18 May 2024

Şənbə, 14:35

TOTAL MÜFLİSLİK

Ermənistanda hakimiyyət də populyarlığını itirir, müxalifət də

Müəllif:

13.10.2015

Bir neçə il əvvəl Ermənistanda çalışan beynəlxalq maliyyə institutlarının nümayəndələri şok bəyanatla çıxış etmişdilər: bu ölkədə "neftsiz neft xəstəliyi" baş qaldırıb. Aparıcı maliyyəçilərin fikrincə, erməni ictimaiyyəti ölkə iqtisadiyyatından kənar yaşayır - erməni ailələrinin əhəmiyyətli bir hissəsi yalnız xaricdən fərdi pul köçürmələri hesabına ayaqda qalır.

Bu gün isə ekspertlər başqa məqama diqqət çəkirlər: iqtisadiyyatın ardınca, erməni ictimaiyyəti siyasətdən də "uzaqlaşır". Ermənistanda Konstitusiya islahatları prosesinin hazırkı mərhələsi də bunu təsdiqləyib.

Xatırladaq ki, Ermənistan parlamenti Konstitusiya islahatları layihəsini səs çoxluğu ilə qəbul edib. O, ölkənin prezident üsul-idarəsindən parlament respublikasına keçməsini nəzərdə tutur. Layihəyə əsasən, Ermənistan prezidenti 5 il müddətinə deyil, 7 illik seçiləcək. Bundan başqa, onun ümumxalq səsverməsilə yox, deputatlar və yerli özünüidarə orqanlarının seçilmiş nümayəndələri tərəfindən seçilməsi nəzərdə tutulub.

Yeni Konstitusiyanın qüvvəyə minməsindən sonra ölkədə ali icraedici orqan hökumət olacaq. Ona yalnız iqtisadi blok, maliyyə və s. deyil, həm də ordu tabe olacaq. Sülh şəraitində ordu müdafiə naziri tərəfindən idarə olunacaqsa, müharibə zamanı Ali Baş Komandan prezident deyil, baş nazir olacaq. Erməni müxalifətçilərinin fikrincə, bu dəyişikliklərdə məqsəd tam aydındır: Ermənistanın hazırkı prezidenti demokratikləşmə və desantralizasiya haqda söhbətlər fonunda asanlıqla baş nazir postuna əyləşəcək və bununla da, faktiki olaraq, "ölkənin sahibi" olaraq qalacaq. İslahatlarla bağlı daha bir proqnoz var: Konstitusiya islahatları, referendum, "lehinə" və "əleyhinə" təbliğatı ölkədə ciddi gərginliyə səbəb ola bilər.

Doğrudur, Serj Sarqsyanı özü baş nazir postunu tutmaq fikrində olmadığını bildirib. Lakin müşahidəçilər Sarqsyanın indiyədək kütlə qarşısında verdiyi səs-küylü vədləri dəfələrlə pozduğunu, "məni düzgün başa düşməyiblər" deyərək, vədindən qaçdığını xatırladırlar.

Məlum olduğu kimi, erməni müxalifəti Konstitusiya dəyişiklikləri təklifinə qəti şəkildə etiraz edir. Söhbət gücünü getdikcə artırmaqda olan "İrs" partiyasından, Levon Ter-Petrosyanın Erməni Milli Konqresindən (EMK), radikal "Müəssislər məclisi"ndən, həmçinin "Keçməz" hərəkatını yaratmış bir neçə kiçik partiyadan gedir. Bu qarşıdurma nəticəsində Ermənistanda Konstitusiya islahatları ilə bağlı mübahisə tədricən "Sarqsyanın lehinə" və "Sarqsyanın əleyhinə" müstəvisinə keçib.

Bu arada Ermənistanın ikinci prezidenti Robert Koçaryan da gözlənildiyi kimi, Konstitusiya islahatlarının əleyhinə çıxıb: "Mənim mövqeyim dəyişməyib. Ölkədə Konstitusiya islahatlarına, xüsusilə bu qədər radikal xarakterli dəyişikliklərə heç bir ehtiyac yoxdur. Ölkə qarşısında duran bütün çağırışlar, problemlər hazırkı Konstitusiya çərçivəsində də həll oluna bilər. Onun funksionallığına heç bir şübhə yoxdur. Yeni layihə mənim gözlədiyimdən daha bərbaddır. Artıq söhbət dövlətin yarımprezident və parlament idarəçiliyi forması arasında seçimdən getmir. Yeni Konstitusiya layihəsində ciddi risklər var. O, ölkəni de-fakto birpartiyalı sistemə, demək, siyasi inhisarçılığa və durğunluğa sürükləyəcək. Sovet Konstitusiyasında bir çox gözəl sözlər var idi. Lakin onun Sov.İKP-nin rəhbər və yönəldici rolunu qeyd edən 6-cı maddəsi kommunistlərin siyasi inhisarçılığını təmin edirdi. SSRİ-nin aqibəti hər kəsə məlumdur".

Ermənistan parlamentinin "İrs" fraksiyasından olan deputatı Zauri Postancyan isə qanunverici orqandakı çıxışında ölkə vətəndaşlarını Konstitusiya islahatlarının reallaşdırılmasına imkan verməməyə çağırıb. İslahatların hazırkı prezident Serj Sarqsyanın hakimiyyətinin əbədiləşdirilməsi məqsədi güddüyünü deyən deputat hazırkı hakimiyyətin dövründə Ermənistanı 0,5 milyon insanın tərk etdiyini xatırladıb: "Deyəsən, bu, Sarqsyan üçün kifayət etməyib. İndi o, hakimiyyətinin ömrünü uzatmaqla Ermənistanda qalmış əhalinin ölkənin gələcəyinə ümid bəsləməməsinə nail olmaq istəyir". Postancyan vətəndaşları birləşməyə, dövlət strukturlarına qarşı kütləvi itaətsizlik aksiyasına başlamağa çağırıb.

Ermənistanda Konstitusiya islahatları ictimaiyyətin təşəbbüsü və tələbi olmadan həyata keçirilir. Əksəriyyət hesab edir ki, hazırda bunun vaxtı deyil. Bundan başqa, islahatların sifarişçisi S. Sarqsyandır. "Beləliklə, o, ali hakimiyyətin klanı və şəxsən özü tərəfindən qəsb edilməsi məsələsini çözməyə çalışır. Onu respublikaçı xunta və öz pozğun həyatını Ermənistan vətəndaşlarının hesabına təmin etməyə çalışan partiya attaşesi dəstəkləyir", - deyə "Demokratik Ermənistan" partiyasının bəyanatında bildirilir. Partiyada hesab edirlər ki, "qeyd olunan xunta son 18 ildə özünün müxtəlif "siyasi" xülyaları ilə Ermənistanı fəlakətin astanasına gətirib, ölkədə mənəvi-psixoloji atmosferin milli təhlükəsizliyə təhdid səviyyəsinə çatmasına səbəb olub. Bu isə düzəlməsi mümkün olmayan nəticələr verə bilər".

Parlamentin binası ətrafında artıq "Yox!" cəbhəsinin növbəti mitinqi keçirilib. Konstitusiya islahatlarının əleyhdarlarını özündə birləşdirən bu cəbhə həm də "Keçirməyəcəksiniz" adlanır. Mitinq zamanı polislə ciddi toqquşma baş verməyib. Lakin gözləntilərin əksinə olaraq, aksiyaya o qədər də çox adam qatılmayıb. Aksiyaya maksimum 2 min nəfər qoşulub.

Gümrüdə təşkil olunmuş etiraz aksiyasında isə yüzlərlə insan iştirak edib. Nəticədə, müxalifətçi "Lragir" belə, "Yox!" hərəkatının parlamentin binası qarşısında bitdiyini" etiraf etməli olub: "Bitən, əlbəttə ki, aksiya yox, hərəkatın fəlsəfəsi və tranformasiyasıdır". Qəzetin iddiasına görə, "Yox!" hərəkatı "hamını birləşdirmək gücündə olan bir ideyaya çevrilə bilmədi. İctimaiyyət bu "cəbhə"dəki ayrı-ayrı qüvvələrdən müxtəlif şüarlar eşidib - Konstitusiya islahatlarının yolverilməzliyindən tutmuş, hakimiyyət dəyişikliyinədək. Bundan başqa, ictimaiyyət siyasi məkanda artıq 20 ildir mövcud olan və heç bir nəticə verməyən leksikaya növbəti dəfə şahid olub".

Ermənistanın hakimiyyət dairələrinə yaxın ekspertlərin fikrincə, müxalifət etirazçı elektoratın birliyinə nail olmağı bacarmayıb. Bundan başqa, İrəvanda artıq köhnə liderlərə inanmırlar. "Cənablar birağızdan "cinayətkar hakimiyyət", total korrupsiya, kiçik və orta biznesin boğulması haqda danışır, lakin vəziyyətə heç cür təsir edə bilmirlər. Səbəb hakimiyyətin günahsız, Konstitusiya islahatlarının mükəmməl olması deyil. Sadəcə, ölkədə müxalifəti yalnız qrupun mənafelərini güdən qüvvələr qəsb edib", - deyə "Qolos Armenii" qeyd edir. Başqa sözlə, Ermənistanda populyarlığını həm hakimiyyət itirir, həm də müxalifət. Ölkə siyasi sinfin total müflisliyilə üz-üzədir. Odur ki, artıq ölkənin üzləşdiyi faciədən çıxmaq üçün cəmiyyətə nə Sarqsyanın tərəfdarları, nə də əleyhdarları real proqram təklif etmək iqtidarındadır. Daha doğrusu, onlar bir şeyi etiraf edə bilmirlər: Ermənistanın problemləri Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmadan çözülməyəcək və üstəlik, bu münasibətlər İrəvanın şərtləri əsasında normallaşdırılmamalıdır. Müxalifət "Onlar korrupsionerdirlər və ölkəni diktaturaya sürükləyirlər!", "Onlar Ermənistan dövlətçiliyini dağıtmağa hazırdırlar!" kimi şüarlarla, çətin ki, seçicilərin simpatiyasını qazana bilsinlər. Üstəlik, ölkədə vəziyyət planlı şəkildə ağırlaşdırılır. Və ən önəmlisi, Ermənistanın fəal vətəndaşları artıq gələcəklərini bu ölkə ilə bağlamırlar. Bütün bunların fonunda siyasi sinfin total müflisliyi heç də iddia olunduğu kimi nə “sabitliyə”, nə də “böyük fəlakətdən imtina”ya bənzəyir.



MƏSLƏHƏT GÖR:

565