırdı: "Rusiya siyasətbazlarının erməni "vəkil"lərinin bütün mümkün arqumentlərinə rəğmən, Azərbaycana "S-300" ZRK-lərin satışı, şübhəsiz, onu gücləndirəcək, regionda bu ölkənin əhəmiyyətini artıracaq... 

Beləliklə, aydın olur ki, Ermənistanın müdafiəsi və təhlükəsizliyi hakimiyyətin yox, erməni xalqının işi və vəzifəsdir. Vətənin təhlükəsizlikdə olması üçün bəziləri həyatını qurban verməlidirlər. "S-300" ZRK ya istehsal olunduğu müəssisədə, ya daşınan zaman, ya da Azərbaycan ərazisində məhv edilməlidir. Bu işlə çoxdan, ən azı, 4 il əvvəldən məşğul olmaq lazım idi. Çeçen müqavimətindən nəticə çıxarmaq olmazdımı?.. Gələcəkdə nə baş verəcəyindən asılı olmayaraq, Rusiya bu alçaq əməlinə görə cavabını almasa, Ermənistanın özünü dövlət adlandırmağa haqqı çatmayacaq".

Nəhayət, Moskva üçün "Ermənistan müstəvisi"ndə Türkiyə ilə münasibətlərin inkişafı xeyli əlavə risk yarada bilər. Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfərindən sonra isə artıq bu inkişafın başlandığını söyləmək mümkündür. Üstəlik, 1915-ci il hadisələrinin 100-cü ildönümünə az qalır və bununla əlaqədar olaraq, ermənilərin "itirilmiş Qərbi Ermənistan"la bağlı növbəti isteriyaya başlayacaqları şübhə doğurmur. 

Yeri gəlmişkən, ermənilər bu "itki"yə görə Türkiyə və Qars müqavilələri imzalamış Rusiyanı ittiham edir. Ola bilsin, bu trendlərin hər biri ayrı-ayrılıqda Moskva üçün ciddi problem deyil. Amma onların sinerqiyası çox ciddi nəticələrə yol aça bilər.


MƏSLƏHƏT GÖR:

637