5 May 2024

Bazar, 13:42

DONBASS OD İÇİNDƏ

Ukraynadakı böhranda Rusiya ilə Qərb arasındakı qarşıdurmanın yeni konturları müəyyənləşir

Müəllif:

26.01.2015

Ukraynanın şərqində dinc sakinlərin ölümü ilə müşayiət olunan hərbi əməliyyatların genişlənməsi artıq, təxminən, 1 ildir davam edən silahlı münaqişənin tezliklə sülh yolu ilə həllini mümkünsüz edir. Dinc sakinlər həlak olur. Donetsk vilayətinin cənub-qərbində yerləşən Volnovaxa şəhərinin yaxınlığında sərnişin avtobusunun atəşə tutulması nəticəsində 12 sərnişinin həlak olması Ukraynadakı reallığın daha bir kədərli mənzərəsidir. Bu və ya digər faciənin baş verməsində bir-birlərini günahlandıran Ukraynanın güc strukturları və Donbass separatçıları atəşkəs razılaşmasının pozulmasında, hərbi əməliyyatların yeni mərhələsinin başlanmasında da məsuliyyəti bir-birinin üzərinə atırlar. 

Hazırda Donetsk uğrunda bütün dünyanın gözü qarşısında aparılan döyüşləri müharibənin gedişində dönüş anı saymaq olar. Son məlumatlara görə, strateji baxımdan əsas nöqtə olan Donetsk aeroportu artıq separatçıların nəzarətindədir. Onun tamamilə dağıldığı bildirilir. Tanınmamış Donetsk və Luqansk "xalq respublikaları" ("DXR" və "LXR") "təhlükəsizlik zonası"nı genişləndirmək niyyətlərini gizlətmirlər. Onların bu planı baş tutarsa, Ukrayna böhranı artıq lokal deyil, total müharibə mərhələsinə keçəcək. Bu isə Rusiya ilə Qərb arasında qarşıdurmanın daha da dərinləşməsinə aparıb çıxaracaq. Bütün bunların postsovet məkanı üçün hansı fəsadlara yol açacağı məlum deyil. Bəlkə də, artıq Ukrayna böhranının uzunmüddətli həlli və Moskva ilə Avroatlantik mərkəzlər arasında dialoq üçün yeganə meydan "Normand formatı"dır. Onun əsası Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin 2014-cü ilin iyunundakı görüşü ilə qoyulub. Bu, görüş müttəfiq qüvvələrin Normandiyaya yeridilməsinin 70 illiyilə bağlı tədbir zamanı baş tutub. Donetskdəki qanlı hadisələr isə məhz dördtərəfli danışıqlar fonunda baş verir. Son günlərdə Berlində adları çəkilən dövlətlərin XİN başçıları arasında 2 görüş keçirilib. Bu görüşün birincisindən sonra Astanada yanvarın 15-nə planlaşdırılmış Ukrayna sammiti keçirilməli idi. Lakin tərəflər arasında ciddi fikir ayrılıqlarının olması Qazaxıstan paytaxtında yüksək səviyyədə keçirilməli olan danışıqların mənasız olduğunu üzə çıxarıb. Nəticədə, sammit qeyri-müəyyən müddətə təxirə salınıb. Həqiqətən də, Rusiya prezidenti Vladimir Putin, Ukraynanın dövlət başçısı Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa lideri Fransua Olland arasında hansı danışıqlardan söhbət gedə bilər ki, tərəflər sadəcə qarşılıqlı ittihamlarla məşğuldurlar. Üstəlik, bu, Donbassdakı silahlı qarşıdurmadan sonra daha kəskin xarakter alıb. Münaqişə tərəflərindən heç biri sülh istiqamətində real addım atmır, nəticədə, Qərblə Rusiya arasında geosiyasi qarşıdurma getdikcə dönməz xarakter alır. Böyük güc mərkəzlərinin bu böyük oyununda Ukrayna xalqının maraqları, təəssüf ki, yalnız ikinci plana atılır.

Rusiya Kiyevin qiyamçı Donetsk və Luqansk ilə birbaşa danışıqlara başlamasına israr edir. Ukrayna və onu dəstəkləyən Qərb fövqəldövlətləri, o cümlədən "Normand formatı"na daxil olan Fransa və Almaniya isə Ukraynanın cənub-şərqindəki separatçılığın birmənalı olaraq Moskva tərəfindən dəstəkləndiyini düşünürlər. Bu səbəbdən də, onlar Rusiyadan Ukraynanın daxili işlərinə qarışmamasını tələb edirlər.

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın ünvanına növbəti dəfə ittihamlar səsləndirib. O, Donbassda münaqişənin qızışmasında məhz Moskvanı günahlandırıb. Bununla yanaşı, Poroşenko ölkəsinin şərqində 9 mindən artıq Rusiya hərbçisinin olduğunu bəyan edib. Moskva ittihamlarla razılaşmasa da, Poroşenko Rusiya-Ukrayna sərhədlərinin dərhal bağlanmasını, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını tələb edir. Onun fikrincə, Ukrayna daxilindəki münaqişə tərəfləri arasında siyasi dialoq "növbəti addım" olmalıdır. Çünki "demokratik dövlətdə sabitliyə nail olmağın yalnız bir siyasi yolu var - Ukrayna qanunvericiliyinə uyğun qanuni, azad və ədalətli seçkilər".

Kiyevin fundamental mövqeyi ölkənin federallaşdırılmasını istisna edir. Moskva isə məhz bunu istəyir. Əsas fikir ayrılığının olduğu məqam isə yalnız Ukraynada hansı dövlət və ərazi-inzibati quruluşunun mövcud olması ilə bağlı deyil. Poroşenkonun sözlərinə görə, "Ukrayna nəinki federasiya olmayacaq və unitar dövlət kimi qalacaq, nəinki burada yeganə dövlət dili Ukrayna dilidir və belə də olacaq", üstəlik, daha bir "prinsipial məqam" var : "Kiyevin Avropa seçimi müzakirə mövzusu deyil və bu, kompromis predmeti ola bilməz". Aydındır ki, Kiyevin məhz bu seçimi Rusiyanın maraqları ilə strateji ziddiyyət təşkil edir və o, məhz, bu səbəbdən, Ukraynanın federallaşmasına çalışır. Amma Rusiyanın təsəvvüründə bu ideya ölkənin şərq vilayətlərinə Kiyevin qəbul etdiyi taleyüklü qərarlara (xüsusilə xarici siyasi məsələlərə) veto qoymaq hüququnun verilməsini nəzərdə tutur. Bu isə şübhəsiz ki, Ukrayna hökuməti üçün qəbulolunmazdır. Çünki bu, Poroşenkonun elan etdiyi "Avropa seçimi"lə tam ziddiyyət təşkil edir.

Bununla yanaşı, ölkə başçısının "Donbassda ukraynalığın bərpası" haqda vədləri Kiyevin ən qısa zamanda Donetsk və Luqanskı Ukraynanın suverenliyi altına qaytarmaq niyyətini göstərir. Ukrayna hökuməti hesab edir ki, onun "DXR" və "LXR"i "terrorçu təşkilat" kimi tanıması məhz bu amala xidmət edir. Bu addım birincisi, hər iki separatçı rejimin qanunsuz olduğunu beynəlxalq hüquq baxımından birdəfəlik təsdiqləyəcək, ikincisi, Rusiya üçün Donbass qiyamçılarına yardımın hüquqi, siyasi və iqtisadi fəsadlarını daha da ağırlaşdıracaq.

Artıq Ukrayna parlamenti Avropa İttifaqına müraciət edərək, "DXR" və "LXR"in terrorçu təşkilatlar kimi tanınmasını istəyib. Bundan əvvəl isə Avropa Parlamenti Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirmiş, "qiyamçıların ölkənin şərqində törətdikləri terroru" pisləmişdi. Lakin Brüsselin Donbassdakı rusiyapərəst separatçıları terrorçu kimi tanıması perspektivi Vaşinqtonun mövqeyindən asılıdır. ABŞ Dövlət Departamentinin mətbuat katibi Mari Xarfın bəyanatı isə Amerika hökumətinin tanınmamış "xalq respublikaları"nı terrorçu təşkilat kimi tanımaqdan imtina etdiyini göstərib. Xarf bildirib ki, onlar sadəcə "son dərəcə təhlükəli silahlı separatçılardırlar". Dövlət Departamentinin rəsmisi Vaşinqtonun Rusiya ilə qarşıdurmada maraqlı olmadığını, lakin Moskvanı və qiyamçıları Minsk razılaşmasına əməl etməyə çağırdığını da söyləyib - barışığa riayət olunmalı, girovlar azadlığa buraxılmalı və zorakılıqdan qaçılmalıdır.

Belə təəssürat yaranır ki, Qərb Moskvanı Ukrayna məsələsində daha da radikallaşdıra biləcək addımlar atmağa risk etmir. Nəzərə alsaq ki, Kreml Donbass problemini Krım məsələsi kimi həll etmək niyyətində olmadığını təkrar-təkrar nümayiş etdirir, bu, heç də ağıllı yanaşma deyil. Moskvanın belə siqnallarından biri kimi prezident Vladimir Putinin həmkarı Pyotr Poroşenkoya son məktubunda yer almış fikirləri göstərmək olar. Putin bildirir ki, "Ukraynanın Donetsk və Luqansk vilayətlərində döyüşlərin bərpa olunması problemin Minsk razılaşması əsasında sülh yolu ilə həllini təhlükə altında qoyur". Beləliklə, Putin "DXR" və "LXR"i Ukraynanın Donetsk və Luqansk vilayətləri adlandırır.

Putin Poroşenkonu qarşılıqlı atəşi dayandırmaq üçün təcili olaraq birgə tədbirlər görməyə də çağırıb. Başqa sözlə, Rusiya vəziyyətin sabitləşməsini Kiyevin ölkənin şərqində güc tətbiqinə əl atmaması ilə əlaqələndirir. Minsk razılaşmasında nəzərdə tutulmuş atəşkəsə əməl edilməsilə bağlı "Normand dödrdlüyü"nün XİN başçıları da bəyanat veriblər. Onlar tərəfləri ağır artilleriyanı Ukraynanın şərqində qoşunların təmas xəttindən dərhal geri çəkməyə çağırıblar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, "bununla bağlı əlavə tövsiyələr sonradan veriləcək". "Yalnız hərbi toqquşmaların aradan qaldırılması istiqamətində irəliləyişə nail olunarsa, ilk növbədə, Donetskin və regionun digər şəhərlərinin dinc sakinlərinin başağrısına çevrilmiş yaşayış məntəqələrinin atəşə tutulmasına son qoyularsa, ağır silahların geri çəkilməsində irəliləyiş olarsa, Astana sammitinin keçirilməsinə zərurət yaranacaq". Bundan başqa, "Normand dördlüyü" Ukraynada vəziyyətin nizamlanmasına dair əlaqə qrupunun təcili toplanması haqda da razılıq əldə ediblər. Toplantıda əsas məqsəd "irəliləyişə nail olunması, Minsk razılaşmasının tam şəkildə reallaşdırılmasına imkan yaradılması, o cümlədən effektiv atəşkəs üçün şəraitin formalaşdırılması" olacaq.

XİN başçılarının gözləntilərinin nə qədər real olub-olmadığını, bütün maraqlı dövlətlərin Ukraynada kompromisə nail olunması üçün konkret addımlar atıb-atmayacaqlarını yaxın günlərdə görəcəyik. Hələliksə bir şey aydındır ki, Ukrayna böhranının nizamlanmasında real irəliləyiş yalnız Rusiya və Qərbin bu məsələdə razılığa gəlməyi lazım bildikləri zaman əldə olunacaq.



MƏSLƏHƏT GÖR:

588