28 Aprel 2024

Bazar, 16:32

TANIŞ ADLAR

Amerikalılar 2016-cı ildə keçiriləcək prezident seçkisi praymerizinə hazırlaşırlar

Müəllif:

10.03.2015

Vaşinqtonun beynəlxalq arenadakı gücünü, Amerika dəyərlərindəki universallığın yüksək həddini nəzərə alsaq, ABŞ-da keçiriləcək prezident seçkisi hələ başlamazdan xeyli əvvəl dünyada böyük maraq doğurur. Üstəlik, amerikalılar hər şeydən şou düzəltmək bacarıqlarını var qüvvələri ilə bu prosesə də tətbiq edirlər. Amerikada seçki kampaniyası bahalı, parlaq, dinamik işdir. O, tez-tez sensasiyalarla, kompromat savaşları ilə müşayiət olunur. Əksər əlamətlər göstərir ki, Ağ Evə qarşıdan gələn seçki xeyli maraqlı keçəcək. Hələliksə, yalnız partiyadaxili mübarizələr başlamaqdadır. Bu mübarizələrin sonunda Respublikaçılar və Demokratlar partiyaları hərəyə bir namizəd müəyyənləşdirəcəklər. O namizədlər arasında qalib isə 2016-cı il noyabrın 8-də seçiləcək. Qalib gələn Birləşmiş Ştatların 45-ci prezidenti olacaq.

 

İlk qadın

Mümkün namizədlərinin adını, adətən, ilk olaraq Ağ Evə rəhbərlik edən partiya açıqlamağa başlayır. Odur ki, bu dəfə növbə demokratlarındır. Hələlik, Demokratlar Partiyasından prezidentliyə ən ciddi namizəd Hillari Klinton sayılır. O, prezident seçkisinə qatılmaq niyyətində olduğunu təxminən 1 ay sonra açıqlamaq fikrindədir. Hazırda Klinton reytinqdə bütün partiyadaşlarını, o cümlədən 71 yaşlı vitse-prezident Cozef Baydeni üstələyir. Yeri gəlmişkən, Bayden indiyədək iki dəfə prezidentlik yarışına qoşulub və üçüncü dəfə bu addımı atmağa hazırlaşdığını hələ ki, rəsmən dilə gətirməyib. 

Demokratların daha bir mümkün namizədi, Massaçusets ştatından senator, hüquq professoru Elizabet Uorren də hələlik istər populyarlığına, istər də fəallığına görə Hillari Klintondan geri qalır. Klintona gəlincə, o, bir müddət əvvəl prezidentlik yarışına qoşulmaq niyyətində olmadığını, amma Ağ Evin rəhbəri postunda qadın görməyi çox arzuladığını bildirmişdi. Lakin sonradan xanım Klinton bu postda ilk qadının məhz özü ola biləcəyi qənaətinə gəlib.

Gallup mərkəzinin məlumatına görə, amerikalıların 54%-i Klintona müsbət münasibətdədir. Bundan başqa, xanım Hillari hazırda beynəlxalq arenada da Amerikanın ən məşhur siyasətçilərindən biridir. Çünki o, iki müddət Ağ Evə rəhbərlik etmiş həyat yoldaşı Bill Klintonun dövründə birinci xanım kimi tanınmaqla yanaşı, Barak Obamanın prezidentliyi zamanı 4 il Dövlət Departamentinə də rəhbərlik edib. 2009-cu il praymerizi zamanı Obamanın qələbəsini qəbul edən və ona dəstək verməyə başlayan Hillari Klinton hazırkı prezident tərəfindən məhz bu cür mükafatlandırılıb. 68 yaşlı Klintonun hesabında hüquq doktoru, Nyu-York ştatından senator və Arkanzasın birinci ledisi kimi titullar da var.

Ötən il siyasətçinin "Çətin seçim" adlı bioqrafiyası yayımlanıb. Əksəriyyət hesab edir ki, bu məhz 2016-cı il seçkisinə hesablanıb. Hər halda, xanım Klinton özünü çox inamlı aparır və görünür artıq o, özünü - keçmiş birinci ledini - gələcək prezident kimi görür. Bill Klinton isə bu halda ABŞ-ın tarixində ilk "birinci centlmen" statusuna yiyələnmək şansı qazanır. Əslində, Hillari kampaniyaya çoxdan, müxtəlif şəhərlərdə və ştatlarda fəal çıxışları ilə başlayıb. Bu işdə onun təcrübəsi də kifayət qədərdir. Deyilənə görə, xanım Klinton 1993-cü ildə seçki kampaniyasının aparılmasında həyat yoldaşına çox kömək edib, daha sonra isə boş oturmayıb, dövlət işində fərqlənib. O, Monika Levinski qalmaqalında aldadılmaqla aldığı zərbəni də dəf edə bilib. Görünür, Hillari bunu gələcək iddialı karyera planlarını düşünərək edib.

Barak Obama Hillari Klinton haqda hər zaman müsbət danışır. Obama deyir ki, Hillaridən "əla prezident" olar. Bəzi məlumatlara görə, Klintonun seçki qərargahında hazırkı Ağ Ev rəhbərinin administrasiyasından olan şəxslər də çalışır. Amma bunun ona uğur gətirib-gətirməyəcəyi mübahisəlidir. Hər halda, artıq "axsaq ördək"ə çevrilmiş prezidentin dilindən gələn təriflər heç də birmənalı olaraq üstünlük sayıla bilməz. Klinton isə keçmiş rəhbərini tənqid etmək şanslarını da əldən vermir. Onun fikrincə, hazırda ABŞ "siyasi disfunksiya dövrünü yaşayır".

Müşahidəçilər hesab edir ki, Klinton "peşələrinin inkişafı üçün daha əlverişli şərait yaradacağı" vədini verdiyi qadınların və gənclərin, LGBT üzvlərinin, rəngli əhalinin səsini qazanmaq iqtidarındadır. Uoll-stritlə əlaqələri və səhhətində problemlərin olduğuna dair məlumatlar isə Klintonun əleyhinə işləyə bilər.

 

"Uğursuz adam"ın qardaşı

Respublikaçıların prezidentliyə əsas namizədi isə Florida ştatının sabiq qubernatoru, sabiq prezidentlər oğul Corc Buşun (2000-2010) qardaşı və ata Corc Buşun (1990-1994) oğlu Ceb Buş ola bilər. Ceb bu yarışda qələbə qazanarsa, ABŞ tarixində bir nəsildən ilk üçüncü prezident kimi tarixə düşəcək.

Müxtəlif məlumatlara görə, Ceb reytinqdə Klintondan 5-12% geri qalır. Əgər Klintonun üzərində keçmiş şefi, ikinci prezidentlik dövrü ABŞ tarixinin ən pis dövrlərindən biri sayılan Barak Obamanın aşağı reytinqinin təzyiqi varsa, Ceb də öz dramını yaşayır. Onun qardaşı Corc Buş da səlahiyyət müddətinin bitiminə yaxın son dərəcə aşağı reytinqə malik idi və onu Amerika tarixinin ən uğursuz prezidenti sayırlar. Amma görünən odur ki, Ceb Buş bunu uğursuzluq hesab etmir. Buşlar hər zaman öz ailələrinin qələbəsi üçün çalışıblar. Vaxtilə ata Buşa Ceb və Corc qardaşları fəal şəkildə kömək ediblər. Oğul Buş da elə həmin proses zamanı prezident olmaq qərarına gəlmişdi. Corca isə öz növbəsində 2000-ci il seçkisi zamanı səsvermədə həlledici rol oynamış Florida ştatının qubernatoru olan Ceb köməklik göstərib. İndi Cebin oğlu Corc P.Buş Texas rəhbərliyinə keçirilən seçkiyə qoşulub. Piar baxımından o, atasının prezidentlik planlarını kifayət qədər uğurla şərh edir.

Bəzi müşahidəçilər Cebin mənfi cəhətləri arasında onun həddindən artıq mühafizəkar olmasını göstərirlər. Məsələn, miqrasiya probleminə o, mülayim yanaşır, bəzi vergilərisə artırmağı düşünür. Amma Ceb Buş ən çox Latın Amerikasından gəlmiş insanların səsinə ehtiyac duyacaq. Qeyd edək ki, onlar ABŞ-da ən sürətlə artan milli azlıqdır. Ümumiyyətlə, son zamanlar Respublikaçılar Partiyasının mərkəzə doğru nəzərəçarpacaq dərəcədə meyil etdiyi bildirilir. Fil partiyasının təmsilçiləri indi kompromisə gedilməsinin vacibliyi haqda daha çox danışırlar. Bu, əlbəttə ki, onların qatı sağçı elektoratı itirmələrilə nəticələnə bilər.

Respublikaçılar Partiyasından milyarder Donald Trampın da namizədliyini irəli sürəcəyi istisna deyil. O, amerikalıları inandırmağa çalışır ki, bu addımı vaxtını şən keçirmək, kef içində yaşamaq və ya brendə fayda qazandırmaq üçün yox, "ciddi problemləri" olan ölkəsini xilas etmək üçün atır. Tramp ABŞ-ı keçmiş qüdrətini qaytara biləcək yeganə şəxs olduğuna inanır. Müşahidəçilər isə onun prezidentlik şansını o qədər də yüksək qiymətləndirmirlər. Çünki Trampın milyarder və mediapersona kimi fəallığı onun siyasi iddialarını "korlayıb". Donald Tramp sanki Amerikanın Mixail Proxorovudur. Lakin onun Jirinovskidən də bir az "qatışığı" var.

Respublikaçıların daha bir mümkün namizədi, Nyu-Cersi ştatının qubernatoru Kris Kristinin şansı yüksək qiymətləndirilmir. Onun imicini "nəqliyyat kollapsı" ilə bağlı qalmaqal korlayıb. Qalmaqal Nyu-Cersidə körpünün bir neçə zolağının günlərlə bağlı qalmasına səbəb olmuşdu. Bundan başqa, qubernator 2012-ci ildə baş vermiş "Sendi" qasırğasından sonra ştatın bərpasına ayrılmış yardımdan başqa məqsədlərlə istifadə etməkdə də şübhəli bilinir.

Sadalananlarla yanaşı, daha bir neçə senator Ağ Evdəki kürsü haqda düşünür: Texasdan olan Ted Kruz, Tennessidən Bob Korker, Cənubi Karolinadan Lindsi Qrem, Floridadan Marko Rubio, həmçinin Obamanı son dərəcə sərt şəkildə tənqid etməklə tanınan, dövlətin rolunun məhdudlaşdırılmasının tərəfdarı olan Rand Pol (Kentukki).

 

"Qırğılar" üçün uğurlu dövr

Güman ki, bütün namizədlərin proqramı sadə amerikalıların maraqlarının nəzərə alınmasına cəhd üzərində qurulacaq. Bu, daim aktual olan məsələləri özündə əks etdirir: sosial sahə, vergi, gəlirlərin bölüşdürülməsi, minimum əməkhaqqı, əmək qanunvericiliyi, xalq arasında Obamacare kimi tanınan yeni tibbi sığorta sistemi.

Bu arada aparılan sorğular daha bir maraqlı məqamı üzə çıxarıb: 2006-cı ildən sonra Konqresin hər iki palatasında üstünlüyü ilk dəfə ələ almış respublikaçıları işçi sinfin ağ nümayəndələri arasında dəstəkləyənlər demokratları dəstəkləyənlərdən 30% çoxdur. Sorğular göstərir ki, Asiya əsilli amerikalıların, təxminən, yarısı Fil partiyasına simpatiya bəsləyir. Afroamerikalılar isə əvvəlkitək demokratları dəstəkləyir. Amerika yəhudilərinin kimi dəstəkləyəcəyi də önəmli amildir. Hazırkı prezident Obamanın nəyin bahasına olursa-olsun, İranla razılığa cəhd etməsi, bu işdə hətta İsrailin baş naziri Benyamin Netanyahu ilə qarşıdurmaya getməkdən çəkinməməsi fonunda bu məqam xüsusi maraq doğurur.

Bütün bunlar seçkiqabağı kampaniyada xarici siyasət mövzusunun nə qədər önəmli olacağından xəbər verir. Prezidentlik müddəti yeni başladıqda Barak Obama bildirirdi ki, əgər Corc Buşun vaxtında ABŞ "başqalarının maraqlarını nəzərə almırdısa", indi ən vacib beynəlxalq məsələlərlə bağlı başqaları ilə də "sövdələşməyə getməyə" hazırdır. Deyəsən, iki prezidentlik müddəti Obamanı tamamilə fərqli insana və fərqli siyasətçiyə çevirdi. Hazırkı prezident varisinə şübhəsiz ki, bir sıra problemlər qoyub gedəcək - İŞİD-dən tutmuş, Rusiya ilə münasibətlərədək. Ümumilikdə isə beynəlxalq gündəm "qırğılar"ın uğur qazanması üçün böyük şanslar yaradır. Hələlik Klinton bu məsələdə daha sərt təsir bağışlasa da, Buşun da irəliləmək üçün vaxtı var. Bu, bütün digər mümkün namizədlərə də aiddir. Hər halda, seçkiyə hələ çox var və demək, istər planlaşdırılmış, istərsə də planlaşdırılmamış bir çox sürprizlər baş verə bilər.



MƏSLƏHƏT GÖR:

777