17 May 2024

Cümə, 07:16

ODLA SU ARASINDA

Aİ ölkələrini bürümüş kütləvi miqrasiya və millətçiliyin artması ittifaqın mövcudluğunu sual altına qoyur

Müəllif:

22.12.2015

Avropada millətçi əhvali-ruhiyyə getdikcə artır. Köhnə Dünyanın müsəlman Şərqindən kütləvi miqrant axınına reaksiyası kimi meydana çıxmış bu hal ən nəhəng ümumavropa layihəsinin özünün taleyini sual altına qoyub. Hər halda, Fransada daxili siyasətdə ultrasağçı "Milli cəbhə"nin mövqelərini gücləndirməsini Avropanın mövcud neoliberal şəklinə açıq təhlükə saymaq olar.

 

Miqrantlarla ksenofobiya arasında, yoxsa Angela Merkelin dilemması?

Başa çatmaqda olan ildə Avropanın qarşısında dayanmış ən ciddi təhlükə kimi, məhz miqrasiya özünü göstərib. Avropa mədəniyyətinə, mentallığına yad olan milyonlarla qaçqın daha yaxşı həyat axtarışı, müharibələrdən, nifaqdan qaçmaq niyyətilə rifah halının yüksək olduğu Köhnə Dünyanı "fəth" etməyə başlayıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2015-ci ilin sonuna Avropaya Aralıq dənizi vasitəsilə üz tutmuş miqrantların sayı 1 milyona çata bilər. Avropaya üz tutanlar yalnız Aİ-nin bir sıra üzvlərinin bilavasitə iştirakçısı olduğu müharibələrin tüğyan etdiyi Suriya, İraq və Əfqanıstan sakinləri deyil. Miqrantlar arasında Qara Afrika dövlətlərindən, Pakistandan və digər ölkələrdən qaçanlar da var.

Avropa Komissiyası hazırkı miqrasiya böhranının İkinci Dünya müharibəsindən sonra ən ciddi qaçqın böhranı olduğunu etiraf edib. Brüssel onu Aİ-nin hər bir ölkəsi üçün qaçqın qəbulunda kvotanı nəzərdə tutan Dublin razılaşmasının reallaşdırılması ilə çözməyə çalışır. Lakin bəzi ölkələr problemin bu yolla həllini istəmir. Məsələn, Slovakiya və Macarıstan Avropa Məhkəməsinə müraciət edərək, qaçqınlarla bağlı kvotanın ləğvini tələb edib. Aİ daxilində Qərblə (zəngin) Şərq (o qədər də zəngin olmayan) arasında getdikcə artmaqda olan ziddiyyət Aİ-nin Brüsseldə keçirilmiş və ilin sonuncu iclası olan toplantısında da özünü göstərib. Bütün bunlar Aİ-nin mövcudluğunu belə, sual altına qoyur və Avropa Parlamentinin prezidenti Martin Şults da bunu açıq şəkildə dilə gətirib. "Biz Avropa İttifaqının 10 il sonra hazırkı formada mövcud olacağını əminliklə söyləyə bilmərik. Bunu istəyiriksə, mübarizə aparmalıyıq", - deyə Şults qeyd edib. O, bildirib ki, hazırkı Avropanın alternativi "millətçilik, sərhədlər və divarlar ittifaqı"dır: "Bunun faciəvi fəsadları olar. Çünki o cür Avropa qitəmizi dəfələrlə fəlakətə sürükləyib".

Bundan əvvəl cənab Şults miqrasiya böhranının Aİ daxilində son dərəcə dərin parçalanmaya yol aça biləcəyini demişdi.

 

Leypsiq yalnız başlanğıcdır

Avropanın ən güclü iqtisadiyyatı olan Almaniya miqrasiya məsələsində əsas məkana çevrilib. Kansler Angela Merkel elə həmin Slovakiya və Macarıstanın liderlərindən fərqli olaraq, ölkəsinin saysız-hesabsız qaçqına qucaq açmağa hazır olduğunu bəyan edib. Bu, onun siyasi mövqelərinin ciddi şəkildə laxlamasına səbəb olub. Üstəlik, bu laxlamaya Merkelin Xristian-Demokrat İttifaqı (XDİ) partiyasının daxilində də rast gəlinir. Bununla yanaşı, rəsmi Berlinin mövqeyinə ksenofobiyanın artması da öz təsirini göstərəcək.

Almaniyanın ölkəyə üz tutmuş qaçqınların əksəriyyətini qəbul edən Şərq torpaqlarında "Peqida" sağ-millətçi hərəkatı ("Vətənpərvər avropalılar Köhnə Qitənin islamlaşmasına qarşı") mövqelərini gücləndirir. Eyni sözləri ölkənin və bütünlükdə qitənin islamlaşmasının təhlükəli olduğunu bəyan edən "Almaniya üçün alternativ" partiyası haqda da söyləmək olar. Millətçi düşərgəyə əsasən radikal solçu dairələr müqavimət göstərməyə çalışır. Tərəflər Leypsiq şəhərinin əsl döyüş meydanına çevriliblər. Bu, neonasistlərin nümayişi zamanı baş verib. Sağçı və solçu ekstremistləri sakitləşdirməyə çalışan polisin müdaxiləsi onlarla asayiş keşikçisinin yaralanması ilə nəticələnib. Ən pisi isə odur ki, Leypsiqdə baş verənlər, güman ki, Almaniya hökuməti üçün son belə sınaq deyil. Yalnız Almaniya hökuməti üçünmü? Bu, Aİ-nin iki od arasında qalmış bütün siyasi elitasına aiddir: o, Şərqdən axışmaqda olan "yadlar"la bu köçün əleyhinə olan "doğmalar" arasında qalıb. Üstəlik, "doğmalar" Köhnə Qitənin sivil eyniliyinin məhvinə görə məsuliyyəti məhz rəhbərliyin üzərinə qoyur. Misal kimi, Avropanın digər aparıcı ölkəsində - Fransada baş verənləri göstərmək olar. İndi orada "Milli cəbhə"nin səs getdikcə daha güclü eşidilir.

 

"Ultrasağçı təhlükəsi", yoxsa Marin Le Penin rekordu?

Marin Le Penin rəhbərlik etdiyi "Milli cəbhə" Fransada keçirilmiş regional seçkilərin əsas intriqası sayıla bilər. Ekspertlər hesab edirlər ki, bu, 2017-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində əsas məşqdir. Partiyanın yerli səviyyədə seçki prosesini uğurla başa vurduğunu nəzərə alsaq, demək, onun dövlət başçısı postuna seçkilərdə də namizədinə uğur qazandırmaq şansı var.

Dəfələrlə müsəlmanlara qarşı nifrət yaymaqda günahlandırılan "Milli cəbhə"nin lideri hələ seçkidən əvvəl elektoratını "Bizim qarşımızı heç nə kəsə bilməz!" kimi şüarlarla səfərbər etməyə çalışırdı. Bununla yanaşı, o, Fransanın islamlaşdırılmasını önləmək üçün düşündüyü yolu da açıq şəkildə ifadə edirdi. Le Penin fikrincə, bu, "sistemə qarşı səfərbər olmaqdan" keçir. Hökumət "Milli cəbhə" liderinin fikirlərinin məğzini yaxşı anlayır. Bu səbəbdən də, seçkilərin ultrasağçıların uğuru ilə nəticələnmiş ilk turundan sonra sosialist hökumətinin başçısı Manuel Vals xəbərdarlıqla çıxış edib: "Milli cəbhə"nin hakimiyyətə gəlməsi "vətəndaş müharibəsinə yol aça bilər".

Bununla bağlı, Nitsa meri, tanınmış siyasətçi, Respublikaçılar Partiyasını (Qollçu "Xalq hərəkatı uğrunda ittifaq" partiyasının hüquqi varisi) təmsil edən Kristian Estrozinin fikirləri də diqqətəlayiqdir. O, vətəndaşları "Milli cəbhə"yə müqavimət göstərməyə, ona qarşı olan bütün qüvvələri birliyə çağırıb: "Bu gün sənin solçu, ya sağçı olduğunu unutmalısan".

Nəticədə, ikinci turda fransız ultrasağçıları heç bir regionda qələbə qazana bilməyiblər. Buna səbəb sosialistlərlə qollçuların "Milli cəbhə"nin qələbəsinə imkan verməmək məqsədilə seçicilərini rəqiblərini dəstəkləməyə çağırması olub. Lakin Marin Le Penin partiyası yerli özünüidarə orqanlarında 5 il əvvəlki seçkilərlə müqayisədə 3 dəfə artıq yer qazanıb. "Milli cəbhə" Sosialist Partiyasına cüzi fərqlə məğlub olub (32,12%-ə qarşı 27,1%). Respublikaçılara məğlubiyyət isə ciddi olub. Seçkidə qalib gəlmiş respublikaçılar 40,24% səs qazanıblar. Yeri gəlmişkən, bu qələbədə də partiya rəsmilərinin bir çox hallarda Le Penin fikirlərilə üst-üstə düşən millətçi ritorikası rol oynayıb. Son məqam respublikaçıların rəhbəri, Yelisey sarayına qayıtmaq niyyətini gizlətməyən eks-prezident Nikola Sarkozinin mövqelərini gücləndirdiyini göstərir.

Sarkozidən heç də az iddialara malik olmayan Marin Le Pen hazırda hədəfə nail olmaq şanslarının o qədər də yüksək olmadığını anlayır. Hər halda, yerli seçkilər bir daha göstərib ki, "Milli cəbhə" hakimiyyətə yaxınlaşdıqda, sistemli sağçılar və solçular dərhal səyləri birləşdirirlər. Bununla yanaşı, regional seçkiləri Le Penin aktivinə yazmaq olar. "Milli cəbhə" bu seçkilərdə elektorat baxımından rekorda imza atıb: ona, təxminən, 6,6 milyon nəfər səs verib. Əhalinin ultrasağçılara dəstəyinin artdığını göstərən bu rəqəmin getdikcə artacağını düşünmək üçün bütün əsaslar var. Çünki "Milli cəbhə"nin mövqelərini gücləndirməsi üçün lazımi şərait də mövcuddur: noyabrın 13-də dəhşətli terror aktlarının baş verdiyi Fransada miqrantlara qarşı çıxanlar, ksenofob əhvali-ruhiyyə artır. Bu isə, əlbəttə ki, siyasi meydanda qüvvələr nisbətinə öz təsirini göstərəcək. Regional seçkilərin ikinci turundan sonra baş nazir Vals "Milli cəbhə"nin hakimiyyətə gəlməsinə imkan verməyən fransızlara minnətdarlıq edib və bu, heç də təəccüblü deyil. Baş nazir onu da deyib ki, Fransa hələ də "ultrasağçı təhlükə"dən xilas olmayıb və odur ki, "döyüş" davam etdirilməlidir.



MƏSLƏHƏT GÖR:

523