29 Aprel 2024

Bazar ertəsi, 19:40

İSRAİLİN STATUSU

Benyamin Netanyahu hökumətindəki böhran və Knessetə növbədənkənar seçkinin elan olunması nə ilə bağlıdır?

Müəllif:

16.12.2014

İsraildə ciddi daxili siyasi dəyişikliklər baş verməkdədir. Və bu, ölkədə partiyalararası qüvvələr nisbətinə ciddi təsir göstərə bilər. Gələn ilin martında ölkə parlamentinə növbədənkənar seçki keçiriləcək. Seçkinin nəticələri Fələstin-İsrail münaqişəsinə də təsirsiz ötüşməyəcək.

İsraildə növbədənkənar parlament seçkisi elan olunub. Bu qərarın qəbuluna səbəb baş nazir Binyamin Netanyahunun iki nazir - Yair Lapid (maliyyə naziri və "Eş Atid" partiyasının lideri) və Sipi Livni (ədliyyə naziri, "Xa-tnua" partiyasının rəhbəri) ilə münaqişə yaşaması olub. Onlar Netanyahu tərəfindən nə az, nə çox - baş nazirə qarşı birləşməkdə, hökumətin normal işinə mane olmaqda günahlandırılırlar. Bununla əlaqədar, xalqa müraciət edən Netanyahu deyib: "Təcili olaraq növbədənkənar seçki keçirilməli, vahid, güclü hökumət formalaşdırılmalıdır".

Daha sonra məsələyə Knesset müdaxilə edib. Deputatlar parlamentin buraxılması haqda qərar qəbul edib və bununla da, Binyamin Netanyahunun sayca üçüncü kabinetinin fəaliyyəti sona çatıb (əvvəllər o, 1996-1999 və 2009-2013-cü illərdə baş nazir olub).

Knessetin qəbul etdiyi qərara əsasən, növbədənkənar seçki 2015-ci il martın 17-də keçirilməlidir. Bu, hazırkı parlamentin fəaliyyət müddətinin bitməli olduğu tarixdən, təxminən, 2 il tezdir. Beləliklə, ölkədə, təxminən, 2 il əvvəl sağçı qüvvələrlə mərkəzçilər tərəfindən yaradılmış koalisiya dağılıb.

Sən demə, "qılınc və kotan" ittifaqı zəif imiş. Ekspertlər növbədənkənar seçkidən sonra Netanyahunun "Likud" partiyasının nüfuzunun artacağını proqnozlaşdırır. Əslində, sağçıların liderinin çalışdığı elə Knessetdə üzvlərinin sayını artırmaqdır. Bu, Netanyahuya kabinetə tam nəzarəti ələ almaq imkanı verəcək.

"Likud" liderinin əsas rəqibi isə Yair Lapid sayılır. O, baş nazir postunu tutmaqda israrlı olsa da, aparılan sosioloji sorğular Lapidin "Eş Atid" partiyasının seçkidə ciddi uğur qazanmayacağını göstərir (sorğular onun yeni Knessetdə 11 deputatla təmsil olunacağını göstərir, halbuki artıq buraxılmış parlamentdə onların sayı 19 idi). Bununla yanaşı, seçkiyə hələ 3 ay var və Lapidin bu müddət ərzində tərəfdarlarının sayını artıracağını istisna etmək olmaz (indiki şəraitdə bu, çətin görünsə belə).

Bəs, Netanyahu ilə mərkəzçi qüvvələri təmsil edən keçmiş həmkarları arasında fikir ayrılıqlarına səbəb nə olub? Sən demə, tərəflərin fikirləri İsrailin yəhudi xalqının milli dövləti elan olunması məsələsində haçalanıb. Baş nazir maliyyə nazirilə danışıqları iflasa uğradıqdan dərhal sonra növbədənkənar seçkiyə getmək qərarı verib. İsrail mətbuatının yazdığına görə, Lapidə qarşı ultimatum kimi də qiymətləndirilə biləcək tələblər irəli sürülüb. Mövcud koalisiya yalnız onun həmin tələbləri qəbul edəcəyi təqdirdə, fəaliyyətini davam etdirə bilərdi. Tələblər isə bunlar idi: yəhudi dövlətilə bağlı qanunun dəstəklənməsi, hökumət rəhbərliyinə qarşı tənqidlərə son qoyulması, gənc ailələrin ilk mənzili aldıqları zamanı sıfır ƏDV layihəsinin dondurulması, Müdafiə Nazirliyinə 6 milyard şekelin köçürülməsi, İsrail ordusunun bazasının Neqevdə dislokasiya olunmasına vəsaitin ayrılması. Lapid bu tələbləri yerinə yetirməkdən imtina edib və nəticədə, Netanyahu mərkəzçilərlə əlaqələri pozmaq qərarına gəlib.

Bununla yanaşı, bir şey də aydındır ki, "Likud"la onun mərkəzçi düşərgədən olan opponentləri arasında İsrailin statusu ilə bağlı məsələyə yanaşmadakı fərq yalnız ölkədaxili məsələ kimi önəm daşımır. Onun Fələstin-İsrail münaqişəsinin həlli prosesinə birbaşa aidiyyəti var. Netanyahu hökuməti qanun layihəsini 15 səs lehinə, 7 səs əleyhinə (yəni, Lapid və digər nazirlərin iradəsinin ziddinə olaraq) təsdiqləyib. Sənəd İsrailə "yəhudi xalqının milli dövləti" statusunun verilməsini nəzərdə tutur və gələcəkdə o, İsrail Konstitusiyasının əsasını təşkil edə bilər (İsrail hələ də Konstitusiyasız yaşayır). Qanun layihəsində 4 əsas müddəa var: Eres İsrael İsrail dövlətinin yaradıldığı məkan və yəhudi xalqının vətənidir; İsrail yəhudi xalqının milli evidir və o, burada öz müqəddəratını təyinetmə hüququndan istifadə edir; İsrail dövlətində milli müqəddəratı təyinetmə hüququ yəhudi xalqına məxsusdur; İsrail bütün vətəndaşların fərdi hüquqlarının qanunla tənzimləndiyi demokratik dövlətdir.

"Eş Atid" partiyasının lideri isə hesab edir ki, hökumət başçısının bu qərarı dəstəkləməsi populizmdən başqa bir şey deyil. Lapidin fikrincə, İsrailin yəhudi xarakterli dövlət elan edilməsində Netanyahunun əsas məqsədi "Likud" partiyası daxilində mövqelərini gücləndirməkdir. Qanun layihəsinin əleyhdarları onun qəbulunun fələstinlilərlə danışıqlarda İsrailin mövqelərinə zərbə olacağı qənaətindədirlər.

Problem ondadır ki, İsrail vətəndaşları arasında yəhudilərlə yanaşı, ölkədə yaşayan ərəblər, beduinlər və digər xalqların nümayəndələri də var. İsrailn vətəndaşlarının sahib olduqları bütün hüquq və azadlıqlar onlara da şamil edilir. Yeni qanunun qəbul olunacağı təqdirdə, isə digər millətlərə mənsub insanların hüquqları məhdudlaşdırıla bilər. Çünki o, faktiki olaraq, yəhudilərin İsrail vətəndaşı olan fələstinlilərlə müqayisədə, prioritet status daşıdığını təsdiqləyir. Qanun layihəsinin İsraildə yaşayan ərəblərin hiddətinə səbəb olması da əbəs deyil. Onlar isə 8 milyonluq İsrail əhalisinin 20%-ni təşkil edirlər. Etnik ərəb olan Knesset üzvü Əhməd Tibinin fikrincə, "İsrail hökuməti yəhudi demokratiyasının uydurma olduğunu təsdiqləyib".

Daha geniş anlamda isə qanun layihəsi Fələstin-İsrail qarşıdurmasını daha da qızışdıra bilər. Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas yeni qanun layihəsinin iki xalq üçün iki dövlətin yaradılması ideyasına əsaslanan sülh prosesinə müsbət təsir göstərməyəcəyini bəyan edib.

Bununla yanaşı, İsrailin yəhudi xarakterli dövlətə çevrilməsi məsələsinin gündəmə gətirilməsi Təl-Əviv üçün beynəlxalq səviyyədə də problemlər yarada bilər. Fələstinin müstəqil dövlət kimi Avropa İttifaqı və ayrı-ayrı Avropa ölkələri tərəfindən tanınması məsələsi hazırda gündəmdə olan məsələdir. Artıq İsveç bu addımı atıb. Bundan başqa, Böyük Britaniya, İrlandiya, İspaniya və Fransa parlamentlərində Fələstinin suverenliyinin tanınmasına dair qətnamələr qəbul olunub. Fransa parlamentinin qərarı isə güman ki, məhz İsrail hökumətinin İsraili yəhudi dövləti elan etməsi cəhdinə reaksiyasıdır. Paris artıq Yaxın Şərq probleminin həlli üçün son tarixin əks olunduğu qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına da çıxarmaq niyyətindədir. Sənəddə son müddət kimi 2016-cı ilin noyabrı göstəriləcək. Bunu fələstinlilər də tələb edirlər.

Fələstinin müstəqil dövlət kimi tanınması məsələsində digər ölkələr də mövqelərini ortaya qoyurlar. İsraili ənənəvi olaraq Fələstin torpaqlarını işğal etməkdə günahlandıran Aİ-də hesab edirlər ki, fələstinlilərin dövlət kimi tanınması Təl-Əvivi Rəmallahla daha fəal şəkildə kompromis axtarmağa vadar edəcək. Bununla yanaşı, Fələstinin müstəqilliyinin tanınması Avropa İttifaqının İsrailə yeganə təzyiq vasitəsi deyil. Brüssel İsrailə qarşı mümkün sanksiyaların siyahısını da hazırlayıb. Sanksiyaların nədən ibarət olduğunu Londonun "The Daily Telegraph" və İsrailin "Qa-Ares" qəzetləri üzə çıxarıblar. Aİ ilə İsrail arasında azad ticarət haqqında, həmçinin assosiasiya razılaşması olduğundan, bu ölkədən mal tədarükünə embarqo qoyulması gündəmdə deyil. Amma siyahıda israillilərin işğalı altındakı ərazilərdə istehsal etdikləri məhsullara məcburi nişanın qoyulması, bir çox sahələrdə əməkdaşlığın dayandırılması, hətta azad ticarət razılaşmasının dondurulması var.

İsrail hökuməti isə öz arqumentlərini irəli sürür. Baş nazir Netanyahu deyir: "Mən "iki xalq üçün iki dövlət" prinsipinin reallaşdırılmasına çağırış edən, lakin bu qanuna qarşı çıxanları anlamıram. Əgər biz Fələstin milli dövlətini tanıyırıqsa, yəhudi dövlətini də tanımalıyıq". Netanyahu hesab edir ki, İsrailə yəhudi xarakterli dövlət statusunu verəcək qanun "İsrailin yəhudilərin vətəni olduğunu inkar edənlərə" cavab olacaq.

İstənilən halda, İsrailin statusu ətrafında mübahisələr Fələstin-İsrail münaqişəsinin tənzimlənməsinin gedişinə ciddi təsir göstərəcək. Hələliksə ölkədə hökm sürən hökumət böhranı fonunda Knessetdə məsələyə baxılması qeyri-müəyyən vaxta təxirə salınır. 2015-ci ilin martınadək İsrailin siyasi qüvvələri bu və ya digər qanunun qəbuluna təsir etmək imkanına malikdirlər. Amma onun dəyəri istənilən halda, istər İsrailin, istərsə də Fələstinin həyatı üçün həyati əhəmiyyət daşıyacaq.



MƏSLƏHƏT GÖR:

655