4 May 2024

Şənbə, 15:50

MANEVR ÜÇÜN İMKANLAR AZDIR

Amerikalı ekspert Qaret CENKİNS: "Rusiya ilə Türkiyənin Suriya böhranında kompromisə gəlmələrini mümkünsüz sayıram"

Müəllif:

27.10.2015

Rusiyanın Suriya ərazisindəki terrorçuların mövqelərinə aviazərbələr endirməsi bu ölkədə və onun ətrafında onsuz da qarışıq olan vəziyyəti bir qədər də dolaşdırıb. Türkiyə cənub qonşusunda yaşanan hadisələrin fəal oyunçularındandır. Lakin Türkiyənin özündə belə, vəziyyət heç də sabit deyil. Orada vəziyyət xüsusilə Ankarada törədilmiş iki terror aktından sonra qarışıb.

Amerikanın Con Hopkins Universitetinin Türkiyə üzrə eksperti Qaret CENKİNS "R+"a müsahibəsində regiondakı vəziyyətlə bağlı fikirərini bölüşüb.

- Ankarada törədilmiş terror aktları seçki ərəfəsində olan Türkiyədə hadisələrin gedişinə necə təsir göstərə bilər?

- Ankarada oktyabrın 10-da törədilmiş terror aktı böyük ehtimalla türk ictimaiyyətində parçalanmanı dərinləşdirəcək. Söhbət hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP), həmçinin prezident Ərdoğanın tərəfdarları ilə əleyhdarlarından gedir. Hökumətin əksər əleyhdarları hesab edir ki, Ərdoğan və ƏİP partlayışlara görə ən azı dolayısı ilə məsuliyyət daşıyır. Onların fikrincə, terror aktlarının səbəbi Ankaranın Suriya siyasəti, solçuların, kürd millətçilərinin keçirdikləri aksiyanın iştirakçılarını müdafiə edə bilməməsidir. Bəziləri hətta hücuma elə bu münasibətin səbəb olduğunu düşünür.

Hökumətin tərəfdarları isə əlbəttə ki, məsələnin bu cür qoyuluşu ilə razılaşmır və hücumu Ərdoğana, ƏİP-ə zərbə vurmaq istəyənlərin növbəti demarşı sayır. Hər halda, sosial, həmçinin siyasi çəkişmələr, yəqin ki, noyabrın 1-də keçiriləcək seçkilərədək gərginliyini qoruyub saxlayacaq.

- Bəs, bu terror aktından sonra kürd yaraqlıları Türkiyə hökumətinə qarşı fəallıqlarını artıra bilərlərmi?

- Qışın ilk qarı ənənəvi olaraq, Türkiyənin cənub-şərqindəki dağlara yağacaq. Bu, oktyabrın sonlarında hərbi toqquşmaların baş verdiyi əsas bölgədir. Nəticədə, kürdpərəst Xalqların Demokratik Partiyasının (XDP) hərbi qanadı olan PKK tərəfindən əməliyyatların aparılması xeyli çətinləşəcək. Bundan başqa, PKK oktyabrın 10-da noyabr seçkisi ərəfəsində hücum əməliyyatlarını dayandırdığını bəyan edib. Üstəlik, kənd rayonlarında zorakılıq halları onsuz da hava şəraiti üzündən azalıb. Bu mənada zorakılıq hallarının şəhərlərə "üz tutacağı" ilə bağlı narahatlıqlar var. Ümid edirəm ki, bu, baş verməyəcək. Lakin vəziyyət son dərəcə dəyişkəndir və seçkidən sonra yaşana biləcək olaylarla bağlı ciddi narahatlıqlar var. Xüsusilə kürdpərəst XDP parlamentə düşmək üçün tələb olunan 10%-lik baryeri aşarsa (xoşbəxtlikdən, hazırda bu ehtimal o qədər də çox deyil), narahatlıq daha da artacaq.

- Bəs, Türkiyənin getdikcə daha çox ölkənin cəlb olunduğu Suriya böhranı ilə bağlı siyasətini necə qiymətləndirirsiniz?

- Türkiyənin Suriya ilə bağlı düşündüyü siyasəti reallaşdıra bilməməsinə heç bir şübhə yoxdur. Üstəlik, yaşananlar Ankaranın regional fövqəldövlətə çevrilməklə bağlı hesablarını düzgün aparmadığını da ortaya çıxarıb. Əsəd hakimiyyəti davam edir, Türkiyə onu devirə bilmir. Türkiyənin NATO-dakı bəzi müttəfiqləri Əsədin hakimiyyətdən uzaqlaşdırılması istəyində olduqlarını desələr də, onların heç biri bunun üçün öz resurslarını qurban verməyə hazır deyil. Bunun əvəzində onlar İŞİD-lə mübarizəni prioritet seçiblər. Ankara isə Əsədin devrilməsi məsələsilə müqayisədə bunu nəinki ikinci dərəcəli iş sayır, həm də onun Suriya kürdlərinin Demokratik İttifaq Partiyasını gücləndirə biləcəyini düşünür. Bu mənada Ankara Suriya məsələsində hələ də təklikdədir.

- Yeri gəlmişkən, Rusiyanın Suriyadakı əməlləri haqda nə düşünürsünüz?

- Rusiyanın Suriyaya hərbi müdaxiləsi, onun qiyamçıların mövqelərinə hava zərbələri endirməsi dönüş nöqtəsidir. Bundan əvvəl çoxları sual verirdi ki, Moskva Əsədin hakimiyyəti itirəcəyinə hazırdırmı? Axı, Suriya prezidenti, ilk növbədə, hərbi baxımdan get-gedə zəifləyirdi. Yalnız radikal islamçılara deyil, həm də daha mötədil Suriya müxalifətinə hücum edən Rusiya bununla məqsədinin yalnız ekstremistlərlə mübarizə yox, həm də Əsədin hakimiyyətdə qalmasına kömək etmək olduğunu göstərib. Rusiya hələ Suriyaya hava zərbələri endirməmişdən Əsədin devrilməsinə çağırış edən ölkələrin bir çoxu prosesə fəal cəlb olunmağa, məsələn, Suriyaya qoşun yeritməyə xüsusi maraq göstərmirdilər. Rusiya ilə hərbi qarşıdurma riskinin yarandığı indiki şəraitdə isə onların bu istəyi daha da azalıb.

- Bəs, Türkiyə ilə Rusiya arasında Suriya böhranı ilə bağlı kompromis mümkündürmü?

- Düşünürəm ki, Türkiyənin hazırkı hökumətinin belə kompromis tapma ehtimalı azdır. Əvvəllər Moskva ilə Ankara Suriya ilə bağlı tam fərqli mövqelərdə olsalar da, bu fikir ayrılıqlarını bir kənara qoya bilirdilər. Onlar bunu ziddiyyətin ikitərəfli əməkdaşlığın digər aspektlərinə, məsələn, sıx iqtisadi əlaqələrə mənfi təsir göstərməməsi üçün edirdilər. İndi onlar həmin vəziyyətə Suriyadakı qeyri-müəyyən durumun (yəni qalibin rejim, yoxsa qiyamçılar olduğunun bilinmədiyi şəraitdə) davam edəcəyi təqdirdə qayıda bilərlər. Hazırkı şəraitdə isə Rusiya ilə Türkiyənin Suriya məsələsində kompromisə gəlməsini mümkünsüz sayıram. Ankara Əsədin getməli olduğuna qəti şəkildə əmindirsə, Rusiya eyni qətiyyətlə bunun əksini düşünür. Bu, manevr üçün imkan saxlamır.


MƏSLƏHƏT GÖR:

572