6 May 2024

Bazar ertəsi, 10:09

RƏQİBDƏN TƏRƏFDAŞA

Üç əsrdə ilk dəfədir ki, Rusiya ilə Türkiyənin mövqeləri, az qala, müttəfiqlik səviyyəsinədək yaxınlaşıb

Müəllif:

09.12.2014

Rusiya Prezidenti Vladimir Putin dekabrın ilk günündə Türkiyəyə səfər etdi. Bu, statusca ən yüksək - dövlət səfəri idi. Həm də səfər kifayət qədər çətin beynəlxalq bir vəziyyətdə baş tuturdu. Belə ki, Ukraynadakı olaylar Rusiyanın ABŞ, Avropa İttifaqı və NATO ilə münasibətlərini kəskin şəkildə pisləşdirdiyi bir vaxtda. 

Öncə xatırladaq ki, Türkiyə NATO-nın ən nüfuzlu üzvlərindəndir. Bununla yanaşı, Türkiyə-Rusiya münasibətləri son illər ərzində xüsusilə iqtisadi sahədə inkişaf etməkdədir. Xarici siyasi məsələlərə gəlincə, onların əksəriyyəti ilə bağlı yanaşmaları eyniləşdirmək mümkün olmasa da, qarşıdurmadan yayınmaq mümkün olub. Bəzi hallarda bu böyük çətinliklə əldə edilib. Suriyadakı vətəndaş müharibəsinin gedişində Moskva-Dəməşq reysi ilə uçan təyyarənin ələ keçirilməsilə bağlı insidenti xatırlatmaq kifayətdir: o, göyərtəsindəki malların hərbi və ya ikili təyinatlı olub-olmadığının yoxlanılması üçün Türkiyədə yerə endirilmişdi. Tərəflər vəziyyətin həlli və gərginliyin aradan qaldırılması üçün qarşılıqlı səylər göstərməli olmuşdular.

Qərbin aparıcı dövlətləri tərəfindən sanksiyalara məruz qalmış, müəyyən beynəlxalq təcrid vəziyyətinə düşmüş Moskva gözlənildiyi kimi, diplomatik səylərini BRHÇC (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) qrupu, həmçinin nəhəng regional fövqəldövlətlər istiqamətinə yönəldib. Onların arasında öz iqtisadiyyatı, ordusunun qüdrəti və xarici siyasi nüfuzuna görə, əlbəttə ki, Türkiyə də var.

Prezident Vladimir Putin səfər ərəfəsində "Anadolu" informasiya agentliyinə verdiyi müsahibəsində Türkiyənin anti-Rusiya sanksiyaları ilə bağlı siyasətini "düşünülmüş və uzaqgörən siyasət" kimi xarakterizə etmişdi: "Ankara nəinki bu sanksiyalara qoşulmayıb, əksinə, Rusiya ilə əməkdaşlığı gücləndirməyə hazırdır. Biz Rusiyanın müstəqil şəkildə qərarlar verməsini yüksək qiymətləndiririk. Bu, Rusiya ilə iqtisadi əməkdaşlıq sahəsindəki qərara da aiddir. Türk tərəfdaşlarımız kimlərinsə siyasi iddialarına görə öz maraqlarını qurban verməyiblər. Hesab edirəm ki, bu, əsl düşünülmüş, uzaqgörən siyasətdir".

Rusiya Türkiyənin xarici ticarət tərəfdaşları arasında ikinci yerdədir (ilk yerdə Almaniya gəlir). Türkiyə isə öz növbəsində, Rusiyanın xarici ticarət tərəfdaşları arasında 7-ci yeri tutur. 2013-cü ildə iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 32,7 milyard dollar təşkil edib. Hələlik onların arasında birbaşa investisiyaların həcmi o qədər də yüksək deyil: Türkiyədə Rusiyanın birbaşa investisiyaları 1,7 milyard, Rusiyadakı türk investisiyası isə 1 milyard dollar təşkil edir. Hər il, təxminən, 4 milyon rus turizm məqsədilə Türkiyəyə üz tutur.

Rusiya-Türkiyə əməkdaşlığına müsbət təsir göstərən məqamlar arasında iki ölkə lideri arasında qarşılıqlı hörmətə və etibara əsaslanan münasibət də var. Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan 10 ildən artıqdır ki, ölkələrində hakimiyyət başındadırlar. Bu müddətdə onlar iqtisadi inkişafda, ölkələrinin geosiyasi mövqelərərinin güclənməsində ciddi uğurlar əldə ediblər. Bu liderlərin hər ikisi Qərb tərəfindən avtoritarizmdə ittiham olunsalar da, onlar bu ittihamları qeyri-obyektiv sayırlar. Hesab edirlər ki, bu tənqidlər Rusiya və Türkiyənin beynəlxalq siyasətdə müstəqil və nüfuzlu oyunçular olması ilə barışmaq istəməyən qüvvələrin qeyri-obyektiv yanaşmasıdır.

Vladimir Putini Türkiyə səfərində onlarca nazir müşayiət edib. Səfərin dövlət səfəri statusu daşıması protokol tədbirlərini qaçılmaz etmişdi. Lakin əsas diqqətlər Yüksək Səviyyədə Əməkdaşlıq Şurasının 5-ci iclasına yönəlmişdi. Bu qurum Rusiya ilə Türkiyə arasında koordinasiya və strateji tərəfdaşlığın dərinləşdirilməsi məqsədilə yaradılıb. Putin səfər çərçivəsində türkiyəli həmkarı Ərdoğanla təkbətək görüş keçirib. Müşahidəçilərin sözlərinə görə, əvvəlcə bu görüşün 1 saat davam etməsi planlaşdırılsa da, o, 3 saatadək çəkib.

Vladimir Putinin Türkiyəyə səfəri çərçivəsində 8 sənəd imzalanıb. İmzalanmış sənədlər və bəyan olunan niyyətlər tərəflər arasında strateji tərəfdaşlığın dərinləşməsinə təkan verməlidir. Lakin bunu Ankaranın Avro-Atlantik məkandan imtinası kimi təqdim etmək doğru olmazdı. Türkiyənin bir çox regional və qlobal problemlərlə bağlı müstəqil mövqe nümayiş etdirməsi müttəfiqlik öhdəliklərinin müəyyənləşdirdiyi çərçivələri aşmır. Bu üzdən də Türkiyənin Aİİ-nin formalaşdırılmasına qoşulması az ehtimal olunandır və Putinin Ankaraya səfəri zamanı gündəmə gətirilməyib.

"Şanxay beşlik"inə gəlincə, Ankara bu formatda müşahidəçi kimi iştirak etməkdə maraqlı olduğunu indiyədək dilə gətirib. Türkiyə ilə Rusiya arasında strateji tərəfdaşlığın güclənməsi Moskvanın bu məsələdə Ankara üçün arzulanan mövqe nümayiş etdirməsinə yol aça bilər. Bu formatın Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi türkdilli iştirakçılarda da məsələyə müsbət yanaşma yarada biləcəyi şübhə doğurmur. Göründüyü kimi, bu prosesdə həlledici söz Çinə məxsusdur. Pekin isə hələ ki, "Şanxay beşlik"inin genişləndirilməsini məqsədəuyğun saymır, qurumun iclaslarına bu və ya digər maraqlı ölkənin 1 dəfə dəvət olunmasını yetərli hesab edir.

Türkiyə və Rusiyanın Suriya böhranı və Krım problemi ilə bağlı bir-birindən tam fərqlənən mövqeləri olduğu kimi qalır. Bununla yanaşı, onlar dialoqun, münaqişələrin həlli yollarının axtarışının davam etdirilməsinin faydalı olduğunu düşünürlər.

İkitərəfli münasibətlərin iqtisadi tərəfinə gəlincə, Rusiya və Türkiyə aralarındakı xarici iqtisadi əlaqələrin səviyyəsini 100 milyard dollaradək artırmaq niyyətlərini bəyan ediblər. Tərəflər miqyaslı birgə enerji layihələrinin reallaşdırılmasına hazırlıqların başlanıldığını açıqlayıblar. Belə layihələr arasında Türkiyədə ilk AES olacaq "Akkuyu"nun inşası, milli valyuta ilə qarşılıqlı hesablaşmaya keçid, kosmosun istifadəsində əməkdaşlığın qurulması da var. 

Bundan başqa, Rusiya 2015-ci ildə Türkiyənin Turksat-4V peykini orbitə buraxmağa hazırlaşır və s.

Dünya KİV-də ən böyük ajiotaj yaradan isə V.Putinin "Cənub axını" layihəsinin ləğvi ilə bağlı bəyanatı olub. Bunun əvəzində, Rusiya tərəfi Türkiyənin dövlət boru kəməri şirkəti olan BOTAŞ ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Sənədə əsasən, tərəflər illik ötürücülük qabiliyyəti 63 milyard kubmetr olacaq qaz xəttinin çəkilməsi imkanlarını öyrənməyə başlayacaqlar. Bu boru kəməri Qara dənizin dibi ilə Türkiyəyə çəkilməlidir. Bundan başqa, hazırda fəaliyyətdə olan "Mavi axın" boru xətti ilə qaz nəqlinin həcmi 16 milyard kubmetrdən 19 milyard kubmetrə artırılacaq. Gələn ildən isə Türkiyə üçün Rusiya qazının qiyməti 6% ucuzlaşdırılacaq. Gələcəkdə yaranacaq konyukturadan asılı olaraq, endirimin həcmi daha çox ola bilər. Millerin sözlərinə görə, Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan yeni boru xətti ilə Türkiyəyə nəql olunacaq 14 milyard kubmetr qaz yerli bazar üçün nəzərdə tutulur, yerdə qalan 50 milyard isə Avropa təyinatlı "qaz xabı"nın yaradılmasının nəzərdə tutulduğu Türkiyə-Yunanıstan sərhədinə daşınacaq.

Bəzi azərbaycanlı və əcnəbi icmalçılar "Qazprom" ilə BOTAŞ-ın yeni planının TANAP və TAP layihələri üçün ciddi rəqibə çevriləcəyini düşünürlər. Xatırladaq ki, sonuncu layihələr Türkiyə ilə Azərbaycan tərəfindən birgə həyata keçirilir və məqsəd "Şahdəniz-2" yatağından "mavi yanacaq"ın Türkiyə və Avropa bazarlarına daşınmasıdır. Bu rəqabətdən qaçmaq və Rusiyanın Mərkəzi Avropadakı maraqları ilə toqquşmamaq üçün Azərbaycan, öz növbəsində, NABUCCO variantından imtina edib və cənub istiqamətini seçib. İndi vəziyyət Rusiyanın "Qazprom" şirkətini də eyni istiqamətə yönəlmək məcburiyyətində qoyub.

Etiraf etmək lazımdır ki, müəyyən narahatlıq üçün əsas həqiqətən də mövcuddur. Amma onu böyütmək lazım deyil. Birincisi, Rusiya hələlik, sadəcə, anlaşma memorandumuna imza atıbsa, Azərbaycan müqavilə-hüquq və maliyyə sahələrində bütün prosesləri keçib. Hətta artıq nəql edilməli olan qazın həcminin müqavilə ilə təsdiqlənməsi də baş tutub. İkincisi, hazırkı gərgin maliyyə şəraitində, sanksiyaların "havada uçduğu" bir vaxtda, "Qazprom"un bu yeni layihənin reallaşdırılmasına 20 milyard dollar, hətta bəlkə də, daha artıq məbləğ ayırması asan olmayacaq. Üstəlik, şirkət bu yaxınlarda Çin ilə Sibirdəki yeni yataqlardan bu ölkəyə qaz nəqli ilə bağlı nəhəng bir müqavilə imzalayıb. Bu yataqların işlənməsi və boru xəttinin çəkilməsi üçün 50 milyard dollardan artıq vəsaitə ehtiyac var. Üçüncüsü, düşünülməmiş rəqabət nəticəsində xammalın ucuzlaşmasında nə Azərbaycan, nə də Rusiya maraqlıdır. Odur ki, onlar qaz nəqlinin başlanmasınadək hər iki tərəfi qane edəcək davranış formasını razılaşdıra bilərlər. Hər halda, hər iki tədarükçü artıq bu gün Türkiyədə mövcuddur və üçüncü ölkə bazarında tərəfdaşlıq etməyə hazır olduqlarını dəfələrlə dilə gətiriblər. Yeri gəlmişkən, bu tərəfdaşlıq tərəflərə üçüncü enerji paketinin tətbiq etdiyi məhdudiyyət problemini həll etmək imkanı verərdi - bu məhdudiyyət Avropa İttifaqı bazarına qaz nəqli və tranzitinin bir əldə cəmləşməsini qadağan edir.

Rusiya, Türkiyə və Azərbaycan arasındakı üçtərəfli əməkdaşlıq nəinki sinergetik effekt verə bilər, həm də çətin geosiyasi problemlərin həllinə yardım edər. Söhbət, ilk növbədə, Cənubi Qafqazdakı böhranlardan, məsələn, Dağlıq Qarabağ münaqişəsindən gedir. Maraqlıdır ki, Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşündən bir qədər əvvəl azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. 

Məlum olduğu kimi, "Böyük iyirmilik"ə sədrlik Türkiyəyə keçib və gələn il qurumun sammiti Antalyada olacaq. İlham Əliyevi bu toplantıya dəvət edən Ərdoğan onu qarşıdakı günlərdə aparılacaq Rusiya-Türkiyə danışıqları haqda məlumatlandırıb.

Rəsmi olaraq Ərdoğan-Putin görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu açıqlanmasa da, münaqişə zonası ilə bilavasitə həmsərhəd olan, münaqişəyə cəlb olunmuş bu iki fövqəldövlətin danışıqlarında Qarabağ probleminə toxunulmaması mümkün görünmür. Rusiyalı analitiklər bildirirlər ki, Ermənistanın Moskva ilə birlikdə Avrasiya İttifaqına qoşulması onun Azərbaycanla münaqişə üzündən bağlanmış sərhədlərinin tezliklə açılmasını zəruri edir. Əks təqdirdə, Rusiyanın bu ölkəyə yönəldəcəyi bütün investisiyalar ya qapalı, ya da ən azı, qeyri-effektiv olacaq. Türkiyə Qafqazda sülh və sabitliyin olmasında maraqlıdır. Çünki onun regionda Rusiya və Azərbaycanla tərəfdaşlıq çərçivəsində öz maraqlarını reallaşdırması üçün bu, vacibdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişin olmaması Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurmanın bərpası riskini gündəmdə saxlayır. Rusiya ilə Türkiyə qarşısında qarşılıqlı müttəfiqlik öhdəliklərinin mövcudluğunu nəzərə alsaq, bu, Ankara və Moskvanı öz iradələrindən asılı olmayaraq, hərbi-siyasi qarşıdurmaya cəlb edə bilər. Odur ki, Moskva ilə Ankaranın razılaşdırılmış fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin dinamikasına müsbət təsir göstərə bilər.

Rusiya prezidentinin Türkiyədə səfərdə olduğu vaxtda Azərbaycanın dövlət başçısı İlham Əliyev Rusiyanın "Rossiya 24" telekanalına müsahibə verib. Müsahibəsində prezident Rusiya ilə Azərbaycan arasında strateji təərfdaşlığın hərtərəfli inkişaf etdirilməsi niyyətlərini bir daha təsdiqləyib. Odur ki, Bakı Rusiya-Türkiyə əməkdaşlığının dərinləşməsinə nəinki qısqanclıqla yanaşmır, əksinə, onu alqışlayır. Çünki Türkiyə ilə qardaş və müttəfiq, Rusiya ilə isə tərəfdaş olan Azərbaycan bu əməkdaşlıqdan yalnız qazanacaq.

Eyni sözləri Ermənistan haqqında söyləmək olmaz. İrəvan Rusiyanın əlaltısı olsa da, Türkiyə ilə ənənəvi düşmənçiliyi davam etdirir. Onlar arasında diplomatik münasibətlər yoxdur, Azərbaycan torpaqlarını işğal etməsi üzündən isə Türkiyə ilə sərhədləri bağlıdır. İrəvan Putinin Ankaraya səfəri, Rusiya-Türkiyə strateji tərəfdaşlığının dərinləşməsi ilə ötən əsrin əvvəllərindəki vəziyyət arasında narahatlıqla paralellər aparır. O zaman Leninlə Atatürk arasında əldə edilmiş razılaşma ermənilərin hədsiz və əsassız ərazi iddialarının qarşısını almışdı. İndi isə onlar tarixin təkrarlanacağından, BMT TŞ-nin məlum qətnamələrinin icrası ilə bağlı Moskva ilə Ankara arasında razılığın əldə olunacağından qorxurlar. 

Məlum olduğu kimi, həmin qətnamələrdə tərəflərdən sülh, Ermənistanın qoşunlarını Azərbaycanın işğal altındakı ərazilərindən çıxarması, qaçqınların doğma yurdlarına qaytarılması və kommunikasiyaların açılması tələb olunur. Bakı bu qətnamələrə tam şəkildə əməl etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Rusiya bu tələblərə qoşularsa, Ermənistanın onlara əməl etməkdən yayınması çox çətin olacaq.

Ermənistandan fərqli olaraq, Gürcüstan Türkiyə ilə yüksək səviyyəli münasibətlərə malikdir, lakin Rusiya ilə münaqişə şəraitindədir. Onların münasibətləri Moskvanın Abxaziya ilə hərbi razılaşma imzalamasından sonra daha da gərginləşib. Amma Türkiyə ilə Rusiyanın yaxınlaşması, ümumilikdə, regiondakı hərbi-siyasi atmosferə müsbət təsir göstərəcək, qarşılıqlı inamı, əməkdaşlığın potensialını, faydalarını artıracaq.

Bu mənada, Azərbaycan Ermənistandan və Gürcüstandan fərqlənir. Çünki onun nəinki Ankara və Moskva ilə yaxşı münasibətləri var, həm də əhəmiyyətli dərəcədə maliyyə resurslarına, mütəxəssislərə və biznesmenlərə malikdir. Onlar həm Türkiyədə, həm də Rusiyada özlərinə yol tapa bilirlər. Odur ki, biz Türkiyə ilə Rusiyada layihələrin reallaşdırılmasında, Rusiya ilə isə Türkiyədə layihələrin həyata keçirilməsində tərəfdaş ola bilərik.



MƏSLƏHƏT GÖR:

628