15 May 2024

Çərşənbə, 07:02

MÜƏMMALI "MAYDAN"

Moldova Avropanın təhlükəsizliyi baxımından növbəti böhran mənbəyinə çevriləcəkmi?

Müəllif:

15.09.2015

Kişinyovun mərkəzində baş verənlərdə "adi maydan" əlamətləri hərtərəfli hiss edilməkdədir - təşkil olunmuş könüllülər, mütəşəkkil infrastruktur, sosial şəbəkələrdə dəstək, çadırlar, korrupsiya və oliqarxlar əleyhinə şüarlar. Ardınca rəmzi qurban və hər kəsə məlum ssenari yaşana bilər. Amma hər şeyin tam fərqli ssenari ilə inkişaf etməsi də mümkündür. Janrın klassikası, yəni, Ukrayna nümunəsi, əlbəttə ki, hər zaman gözlər önündədir. Lakin hazırda Kişinyovda yaşananlar, çətin ki, Kiyev hadisələri ilə müqayisəyə gəlsin. Ən azı ona görə ki, hazırda Moldova maydanında qarşı-qarşıya duran qüvvələrin mahiyyətindən baş açmaq asan deyil. Özünüz qiymət verin: insanlar milli bayraqlarla, həmçinin Rumıniya və Avropa İttifaqının bayraqları, Avropaya inteqrasiya və oliqarxlarla mübarizə şüarları ilə bir araya gəliblər. Onlar onsuz da birmənalı şəkildə avropapərəst sayılan hökumətin istefasını tələb edirlər. Halbuki, hökumətin proqramı onsuz da mitinqçilərin bütün tələblərinə cavab verir... Bu üzdən də müşahidəçilər çaşıb-qalıblar: bu, rusiyapərəst qüvvələrin aksiyasıdır, xalqın oliqarxlara qarşı etirazıdır, bayağı mülkiyyət bölgüsüdür, Vaşinqtonun Moskvaya, eyni zamanda, Avropaya qarşı incə gedişidir, yoxsa sadəcə, qərbli tərəfdaşların hazırkı hökumətə xəbərdarlıq siqnalıdır?

Kişinyovda sentyabrın 6-dan başlanmış mitinqi DA (Demnitatea si adevar - "Ləyaqət və həqiqət") vətəndaş platformasının təmsilçiləri təşkil ediblər. Sonradan radikal əhvallı kifayət qədər üzvü olan "Bizim evimiz - Moldova" partiyasının ("Qırmızı blok") üzvləri və tərəfdarları da mitinqçilərə qoşulublar. Müxtəlif məlumatlara görə, Hökumət evinin qarşısındakı meydana minlərlə insan toplanıb (Moldova üçün istənilən halda çoxdur). Mitinqə çıxanlar ən müxtəlif zümrələrin təmsilçiləridir: işsiz fəallar, avaralar, tələbələr, radikal gənclər, pensiyaçılar, ziyalılar, Dnestryanı bölgə müharibəsinin iştirakçıları, anarxistlər, fermerlər və s. Nümayişə çıxanların tələbləri də eyni dərəcədə müxtəlifdir - prezidentin və hökumətin, baş prokurorun və hüquq-mühafizə orqanları rəhbərliyinin istefası, növbədənkənar parlament seçkisinin keçirilməsi, korrupsiya ilə mübarizə, kənd təsərrüfatı sahəsindəki problemlərin həlli, kommunal xidmət tariflərinin aşağı salınması, müəllimlərin əməkhaqqının, tələbələrin təqaüdünün artırılması.

Nümayişçilərə daha bir dəstək Sosialistlər Partiyasından və onun lideri İqor Dodondan gəlib. Qeyd edək ki, bu partiya 2014-cü il seçkisində hər kəsi təəccübləndirə bilib. İndi o, oliqarxların hökumətdən kənarlaşdırılmasını, deputat toxunulmazlığının ləğvini, Milli Bankın rəhbərinin, baş prokurorun, MKS sədrinin və Enerjinin Tənzimlənməsi üzrə Milli Agentliyin rəhbərinin istefasını tələb edir. Sosialistlərin əsas tələbi isə dövlət başçısının əvvəllər olduğu kimi, xalq səsverməsi yolu ilə seçilməsi prosedurunun bərpasıdır. Sosialistlərlə DA fəalları arasında əsas fərq ondan ibarətdir ki, birincilər Avropaya tam inteqrasiyanın, ölkənin NATO-ya üzvlüyünün və Rumıniya ilə birləşmənin əleyhinədirlər.

6 sentyabr aksiyası, ümumilikdə, dinc şəraitdə keçib. İstisna kimi yalnız baş prokurorluğun binasına hücum cəhdi zamanı polislə toqquşmanı və həbsləri (bu da əsasən "Qırmızı blokçular"ın "təşəbbüsü ilə" baş verib) göstərmək olar. Həmin insident nəticəsində sabiq deputat, "Qırmızı blok"un lideri Qriqori Petrenko və onun bir neçə tərəfdarı həbs ediliblər. Onlar 1 ay müddətinə həbsdə qalmalıdırlar. Aksiya zamanı başqa insident baş verməyib. Nümayişçilər isə hökumətin onların tələblərinə lazımi reaksiyanı göstərməyəcəyi təqdirdə dövlət qurumlarını mühasirəyə alacaqlarını bildirirlər. Etirazçı hərəkatın liderlərindən olan Andrey Nestasın sözlərinə görə, nümayişçilər istəklərinə nail olmaq üçün aksiyanı fasiləsiz olaraq davam etdirməlidirlər. Böyük Məclis meydanında artıq çadır şəhərciyi qurulub. Təşkilatçılar onu "Ləyaqət və ədalət şəhərciyi" adlandırır. Buna cavab olaraq, Prezident Aparatının rəhbəri Ion Peduraru Moldova prezidenqti Nikolay Timoftinin istefa verməyəcəyini bəyan edib. O, fikrini dövlət başçısının istefasının "ictimaiyyətin və ölkənin maraqlarına uyğun olmaması" ilə əsaslandırıb.

Moldovanın baş naziri Valeri Streles isə öz növbəsində "ölkədə sabitliyin pozulmasında maraqlı olan qüvvələrin çoxluğundan" danışıb. O hesab edir ki, həmin qüvvələrin məqsədi "Moldovanı Avropaya inteqrasiya kimi strateji yoldan döndərməkdir". "Siz bununla razısınızsa, biz müzakirələr aparmağa, bütün bu problemlərlə məşğul olacaq komissiya yaratmağa hazırıq. Təkrar edirəm: hökumətin istefası istisna olmaqla, bütün məsələləri müzakirə edə bilərik", - deyə Streles qəti şəkildə bəyan edib. Nümayişçilər isə bu cür danışıqlardan imtina edir.

Vətəndaş platformasının arxasında konkret olaraq kimin dayandığına dair versiyalar yağışdan sonra göbələk kimi artmaqdadır. DA tərəfdarları bildirir ki, onların arxasında heç bir oliqarx dayanmır və dəstəyi yalnız xalqdan, həmçinin qərbli tərəfdaşlardan alırlar. Onların əleyhdarları isə ziddiyyətlər içərisindədirlər - gah onlar üçün maydan antiavropa əhvallı, radikal solçu və rusiyapərəstdir, gah da amerikapərəst və millətçi. Daha bir müəmma yerli oliqarxların "maydanlaşması"ndadır.

Mitinqçilərin məhz qərbpərəst hökumətdən narazı olmaları ilk olaraq nümayişin rusiyapərəst qüvvələr tərəfindən təşkil olunduğu qənaətini yaradıb. Lakin nümayişçilərin Avropaya inteqrasiya kursunun daha ardıcıl davam etdirilməsi ilə bağlı tələblər irəli sürməsi, əllərində Moldova, Rumıniya və Avropa İttifaqı bayraqları tutması bu fikrin əsaslı olduğuna şübhələr yaradıb. Müşahidəçilərin fikrincə, hazırda Moldovada aranın qarışması Moskvaya qətiyyən sərf etmir. Bu, ilk növbədə, Dnestryanı münaqişə ilə bağlıdır: "Ukrayna ssenarisi"nin təkrarlanacağı təqdirdə Dnestryanı bölgə Rusiya üçün ikinci Krıma çevrilə bilər. Amma onun Vladimir Putinə Krım kimi qansız və zəfərlə başa gələcəyi inandırıcı deyil. Ukrayna ilə münaqişənin davam etdiyi şəraitdə Kreml daha bir münaqişəyə cəlb olunmağı arzulamır (bu, həm də yeni sanksiyalarla üzləşmək deməkdir). Bundan başqa, sanki xəbərdarlıq olaraq, sentyabrdar tanınmamış respublika ətrafında Ukrayna, Rumıniya, Türkiyə və Moldova ordularının iştirakı ilə yerüstü təlimlər keçirilir. Təlimlərdə say və təchizat baxımından əsas rolu isə ABŞ oynayır. Pentaqonun məlumatına görə, təlimlərdə məqsəd böhranlı bölgələrdə təhlükəsizliyin təmini üçün çoxmillətli əməliyyatların təşkilidir. Tanınmamış Dnestryanı Respublikasının düz yanında Ukraynanın Odessa vilayəti yerləşir - oranın qubernatoru isə Mixail Saakaşvilidir. Bundan başqa, dekabrda parlament seçkisi keçirməyə hazırlaşan "Dnestryanı Respublika"nın özündə hazırda kifayət qədər gərgin daxili siyasi vəziyyət müşahidə olunmaqdadır. İstənilən halda, maydan hakimiyyətə Rusiya üçün indikindən daha arzuolunmaz qüvvələri gətirə bilər. İdarəolunan proses üçün isə Rusiyanın Moldovada arxalana biləcəyi qüvvə yoxdur. Çünki hətta kommunistlər belə, Avropaya inteqrasiya kursu yürüdürdülər. Uzun illərdir "Avropa solçuları" partiyası ilə Beynəlxalq Ittifaqda olan Kommunist Partiyası (MRKP) Moldovanın Rusiya və Belarus İttifaq Dövlətinə daxil olmasına qarşıdır. Vaxtilə MRKP-dən qompuş sosialistlər isə bu mənada daha rusiyapərəst və kommuist mövqeyi ortaya qoyurlar. Lakin onlar kifayət qədər resursa malik deyillər. Üstəlik, onların Rusiya ilə tərəfdaşlıq məsələsində birmənalı mövqe ortaya qoyduqlarını da söyləmək olmaz.

Hazırda Moldovada hakimiyyət "avropapərəst qüvvələr"in əlindədir. Onlar 2009-cu ildə "Tvitter inqilabı" və ya "kərpic inqilabı" adlandırılan proses sayəsində hakimiyyəti kommunistlərdən qoparmağa nail olublar. "Demokratik koalisiya" islahatlar proqramı təşəbbüsü ilə çıxış edib və birmənalı olaraq, Avropaya inteqrasiya kursu götürüb. Lakin bəla ondadır ki, hökumət məqsədlərinə nail ola bilməyib: iqtisadi problemlər getdikcə dərinləşib, ölkədə bir-birinin ardınca korrupsiya qalmaqalları baş verib. "Avropa Moldovası uğrunda alyans"ın (Liberal-Demokrat Partiyası, Demokratlar Partiyası, Liberal Partiya) zəifliyi xüsusilə 2014-cü il seçkisindən sonra özünü göstərib. "Avropalılar" toparlana biliblər və birlikdə toplanmış səslər onlara kifayət edib. Lakin, seçkinin nəticəsinə görə, sosialistlər birinci, kommunistlər isə üçüncü olublar. Demək, "alyans" xalqın simpatiyasını itirib.

Avropapərəst koalisiya siyasi mənadan son dərəcə dayanıqsızdır. Koalisiyada tez-tez daxili çəkişmələr baş verir və bunu kənardan müşahidə edənlər sanki çaşıb qalırlar. Müxtəlif strukturlarda nüfuz mübarizəsi yaşanır, bəzən bu mübarizə çirkin üsullarla aparlır. İdeoloji baxımdan isə Avropaya inteqrasiya tərəfdarları arasında Aİ ilə yaxınlaşmanın dərəcəsi və müddətilə bağlı fikir ayrılıqları var - bu, Rumıniyanın tərkibində inteqrasiya olmalıdır, yoxsa Moldova Avropaya öz müstəqilliyini qoruyaraq inteqrasiya etməlidir? Son illərdə ölkədə siyasi və iqtisadi elitalar formalaşıb. Onlar öz mövqelərini Rumıniyanın xeyrinə itirmək istəmir. Bu səbəbdən də həmin qüvvələr unionistlərə müqavimət göstərir. Belə ziddiyyətlər çətin ki, xalqın simpatiyasına səbəb olsun.

Bundan başqa, ölkənin 3 bankından milyard dolların itməsi xalqın seçdiyi qüvvələrə inamın daha da azalmasına səbəb olub. İtmiş vəsait Moldova kimi kiçik və zəngin olmayan dövlətin ÜDM-nin 12%-dən çoxdur. Məzuniyyətdə olan moldovalı məmurlar üçün xoşagəlməzliklər silsiləsinin son həddi isə Avropa Şurasının baş katibi Turbern Yaqlandın məruzəsi sayıla bilər. O, məruzəsində Moldovanı "Avropanın təhlükəsizliyi baxımından növbəti potensial böhran mənbəyi" adlandırıb. "Moldova valyutası ucuzlaşır, faiz dərəcələri artır, istehsalat tənəzzülə uğrayır", - deyə Yaqland məruzəsində bildirib. O, Moldova hökumətinin fəaliyyətsizliyinin baha başa gələcəyini açıq şəkildə qeyd edib: "Şaxtalı qış ayları ərəfəsində aztəminatlı ailələr üçün sosial proqramlar ixtisar olunacaq".

İndi baş nazir V. Streles etirazçı əhvalın artmasının BVF missiyasının Kişinyova gəlişinə mane ola biləcəyini deyir. Bu, onsuz da pis olan vəziyyəti daha da ağırlaşdıracaq. Digər tərəfdən, xalq etirazının potensialı dəfələrlə artacaq...

Hazırkı Moldova maydanının leytmotivi oliqarxlara qarşı qəzəbdir. Onların ictimaiyətə öz oyun qaydalarını diktə etmələri xalqın narazılığına səbəb olub. Bu mənada Vladimir Plaxotnyukun adı daha çox çəkilir. Qeyd edək ki, vaxtilə kommunistlərin düşərgəsində olmuş Plaxotnyuk sonradan Demokratlar Partiyasının vitse-prezidenti postunu tutub, hazırda isə onu az qala "bütün Moldovanın sahibi" adlandırırlar. Deyilənə görə, KİV, məhkəmə sistemi və güc strukturları, bir çox partiyalar və az qala baş nazir və prezident bu siyasətçi biznesmenin nəzarəti altındadır. Etiraz aksiyasının təşkilatçıları Moldovanın beynəlxalq tərəfdaşlarını Plaxotnyukun, eyni zamanda prezident Timoftinin, bir sıra partiya liderlərinin, baş prokurorun, Milli Bank rəhbərinin pesona non-qrat elan olunmasına çağırır. Avropaya inteqrasiya tərəfdarlarının səhvləri, müvafiq olaraq ölkədəki acınacaqlı iqtisadi durum xalqı Avropadan iyrəndirir və faktiki olaraq, Rusiyanın qucağına atır. Qərb bunu görməyə bilməz. İlk xəbərdarlıq da Yaqlanddan gəlib. İkinci xəbərdarlıq olaraq, qızışmaqda olan maydanı göstərmək mümkündür. Hökumət Qərbin dəstəyini alarsa, o, hakimiyyətdə qalacaq və bəlkə də, yaşananlardan nəticə çıxaracaq. Amma Qərb mətbuatı Kişinyovda yaşananları sanki görmür və bu, hazırkı hökumət üçün çox pis əlamət sayıla bilər. Düşünmək üçün isə vaxt hələ də var.

Müşahidəçiləri isə daha bir məqam narahat edir: maydanın qızışacağı təqdirdə etiraz aksiyalarının liderləri, yəni, DA nümayəndələri ölkədə köklü dəyişikliklərə nail ola bilməyəcəklər və hazırda meydan sulayan oliqarxlar sadəcə digər oliqarxlarla əvəzlənəcək. Son illərdə ayrı-ayrı ölkələrdə yaşanmış maydan hadisələrindən sonra vətəndaş platformasına sadəcə xalqın dəstək olduğunu, onun ayrı-ayrı könüllülərin ianələri hesabına maliyyələşdiyini düşünmək ən azı sadəlövhlük olardı. Bəzi versiyalara görə, DA-nı məhz Plaxotnyukdan narazı olan və xaricdə məskunlaşmış biznesmenlər maliyyələşdirir. Ən azı hazırkı səviyyədə etirazlar fonunda cəmiyyətin böyük hissəsinin DA-nın arxasınca gedəcəyi də inandırıcı görünmür. Növbədənkənar seçki elan olunacağı təqdirdə, onlar çətin ki, ciddi dəstək ala bilsinlər. Əksinə, sosialistlərlə kommunistlərin köhnə inciklikləri unudaraq koalisiya yaradacaqları istisna deyil. Qərb isə buna heç cür imkan verə bilməz. Ehtimallara görə, "Ləyaqət və həqiqət"in platformasında yeni partiya yaradıla, liberal-demokratların sabiq maarif naziri Maya Sandu isə ona rəhbərlik edə bilər. Əslində görünən odur ki, Sandu artıq ABŞ və Aİ-nin şifahi dəstəyini əldə edib. Bu ssenari gerçəkləşərsə, Moldova yeni şüarlar eşidə, bəlkə də dövlətin inkişafı ilə bağlı yeni proqrama sahib ola biləcək.

Moldova hökumətində qabaqcadan da mövcud olan sistem böhranının həllinə istənilən halda çoxdan ehtiyac var idi. Lakin Moldovanın xarici amillərdən son dərəcə asılı vəziyyətdə olduğunu nəzərə alsaq, o, asanlıqla regional geosiyasi oyunlarda alətə çevrilə bilər. Bəs rəsmi Kişinyovun toparlanmağa, bütün xarici düşmənlərə və dostlara sinə gərməyə iradəsi və müdrikliyi çatacaqmı? Bunun üçün o, kifayət qədər resurslara malikdirmi?



MƏSLƏHƏT GÖR:

530