16 May 2024

Cümə axşamı, 17:41

"1 NÖMRƏLİ" VƏZİFƏ

İran rəhbərliyinin əsas planı neft ixracını kortəbii artırmaq yox, milli təhlükəsizliyi təmin etməkdir

Müəllif:

15.09.2015

İranın nüvə proqramı ilə bağlı yekun razılaşmanın əldə olunması (o, həm də Tehrana tətbiq edilmiş sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur) dünyada belə bir fikir yaradıb: indi rəsmi Tehran itirilmiş mövqeyini bərpa etmək üçün dünya bazarlarını neft və təbii qazla dolduracaq. Lakin hər şey ilk baxışdan göründüyü kimi deyil. Tehranın ilk addımı ölkə təhlükəsizliyinin gücləndirilməsinə yönələ bilər. Bununla yanaşı, iranlıların dünyanın neft bazarında, onsuz da, kövrək olan qiymət balansını birdəfəlik dağıtmaqdansa, müasir texnologiyalar əldə etməyə çalışacaqları istisna deyil.

İran rəhbərliyi ölkədə neft və qaz hasilatını artırmaq üçün "donu açılmış" aktivlərindən istifadə etməyə tələsmir. Bundan başqa, Tehran neft-qaz sektoruna yatırdığı investisiyaların həcmini minimuma endirməyi, onu iqtisadiyyatın digər sahələrinə yönəltməyi düşünür.

Tehran neft-qaz sektoruna xarici investisiyaların cəlbinə çalışır və bunun üçün yalnız Qərb deyil, həm də Rusiya və Çin şirkətlərini geri çağırır. Britaniyanın "BP" şirkətinin məlumatına görə, 2014-cü ildə İranda neft hasilatı sutkada 3,6 milyon barel təşkil edib. 2011-ci ildə isə bu göstərici 4,4 milyon olub. Bundan başqa, sanksiyaların tətbiq edilməsindən əvvəlki dövrlə müqayisədə İrandan "qara qızıl"ın ixracı sutkada 1 milyon barel azalıb.

Ötəri hesablamalara görə, İran rəhbərliyinin dünya bazarlarına əvvəlki həcmdə neft ixrac etməsi üçün 100 milyardlarla dollar tələb olunur.

Müqayisə üçün qeyd edək ki, ötən il İranın neft sektoruna cəmi 6 milyard dollar investisiya yatırılıb. Hazırda neftin 1 barelinin qiymətinin 50 dollar olduğunu nəzərə alsaq, xarici neft-qaz şirkətlərinin İrana külli miqdarda investisiya yönəldəcəklərini gözləmək olmaz. Yəni İranın dünya bazarına neft ixracı sahəsindəki potensialını şişirtməyə ehtiyac yoxdur.

İranın Avropa İttifaqı ölkələrinə təbii qaz ixrac edəcəyilə bağlı gözləntiləri çox şişirdilib. Yenə də Britaniyanın "BP" şikrətinin məlumatı: 2014-cü ilin nəticələrinə əsasən, İran dünyada təbii qaz ehtiyatının həcminə görə ilk yerdədir (34 trilyon kubmetr və ya dünyada mövcud olan ümumi qaz ehtiyatının 18,2%-i). Bu baxımdan, 2013-cü ildə İranın qaz qıtlığı yaşaması təəccüblü sayıla bilər. 2014-cü ilin sonuna Tehran təbii qaz hasilatını 8 milyard kubmetr artıraraq 172,6 milyard kubmetrə çatdırıb. Müqayisə üçün - "BP"nin məlumatına görə, 32,6 trilyon kubmetr təbii qaz ehtiyatı olan Rusiya 2014-cü ildə 578,7 milyard kubmetr qaz hasil edib.

İndi İran rəhbərliyi öz qazının satışı üçün prioritet bazarları müəyyənləşdirir. Aydındır ki, qaz hasil edən ölkələrin əksəriyyəti üçün qiymətlərin kifayət qədər yüksək olduğu Avropa bazarı "yağlı tikə"dir. Lakin Tehranın Qərb istiqamətində qaz nəql edilməsi üçün 4 min kilometr uzunluğunda boru xətti inşa olunmalıdır. Bu üzdən də, İran üçün ən azı yaxın perspektivdə Şərq, ilk növbədə, Pakistan, oradan Hindistan və Çin istiqaməti daha cəlbedicidir. Yeri gəlmişkən, Pakistan rəhbərliyi Çin şirkətilə 435 mil (700 kilometr) uzunluğunda qaz kəmərinin tikintisilə bağlı danışıqlar aparır. Bu, İran qazının Pakistana nəqlinə imkan verəcək. Layihənin dəyəri 1,5-1,8 milyard dollar arasındadır. Onun 85%-nin Çinin ayırdığı kredit, qalan hissəsinin isə Pakistanın hesabına ödənilməsi nəzərdə tutulur.

Suriya və İraqda "İslam Dövləti" təşkilatı ilə şiddətli döyüşlərin getməsilə əlaqədar regionda vəziyyətin sürətlə ağırlaşması isə Tehran üçün milli təhlükəsizliyin təmini məsələsini ön plana çıxarır. Odur ki, İran ordusunun müasir silahlarla silahlandırılması məsələsinin nə qədər aktual olduğu aydındır.

Müxtəlif mənbələrə görə, İrana tətbiq edilmiş sanksiyaların tam aradan qaldırılması prosesi 2016-cı ilin yazından tez başlamayacaq. Rəsmi Tehran isə artıq indidən Moskva ilə İran ordusunun texniki təchizatının yenilənməsilə bağlı fəal danışıqlar aparır. Söhbət İranla Rusiya arasında hərbi-texniki əməkdaşlıqdan gedir. Bu isə heç də yalnız "S-300" zenit-raket komplekslərinin alqı-satqısını nəzərdə tutmur. Hazırda İran Rusiyadan "MiQ" və "Su" hərbi təyyarələrinin alınması imkanlarını da nəzərdən keçirir.

Rusiya rəhbərliyi İrana "Superjet 100" və "Tu-204SM" sərnişin təyyarələrinin satışının da əleyhinə deyil. Amma İranın aviaparkı nə qədər köhnə olsa da, Rusiyanın sərnişin təyyarələri onları hərbi təyyarələr qədər cəlb etmir. Bu seqmentdə mülki aviasiya parkının yenilənməsindən qazanan "Boeing" və "Airbus" şirkətləri olacaq. İran yaxın 10 ildə onlardan dəyəri, təxminən, 20 milyard dollar təşkil edəcək 80-90 təyyarə almağı planlaşdırır.

İran, ilk növbədə, Qərb şirkətlərinin investisiyalarına deyil, texnologiyalara ehtiyac duyur. Ölkə neft-qaz quyularının məhsuldarlığının artırılması, onların istismar müddətinin uzadılması üçün bu sahədə də müasir texnologiyalar əldə etmək istəyir. Bəs, ABŞ və Avropa İttifaqı güclü, müstəqil siyasət yürüdən şiə İranı görməyə hazırdırlarmı? Hər halda, Tehranın Ağ Evin və Brüsselin əlində siyasi oyuncaq olmayacağı aydındır.

Müvafiq olaraq, rəsmi Tehranın artıq yaxın illərdə ABŞ və Aİ münasibətlərinin yenidən gərginləşəcəyi istisna deyil.


MƏSLƏHƏT GÖR:

529