4 May 2024

Şənbə, 15:51

"KÖNÜLLÜ" GEDİŞ?

"Çiçəklənən Ermənistan"dakı silkələnmələr İrəvanda daxili siyasi mübarizəyə təsir göstərir

Müəllif:

17.03.2015

Ermənistanda növbəti daxili siyasi bir xəbər geniş müzakirə olunmaqdadır. Onu həm gözlənilən, həm də sensasion adlandırmaq olar. Bu günlərdə "Çiçəklənən Ermənistan" partiyasının növbəti qurultayı başa çatıb. Qurultayda partiyanın yaradıcısı və lideri Qagik Sarukyan partiya sədrliyindən və təşkilatın parlament fraksiyasının rəhbəri postundan getdiyini açıqlayıb. Bu azmış kimi, o, ümumiyyətlə, böyük siyasəti tərk etdiyini bəyan edib. Artıq keçmiş partiyadaşları qarşısında çıxış edən Sarukyan deyib: "Bu gün mən buraya böyük siyasəti tərk etdiyimi açıqlamaq üçün gəlmişəm. Bu qərarı uzun-uzadı düşündükdən sonra qəbul etmişəm. Bu, mənim şəxsi qərarımdır və ümid edirəm ki, onu anlayışla qarşılayacaqsınız. Xahiş edirəm, bundan sonra mənə siyasi suallarla müraciət etməyin. Mən də öz növbəmdə sizin qəbul edəcəyiniz qərarlara müdaxilə etməyəcəyimə söz verirəm. Mənim daha "Çiçəklənən Ermənistan" partiyasına heç bir aidiyyətim yoxdur".

Qagik Sarukyanın istefası ilə boş qalmış partiya sədrliyinə də dərhal Naira Zoqrabyan seçilib. Onu "populyarlığı və komandaya sadiqliyi"nə görə Sarukyanın özü namizəd göstərib. "Mən ölkəmdə kilsə, məktəb, idman zalları tikintisini davam etdirəcək, mədəniyyət və elm sahəsinin insanlarına yardımlar göstərəcəyəm. Amma mən bu işləri bir erməni, Ermənistan vətəndaşı kimi, Sarukyan kimi edəcəyəm. Yəni siyasətdən kənar", - deyə Sarukyan son olaraq bildirib.

Açığı, Qagik Sarukyanın bu cür başgicəlləndirici siyasi virajı Ermənistanda siyasi həyatın hansı qaydalar üzərində qurulduğunu tam anlamağa imkan verir. Orada əsas amil elektoral rəqabət və seçki yox, kiminsə qələbəsini və ya təslimçiliyini möhkəmləndirən pərdəarxası intriqalar, sövdələşmələrdir. Bu zaman dövriyyəyə hansı arqumentlərin buraxıldığını isə yalnız təxmin edə bilərik. Sarukyanla bağlı məsələdən sonra şübhələrə nəzəri də olsa, yer qalmayıb. Əvvəlcə o, rəhbəri olduğu "Çiçəklənən Ermənistan" partiyasını (ÇEP) real müxalifətə çevirməyə cəhd göstərdi. Bir qədər sonra partiyanın fəallarından biri oğurlanaraq möhkəm döyüldü və nəticədə, Sarukyan daha sərt bəyanatla çıxış edərək xalqı "küçələrə çıxmağa" çağırdı. Bununla da, dövlət maşını partiya lideri olan oliqarxa qarşı var qüvvəsilə işə düşdü. Sarukyan bütün postlarını itirdi, dövlət mühafizəsi onun "obyekt"lərini tərk etdi, Ermənistan prezidentinin göstərişi ilə oliqarxın biznes imperiyasında vergi yoxlamalarına başlanıldı, onun deputat mandatından və demək, həm də toxunulmazlıqdan məhrum edilməsi məsələsi gündəmə gəldi. Bütün bunların fonunda Sarukyan ölkə başçısı Serj Sarqsyanla görüşmək məcburiyyətində qaldı. Görüşdən sonra o, "erməni Maydanı" ideyasından imtina etdi və bir müddət sonra, ümumiyyətlə, siyasəti tərk etdiyini açıqladı. Sarukyanın Sarqsyanla qapalı qapılar arxasında apardığı danışıqların detalları gizli qalsa da, onun Avropa standartlarına uyğun siyasi danışıqlardan çox fərqli keçdiyinə şübhə yoxdur. Bu danışıqlar daha çox "imtina edilməsi mümkün olmayan təklif"ə bənzədi. Biznesinin, varidatının itirilməsi, hətta, bəlkə də, daha ciddi itki vermək təhlükəsilə (xatırladaq ki, böhran ÇEP fəallarından birinin oğurlanaraq döyülməsilə başlamışdı) üzləşmiş Q. Sarukyan sonda təslim olmağı seçdi.

Bütün bunlarla yanaşı, əksər ekspertlər ÇEP-dəki siyasi "silkələnmələr"in bununla bitmədiyini, əksinə, prosesin hələ indi başladığını düşünürlər. Çünki Qagik Sarukyanın rəhbərlik etdiyi ÇEP radikal və real müxalifətdən çox hakimiyyətə yaxın "mərkəzçi" partiya idisə, bir müddət hətta hakim koalisiyada yer almışdısa, indi təşkilatın başına Naira Zoqrabyan keçib. Yeni lider artıq öz proqramını da açıqlayıb: "Bu gün mən "Çiçəklənən Ermənistan" partiyasını müxalifət partiyası elan edirəm. Eyni addımı qanunauyğun şəkildə parlamentdə də atacağam. Bizi müxalifət üçün aydın və dəqiq taktikanın müəyyənləşdirilməsinə yönəlmiş ciddi müzakirələr, təhlillər gözləyir. Mən işləməyə hazıram və komanda işinə tərəfdaram. Hansısa mərhələdə gördüyüm işlərin nəticə vermədiyini hiss edərəmsə, partiya lideri səlahiyyətlərindən də imtina edəcəyəm".

Açıqlamanı kifayət qədər səs-küylü bəyanat kimi qiymətləndirmək olar. Amma Naira Zoqrabyan ÇEP-i nüfuzlu müxalifət partiyasına çevirə biləcəkmi? Bu sual açıq qalır.

Üstəlik, Sarukyanın dövründə partiyanın maliyyə problemi də yox idi. Ona məxsus "Multi Qrup" konserninin illik dövriyyəsi "Forbes" jurnalının versiyasına görə, təxminən, 150 milyon dollardır. Oliqarxın şəxsi varidatı isə 500 milyon dollar qiymətləndirilir. Bundan başqa, ÇEP-in ofisi Sarukyana məxsus konyak zavodunun ərazisindədir. İndi onun keçmiş partiyadaşlarının bu ofisdə fəaliyyətlərini davam etdirə bilib-bilməyəcəkləri aydın deyil.

Bütün bunlarla yanaşı, Zoqrabyanın partiyadaşlarının müxalifətə keçmək qərarına necə reaksiya göstərəcəkləri də bilinmir. ÇEP-in "mərkəzçi-hökumətpərəst" partiya kimi yaradıldığını və fəaliyyət göstərdiyini nəzərə alsaq, burada müxalifətə keçidi heç də hər kəs dəstəkləməyəcək. Partiya üzvlüyündən edilən istefalar - hazırda bunu "siçovulların batmaqda olan gəmini tərk etməsi" kimi də adlandırmaq olar - hələ KİV-də Sarukyanın müxalifətçi bəyanatlarının yer aldığı günlərdən başlayıb. Bu yerdə bir maraqlı faktı da qeyd etmək lazımdır: ÇEP-də rəhbərliyin dəyişdiyi gün Ermənistanın sabiq xarici işlər naziri, "Sivilitas" fondunun rəhbəri Vardan Oskanyan partiya sıralarını tərk etdiyini açıqlayıb. Oskanyan bildirib ki, bu qərarı qəbul etməsinə səbəb partiyanın ölkədə köklü dəyişikliklərə nail ola bilməməsidir: "Halbuki cəmiyyətin əksər hissəsi dəyişikliklər istəyir". Sabiq XİN başçısı uğursuzluqların bir hissəsinə görə məsuliyyəti öz üzərinə götürüb. Amma ekspertlər Oskanyanın partiyanı tərk etməsinin rəsmi səbəbi kimi göstərdiyi amilə şübhə ilə yanaşırlar. Bəlkə də, o, partiyanın lideri postunda özünü görürmüş. Hər halda, Oskanyan siyasi iddialarını hələ 2008-ci ildə ortaya qoymuşdu. Bundan başqa, çoxları Qagik Sarukyanı daha çox sponsor və "ildırım sipəri" kimi qəbul edirdisə, Zoqrabyanın iddiaları daha böyükdür. Onu da unutmaq olmaz ki, Q. Sarukyanın dövründə ÇEP-də "sabiqlərin ittifaqı" da var idi və bu ittifaqda əsas rol Oskanyana deyil, ölkənin ikinci prezidenti olmuş Robert Köçəryana məxsus idi. Yəqin ki, partiya rəhbərliyindəki dəyişikliklə bağlı Köçəryan da öz mövqeyini ortaya qoyacaq.

Robert Köçəryan, birmənalı olaraq, rusiyapərəst siyasətçidir. ÇEP də daha çox rusiyapərəst partiya sayılırdı, nəinki qərbpərəst. Hətta Sarukyan siyasi virajından əvvəl Moskvaya yollanmış, şübhəsiz ki, orada nüfuzlu siyasi fiqurların dəstəyini qazanmağa çalışmışdı. İrəvanın siyasi dairələrində vaxtilə Sarukyanın Modest Kolerov ilə dostluğu geniş müzakirə mövzusu idi. Həmin dövrdə Kolerov Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi və "Reqnum" agentliyinin rəhbəri idi. Ermənistan Rusiyadan son dərəcə asılı vəziyyətdədir və İrəvanın Avrasiya İttifaqına üzvlüyündən sonra bu asılılıq daha da güclənib. Üstəlik, "Avrasiyaya inteqrasiya" "sıxışdırılmış" vəziyyətdə olan, qurumun digər üzvlərilə ümumi quru sərhədlərinə malik olmayan Ermənistana gözlənilən nəticələri gətirməyib. Bu, onun sosial və iqtisadi problemlərinin tezliklə həllinə səbəb ola da bilməzdi. Nəticədə, Ermənistanın siyasi həyatının istiqaməti son dərəcə aydın şəkil alıb. Bir yandan "hökumət kabinetlərində və dəhlizlərində" populyarlığını sürətlə itirməkdə olan Serj Sarqsyana meydan oxumağa, Moskvanın köməyi və dəstəyilə hakimiyyətə öz namizədlərini gətirməyə hazırlaşan qruplar formalaşmaqdadır. Bu cür "gizli rəqiblər" sırasında Ovik Abramyanın, Seyran Ohanyanın adları çəkilir. Digər tərəfdən isə parlament və "küçə" müxalifəti Ermənistanda getdikcə güclənməkdə olan "Avrasiya məyusluğu"ndan istifadə etməyə çalışır. Bu şəraitdə Zoqrabyan "qərbpərəst küçə müxalifəti"ndən olan siyasətçi rolu oynamaq zərurəti ilə üz-üzədir. Amma partiyanın belə dönüş etməsi Robert Köçəryanın, çətin ki, xoşuna gəlsin - onun əsas kozırı məhz Moskvada güclü mövqelərə malik olmasıdır.

Demək, Ermənistanın daxili siyasətindəki kulisarxası oyunlar daha da qızışacaq.


MƏSLƏHƏT GÖR:

637