4 May 2024

Şənbə, 14:59

İMİCƏ QƏSD

Oytun Orxan: "Sultanəhməd meydanındakı terrorda hədəf iqtisadiyyatın çox önəmli sahəsi olan turizm idi"

Müəllif:

19.01.2016

Bir il əvvəl olduğu kimi, 2016-cı ilin başlanğıcında da Türkiyə dəhşətli terror aktları ilə sarsıldı. Bu dəfə partlayışlar İstanbulda - Sultanəhməd meydanı və Diyarbəkir əyalətində baş verdi. Buna cavab olaraq hökumət komendant saatı elan etdi, ordu PKK terrorçularının aktivləşdiyi cənub-qərb bölgəsinin şəhərlərində ciddi təmizləmə işlərinə başladı. Paralel olaraq, Türkiyə Ordusu İŞİD-in Suriya və İraqdakı mövqelərinə artilleriya və tanklardan 500-dən çox zərbə endirdi.

Ölkənin Baş naziri Əhməd Davudoğlunun da dediyi kimi, Ankara Türkiyənin sabitliyinə və təhlükəsizliyinə əl uzadan hər kəsə qarşı amansız savaşa başlayıb. Türkiyənin Yaxın Şərqin Strateji Araşdırmalar Mərkəzinin (Ortadoğu Strateji Araşdırmalar Mərkəzi) eksperti Oytun Orxan "R+"a müsahibəsində Azərbaycana qardaş ölkə, strateji tərəfdaş olan Türkiyədə yaşananlar haqqında danışıb.

- Türkiyə hökuməti bəyan edib ki, İstanbulda törədilmiş terror aktının arxasında İŞİD terror təşkilatı dayanır. İŞİD Türkiyədə konkret hansı hədəflərə nail olmaq istəyir? 

- Son yarım ildə Türkiyə "İslam Dövləti"nə bir sıra vacib istiqamətlərdə təzyiqləri artırıb. Bu, cihadçıların liderlərində sərt antitürk ritorikasına səbəb olub. Onlar artıq Türkiyədə İŞİD üzvlərinin əl-qolunun açıldığına eyham vururlar. Hətta cihadçılara ünvanlanmış "fəaliyyətə keçmək" çağırışları da eşidilir. Türkiyə prezidentinin dediyi kimi, Ankarada, İstanbulda törədilmiş terror aktları, partlayışlar İŞİD-in qisas aktlarıdır. Bununla yanaşı, İstanbulun Sültanəhməd meydanında törədilmiş terrorda hədəf Türkiyə iqtisadiyyatının önəmli sahələrindən olan turizm idi. Terrorçular Türkiyənin beynəlxalq arenadakı imicini korlamağa çalışırlar. 

- Türkiyə Ordusu İŞİD-in mövqelərinə artilleriyadan, tanklardan zərbələr endirir. Bu, Türkiyənin Suriya və İraqda quru əməliyyatlarına başlama ehtimalını artırırmı? 

- Ankara ilə Vaşinqton arasında əldə edilmiş razılaşmaya əsasən, Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması nəzərdə tutulurdu. Lakin bu plan Rusiya-Türkiyə münasibətlərində yaranmış böhranla əlaqədar, reallaşdırılmadı. Moskva regionda istənilən silahlı qeyri-hökumət birləşmələrinə zərbə endirəcəyini bəyan edib. Bu səbəbdən, Türkiyə, hətta Suriyanın şimalında İŞİD mövqelərinə hava zərbələrini dayandırıb. Bununla yanaşı, türk ordusu Türkiyə-Suriya sərhədi boyunca 50 kilometrlik məsafədə yerləşən terrorçu bazalarını uzaqmənzilli artilleriya və raketlər vasitəsilə uğurla məhv edir.

İraqa gəlincə, həmsərhəd zonada artilleriya ilə yanaşı, Türkiyənin hərbi bazalarından istifadə oluna bilər. Söhbət kürdlərin nəzarətində olan İraq vilayətlərindən gedir. Həmin bazalarda türk hərbi mütəxəssisləri İraq əsgərlərinə təlimlər keçir. Oradakı tanklardan və artilleriyadan da terrorçulara qarşı istifadə oluna bilər. Vacib məqam ondan ibarətdir ki, Türkiyə sərhədi boyunca yerləşən ərazilərə nəzarət edən terrorçularla aviasiyadan istifadə etməməklə uğurla mübarizə aparmaq olar.

- Bəs İŞİD Türkiyəyə raketlərlə cavab verərsə, necə olacaq?

- İŞİD silahlı birləşmələrinin mövcud imkanlarına, taktikasına əsaslansaq, terrorçular tərəfindən adekvat cavab, Türkiyə ərazilərinin atəşə tutulması ehtimalı azdır. İŞİD sanki "Əl-Qaidə"nin təkrarıdır. Bu cür təşkilatların sevimli savaş taktikası var - kamikadzelər vasitəsilə partlayışlar. İŞİD Türkiyə Ordusuna hücuma keçərsə, son dərəcə güclü rəqiblə qarşı-qarşıya qalacaq. Təbii ki, bu halda Türkiyə terrorçulara məhvedici zərbə endirmək üçün bütün imkanlardan istifadə edəcək. 

- İŞİD mövqelərinin bombalanması, 200-dən artıq cihadçının məhv edilməsi Türkiyədə terrorçuların fəaliyyət zonasının genişlənməsi ilə nəticələnə bilərmi? Məsələn, yayda turistlərin daha çox dincəldikləri Antalyada, Aralıq dənizi regionunda... 

- Türkiyə-Suriya sərhədində 5 ildən artıqdır ki, şiddətli vətəndaş müharibəsi gedir. Bu müharibə nəticəsində müxtəlif radikal təşkilatlar meydana çıxıb və İŞİD də onlardan biridir. Aydındır ki, "açıq qapı" siyasəti yürüdən Türkiyə bu radikallardan kənarda qala bilməz. Nə qədər ciddi təhlükəsizlik tədbirləri görülsə də, sərhəddən qeyri-qanuni keçidləri tam önləmək mümkün deyil. O da nəzərə alınmalıdır ki, İŞİD özündə dünyanın 80 ölkəsindən, o cümlədən, Türkiyədən olan insanları birləşdirmiş beynəlxalq təşkilatdır. Onlar tədricən geri dönür, nəticədə, Türkiyənin təhlükəsizlik qüvvələri ölkə daxilində terror aktları cəhdləri ilə daha tez-tez qarşılaşır. Bütün terror cəhdlərinin qarşısını almaq mümkün deyil. Nə qədər ki, Suriya münaqişəsi çözülməyib, Türkiyə ciddi terror təhlükəsi ilə üz-üzə qalacaq. Terrorçular terror aktlarının coğrafiyasını genişləndirmək niyyətindədirlər. Bununla onlar Türkiyəni terror təhlükəsi qarşısında aciz ölkə kimi göstərməyə çalışırlar. Onların Antalyanı və ya hər hansı digər turizm regionunu hədəf götürmələri də tamamilə mümkündür. Lakin Türkiyənin təhlükəsizlik xidmətləri daim öz gücünü artırır, terror aktlarının qarşısının alınması üçün tədbirlər görür. Düşünürəm ki, terror xəbərdarlığı tədbirləri daha da təkmilləşdiriləcək. Lakin terror təhlükəsinin tam aradan qaldırıldığına zəmanət vermək mümkün deyil. Bu, yalnız Türkiyənin problemi deyil. Parisdə baş vermiş qanlı hadisələr onun qlobal xarakterli problem olduğunu bir daha göstərib. 

- Belə olan təqdirdə, Türkiyə Azərbaycanın da iştirak etdiyi beynəlxalq layihələrin təhlükəsizliyini təmin edə biləcəkmi? Söhbət TANAP, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars və digər layihələrdən gedir...

- Enerji layihələrinin təhlükəsizliyinin təmini məsələsi Türkiyədə geniş müzakirə olunan mövzudur. Belə fikirlər var ki, xarici qüvvələr İŞİD və PKK təhlükəsindən istifadə ilə Türkiyədəki nəhəng beynəlxalq enerji layihələrini sabotaj etməyə çalışırlar. Ümumilikdə, bu layihələrə aşkar təhlükə yoxdur. Yaxın Şərqdəki hadisələr göstərir ki, beynəlxalq enerji, kommunikasiya layihələri mərkəzi hakimiyyətin zəiflədiyi təqdirdə, təhlükə ilə qarşı-qarşıya qalır. Hələlik, mərkəzi hakimiyyət güclüdür və o, beynəlxalq nəqliyyat-enerji sistemlərinin təhlükəsizliyinə zəmanət verə bilir. Bu gün Türkiyədə güclü mərkəzi hakimiyyət, qüdrətli təhlükəsizlik xidmətləri var. Düşünürəm, 1-2 ay ərzində Şərqi Anadoluda vəziyyət hökumətin tam nəzarətinə keçəcək. Ölkənin digər regionlarına gəlincə, terror ehtimalları yüksək deyil. Türkiyənin hüquq-mühafizə orqanları bütün beynəlxalq layihələrin təhlükəsizliyini maksimum təmin etmək iqtidarındadır.

- Bəs necə oldu ki, Türkiyə xüsusi xidmət orqanlarının nəzarətində olan Diyarbəkir regionunda PKK tonlarla partlayıcının istifadəsi ilə miqyaslı terror aktları törətməyi bacardı? 

- PKK liderləri elə biliblər ki, İŞİD-lə mübarizə Türkiyəni zəiflədib. Bu mənada, onlar PKK-nın güclü olduğu bölgələrdə öz hökumətlərini qurmaq fikrinə düşüblər. Bu işdə terrorçular Suriya kürdlərinə məxsus təşkilatlarla əməkdaşlıq təcrübəsindən, bu təşkilatların imkanlarından istifadə etməyə də çalışıblar. PKK Suriya kürdlərinin müharibə təcrübəsini Türkiyəyə daşımağa çalışır. Amma sonuncunun uğurları yalnız Suriya hökumətinin zəifləməsi üzündən mümkün olub. Türkiyədə şərait başqadır. Odur ki, PKK Ankaranın xarici mübarizələr, xüsusilə İŞİD-lə savaş nəticəsində zəifləyəcəyinə ümid edir. 

- İndi Türkiyə praktiki olaraq iki cəbhədə - PKK və İŞİD ilə mübarizə aparır?!

- Bəli. Məsələn, Surucda polis əməkdaşı qətlə yetirilib. Bu regionda Türkiyə Ordusu, eyni zamanda, həm PKK bazalarını bombalayıb, həm də İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib. Bununla yanaşı, Türkiyə İŞİD-lə mübarizə aparan Suriya müxalifətini dəstəkləyir.

- Bəs "üçüncü cəbhə"də - Rusiya ilə siyasi qarşıdurmada hadisələr necə inkişaf edəcək? 

- Təəssüf ki, 2016-cı ildə Türkiyə-Rusiya münasibətləri gərgin olaraq qalacaq. Rusiya Suriyadakı kürd silahlı birləşmələrinə bütün mümkün dəstəyi göstərəcəyini, Suriya Ordusunun və kürd silahlı birləşmələrinin hücumlarına dəstək verəcəyini, Türkiyə sərhədinə bitişik regionları tam nəzarətə götürəcəyini bildirir. Demək, Moskva Ankara üçün həyati əhəmiyyət daşıyan bölgələrə zərbələr endirə bilər. Təbii ki, Türkiyə hökuməti bu planın baş tutmaması üçün əlindən gələni edəcək. Hadisələrin bu cür inkişafı nəinki Rusiya ilə Türkiyə arasında siyasi gərginliyi artıra, hətta Moskva ilə hərbi qarşıdurmaya da səbəb ola bilər. Rusiyadan gələn mesajlar göstərir ki, Moskva Ankara ilə münasibətlərdə gərginliyi aradan qaldırmağı düşünmür. Bu halda regionda Rusiya-Türkiyə rəqabəti getdikcə artacaq.


MƏSLƏHƏT GÖR:

522