17 May 2024

Cümə, 11:52

SURİYA TAPMACASI

Vyana danışıqları Suriya probleminin sülh yolu ilə nizamlanması prosesini bir qədər hərəkətə gətirsə də, ziddiyyətləri tam aradan qaldırmaq gücündə deyil

Müəllif:

03.11.2015

Suriya probleminin dinc yolla nizamlanmasına dair danışıqların iştirakçıları ciddi diplomatik dialoqa başlamağa çalışırlar. Oktyabrın 30-da Vyanada 19 nümayəndə heyəti bir araya gəldi - BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (RF, ABŞ, Çin, Fransa və Böyük Britaniya), Almaniya, İtaliya, Aİ-nin xarici siyasət idarəsinin rəhbəri, BMT-nin uriya üzrə xüsusi təmsilçisi, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı, İraq, Livan, Qətər, İran, BƏƏ, İordaniya və Oman. 

Uzunsürən səylər nəticəsində möhtəşəm "İmperial" restoranında ortaya bir sənəd qoyuldu - orada böhranın həlli üçün lazım olan addımlar qeyd edilib. Əsas müddəalar bunlardır: Suriya dünyəvi dövlət olaraq qalmalıdır; həm hökumət, həm müxalifətinn qoşulacağı danışıqlar prosesi isə keçid hökumətinin formalaşdırılmasını nəzərdə tutmalıdır. Suriya Ərəb Respublikasının yeni Konstitusiyası hazırlanmalıdır. Ayrıca olaraq BMT-nin nəzarəti altında ölkədə seçkilərin keçirilməsi nəzərdə tutulur. Bütün terrorçular - "İslam Dövləti" və digər qruplaşmalar (onların siyahısı BMT tərəfindən hazırlanacaq) məhv edilməlidir. Vyana danışıqlarının iştirakçıları BMT ilə birgə Suriyanın bütün ərazisində sülhün yaradılmasını təmin etməlidirlər, amma bu proses elə aparılmalıdır ki, terrorçularla mübarizə bu sülhü pozmasın. Əsas fikir ayrılığı isə, əvvəlkitək, prezident Bəşər Əsədin gələcək taleyi ilə bağlıdır.

2014-cü ilin əvvəlində keçirilmiş "süst" "Cenevrə-2" ilə müqayisədə, təbii ki, irəliləyiş göz qabağındadır. Vyanaya bu qədər müxtəliftərkibli nümayəndə heyətlərinin toplaşması faktının özü - hərçənd, onlar arasında ideoloji və geosiyasi rəqiblər (İran və Səudiyyə Ərəbistanı kimi) kifayət qədər idi - prosesin ölü nöqtədən tərpəndiyini göstərir. Vəziyyət doğrudan da çox acınacaqlı həddə çatıb və təcili həll tələb edir. Əvvəla, münaqişə davam edəcəyi təqdirdə, artıq millətçi əhval-ruhiyyənin artmaqda olduğu Avropaya miqrant axını davam edəcək. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu ilin əvvəlində Aİ ölkələrinə 704 min qaçqın gəlib. Yunanıstan XİN isə xəbərdarlıq edir ki, yaxın vaxtlarda "Köhnə Qitə"yə daha 300 min adam axışa bilər - bunlar, əsasən, İordaniya və Livandakı düşərgələrdən olan qadın və uşaqlardır. Yaranmış vəziyyət ona gətirib çıxarıb ki, Almaniya kansleri Angela Merkel sürətlə nüfuzunu itirir. Özü də yalnız öz ölkəsində deyil, bütün Aİ-də. 

Miqrantları qəbul edən digər ölkə - Fransa isə diplomatiyasının hazırkı mərhələdə "oyundankənar" qalmasından narahatdır. 

Belə təsəvvür yaranır ki, Suriyada baş verənlərdə "barmağı" olan tərəflərin əksəriyyətinin zəif nöqtələri var və buna görə də onlar siyasi nizamlanmanın yolunu tapmaqda maraqlıdırlar; məsələn, Türkiyə ölkədaxili gərginlikdən və kürd problemindən narahatlıq keçirir. Misir özünün "Müsəlman qardaşları"nın güclənəcəyindən ehtiyat edir. İran Suriyada itkilər verir - yeri gəlmişkən, bu barədə çox az məlumat var, məlum olan yalnız odur ki, döyüş əməliyyatlarında artıq bir neçə iranlı general həlak olub. 

Amma istənilən halda, Suriya müstəvisindəki iki əsas oyunçular ABŞ ilə Rusiyadır.

Rusiya hava qüvvələrinin Suriyada hərbi əməliyyatlara başlamasından artıq bir ay keçir. Və bu müddət ərzində aydın olub ki, rusiyalıların aviazərbələrinin intensivliyi və effektivliyinə baxmayaraq, Əsədin ordusu düşmənə qarşı tab gətirmək üçün çox zəifdir - istərsə bu düşmən terrorçular olsun, istərsə qiyamçılar. Rusiya kəşfiyyatının dəqiq məlumatlarına rəğmən, rus qırıcılarının bombaladığı, lakin konkret atributları olan nizami ordu deyil. "İslam Dövləti"nin nə fərqləndirici nişanları, nə mərkəzi komandanlığı var, onlar hara gəldi çəkilməyi, gizlənməyi, başqa qruplaşmaların, dinc əhalinin "libas"ını geyməyi yaxşı bacarırlar. Onlar asanlıqla sərhədi keçə, məsələn, İraq ərasizinə çəkilə, istirahət edib özünə gələ və yenidən qayıda bilərlər. Odur ki, Vyana görüşü ərəfəsində əsas intriqa onda idi ki, Moskva "İslam Dövləti" ilə müharibədə İraqa yardım edəcək, ya yox. Özü də məlumatlar o qədər ziddiyyətlidir ki, İraq hökumətinin bununla bağlı rusiyalılardan yardım istəyib-istəmədiyi də aydın deyil. Hər ehtimala qarşı, Almaniyanın müdafiə naziri Ursula fon der Lyanen bəyan edib ki, İraq "İslam Dövləti"nə qarşı mübarizədə Rusiyanı özünün hərbi müttəfiqi hesab etmir, Rusiya, İran, İraq və Suriyanın Bağdadda yaratdıqları İD ilə mübarizə üçün vahid mərkəz isə yalnız təhlükəsizlik məsələlərinə dair informasiya mübadiləsini nəzərdə tutur.

Bu, azmış kimi, Rusiyanın Liviya ərazisində də terrorçulara zərbələr endirməyə hazırlaşdığına dair xəbərlər yayılır - hazırda Liviya üzərində Rusiyanın pilotsuz uçuş aparatlarının aktivləşdiyi, rusiyalı diplomatların isə Əlcəzair, Tunis və Misirlə aktiv müzakirələr apardığı bildirilir. 

Digər tərəfdən, o da aydındır ki, Rusiya bunu açıq şəkildə nümayiş etdirməsə də, Suriyada "batıb qalmaq"dan çəkinir. Bəşər Əsədin Moskvaya gözlənilməz səfəri Kremlin Qərbə özünəməxsus "mesaj"ı sayıla bilər. Suriya prezidenti ilə görüşmək üçün onu Rusiya paytaxtında qarşılamaq o qədər də vacib deyildi, amma Putin bununla bir daha həm Əsədin legitimliyini qabartmağı, həm də onun arxasında dayanmış Rusiyanın böhranın siyasi nizamlanması yollarını aradığını nümayiş etdirməyi lazım bildi.  Belə də oldu - Vyana görüşünün yekunlarını dünya ictimaiyyətinə məhz ABŞ və Rusiyanın xarici siyasət idarələrinin başçıları açıqladılar. 

Bütün bunların fonunda unutmaq lazım deyil ki, Moskva Suriyada Bəşər Əsədi deyil, öz maraqlarını qoruyur. Bu maraqlar isə hələlik Əsədin hakimiyyətdə qalmasını tələb edir. Rusiyanın hansı məntiqlə hərəkət etdiyini Valday forumu zamanı suallardan birinə cavab verərkən Putinin özü də gizlətməyib: "Görsən ki, dava qaçılmazdır, birinci sən hücum et!".

Amma bu cür taktika heç də hər zaman uğur gətirmir və bunu yaxşı anlayan Putin "qırmızı xətt"i keçmək istəmir. 

ABŞ-ın hərəkətləri də eyni məntiqdən qaynaqlanır - onların əsas ideyası nəyin bahasına olur-olsun Əsədi devirmək yox, öz planlarını reallaşdırmaqdır. Rusiyanın münaqişəyə birbaşa müdaxiləsi Yaxın Şərqdə aləmi bir-birinə vurub və Suriya münaqişəsini tamamilə başqa istiqamətə yönəldib. Odur ki, indi ABŞ özünün manevr imkanları üçün daha geniş məkan əldə etmək haqqında düşünür. "WSJ" qəzeti Vyana görüşünə bir neçə saat qalmış Ağ evdəki mənbələrə istinadən yazıb ki, Obama administrasiyası özünün B.Əsədə dair mövqeyini dəyişə bilər. ABŞ-ın Moskvadakı səfiri Con Teff isə ABŞ-ın mövqeyini belə izah edib: "Vaşinqton hesab edir ki, Əsəd Suriyanın uzunmüddətli gələcəyinin bir hissəsi ola bilməz. Fikir verdinizsə, burada səfir diqqəti xüsusi olaraq "uzunmüddətli" ifadəsinə yönəldir. Həqiqətən də, Vyana danışıqları zamanı amerikalılar, əvvəlki kimi, Əsədin hakimiyyətdən getməsində israr ediblər, amma artıq bunu danışıqlar prosesinin davam etdirilməsi üzün şərt kimi irəli sürməyiblər. 

ABŞ-ın digər addımı isə odur ki, Vaşinqton Suriyaya xüsusitəyinatlılar göndərmək qərarına gəlib. Bu barədə Con Kerri Vyanada bəyan edib və vurğulayıb ki, Suriyada yerləşdiriləcək xüsusitəyinatlı kontingentin sayı 50 nəfərdən çox olmayacaq. Və onlar ölkənin şimalında "Suriya müxalifətinin fəaliyyətini koordinasiya edəcəklər". Bundan başqa, Türkiyədəki hərbi bazalarda amerikalılar əlavə qırıcı təyyarələr yerləşdirəcəklər. Ağ evin nümayəndəsi Erik Şults bundan əvvəl də qeyd etmişdi ki, ABŞ müəyyən şərtlər çərçivəsində "öz tərəfdaşları ilə birlikdə məhdud əməliyyatların həyata keçiriləcəyinini" istisna etmir. Analitiklərin fikrincə, amerikalılar əsas diqqəti İraqın Anbar vilayətinin paytaxtı olan Ramadi şəhərinə yönəldiblər - bura hazırda Suriyadakı terrorçuların əsas mərkəzi hesab olunur. "NBC" telekanalı isə xəbər verir ki, Ağ ev yaxın vaxtlarda Suriyada yerüstü əməliyyatların başlandığını bəyan etməyə hazırlaşır. Doğrudanmı, amerikalılar yenidən bu regiona genişmiqyaslı müdaxilə hazırlayırlar? Rusiya tərəfi artıq sosial şəbəkələrdə ironiya ilə xatırladır ki, bir müddət əvvəl Vaşinqton Moskvaya Suriyada "ikinci Əfqanıstan" vəd edirdi, indi isə özü buraya müdaxilə etmək istəyir. Bununla bağlı Lavrov bildirib ki, ABŞ-ın hərbi müdaxiləsi məsələsi gündəmdədirsə, bununla bağlı Dəməşqin razılığı olmalıdır. ABŞ mətbuatının yazdığına görə, Suriyadakı kontingentin sayının artırılması ideyasını Obamaya onun milli təhlükəsizlik məsələləri üzrə məsləhətçiləri veriblər. Çünki bu istiqamətdə hər hansı ciddi uğurun olmaması onları çox qıcıqlandırır. Digər tərəfdən, hazırda Suriya və İraqda məxfi şəkildə olan amerikalı hərbçilərin dəqiq sayını heç kəs bilmir. Obama xüsusitəyinatlıların ilk dəstəsinin İraqa göndərilməsinə hələ 2014-cü ilin yayında sanksiya verib və hazırda, ən azı, 3500 amerikalı hərbçi "məsləhətçi" qismində Şimali İraqda yerləşdirilib. 

Bütün bunlarla yanaşı, suriyalı kürdlərin uğurlarının Türkiyədəki kürdlərin də aktivləşməsinə səbəb olacağından ehtiyat edən Ankara Şimali Suriya səmasını nəzarətə götürməyə çalışır. Türkiyənin HHQ bu ilin iyulundan etibarən, Türkiyənin cənub-şərq bölgələrinə və İraqın şimalındakı PKK mövqelərinə aviazərbələr endirirdi. İndi isə türklər artıq Şimali Suriyanın Təl-Abyad şəhərindəki kürd mövqelərini bombardman etməyə başlayıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq bəyan edib ki, Ankara Suriyada kürd muxtaryyətinin yaradılmasına imkan verməmək üçün əlindən gələni edəcək. Yaxın günlərdə Türkiyədə parlament seçkilərinin keçiriləcəyini nəzərə alsaq, Ankaranın reaksiyasnı başa düşmək olar. Amma yayda kürd hərbi birləşmələrinin Təl-Abyadı "İslam Dövləti"ndən azad etməsini və burada yeni vilayətin elan olunmasını sevinclə qarşılamış amerikalılar türkləri anlayacaqlarmı? Xatırladaq ki, bu şəhərdə yeni vilayətin yaradılmasının təşəbbüskarı 2003-cü ildə yaradılmış və Türkiyə PKK-sı ilə əlaqədə olan "Demokratik İttifaq" kürd partiyasıdır. Bundan əlavə, Suriyada bir neçə kürd partiyasını birləşdirən və 2011-ci ildə Məsud Bərzaninin dəstəyi ilə yaradılmış Kürd Milli Şurası da fəaliyyət göstərir. Onların Əsəd hökumətinə və xarici müdaxiləyə yanaşmaları fəqrlidir. Amma öz maraqları naminə onlar hər an birləşə də bilərlər. 

Öz növbəsində, amerikalılar kürdlərdən öz maraqları naminə istifadə edirlər - ABŞ PKK-nı terrorçu təşkilat hesab etsə də, Suriya və İraqdakı kürdləri Vaşinqtonun müttəfiqləri adlandırırlar. Bu məsələdə öz maraqlarını güdən Aİ və Rusiya da amerikalılardan heç nə ilə fərqlənmirlər. 

Beləliklə, Suriyada sülhün bərqərar olmasına mane olan əsas problem tərəflərdən hər birinin öz maraqlarını güdməsi və vəziyyət haqqında dolğun informasiyanın olmamasıdır. Suriya müxalifətinin tez-tez simasını dəyişməsi də bundan irəli gəlir - onlar mütəmadi olaraq adlarını, liderlərini dəyişirlər, tez-tez bir-birlərinə oxşar adda yeni ittifaqlar, koalisiyalar, ordular və s. yaradırlar. İndi artıq "Azad Suriya Ordusu" və "Suriya inqilabçılarının milli koalisiyası" meydandan çəkilir, hamı daha çox "Suriya ərəb koalisiyası" adlı təşkilatdan danışır. Qeyd olunur ki, Rusiya əlaqədə olduğu, görüşdüyü və Suriya probleminə dair toplantılara dəvət edə biləcəyi müxalifətçi qruplaşmaların adlarını öz tərəfdaşlarına təqdim edib. Halbuki bundan əvvəl RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirirdi ki, Moskva regionda terrorizmlə mübarizəyə qoşula biləcək mötədil müxalifətçi dəstələr axtarsa da, belələrini tapa bilmir. Peskovla eyni vaxtda isə RF prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi təmsilçisi, RF XİN müavini Mixail Boqdanov bəyan edirdi ki, Moskva daim Suriya müxalifəti ilə əlaqədədir. Düzdür, bəzi Suriya qruplaşmaları bunu yalan adlandırırlar. Belə çıxır ki, ya Putinin XİN-in fəaliyyətindən xəbəri yoxdur, ya da RF həqiqətən də çoxsaylı suriyalı müxalifətçilər arasında başını itirib. 

ABŞ isə müxalifətçiləri radikal və mötədil qanadlara bölməyi xoşlayır. Amma bu zaman bu bölgünün hansı kriteriya ilə aparıldığı məlum deyil; məsələn, vaxtilə əl-Bağdadinin (sonradan o, "İslam Dövləti"ni yaratdı) dəstəyi ilə "Əl-Qaidə"dən ayrılmış "Cəbhət-ən-Nusra" təşkilatını mötədil adlandırmaq olarmı? Axı "Cəbhət-ən-Nusra" həm Əsədə, həm "İslam Dövləti"nə, həm də digər müxalifətçi qruplaşmalara qarşı döyüşür...

Sülh prosesi çərçivəsində növbəti görüşün ilk toplantıdan 2 həftə sonra yenidən Vyanada keçiriləcəyi gözlənilir. Bu görüşün baş tutub-tutmayacağı, onun hansı formatda olacağı Suriyanın gələcəyi baxımından böyük önəm daşıyır. Hazırda 19 diplomatın planları ilhamverici səslənsə də, o qədər də real görünmür. Əsədin gələcəyi məsələsi bir kənara qoyulsa belə, Suriyada eyniadlı, vahid mərkəzdən idarə olunan müxalifət formalaşmayana qədər heç bir səyin mənası yoxdur. Rusiya ilə ABŞ-ın "İslam Dövləti" ilə mübarizəsi isə, daha çox, bir-biri ilə mübarizəni xatırladacaq. Və Avropanın möhtəşəm otellərində keçirilən danışıqlar bu vəziyyəti dəyişməkdə aciz görünür...



MƏSLƏHƏT GÖR:

451