18 May 2024

Şənbə, 19:56

QAYNAR QAZAN

Bitmək bilməyən müharibələr Yaxın Şərqi dağıdır

Müəllif:

14.04.2015

Yaxın Şərq nəhəng müharibə qazanına çevrilir. İraq və Suriya da daxil olmaqla, bir sıra ərəb dövlətlərinin ardınca, müharibə Yəməni də gəlib tapdı. O, istər qlobal, istərsə də regional qüvvələrin strateji maraqlarının mərkəzinə çevrilir.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə başladığı hərbi əməliyyatlar getdikcə qızışır. Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə, həmçinin Misir, İordaniya və Sudana məxsus qırıcılar əməliyyatlara havadan dəstək verir. Səudiyyə Hərbi Hava Qüvvələri şiə husilərin "Ansar Allah" hərəkatının mövqelərinə aviazərbələr endirir. Qeyd edək ki, hazırda Yəmənin böyük hissəsinə, o cümlədən paytaxt Sanaya husilər nəzarət edir. Koalisiya isə Səudiyyə Ərəbistanına qaçmış Yəmən prezidenti Əbd Rəbbi Hadini hakimiyyətə qaytarmaqda israrlıdır. Amma husilər də geri çəkilmirlər. Onlar nəinki Yəmənə qarşı təcavüzdə ittiham etdikləri koalisiyaya ciddi müqavimət göstərir, bütün ölkə ərazisində hakimiyyətlərini getdikcə gücləndirirlər.

Son günlər husilər ölkənin cənubunda yerləşən Ədən limanını da nəzarətə götürüblər. Şiə hərəkatının uğurları yalnız regionun islamın vəhhabi təriqətinə aid ərəb dövlətlərini deyil, əslində, vəhhabiliyin ən barışmaz bəndi olan "Əl-Qaidə" terror təşkilatını da Yəmənin yeni hakimiyyətini devirməyə hazır olduğunu ortaya qoymağa sövq edib. "Əl-Qaidə" husilərin lideri Abdul-Malik əl-Husinin və ölkənin eks-prezidenti, hələ "ərəb baharı" dövründə devrilmiş, hazırda "Ansar Allah" hərəkatı ilə əlaqələrdə şübhəli bilinən Əli Abdulla Salehin tutulmasına yardım edəcək şəxsə 20 kiloqram qızıl (təxminən, 774 min dollar) vəd edir.

Bu arada ərəb koalisiyasının həyata keçirdiyi hərbi əməliyyatlar zamanı Yəmənin dinc sakinləri də həlak olur. BMT-nin məlumatına görə, martın 26-dan, yəni, Yəmən şəhər və kəndlərinin bombalanmasına başlanıldığı gündən indiyədək 300-dən artıq dinc sakin, o cümlədən 74 uşaq həlak olub.

Buna rəğmən, koalisiya əməliyyatları qələbəyədək davam etdirmək fikrindədir. Səudiyyə Ərəbistanı şahzadəsi Səud əl-Feysəlin sözlərinə görə, "beynəlxalq koalisiya Yəməndə əməliyyatları vəziyyət sabitləşənədək davam etdirəcək".

Şübhəsiz ki, Ər-Riyad və müttəfiqlərinin əməlləri yalnız ərəb monarxiyasının husiləri devirmək, hakimiyyəti itirmiş prezident Əbd Rabbi Hadini geri qaytarmaq istəyilə bağlı deyil. Burada söhbət həm də Səudiyyə Ərəbistanının bütün islam dünyasının lideri rolunu möhkəmləndirmək niyyətindən gedir. Doğrudur, Ər-Riyad bu məqsədinə yalnız ABŞ-ın dəstəyi ilə nail ola bilər. Husilərə qarşı əməliyyatlara başlamazdan əvvəl səudiyyəlilərin Vaşinqtondan razılıq almaları da təəccüblü deyil. ABŞ Yəməndə hakimiyyətə islam dünyasının liderliyinə digər iddialı, İranla əlaqəli qüvvələrin gəlişindən əməlli-başlı narahatdır. Ər-Riyaddan fərqli olaraq, İran ABŞ-ın Yaxın Şərqdə hökmranlığına mane olmağa çalışır. Husi hərəkatının istər Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb monarxiyası, istərsə də ABŞ və bütünlükdə Qərb tərəfindən qəbul olunmaması da böyük ehtimalla, "İran təhlükəsi"nin genişlənə biləcəyi ilə bağlı narahatlıqdan irəli gəlir.

Tehran məlum səbəblərdən ərəb koalisiyasının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatları pisləyir. İranda hesab edirlər ki, beynəlxalq birlik Səudiyyə Ərəbistanının Yəmənə qarşı təcavüzünün qarşısını almaq üçün tədbirlər görməlidir. Bununla yanaşı, İran Yəməndaxili qarşıdurmada tərəflərin danışıqlar masası arxasına əyləşmələrini də vacib sayır. Bununla yanaşı, Tehran vəziyyətin həlli üçün göstərdiyi diplomatik cəhdlərlə yanaşı, müəyyən güc demarşları da edir. Məsələn, o, Bab-əl-Mandeb boğazı ərazisindəki Ədən körfəzinə 2 hərbi gəmi göndərdiyini bəyan edib. Tehran bu addımını "dənizçiliyin təhlükəsizliyinin təmini və beynəlxalq sularda İslam Respublikasının maraqlarının müdafiəsi" məqsədilə izah edib.

Ər-Riyad və müttəfiqlərinin Tehranın dənizdəki fəallığına reaksiyası isə gözlənildiyi kimi olub. Səudiyyə Ərəbistanının briqada generalı Əhməd Asiri iranlıların beynəlxalq sularda üzmək hüququnun olduğunu, lakin koalisiyanın onlara Yəmənin ərazi sularına daxil olmaq imkanı verməyəcəyini bəyan edib.

Bu arada regiondakı ümumi vəziyyəti "İslam dövləti"nin artmaqda olan fəallığı daha da gərginləşdirir. Bu terror təşkilatı hələ də İraq və Suriyanın bir hissəsini öz nəzarətində saxlayır. İndi onlar yalnız insanları qətlə yetirməklə kifayətlənmir, həm də mədəniyyət abidələrini məhv edir. "İslam dövləti"nin yaraqlıları Mosuldakı Baş Tapiya qəsrini partladıblar. Qeyd edək ki, bu qəsr XII əsrə aid məşhur memarlıq əsəri idi. 2014-cü ilin iyunundan terrorçuların nəzarətində olan Mosul şəhəri isə "İslam dövləti"nin paytaxtı elan edilib. Bu dövrdə terrorçular onlarca memarlıq abidəsini dağıdıb, yüzlərlə məscid, xristian kilsəsi yerlə-yeksan edilib. Darmadağın edilmiş mədəniyyət mərkəzləri arasında Mosulun Mərkəzi Muzeyi də var.

"İslam dövləti"nin hücumları indiyədək bir-birinə rəqib olmuş qüvvələri belə, ona qarşı birləşmək məcburiyyətində qoyur. Məsələn, İraqın kürd muxtariyyatı ilə mərkəzi Bağdad hökuməti radikal islamçılarla birgə mübarizəyə dair razılığa gəliblər. Söhbət xüsusilə Mosulun və bütünlükdə Nayvana əyalətinin terrorçulardan təmizlənməsi üçün birgə əməliyyatların keçirilməsindən gedir.

Radikal islamçılarla savaşda Suriya Silahlı Qüvvələri önəmli nailiyyətlər əldə edir. Suriya hərbçiləri İD-yə yaxınlığı ilə tanınmış "Cebhat An-Nusra" terror qruplaşmasının İdlib əyalətindəki bazasını məhv edib. Amma "İslam dövləti"nin lokal şəkildə vurulmasını bu təşkilatın, ümumilikdə, zəiflədilməsi kimi qiymətləndirmək olmaz. Məsələn, İD yaraqlıları Dəməşqdə fələstinli qaçqınların yaşadığı "Yarmuk" düşərgəsinə hücum edib. Bu mənada İD-yə qarşı olan qüvvələrin müqaviməti diqqət çəkir. Dəməşq ətrafındakı döyüşlərdə islamçılara qarşı yalnız Suriya ordusu deyil, həm də "Suriya Azadlıq Ordusu" (ASO) çıxır. 

Məlum olduğu kimi, o, bu yaxınlaradək rəsmi Dəməşqin ən barışmaz rəqiblərindən idi. Son aylarda Dəməşqlə ASO arasında barışıq yaşanmaqdadır. Suriya hökuməti "milli barışıq proqramı" elan edib, eyni zamanda, təslim olan silahlı müxalifətçilərə amnistiya elan edib (onların dinc sakinlərin güllələnməsində iştirak etmədikləri sübuta yetirilərsə).

Dəməşq ilə SAO arasında Suriya üçün son dərəcə vacib hədəfə - İD yaraqlılarının ölkədən çıxarılmasına nail olmaq baxımından vacib olan barışığın nə qədər uzun çəkəcəyini söyləmək çətindir. Hələlik SAO liderlərindən biri, müxalifətçi qrupla hökumət qüvvələri arasında aparılmış danışıqlarda iştirak etmiş Şeyx Saleh deyib: "İslam dövləti"nin əməlləri bizim üçün qəbuledilməzdir. Biz xalqlar və mədəniyyətlər arasında sülhə tərəfdarıq. Biz sivilizasiya və mədəniyyət tərəfdarıyıq. Onlar isə sünnilərdən başqa hər kəsi məhv etmək istəyirlər. Onların etdikləri əsl dəhşət, vəhşilikdir".

Bu arada Qərbin Suriya rəhbərliyinə münasibətdə tonunu dəyişdiyi də qeyd olunmalıdır. İD-nin İraq və Suriyadakı həmlələri ABŞ və Avropa İttifaqını Suriya prezidenti Bəşər Əsədlə kompromisə getməyin vacibliyinə inandırıb. "İslam dövləti"nin mövqelərinə zərbələr endirən beynəlxalq koalisiyanın ciddi uğur qazana bilməməsi Qərbi bu işdə Suriya rejiminə potensial müttəfiq kimi baxmağa məcbur edir.



MƏSLƏHƏT GÖR:

623