18 May 2024

Şənbə, 21:46

NİSBİ BARIŞIQ

Dağlıq Qarabağda atəşkəs razılaşmasının əldə olunmasından 21 il keçsə də, danışıqlarla dayanıqlı sülhün əldə edilməsi mümkün olmayıb

Müəllif:

26.05.2015

Hələ bu ilin əvvəlində əksər analitiklər, o cümlədən, bu məqalənin müəllifi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqların ilin ilk yarısında bərpası ehtimalını yüksək qiymətləndirmirdilər. Bu, İrəvanın və dünya erməniliyinin aprelin sonunda "1915-ci il soyqırımı"nın 100-cü ildönümü ilə bağlı miqyaslı tədbirlərə hazırlaşması ilə bağlı idi - ermənilər dünya birliyində özlərinə qarşı şəfqət hissi yaratmağa, bununla da ciddi təbliğbat, siyasi və iqtisadi dividendlər qazanmağa hazırlaşırdılar.

Ermənilər düşünürdülər ki, beynəlxalq təzyiqlər Ankaranı Bakının maraqlarını nəzərə almadan İrəvanla münasibətlər qurmağa məcbur edəcək, nəticədə, Azərbaycanla danışıqları daha güclü mövqedən davam etdirmək imkanı yaranacaq. Lakin bu hesablamalar özünü doğrulmadı. Türkiyə əcdadlarının boynuna qoyulan mifik "soyqırımı" qəti şəkildə inkar etdi və Azərbaycanla müttəfiqlikdən imtina etməyəcəyini göstərdi. Bunun ən yaxşı göstəricisi bu yaxınlarda Naxçıvanda keçirilmiş birgə hərbi təlimlər sayıla bilər. Cəbhə xəttində isə lokal insidentlər davam edir. Erməni silahlıları arasında ölənlər və yaralananların sayı Azərbaycan tərəfinin itkilərindən qat-qat çoxdur. Bu, dolayısı ilə Azərbaycan Ordusunun hərbi hazırlıq vəziyyətinin artdığının göstəricisidir. Hazırda iyunda Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar olaraq, atəşkəs rejiminin pozulması halları azalıb. Bu vacib, miqyaslı idman tədbirinin Olimpiada xarakteri daşıması sülhün daha ciddi şəkildə qorunmasını zəruri edir. Bu baxımdan, cəbhə xəttində gərginliyin azalmasının münaqişənin həllinə dair danışıqların yay-payız aylarında bərpası üçün şərait yaradacağına ümid etmək olar.

ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar prosesində yaranmış pauzadan "sakit diplomatiya" üçün yararlanmağa çalışıblar. Onlar bu müddət ərzində Azərbaycan və Ermənistanın XİN başçıları ilə bir neçə görüş keçirib, Minsk qrupunun üzvü olan dövlətlərin təmsilçiləri ilə məsləhətləşmələr aparıblar. KİV üçün daha açıq olan amerikalı həmsədr C.Uorlikin tvitlərinə inansaq, hazırda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi üçün təkliflər hazırlanır. Bunun nəsə yenilik olacağına inanmaq çətindir. Güman ki, söhbət yenə də məşhur "Madrid prinsipləri"nin interpretasiyasından, adaptasiyasından gedəcək. 

Məlum olduğu kimi, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə nail olunması üçün aparılan danışıqlar illərdir, məhz bu prinsiplər əsasında davam etdirilir.

Minsk qrupu tərəfindən konseptual yeni yanaşma və təkliflərin olmaması, çətin ki, vasitəçi diplomatların fantaziya azlığından və ya qeyri-peşəkarlığından irəli gəlsin. Məsələ ondadır ki, kompromislərə söykənən mümkün dinc həllin çərçivəsi çox məhduddur və mövcud hərbi-siyasi vəziyyət, qarşı-qarşıya duran tərəflərin qüvvələr nisbəti, həmçinin fövqəldövlətlərin üst-üstə düşməyən maraqlarından asılıdır.

Hazırda danışıqlar masası üzərində olan "Madrid prinsipləri" müəyyən mənada "heç-heçə"nin diplomatik baxımdan rəsmiləşdirilməsidir. Sənədə əsasən, münaqişənin həlli prosesi elə səviyyəyə çatdırılmalıdır ki, hərbi əməliyyatların bərpa olunmayacağına tam zəmanət verilsin, Azərbaycanın işğal altındakı rayonları "5+2" formatında boşaldılsın və dinc münasibətlər bərpa olunsun. Buna nail olunması üçün daha ciddi məsələ - Dağlıq Qarabağın statusu məsələsi mötərizədən kənara çıxarılmalıdır. Bunun əvəzində, "keçid statusu" təklif olunur. Bu isə faktiki olaraq, hazırkı durumun leqallaşdırılması deməkdir - Dağlıq Qarabağ Bakıya birbaşa tabe olmur və danışıqlar artıq sülh şəraitində davam etdirilir.

"Madrid prinsipləri"nin Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi proseduruna dair maddəsi bilərəkdən qeyri-müəyyən saxlanılıb. Məqsəd onun münaqişənin hər iki tərəfi üçün qəbuledilən olmasıdır. Sənəddə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün bölgə vətəndaşlarının iradəsi əsas göstərilir. Amma orada nə bu vətəndaşların dairəsi, nə "sorğu və ya referendum"un keçirilməli olduğu müddət birmənalı şəkildə göstərilir. Bütün bunlar sonrakı danışıqların predmeti olmalıdır. Hələ bir neçə il əvvəl Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayzə mənimlə və bir neçə digər azərbaycanlı ekspertlə şəxsi söhbəti zamanı bu məsələdə diplomatların diplomatiyada "konstruktiv qeyri-müəyyənlik" adlandırılan üsula əl atdıqlarını söyləmişdi. Onun sözlərinə görə, bu, danışıqlar prosesinin irəli aparılmasına kömək edir.

Yenilənmiş "Madrid prinsipləri"ni qəbul etmiş Azərbaycan Prezidenti İlham Əliyev isə qarşılıqlı kompromis məsələsində daha irəli gedib. O, Rusiyanın "Rossiya-24" telekanalına müsahibəsində bildirib ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasından sonra onlara təhlükəsizlik təminatı veriləcək, iqtisadi yardım göstəriləcək, uzun müddətə (20-30 il) keçid statusu veriləcək və bu, daimi statusla bağlı razılığın əldə olunmasınadək davam edəcək.

Bu cür aydın mövqenin ortaya qoyulmasına rəğmən, İrəvanın siyasətçiləri, təbliğatçıları və "vəkilləri" Bakını qeyri-konstruktivlikdə, davamlı olmamaqda günahlandırırlar. Əslində, uzumüddətli və dayanıqlı sülhün əldə olunmasına səbəb məhz ermənilərin vasitəçilər tərəfindən təklif olunmuş və Azərbaycanın qəbul etdiyi "heç-heç"ə ilə barışmamasıdır. Onlar öz qələbələrini qəbul etdirmək, Dağlıq Qarabağın konkret müddətə (5-10) sesessiyasına razılıq almaq, üstəlik, Ermənistanla "quru dəhlizi" kimi, Laçın və hətta Kəlbəcər rayonlarının bir hissəsini nəzarətdə saxlamaq istəyirlər. Bakı isə bu variantı hələ demoqrafik və iqtisadi baxımdan qarşı tərəfdən qat-qat üstün olmadığı, güclü silahlı qüvvələrinin olmadığı dövrlərdə belə, rədd edib. Azərbaycanın indiki şəraitdə bu variantı qəbul edəcəyini gözləmək absurddur. Məhz bunun nəticəsində sülh danışıqlarında heç bir irəliləyiş baş vermir.

Ermənilər tərslikləri ilə tanınırlar və özlərini hər zaman misilsiz alver ustası sayırlar. Lakin indi prezident Serj Sarqsyan və onun dardüşüncəli xarici işlər naziri Edvard Nalbandyan danışıqlarda hər hansı faydalı təklif irəli sürmək iqtidarında deyillər. Onlar qərarların qəbulunu ləngitmək ümidi ilə mənasız şəkildə vaxt uzadır, bunu özləri üçün faydalı sayırlar. Sarqsyan bir şahmatçı olaraq (o, Ermənistanın Şahmat Assosiasiyasının da prezidentidir), suqsvanq vəziyyətində ikən qaçılmaz gediş haqqında düşünür. Lakin vaxt gedir və onun saatında müddət bitə, yəni, hərbi əməliyyatlar bərpa oluna bilər. Bu halda, şübhəsiz ki, güc Bakının tərəfində olacaq. Bu, Ermənistan üçün məğlubiyyət deməkdir. Sarqsyan və komandası güzəştlərə getməmək, eyni zamanda, hərbi çətinliklərlə üzləşməmək üçün yalnız hazırkı status-kvonun möhkəmlənməsinə çalışır. Onlar fövqəldövlətlərin köməyi ilə Azərbaycanın işğal altındakı ərazilərinin güc yolu ilə azad olunması kimi qanuni hüququndan imtina etməsinə nail olmaq istəyirlər.

Ermənilərin bu istəklərinə Rusiya XİN başçısı Sergey Lavrovun ortaya atdığı "çərçivə razılaşması" ilə nail olmaq cəhdləri hələ bir neçə il əvvəl Kazan görüşündə iflasa uğramışdı. İndi isə onlar 1994-cü il mayın 12-də Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistanın müdafiə nazirləri arasında imzalanmış "Atəşkəs razılaşması"nın "müddətsiz xarakteri"ni qabardırlar. Lakin nə "Bişkək protokolu"nda, nə də sözügedən razılaşmada atəşkəsin müddətsizliyi ilə bağlı hər hansı fikir yer alır. Ermənistan KİV və siyasətçiləri bu məsələdə Minsk qrupunun sabiq rusiyalı həmsədri Vladimir Kazimirovun şifahi hiyləbazlığına daha çox inanıb. Kazimirov isə məlum olduğu kimi, hər zaman özünü ermənilərin vəkili kimi aparıb. Atəşkəs razılaşmasında onun qüvvəyə minmə tarixindən (12 may 1994-cü il) başqa, yalnız bir tarix əks olunub. Orada isə söhbət danışıqların aparılması və silahlı münaqişəyə son qoyulması üçün 10 günlük müddətdən gedir. Müvafiq olaraq, ermənilərin iddialarının əksinə olaraq, bu razılaşma müddətsiz yox, müvəqqəti xarakter daşıyıb və bunu o dövrdə Ermənistanın dövlət müşaviri işləmiş David Şahnazaryan da 1in.am saytına müsahibəsində açıq şəkildə etiraf edib. Beləliklə, bir məqamı əminliklə söyləmək olar: 22 may 1994-cü ildən sonra atəşkəs razılaşması yalnız tərəflərin xoş məramı hesabına qorunub-saxlanılır və burada məqsəd münaqişənin sülh yolu ilə həlli üçün sülh danışıqlarının davam etdirilməsidir.

Məlum olduğu kimi, silahlı münaqişənin həllinə dair razılaşmaya nə 10 günə, nə 10 aya, nə də 10 ilə nail olunub. Səbəb isə ermənilərin öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaqdan imtinasıdır. Halbuki, bunu BMT TŞ-nin 4 qətnaməsi (822, 853, 874, 884) də tələb edir. Danışıqlar prosesini dalandan çıxarmaq mümkün olmasa, Bakı atəşkəs razılaşmasının qüvvədən düşdüyünü elan etmək, işğal edilmiş ərazilərinin güc yolu ilə boşaldılmasına qərar vermək hüququna malikdir. Bunu ölkə başçısı İlham Əliyev də dəfələrlə açıq şəkildə dilə gətirib. Ölkənin gücünü getdikcə artıran silahlı qüvvələri isə prezidentin bu xəbərdarlıqlarının əyani sübutudur. Yaxşı olardı ki, ermənilər və onlara himayədarlıq edən fövqəldövlətlər bu siqnalları düzgün qəbul etsin, münaqişənin hərbi yolla həllinin mümkün olmadığını deyərək, özlərini sakitləşdirməyə çalışmasınlar.

Təəssüf ki, dünyanın ən nüfuzlu hərbi-siyasi (NATO) və siyasi-iqtisadi (Avropa İttifaqı) strukturları beynəlxalq hüquqa uyğun mövqe ortaya qoymaqdansa, heç bir önəmi olmayan, əslində, ermənilərdə öz əməllərinin cəzasız qalacağına əminlik yaradan bəyanatlar səsləndirməklə məşğul olurlar. Məsələn, NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bu yaxınlarda verdiyi açıqlamasında Şimali Atlantika Alyansının Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dilə gətirib. Onun sözlərinə görə, NATO problemin yalnız dinc yolla həllini mümkün sayır. Appaturay qoşunların təmas xəttində gərginliyin artmasından narahatlıqlarını da dilə gətirib.

Avropa İttifaqı Şurasının sədri Donald Tusk da təxminən, eyni məzmunlu bəyanat səsləndirib. "Şərq tərəfdaşlığı" ölkələrinin jurnalistlərinə müsahibəsində o bildirib ki, "Bu problemi (Dağlıq Qarabağ münaqişəsi) dialoq yolu ilə çözmək lazmıdır. Bizim başqa yolumuz yoxdur. Bəzi siyasətçilər Avropa İttifaqının hərbi varianta dəstək verəcəyini gözləyirlər. Lakin realist olmaq lazımdır - bu, mümkün deyil. Biz həlli dialoq vasitəsilə axtarmalıyıq".

Cənab Tusk vaxtilə Polşanın Baş naziri olmuş təcrübəli siyasətçidir. Hazırda Avropa İttifaqının prezidenti olan Tusk yaxşı bilir ki, Brüsseldən münaqişəyə hərbi müdaxilə tələb edən yoxdur. Çünki Aİ-nin birbaşa cəlb olunduğu Dnestryanı və Cənubi Osetiya münaqişələri zamanı belə, birlik Kosovodan fərqli olaraq, oraya polis qüvvələri göndərməyib. Amma, eyni zamanda, Bakı Avropa İttifaqından bir şeyi israrla tələb etmək hüququna malikdir: Aİ İrəvanın BMT TŞ-nin məlum qətnamələrinə əməl etmək istəməməsini birmənalı şəkildə pisləməlidir. Donald Tusk "Şərq Tərəfdaşlığı" proqramında proqramın digər iştirakçısının (Azərbaycan) ərazilərini işğal etmiş ölkənin (Ermənistan) yer almasının, ona maliyyə dəstəyinin göstərilməsinin nə qədər doğru olub-olmadığı haqqında da danışa bilərdi. Təəssüf ki, o, aydın və qəti mövqe ortaya qoymaqdansa, dialoqun vacibliyinə dair sürüşkən tövsiyələr verməklə kifayətlənib.

Nə qədər ki, Minsk qrupunda yer almış vasitəçilər, müxtəlif ölkələrin, beynəlxalq təşkilatların rəhbərləri ümumi bəyanatlar səsləndirməklə məşğul olacaqlar, münaqişənin həlli ilə bağlı detallı danışıqlara başlanılmayacaq, yeni gərginlik dalğaları qaçılmaz olacaq. Sporadik toqquşmalar, atışmalar hansısa mərhələdə miqyaslı hərbi qarşıdurmaya çevrilə bilər və bu halda beynəlxalq strukturlar təcili tədbirlər görmək məcburiyyətində qalacaq.

Ölkəsini iqtisadi tənəzzül bataqlığına salmış, sosial-demoqrafik deqradasiya ilə üzləşdirmiş Ermənistan rəhbərliyi yaxınlaşmaqda olan qaçılmaz fəlakətdən yayınmaq üçün yeni hərbi avantüraya da əl ata bilər. Ölkənin müdafiə nazirinin birinci müavini David Tonoyan Tert.am saytına müsahibəsində Bakıda keçiriləcək Birinci Avropa Oyunlarından sonra Azərbaycanın fəal hərbi toqquşmalara yol açacağını "gözlədiyini" bildirib. Amma onun bir fikri ermənilərin təcavüzkar məqsədlərinin üstünü kifayət qədər açır. Tonoyan bildirib ki, yeni silahlanma yarışı şəraitində artıq "DQR" ətrafındakı "təhlükəsizlik zonası" erməni tərəfi üçün kifayət deyil. Beləliklə, ənənəvi olaraq ermənilərə himayədarlıq edən fövqəldövlətlər artıq bu xalqı öz kriminal-oliqarx rəhbərliyinin zalım iradəsindən xilas etmək haqda düşünməlidir.



MƏSLƏHƏT GÖR:

622