4 May 2024

Şənbə, 03:21

BÖYÜK SÜLH

Ermənistan-Azərbaycan danışıqlarının prioriteti nizamlama haqqında ümumi razılaşma olmalıdır

Müəllif:

24.02.2015

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ),  Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik ötən həftə münaqişə regionuna növbəti səfərlərini ediblər. Bu səfər ərəfəsində onlar münaqişə tərəflərinin XİN başçıları ilə məsləhətləşmələr aparıb (Məmmədyarovla Krakovda, Nalbandyan ilə Berlində), daha sonra Helsinkidə Finladiyanın xarici işlər naziri Erkki Tuomioy və dövlət katibi Piter Stenlandla görüşüblər. 

Məlum olduğu kimi, hazırda Finlandiya Minsk qrupunun üzvüdür və Qarabağ münaqişəsinin nizamlanması prosesinin əvvəlki dövrlərində o, qrupa həmsədrlik də edib. Bu ölkənin Alland muxtariyyatı ilə bağlı müsbət təcrübəsi var və bu maraq doğura, Cənubi Qafqaz regionu üçün nümunə ola bilər.

Bakıda həmsədrlər Xarici İşlər Nazirliyində danışıqlar aparıb, daha sonra Prezident İlham Əliyevin qəbulunda olublar. Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov böyük sülh razılaşması üzərində mümkün qədər tez müddətə işə başlanılmasının vacibliyini bir daha vasitəçilərin diqqətinə çatdırıb. O, bu təşəbbüsün artıq vasitəçi dövlətlərin prezidentləri tərəfindən də dəstəkləndiyini xatırladıb. "Biz artıq Azərbaycanın mövqeyini ifadə etmişik. Dəfələrlə bildirmişik ki, vasitəçilər Madrid prinsiplərinin 6 maddəsinə əsasən, sülh sazişi üzərində işləməlidirlər. Regiona sülhün gəlməsi üçün ciddi danışıqlar aparılmalıdır. İlk növbədə, qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Ən başlıcası, hərbçilər evlərinə qayıtmalıdır", - deyə o, qeyd edib. Nazir 6 həmsədrlərin diqqətini Kəlbəcərdə ermənilər tərəfindən ələ keçirilmiş iki azərbaycanlının taleyinə də çəkib, onların dərhal Azərbaycan tərəfinə təhvil verilməli olduqlarını söyləyib.

Təəssüf ki, erməni tərəfi, adəti üzrə, tam əks-mövqe ortaya qoyub. Bu göstərir ki, İrəvan son illərdə dalana dirənmiş danışıqlar prosesinin canlanmasında maraqlı deyil. Məsələn, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan böyük sülh sazişinin hazırlanması mərhələsinə keçidlə bağlı çağırışlara cavab olaraq onu absurd adlandırıb. O iddia edib ki, Bakı bununla guya münaqişənin nizamlanmasına dair razılaşdırılmış əsas prinsipləri heçə endirməyə cəhd edir. "Əsas prinsiplərlə bağlı razılıq əldə olunarsa və Dağlıq Qarabağ bununla razılaşarsa, onda çərçivə razılaşmasının hazırlanması üçün Ermənistan, Azərbaycan və Qarabağ arasında danışıqlara başlamaq olar", - deyə Nalbandyan qeyd edib.

Kəlbəcərdə girov götürülmüş azərbaycanlılara - Şahbaz Quliyev və Dilqəm Əsgərova gəlincə, nazir onları diversant və cinayətkar adlandırıb, bu fikrə əsaslanaraq Həştərxan bəyannaməsinin (Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən 2010-cu ilin oktyabrında qəbul olunub) tələblərinə əməl etməkdən yayınıb. Qeyd edək ki, bu sənəd tərəflərin üzərinə bu cür problemlərin humanitar müstəvidə həll edilməsi öhdəliyi  qoyur.

Səfərlərinin sonunda həmsədrlər Dağlıq Qarabağa da baş çəkiblər. Bu dəfəki səfərin məzmununda da heç bir yenilik olmayıb və görüşlərdə ən maraqlı məqamı amerikalı həmsədr C.Uorlikin yerli "Arsaxpress"ə müsahibəsi sayıla bilər. Deyəsən, amerikalı diplomat düşünülməmiş "tvitləri" üzündən dəfələrlə Azərbaycan tərəfindən tənqidlə qarşılandığı üçün bu dəfə ictimaiyyətə fikirlərini bu yolla çatdırmaq qərarına gəlib. Halbuki, əvvəllər həmsədrlər separatçılara məxsus KİV-lə ünsiyyətdən qaçırdılar. Amma Uorlik "Arsaxpress"in müxbirinin təxribatçı suallarına uymayıb və açıqlamalarında xüsusi bir fikir söyləməyib. Onun Ermənistanın "Mediamaks" agentliyinə müsahibəsi daha məzmunlu olub. Diplomat yaxın gələcəkdə yüksək səviyyədə görüşün keçirilməsini mümkün sayıb: "Biz istəyirik ki, real danışıqlar aparılsın. Biz prosesi intensivləşdirməyə çalışırıq. Azərbaycan prezidenti bu görüşə hazırdır. Amma bizə görüş xətrinə görüş lazım deyil. Biz ona yaxşı hazırlaşmalıyıq. Vasitəçilərin işi məhz prezidentlərin müzakirə edə biləcəkləri məqamların hazırlanmasıdır. Maraqlıdır ki, tərəflərin fikirləri əslində bir-birinə çox yaxındır. Hər iki tərəf münaqişənin 3 prinsip və 6 element üzrə çözülməli olduğunu qəbul edir. Əlbəttə, ətrafında iş aparıldığı detallar var. Bu, bizim həllinə nail olmaq istədiyimiz məsələlərdir. Odur ki, reallıqda heç bir ziddiyyət yoxdur".

C. Uorlikin sözlərinə görə, uzunmüddətli sülhə nail olunması üçün hər iki tərəfin insanları arasında inam yaradılmalıdır: "Biz kommunikasiya imkanlarını alqışlayır, ermənilərlə azərbaycanlılar arasında görüşlərin keçirilməsini dəstəkləyirik".

Maraqlıdır, bu halda vasitəçilər Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun təşkilinə hazırdırlarmı? Bu görüşün baş tutmasına məhz separatçıların hər vasitə ilə mane olduqları aydındır.

Həmsədrlərin regiona səfəri münaqişə tərəflərinin prezidentləri arasında dialoqun reanimasiya edilməsinə növbəti cəhd idi. Onların öz səviyyələrində danışıqlar prosesinə dinamika qazandırmaq iqtidarında olmadıqları aydındır. Bu üzdən Azərbaycan tərəfi haqlı olaraq həmsədrlərin ünvanına tənqidlər səsləndirir, onların tərkibinin genişləndirilməsinə və ya dəyişdirilməsinə dair təkliflər irəli sürür. Məsələn, Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının qış sessiyası zamanı (18-20 fevral, Vyana) ATƏT-in Minsk qrupunun həmsədrlərinin sayının 3-dən 5-ə qaldırılması məsələsini gündəmə gətirib. O, yeni həmsədrlərin Türkiyə və Almaniya təmsilçiləri olmasını təklif edib.

1991-ci ilin fevralında ATƏT-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin Praqada keçirilmiş və Minsk qrupunun yaradılması ilə nəticələnmiş toplantısında Azərbaycan nümayəndə heyətinə başçılıq etmiş, sonrakı illərdə isə Minsk qrupunun vasitəçilik səylərini daim müşahidə etmiş şəxs kimi, mən bu təklifin məhsuldar olacağına inanmıram. Birincisi, tərəflər həqiqətən də münaqişənin həlli prosesinin başlanğıcı ola biləcək substansional danışıqlara, yəni Böyük sülh sazişinin mətni üzərində diskussiyalara keçməkdənsə, nəticəsiz prosedur mübahisələrinə cəlb olunurlar.

İkincisi, vasitəçilərin sayının 5-ə qaldırılmasının onların fəaliyyətində effektivliyi artıracağına dair heç bir tutarlı dəlil yoxdur. Əksinə, sayın bu cür artırılacağı təqdirdə hələ vasitəçilərin öz aralarındakı fikir ayrılıqlarını çözmək üçün xüsusi moderator təyinatına ehtiyac yarana bilər. Üstəlik namizəd kimi Almaniya və Türkiyənin göstərilməsi Ermənistan tərəfindən birmənalı etirazla qarşılanır. Bundan başqa, Türkiyənin vasitəçiliyə namizədliyinin müzakirəsi belə, Ankaranın Qarabağ münaqişəsinin həllindən əvvəl Ermənistanla diplomatik əlaqələri bərpa etməsi, sərhədləri açması zərurətini yaradacaq. Bu Azərbaycanın xeyrinədirmi?

Türkiyə ilə Almaniya Minsk qrupunun üzvləri qismində sülh prosesinə müsbət təsir göstərmək iqtidarındadırlar. Onlar Minsk konfransının çağırılmasına (vaxtilə Minsk qrupu məhz bu niyyətlə yaradılmışdı), bununla da orada yaranmış vəziyyətin kollektiv müzakirəsinə, həmçinin tərəflərin razılığa gələ bilmədikləri baza prinsiplərinin formalaşdırılmasına nail ola bilərlər. Maraqlı regional fövqəldövlət olan Türkiyə Moskva, Paris və Vaşinqtonla ikitərəfli dialoqlar vasitəsilə vasitəçilərin işinə öz təsirini göstərə bilər. Almaniya isə Avropa İttifaqının nüfuzlu üzvü olaraq, nizamlama prosesinin stimullaşdırılması üçün Aİ-nin iqtisadi-maliyyə və siyasi resurslarını cəlb edə bilər. Üstəlik, 2016-cı ildə Almaniya ATƏT-ə sədrliyə başlayacaq və nəticədə Minsk qrupu ilə paralel şəkildə tam rəsmi vasitəçilik səyləri göstərmək imkanı qazanacaq. Bir sözlə, Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olunması üçün onu sürətləndirməyə qadir olan fövqəldövlətlərin praktiki səylərinə ehtiyac var. Bunun üçün vasitəçi strukturda dəyişikliklər getmək vacib deyil.

Regiona səfər ərəfəsində Minsk qrupunun fransalı həmsədri Pyer Andriyö bildirib ki, onlar 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsi üçün ATƏT çərçivəsində bir çox görüşlərin keçirilməsini planlaşdırıblar. Buraya Avropa İttifaqı nümayəndələrilə müzakirələr də daxildir. Onların arasında Belqrad görüşü də var. Məlum olduğu kimi, bu il ATƏT-ə sədrlik məhz Serbiyadadır. Bundan başqa, 1992-ci ildə Qarabağ probleminin həlli üzrə vasitəçi qrupun yaradıldığı Minskdə də görüşün keçirilməsi planlaşdırılır. Bu da son deyil. Vyanada həmsədrlər həmkarlarını danışıqlar prosesinin gedişi haqda məlumatlandıracaqlar. Aİ ilə də danışıqlar gedir. Fransalı həmsədrin sözlərinə görə, Aİ bu məsələdə öz rolunu artırmağa maraq göstərir. "2016-cı ildə ATƏT-ə sədrlik Almaniyaya keçəcək. Kansler Angela Merkel artıq ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha fəal rol oynamaq niyyətini açıqlayıb. Avropa İttifaqı, ümumilikdə, bu prosesdə daha əhəmiyyətli rol oynamağa çalışır", - deyə P. Andryö bildirib.

Bu arada həmsədrlərin regiona səfərləri ərəfəsində Ermənistan prezidenti Serj Sarqsyan "İsveçrə protokolları"nın parlamentdən geri çağırıb. Söhbət Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını nəzərdə tutan protokollardan gedir. Sarqsyan bu addımı Türkiyənin baş naziri Əhməd Davudoğlunun ölkəsindəki milli azlıqlarla keçirdiyi görüşdə səsləndirdiyi bir bəyanatdan sonra atıb: Davudoğlu deyib ki, ermənilər Azərbaycanın, heç olmasa, bir rayonunu işğaldan azad edərsə, Ankara Ermənistanla sərhədlərin açılmasına qərar verə bilər. İndi protokolların parlamentdən geri çağırılması ilə İrəvan və onun xarici himayədarları, əslində, Türkiyəni Azərbaycandan ayırmaq üçün qurulmuş hiyləgər planın iflasa uğradığını etiraf ediblər. Onlar bu planı həyata keçirməklə Bakını ərazi güzəştlərinə, ermənilərə sərf edən sülhə razı salmağı düşünürdülər.

Ermənistanın və onun xaricdəki diasporunun xoşuna gəlsə də, gəlməsə də, nüfuzlu regional fövqəldövlət olan Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən kənarlaşdırmaq mümkün deyil. Bu sözlər İrana da aiddir. Onun özü beynəlxalq təcrid vəziyyətində olsa da, ATƏT-də yer almasa da, vasitəçilik səylərində iştirak etməsə də, Tehranın prosesindən tam kənarda tutulması mümkün deyil. İran Qarabağ münaqişəsi zonası ilə bilavasitə sərhədə malikdir. Problemin nizamlanmamış qalması, hərbi əməliyyatların bərpası ehtimalı bu nəhəng regional fövqəldövlətin maraqlarına birbaşa təsir göstərir.

Azərbaycanlı girovların azadlığına nail olunması, erməni tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərində təxribatçı hərbi təlimlərdən imtinaya razı salınması vacibdir. Bu, nəinki prezidentlərin görüşü üçün müsbət fon yaradar, həm də təmas xəttində atəşkəs rejiminin möhkəmlənməsinə təkan olar. İstənilən halda, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bir halda məna kəsb edəcək ki, o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə böyük sülh sazişi üzərində işə başlanmasına start versin. 



MƏSLƏHƏT GÖR:

693