6 May 2024

Bazar ertəsi, 23:46

HAMI MÜHARİBƏ İSTƏYİR?

Türkiyəli ekspert: "Suriyaya münasibətdə indi siyasi deyil, hərbi yanaşma üstünlük təşkil edir"

Müəllif:

06.10.2015

Rusiya yeni tarixdə ilk dəfə olaraq, Yaxın Şərqdə hərbi əməliyyatlar həyata keçirir. Antiterror koalisiyasının üzvü olmayan Rusiyanın Hərbi Hava Qüvvələri "İslam Dövləti" (İD) təşkilatının Suriyadakı mövqelərinə müstəqil şəkildə zərbələr endirir. Bununla da Azərbaycanla həmsərhəd ölkələr arasında İD-yə qarşı antiterror əməliyyatları aparan dövlətlərin sayı 3-ə çatıb - Türkiyə, İran və Rusiya.

Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin eksperti Həsən Səlim ÖZERTEM "R+" jurnalına müsahibəsində Ankaranın Rusiyanın hərbi əməliyyatları kontekstində Yaxın Şərqdə yaşananlarla bağlı mövqeyini açıqlayıb.

- Rusiya təyyarələri Suriyada hərbi əməliyyatlara başlayıb. Fikrinizcə, Moskvanın yaxın perspektivdə bu regiondakı siyasi və hərbi fəaliyyəti nədən ibarət olacaq?

- İD əvvəlcə Suriyanın Əsəd ordusunun əldə saxlamaq iqtidarında olmadığı 4-5 əyalətinə iddia edirdi. Bir müddət əvvəl, Moskvanın bombardmana başlamasından öncə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə danışmış, Rusiyanın Suriyanın İD-nin və digər terror qruplaşmalarının nəzarətində olan bəzi bölgələrində antiterror fəaliyyətinə başlamağa hazır olduğunu bildirmişdi. Əslində, Moskva müttəfiqi olan Bəşər Əsəd hökuməti üçün müəyyən təhlükəsizlik zonası yaratmağa çalışır. Hazırda İD-dən, "Cabhat ən-Nusradan", "Xorasani-Taqay"dan və digər qruplaşmalardan olan minlərlə yaraqlı böyük bir ərazini ələ keçirib və orada müstəqil dövlət elan edib.

Rusiya HHQ-nin, həmçinin ABŞ, Aİ və digər ölkələrin başçılıq etidiyi koalisiyaların terror qruplaşmalarının zərərsizləşdirilməsində uğur qazanmaları tamamilə mümkündür. Lakin Suriya və ümumilikdə, Yaxın Şərqdə vəziyyət elədir ki, bir terror təşkilatını digəri əvəzləyir və yeni gələnlər bəlkə də daha qəddar və daha qanlı hadisələr törədir. Problem İD-də yox, regiondakı ümumi siyasi, etnik, dini, konfessional, sosial ziddiyyətlərdədir. Yaxın Şərqdə terrorçuluq zəiflədilə bilər. Lakin onun kökünü kəsmək mümkün deyil. Çünki orada ekstremist qruplaşmaların formalaşması üçün əlverişli şərait qalmaqdadır. Aviazərbələrlə, maliyyə mənbələrinin qapadılması ilə terror təşkilatlarının fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmaq olar. Lakin onların kökünün tamamilə kəsiləcəyini söyləmək çətindir. Suriyada təkbaşına dayanıqlı hakimiyyət formalaşdıra biləcək siyasi qüvvə yoxdur. Bu ölkədə sabitliyə yalnız sünnilərin, şiələrin və ələvilərin dinc, sülh şəraitində yaşayışlarını təmin edəcək hökumətin formalaşdırılması ilə nail olmaq mümkündür. Buna nail olmaq üçün isə hakimiyyət başında bütün dini və etnik qrupların təmsilçiləri yer almalıdırlar. Belə rəhbərlikdə Bəşər Əsəd də ola bilər. Bu cür hakimiyyət BMT Təhlükəsizlik Şurasının himayəsi ilə, Suriyada vəziyyətin normallaşdırılması üzrə Cenevrə prinsipləri çərçivəsində qurulmalıdır. Amma bu istiqamətdə heç bir iş görülmür. BMT Baş Assambleyasının sessiyasında ABŞ və Rusiya prezidentləri Barak Obama ilə Vladimir Putin problemin yalnız güc yolu ilə həllindən danışdılar. BMT-nin timsalında beynəlxalq meydan bütün maraqlı tərəflərin - ABŞ, Rusiya, Fransa, Səudiyyə Ərəbistanı və digərlərinin iştirakı ilə Suriyada hakimiyyətin mümkün ötürülməsinin konturlarının müəyyənləşdirilməsi baxımından əla imkan idi. Təəssüf ki, indi məsələyə siyasi deyil, hərbi yanaşma üstünlük təşkil edir.

- Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasına Türkiyənin münasibəti necədir?

- Hazırda Türkiyənin praktiki olaraq bütün mətbuat orqanları və hökuməti Rusiyanın əməliyyatlarının məqsədini və hədəfini müəyyənləşdirməyə çalışır. Xarici KİV-də çox sayda dezinformasiyanın yer alması üzündən, Türkiyə siyasətçiləri, hələ ki, prosesləri kənardan izləməyə üstünlük verirlər; məsələn: bəzi xarici mənbələr Rusiya aviasiyasının İD-nin mövqelərini bombalamadığını, dinc əhali arasında ölənlərin olduğunu bildirir. Məlumatlar arasında pərakəndə hücumlar və sair barədə də xəbərlərə rast gəlinir. Doğrudur, sonradan bu xəbərlərin bəziləri təkzib olunub. Türkiyənin siyasi partiyalarına yaxın KİV-də yalnız bombalama faktı ilə bağlı məlumatlara rast gəlinir. Rusiya ciddi əməliyyatlara başlayıb. Moskva Ukrayna münaqişəsi ilə bağlı üzləşdiyi təzyiqlərə və sanksiyalara baxmayaraq, çox qısa zamanda Yaxın Şərq regionunda vacib oyunçuya çevrilib. Rusiya HHQ-nin bombardmanları Putinlə-Obama arasında baş tutmuş görüşdən dərhal sonra başlayıb. İndi yaşananların düzgün qiymətləndirilməsi üçün zamana ehtiyac var. Ümumilikdə, Türkiyə müharibənin yalnız İD terrorçuları ilə aparılmalı olduğunu düşünür. Ankara Suriyanın silahlı müxalifətinə zərbələr endiriləcəyindən, onun zəiflədiləcəyindən çox narahatdır. Söhbət Ərdoğan hökumətinin dəstəklədiyi Suriya Azadlıq Ordusundan gedir. Türkiyə, hələ ki, gözləmə mövqeyindədir və yaşananları müşahidə etməklə məşğuldur.

- İD-yə yalnız aviazərbələrlə qalib gəlmək mümkündürmü?

- Yerüstü əməliyyatlara başlamadan, İD üzərində qələbə çalmaq olmaz. Məsələ tanklarla, artilleriya və piyadalarla savaşa kimin gedəcəyindədir. Hələlik, İD ilə yerdə yalnız kürdlərin peşmərgə dəstələri savaşır və onlara havadan dəstək verilir. Bu savaşda ABŞ, Türkiyə və antiterror koalisiyasının digər üzvləri tərəfindən hazırlanmış müəyyən hərbi birləşmələr də iştirak edir. Amma bu, kifayət deyil. Nüfuzlu mərkəzi komandanlığa tabe olmayan ayrı-ayrı silahlı birləşmələrlə müharibə uğur gətirməyəcək. Üstəlik, bu dəstələr siyasi qərar qəbul etməlidirlər və qəbul ediləcək qərar, böyük ehtimalla, Dəməşq hökuməti tərəfindən rədd olunacaq.

- Belə olacağı təqdirdə, Rusiya yerüstü əməliyyatlara başlaya bilərmi? Məsələn, İD Rusiyanın Tartusdakı hərbi bazasına zərbələr endirərsə...

- Rusiya quru əməliyyatlarına başlamağa köklənməyib. Minlərlə kilometr aralıda quru əməliyyatlarına başlamaq ruslar üçün çox riskli olardı. SSRİ-nin Əfqanıstan, ABŞ-ın İraq, Rusiyanın Çeçenistandakı hərbi əməliyyatları göstərib ki, asimmetrik silahlı birləşmələrə qarşı ordudan istifadə ciddi xarici və daxili siyasi problemlərə yol açır. Ukrayna böhranının və Yaxın Şərqdəki ziddiyyətli durumun davam etdiyi şəraitdə, Rusiya quru əməliyyatlarına başlamaq riskinə getməz. Bir sözlə, Rusiyanın İD-yə qarşı başladığı əməliyyatlar Suriyada terror problemini həll etməyəcək. Rusiyanın bu bataqlığa girməsi, Suriyaya hərbçilər göndərməsi üçün nələrin yaşanmalı olduğunu təsəvvür etmirəm. Moskva üçün hansısa konkret, tez həllolunan vəzifələrin öhdəsindən gəlmək kifayətdir.

Rusiyanın hərbi bazasına mümkün hücuma gəlincə, İD Suriyanın qərbinə can atmır. Terrorçular artıq ələ keçirdikləri ərazilərdə və ölkənin şimal hissəsində möhkəmlənməyə çalışırlar. Lakin bu, o demək deyil ki, ənənəvi üsullara əl atılmayacaq. Söhbət minalanmış avtomobillərin partladılmasından, Suriya və digər ölkələrdəki Rusiya obyektlərinə qarşı terror aktlarından gedir; məsələn: İD Türkiyədə qanlı terror aktları törədib. Doğrudur, xüsusi xidmət orqanları bu cür aksiyaların qarşısını hansısa dərəcədə ala bilər. Lakin terrorçluq sərhədləri aşmaq gücündədir... 


MƏSLƏHƏT GÖR:

577