2 May 2024

Cümə axşamı, 19:36

HƏR İKİ CƏBHƏDƏ MƏYUSLUQ

"Soyqırımının yüz illiyi" Ermənistanda ciddi daxili siyasi çaxnaşmalarla qeyd olunur

Müəllif:

26.01.2015

Ermənistan-Türkiyə dialoqu regionun ən çox müzakirə edilən mövzularından biri olaraq qalır. 1915-ci ildə Osmanlı İmperiyasında "baş vermiş" qondarma "erməni soyqırımı"nın 100-cü ildönümünün yaxınlaşması fonunda mövzu xüsusi aktuallıq qazanıb. Ermənistan prezidenti Serj Sarqsyan da xalqına Yeni il müraciətində bu mövzunu diqqətdən kənarda qoymayıb: "2015-ci ilə qədəm qoyuruq. İl, əlbəttə ki, rəmzi ildir. Biz "erməni soyqırımı"nın (dırnaq işarəsi bizə məxsusdur - red.) 100-cü ildönümü ilə bağlı tədbirləri lazımi səviyyədə təşkil etməyə hazırlaşırıq. Birlikdə bu işi layiqincə görəcəyik. Həyatın ölüm üzərindəki qələbəsini, xalqımızın keçdiyi şanlı qəhrəmanlıq yolunu qeyd edəcəyik. Biz xalqımızın sağ qalmaq, dirçəlmək və azad olmaq üçün ortaya qoyduğu iradəni və səyləri qeyd edəcəyik".

Bununla yanaşı, görünən odur ki, "soyqırımı"nın 100-cü ildönümü fonunda Ermənistan Türkiyə ilə sərhədlərin açılması istiqamətində aparılan dialoqda irəliləyiş gözləyir. Ermənilər lazımi "beynəlxalq diqqət" sayəsində irəliləyişin Ermənistanın ssenarisi əsasında baş tutacağına inanırlar. Söhbət sərhədin Dağlıq Qarabağ münaqişəsi çözülmədən, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmadan, mübahisəli ərazilərlə bağlı birgə müzakirələr aparılmadan, hətta Qars müqaviləsini tanımadan açılmasından gedir.

Bu arada Türkiyə prezidentinin erməni əsilli köməkçisi Etyen Maxçupyan hələ ötən ilin dekabrında Ankara üçün kompromislərdə "qırmızı xətt"in olduğunu açıq şəkildə ifadə edib. O, indi sülhə doğru gedən yolda Ermənistanın da öz üzərinə düşən addımları atmalı olduğunu söyləyib. Maxçupyanın sözlərinə görə, Türkiyə-Ermənistan sərhədləri yalnız problemin paket həlli halında mümkündür və burada söhbət Ermənistan-Türkiyə münasibətləri ilə yanaşı, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasından gedir. "2015-ci il aprelin 24-ü son dərəcə rəmzi tarixdir və onun yaxınlaşması erməni tərəfində məsələ ilə bağlı radikallığı artırır. Onlar məsələyə kompromislərdən uzaq yanaşma ortaya qoyurlar", - deyə RİA "Novosti"nin məlumatına görə, Maxçupyan qeyd edib. O, Türkiyənin bu məsələdə erməni tərəfini qane edəcək hər hansı addımlar atacağını düşünmədiyini söyləyib: "Erməni tərəfi bu cür yanaşmanı davam etdirəcəyi şəraitdə, Türkiyənin "soyqırımı" və sərhədlərin açılması məsələsində hər hansı güzəştə getməsi mümkün deyil". Türkiyə prezidentinin köməkçisi Ankara tərəfindən hər hansı addımlar atılarsa belə, bunun yalnız 1 ildən sonra baş verə biləcəyini deyib. O, bunu 1 il sonra "ehtirasların sönəcəyi" ilə əsaslandırıb. Nəhayət, Ankara Türkiyə ilə Azərbaycanla iqtisadi əlaqələrin vacibliyini də nəzərə almaya bilməz.

Bununla yanaşı, Ermənistanın hazırkı siyasi rəhbərliyi Türkiyəyə qarşı tələblərində radikal dəyişikliklər etmək niyyətində deyil. Ekspertlər Sürix danışıqlarından və Sürix protokollarının imzalanmasından sonra erməni diasporunda baş qaldırmış siyasi fırtınanı unutmamağı məsləhət bilir.

Bütün bunlarla yanaşı, daha bir vacib məqam var. Ermənistan yanvarın 2-dən yeni inteqrasiya birliyinin - Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür. Və bu amil artıq birdəfəlik qapadılmış erməni-türk danışıqları ətrafında tamamilə yeni şərait yaradır.

Bu gün istər Cənubi Qafqazda, istərsə də ondan kənarda İrəvanın Aİİ-yə qoşulmaqla nə qazandığı və nə itirdiyinə dair ən müxtəlif rəylər mövcuddur. Bir tərəfdən, neft, qaz və almaza görə gömrük rüsumlarının aradan qaldırılması Ermənistanın dövlət büdcəsinə ildə milyardlarla dollar qazandıracaq. Lakin digər tərəfdən, Ermənistan iqtisadiyyatının bərpası üçün bu, kifayət deyil. Rusiyanın Qərbin sanksiyaları ilə üzləşdiyi, rublun dəyərdən düşdüyü, neftin ucuzlaşdığı şəraitdə isə Ermənistan Moskvadan əlavə maliyyə dəstəyi gözləyə bilməz. Bundan başqa, iqtisadiyyatı böyük ölçüdə Rusiyadan pul köçürmələrindən asılı olan Ermənistanda rublun dəyərdən düşməsi artıq milli valyutanın - dramın sürətlə ucuzlaşmasına yol açıb. Nəhayət, Rusiya iqtisadiyyatının tam dirçəlişi halında belə, Aİİ üzvlərinin heç biri ilə ümumi sərhədlərə malik olmayan Ermənistanın bu inteqrasiyanın bütün müsbət tərəflərindən faydalanacağını gözləmək artıq olardı.

Ermənistan siyasi isteblişmentinin əhəmiyyətli bir hissəsi üçün Aİİ-yə üzvlüyün, ilk növbədə, siyasi jest olduğu şübhə doğurmur. Onlar bu addımın Rusiya tərəfindən cavab hədiyyələri ilə qarşılanacağına ümidlidirlər. Hətta ermənilər bu qərarın Türkiyə ilə qarşılıqlı münasibətlərdə də işə yarayacağına ümid edirlər. Bu məqamda onu da xatırladaq ki, gerbində Türkiyə ərazisindəki Ağrıdağın (ermənilər Ararat adlandırırlar) həkk olunduğu Ermənistan Ankaraya qarşı ərazi iddialarından da əl çəkmir. Onlar "erməni soyqırımı"nın tanınmasını, sadəcə, "proqramın ilk maddəsi" sayır və hesab edirlər ki, bunun ardınca "onun fəsadlarının aradan qaldırılması məsələsi" gündəmə gəlməlidir. Söhbət Türkiyənin nə az, nə çox - düz, 6 vilayətinin Ermənistana verilməsindən gedir.

Daha bir maraqlı məqam: Gürcüstan, Ermənistan və Azərbaycanın hazırkı sərhədlərinin müəyyənləşdiyi müqavilə 1920-1921-ci illərdə Türkiyə ilə Rusiya arasında imzalanıb. Və bu gün ermənilər Moskvadan, ən azı, həmin müqavilələrin ləğvini istəyir.

Rusiya isə məlum səbəblərdən bu addımı atmır. Türkiyə ilə qarşıdurmaya getmək, iqtisadi əlaqələri riskə atmaq Moskvaya gərək deyil. Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə bu yaxınlarda etdiyi səfər də bunu bir daha təsdiqləyib. Rusiya ilə Qərbin qarşılıqlı şəkildə sanksiyalara əl atdıqları bir şəraitdə, Türkiyə Rusiyaya ərzaq tədarükünü artırır, "mavi axın" onun ərazisindən keçir və bəlkə də, "Cənub axını"na alternativ marşrut da Türkiyə ərazisi ilə çəkiləcək. Hər halda, Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda əldə etdiyi razılığa əsasən, iki ölkənin müxtəlif sahələrdə miqyaslı layihələrin reallaşdırılması üçün birgə səylər göstərəcəklərinə ümid edir. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı Türkiyə prezidentinə ünvanladığı Yeni il təbrikində də bu ümidini ifadə edib.

Demək, Ermənistan tezliklə Rusiyaya öz narazılıqlarını çatdırmağa başlayacaq və Moskvanın öz "forpost"u xətrinə Türkiyə ilə münasibətləri korlamasını istəyəcək.

Ən başlıcası isə bu "iki cəbhədə məyusluq" Serj Sarqsyanın mövqelərinə zərbə olacaq. Ermənistanın müxalifətçi Erməni Milli Konqresinin xarici əlaqələr komissiyasının sədri Vladimir Karapetyan artıq Ermənistan prezidentini İrəvan-Ankara münasibətlərini metodik surətdə və ardıcıl olaraq dalana dirəməkdə təqsirləndirir. O bildirir ki, "2009-cu ildə Serj Sarqsyanın əl atdığı avantüra dövlət təbliğatı miqyası almasına rəğmən, Ermənistan bu prosesdən heç nə udmadı". Müxalifətçi hesab edir ki, baş verənlərdən Türkiyə ilə Azərbaycan, həmçinin sərhədlərin qapalı qalmasından faydalanan ölkələr qazanıb. "Bu dalan Serj Sarqsyanın düşmənlərimizə hədiyyəsidir. Bu məqsədli iflasa görə məsuliyyət daşımalıdırlar. Bu məsuliyyəti 2009-2011-ci ildə məlum təşəbbüsü dəstəkləyən hər kəs daşıyacaq", - deyə Karapetyan qeyd edib. - "Ermənistan-Türkiyə münasibətlərinin nizama salınması üçün dəqiq, ictimaiyyətin başa düşdüyü addımlar atmaq əvəzinə, perspektivsiz proqrama üstünlük verilib, bütünlükdə dövlət sistemi yanlış siyasətin reallaşdırılmasına cəlb olunub".

Bununla yanaşı, Ermənistanın Aİİ-yə qoşulması da ölkədə prezidentin layihəsi sayılır. Bunun fonunda "soyqırımın yüz illiyi"nin Ermənistanda ciddi daxili siyasi çaxnaşmalarla qeyd olunacağı istisna deyil.



MƏSLƏHƏT GÖR:

656