18 May 2024

Şənbə, 16:57

ƏJDAHA HÜCUMDADIR

Çin özünü inkişaf etməkdə olan geosiyasi qüvvə kimi təsdiqləmək üçün ən uyğun anı seçib

Müəllif:

26.01.2016

ÇXR sədri Si Cinpinin Səudiyyə Ərəbistanı İran və Misirə yanvarın 19-24-də baş tutmuş turnesi politoloqların daim təkrarlamağı sevdikləri bir həqiqəti növbəti dəfə ortaya qoyub: geosiyasi və dini fikir ayrılıqları Pekini o qədər də narahat etmir, onun üçün yanız iqtisadi qazanc maraqlıdır. Amerikalı politoloq Coşua Kuper Ramonun fikrincə, Çin alternativ inkişaf nəzəriyyəsi və beynəlxalq münasibətlər modelini yaymaqdadır. Pekin sistematik şəkildə öz yolu ilə gedir. Məsələn, Yaxın Şərq münaqişəsində tərəflərdən hər hansını dəstəkləməkdən çəkinir, sünni-şiə qarşıdurmasına münasibət bildirmir, gurlayıb qurtarmış "ərəb baharı"nın nəticələrinə isə siyasi deyil, investisiya nöqteyi-nəzərindən baxır. Bu səbəbdən də, Çin lideri bir-birinin ardınca rəqib olan ölkələrə - İran və Səudiyyə Ərəbistanına səfər edib. Üstəlik, o, bunu tərəflər arasında diplomatik əlaqələrin kəsilməsilə nəticələnmiş gərginliyin pik mərhələsində edib.

Çin XİN-in Si Cinpinin Ər-Riyada səfərindən bir qədər əvvəl yaydığı "Ərəb ölkələrilə bağlı siyasət" adlı sənəddə ərəb dövlətlərinə daxili nüanslar, fikir ayrılıqları nəzərə alınmadan, vahid mərkəz kimi yanaşılır. Bu yanaşma ərəb ölkələrinə də sərf edib. Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Nabil əl-Ərəbi "Sinhua"ya müsahibəsində Si Cinpinin bu səfərini tarixi səfər kimi qiymətləndirib. Onun fikrincə, hazırda Çinlə ərəb dövlətləri arasında ideal münasibət var. Pekin ərəb dünyasının ən böyük ikinci ticarət tərəfdaşıdır. Burada aparıcı rol məhz Səudiyyə Ərəbistanının üzərinə düşür. Halbuki Ər-Riyad ilə Pekin arasında diplomatik münasibətlər nisbətən yaxın keçmişdə qurulub. Bununla yanaşı, münasibətlərin inkişafında katalizator rolunu iqtisadiyyat oynayıb - Çin idxal etdiyi neftin, təxminən, altıda birini məhz Səudiyyə Ərəbistanından alır.

Si Cinpinin Ər-Riyada səfəri çərçivəsində tərəflər arasında karbohidrogen tədarükünün sabitliyini təmin edəcək bir sıra saziş memorandumu imzalanıb. Lakin haqqında çox danışılmasa da, bir razılaşma digərlərindən heç də az maraq doğurmur: tərəflər nüvə və "yaşıl" enerji sahəsində razılaşma əldə ediblər. Dünyanın aşkarlanmış neft ehtiyatının 24%-nə sahib olan Səudiyyə Ərəbistanı KİV-də əsasən neftdən tam asılı dövlət kimi təqdim olunur. Amma onun 2032-ci ilə qarşısında dəyəri onlarla milyard dollar olan nəhəng vəzifə qoyduğu haqda danışılmır: Ər-Riyad 2032-ci ilə 55 giqavatt günəş enerjisi əldə etmək və bu sahədə dünyanın liderinə çevrilmək niyyətindədir. Ölkədə enerji istehlakı ildə 7% artır. Lakin hazırda bütün bu, neftin yandırılması hesabına (hasil olunan ümumi neftin 25%-i) əldə olunur. Nəticədə, Səudiyyə Ərəbistanı dünyada "qara qızıl" istehlakçıları arasında 6-cı yeri tutur. İstehlak hazırkı templərlə artarsa, Səudiyyə Ərəbistanı, təxminən, 2040-cı ildə neft idxal etmək məcburiyyətində qalacaq. Bu, əlbəttə ki, krallığın gəlirlərinə ciddi zərbə vuracaq. Hər halda, Ər-Riyad indinin özündə neftin kəskin ucuzlaşmasının ciddi təsirlərini hiss etməkdədir. Odur ki, ölkədə alternativ mənbələrin inkişafına ehtiyac var. Bunun üçün isə Səudiyyə Ərəbistanı ideal şəraitə malikdir (qum fırtınaları nəzərə alınmazsa) - ucsuz-bucaqsız səhralar və intensiv günəş şüaları.

Çin də enerji resurslarının çatışmazlığını daim hiss edir və ümumi istehlakda kömürün payını heç cür azalda bilmir. Bu isə öz növbəsində, ciddi ekoloji problemlərə yol açır. Odur ki, Pekinin alternativ enerjiyə ehtiyacı Ər-Riyadınkından az deyil. Hazırda Çinin enerji balansında "yaşıl enerji"nin payı son dərəcə az olsa da, onun inkişafına ciddi vəsait xərclənir. Ən cəsarətli hesablamalara görə, 2030-cu ilə ölkədə alternativ enerjinin payının, təxminən, 50%-ə çatdırılması planlaşdırılır. Maraqlıdır ki, müxtəlif hesablamalara görə, hazırda Çində bu sahəyə yatırılan investisiyalar bir çox Avropa ölkəsində və ABŞ-da olduğundan çoxdur. O, ən nəhəng günəş batareyası istehsalçısıdır. Odur ki, Çin ilə Səudiyyə Ərəbistanının bu sahədə əməkdaşlığı gələcəkdə enerji sahəsində öz sözünü deyə bilər - lap indiki "dünyanın ən nəhəng neft ixracatçısı və ən nəhəng neft alıcısı" sxemi kimi.

Lakin indi Çinə lazım olan böyük həcmdə neftdir. Onu İrana çəkib aparan da, güman ki, BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqının Tehrana tətbiq edilmiş sanksiyaları aradan qaldırması olub. Yeri gəlmişkən, sanksiyaların ləğvində Pekin də kifayət qədər konstruktiv rol oynayıb. ÇXR əvvəllər Qərbin Tehrana qarşı cəza tədbirlərinə o qədər də diqqət göstərmirdi. O, iranlılardan neft alışını davam etdirir, onlara hərbi texnologiyalar, sənaye avadanlıqları satırdı. Rəqiblərin olmaması Çinə əhəmiyyətli endirimlərdən yararlanmaq, İran biznesinə öz şərtlərini diktə etmək və s. imkanlar verirdi. İndisə tərəflər yeni müqavilələr imzalamalıdırlar. Tərəflərin əməkdaşlıq edə biləcəkləri sahələr kifayət qədər çoxdur - azad ticarət zonasının yaradılması, atom enerjisi, infrastruktur tikintisi və s. Odur ki, Çin sərfəli mövqelərə yiyələnməyə çalışır. Çin üçün İran neft və qaz sahəsində əməkdaşlıq üçün önəmli ölkə, həmçinin 78 milyonluq böyük istehlak bazarı olmaqla yanaşı, həm də yeni İpək Yolu layihəsinin vacib iştirakçısıdır.

Misirə gəlincə, siyasi hərc-mərclik, terrorçuların turizm biznesinə zərbəsindən sonra bu ölkəni "ələ keçirmək" daha asanlaşıb. Hələ səfərdən əvvəl bildirilirdi ki, Çin Misirin qızıl-valyuta ehtiyatlarını dəstəkləmək üçün bu ölkəyə 1 milyard dollarlıq kredit ayıracaq. Bundan başqa, Pekinin müxtəlif sahələrdə (enerjidən tutmuş, kənd təsərrüfatınadək) birgə layihələrin həyata keçirilməsi məqsədilə Misirə 800 milyon dollarlıq kredit xətti açacağı da deyilirdi.

Ümumiyyətlə, Çinin Misirdə hər zaman böyük maliyyə maraqları olub - Qahirə ilə Pekin arasında ikitərəfli ticarət dövriyyəsi ötən il 2 milyard dollar təşkil edib. Hazırda Çin Misirin ən böyük ticarət tərəfdaşıdır.

Bu ölkəyə səfəri çərçivəsində Si Cinpin Çin-Misir iqtisadi-ticarət əməkdaşlığına dair Ayn-Soxna rayonunda ikinci iqtisadi zonanın açılışında iştirak etməyi planlaşdırmışdı. Buraya artıq, təxminən, 900 milyon dollar investisiya qoyulub və bu məbləğin 30 milyard dollara çatdırılacağı bildirilir. Çin üçün Misir yalnız Afrika qitəsindəki vacib meydan deyil. O, Pekinin diqqətini həm də Avropa bazarlarına yaxınlığı ilə çəkir.

Son zamanlar Çin iqtisadiyyatındakı ləngimələrə, beynəlxalq ekspertlərin onu qeyri-dəqiq rəsmi statistika - deməli, ÜDM artımı ilə bağlı da şübhəli rəqəmlər yaymaqda təqsirləndirməsinə rəğmən, bu ölkə Qərbin ən ciddi rəqibi olaraq qalır. Pekinin Böyük İpək yolunun bərpası ilə bağlı layihələri xüsusilə iddialı təsir bağışlayır. "Bir yol - bir qurşaq" ideyası nəhəng regionun ayrı-ayrı ölkələrini məhz Çində birləşdirməlidir. Ərəb ölkələri və İran Çin investisiyalarına və texnologiyalarına ehtiyac duyursa, Pekin yeni satış bazarlarına, tranzitə, həmçinin artıq qeyd olunduğu kimi, neftə alternativ enerji mənbələrinə, faydalı qazıntılara çıxmaqda maraqlıdır (bu, Böyük Yaxın Şərqdə istədiyin qədərdir). Bütün bunlar Pekinə sənayesinin inkişafı baxımından vacibdir.

Lakin unutmayaq ki, bura son dərəcə problemli regiondur. Orada sabitliyi bərqərar etmək mümkün olmur, beynəlxalq terrorçuluq isə iqtisadi planların həyata keçirilməsinə ciddi maneədir. Xarici iqtisadi əlaqələrə xüsusi önəm verən Çin, əlbəttə ki, bunları nəzərə almaya bilməz. Məhz bu üzdən Çinin hərbi gəmiləri Aden körfəzində dəniz quldurlarına qarşı əməliyyatlarda iştirak edir. Bundan başqa, yeni ilə az qalmış Pekinin Cibutidə HDQ bazası yaratmağa hazırlaşdığına dair xəbərlər yayılıb. Bu, Pekinin Afrikadakı ilk hərbi obyekti olacaq. Amerikalı ekspertlərin sözlərinə görə, aerodromdan gerçəkləşdiriləcək uçuşlar Çinə Fars körfəzi, Yaxın Şərq və Afrika regionlarından kəşfiyyat məlumatları toplamaq imkanı verəcək.

Bu yaxınlarda mətbuatda Çinin İD-yə qarşı əməliyyatlara qatılmaq imkanını da nəzərdən keçirdiyinə dair məlumatlar yer alıb. Pekin İD sıralarında Çin əsilli yaraqlıların durmadan artmasından narahatdır - yaxşı təlim keçmiş terrorçular narahat Sintszyan-Uyğur muxtar bölgəsində Pekinə çox başağrısı yaşada bilər. Bununla yanaşı, iqtisadi maraqlara olan təhlükə də öz rolunu oynayır. Hər halda, ekspertlər İraq və Suriyada sıxışdırılan terror qruplaşmalarının Mərkəzi Asiya ölkələrinə üz tutacaqlarını istisna etmir. Həmin ölkələrdə Çinin nəhəng layihələrinin olduğu isə heç kəsə sirr deyil. Düzdür, Çinin İD ilə mübarizəyə bilavasitə qoşulacağı gözlənilən deyil. Amma bilmək olmaz - bəlkə də, Pekin real hərbi şəraitdə öz silahlı qüvvələrini yoxlamaq şansından imtina etmədi. Çin öz potensialından istifadə etməklə, İD ilə mübarizə aparan ölkələr arasında ortaq məxrəcin tapılmasına da çalışa bilər. Onların arasındakı fikir ayrılıqları faktiki olaraq, həmin dövlətlərin bir-birlərilə mübarizə aparmasına gətirib çıxarıb. Çinin isə istər İranla, istər ərəb dövlətləri, istərsə də Rusiya, Türkiyə və İsraillə yaxşı münasibətləri var. Əgər Pekin inkişaf etməkdə olan geosiyasi qüvvə kimi öz mövqeyini gücləndirmək istəyirsə, indi bunun üçün ən əlverişli andır. Çindəki hazırkı iqtisadi çətinliklər bu prosesi yalnız canlandıra bilər. Çünki iqtisadi ekspansiya ciddi diplomatiya və hərbi mövcudluğun artırılması ilə müşayiət olunmaya bilməz.



MƏSLƏHƏT GÖR:

442