18 May 2024

Şənbə, 16:57

DOSTUN KİMDİR, DÜŞMƏNİN KİM?

Moldovada yaşanan qarşıdurmanın ciddi geosiyasi səbəbləri var

Müəllif:

26.01.2016

Postsovet məkanının ən yoxsul ölkələrindən olan Moldovanı etiraz aksiyaları bürüyüb. Müxalifətin solçu və sağçı qanadı hökumətə qarşı birləşib. Bununla yanaşı, Moldovada baş verənlərin ciddi geosiyasi səbəbləri də var.

Son 6 ildə Moldovaya rəhbərlik edən Demokrat Partiyasının başçılıq etdiyi qərbpərəst blok ötən il baş vermiş bir qalmaqalla imicini əməlli-başlı korlayıb. Xatırladaq ki, ötən il yerli banklardan 1 milyard avro vəsait yox olub. İstər sağçı, istərsə də solçu müxalifət buna görə hökuməti tənqid edir. Onlar hökuməti ölkənin vəsaitlərini talan etməkdə günahlandırır. Hətta Kişinyovu öz orbitinə çəkə bilmiş Avropa strukturları belə, Moldovada ciddi kriminal problemlərin olduğunu etiraf etmək məcburiyyətində qalıb. Avropa Şurasının baş katibi Turborn Yaqland "The New York Times" qəzetindəki məqaləsində son 6 ildə Moldovada "iqtisadiyyatın, dövlət institutlarının inkişafı üçün çox az işlərin görüldüyünü, konstitusiyanın norma olaraq qaldığını, dövlətin oliqarxların əlində olduğunu" açıq şəkildə ifadə edib.

Moldovada yaşananlar bu ilin əvvəlində Demokrat Partiyasının baş nazirin müavini Vladimir Plaxotnyuku hökumət başçısı postuna gətirməyə çalışması ilə ən kəskin mərhələsinə qədəm qoyub. Qeyd edək ki, o, ölkənin az qala, ən nüfuzlu oliqarxı sayılır.

Müxalifət dərhal buna qarşı çıxıb. Nəticədə, ölkə başçısı Nikolay Timofti bu siyasətçini baş nazir kürsüsünə oturtmağa risk etməyib. Belə olan təqdirdə, partiya baş nazir vəzifəsinə Plaxotnyukun əvəzinə elə onun adamı sayılan Pavel Filipin namizədliyini irəli sürüb. Bunun hökumət əleyhinə nümayişlərə yol açacağını anlayan hakim dairələr baş nazir postuna səsvermənin tarixini gizli saxlayıb. Yanvarın 20-də gözlənilmədən parlamentin iclası çağırılıb və yeni hökumətin təsdiqlənməsi iclasın gündəliyinə salınıb. Toplantı cəmi yarım saat davam edib və deputatlar hökumətin tərkibini və proqramını müzakirə aparmadan təsdiqləyiblər. Qeyd edək ki, 101 nəfərlik Moldova parlamentində 56 nəfərdən ibarət çoxluq hakim koalisiyaya məxsusdur. Yeni hökumətin təsdiqlənməsi parlamentarilərin üçdə birindən çoxunun iclasa qatılmadığı bir şəraitdə baş tutub. İclasdan sonra yeni seçilmiş baş nazir və onun silahdaşları parlamentin binasını tələm-tələsik tərk ediblər - bu zaman artıq binanın qarşısına nümayişçilər toplaşmışdı. Bir qədər sonra müxalifətçilər binanı tam mühasirəyə alıb və hücum edərək onu ələ keçiriblər. KİV-in məlumatına görə, polislə toqquşmalarda 15 nəfər yaralanıb. Nümayişçilər parlamentin boş binasını tərk etsələr də, növbədənkənar seçki tələbi səsləndirməyə başlayıblar. Onlar indi yalnız baş nazirin deyil, kütləvi etirazlara rəğmən Filipin baş nazir təyin edilməsi haqda sərəncam imzalamış prezidentin də istefasını tələb edir.

Maraqlıdır ki, ölkə rəhbərliyinə olan qəzəb Moldovanın ən müxtəlif siyasi düşərgələrinin nümayəndələrini bir araya gətirib - indi həm solçular, həm sağçılar, həm rusiyapərəst, həm də qərbpərəst qüvvələr bir cəbhədə cəmləşiblər. Ölkənin aparıcı müxalifət təşkilatlarının liderləri İqor Dodon (Sosialistlər Partiyası), Renato Usatıy ("Bizim partiya"), Andrey Nestase ("Ləyaqət və həqiqət" vətəndaş platforması) vətəndaşları "sonadək mübarizə apararaq mafioz hakimiyyəti devirməyə" çağırıblar.

Bu gün Moldova müxalifətçilərinin ümumi taktika ətrafında birləşdiklərini onların bəyanatları da təsdiqləyir. Sosialist İqor Dodon Filip hökumətini qeyri-legitim elan edib, populyar sağçı siyasətçi Vasili Nestase isə ölkənin Avropa istiqamətində inkişafına tərəfdar olsa da, hökuməti "Avropaya inteqrasiya adı altında milyardları oğurlayan cinayətkarlar" adlandırıb: "Onlar elə vergilər müəyyənləşdirirlər ki, insanlar yoxsul vəziyyətə düşür".

Parlamentin spikeri Andrian Kandu müxalifət liderlərilə görüşərək müəyyən məsələlərin razılaşdırılmasına cəhd göstərsə də, qarşı tərəf tələblərindən imtina etmək fikrində olmadığını bəyan edib. Kandu isə buna cavab olaraq, hökumətin növbədənkənar seçkiyə getməyəcəyini bildirib. "Hökumətin legitim olduğunu" deyən spiker arqument kimi rəsmi Kişinyova avropalı tərəfdaşlarının verdiyi dəstəyi göstərib. Elə bu məqamın üzərində xüsusi olaraq dayanmaq lazımdır.

Məsələ ondadır ki, Moldovanın hakim koalisiyası açıq şəkildə Avropapərəst xarici siyasət yürüdür. Bu üzdən o, ABŞ və Aİ tərəfindən ciddi dəstək görür. Moldovada yeni kabinetin tələm-tələsik və gizli şəkildə təsdiqlənməsinin Avro-Atlantik paytaxtlar tərəfindən dəstəklənməsi də bu mənada təəccüblü deyil. Halbuki bu səsvermə iflasa uğrasaydı, ölkə növbədənkənar seçkiyə getməli olacaqdı. Bu ssenari isə müxalifətin etirazları fonunda nə Birləşmiş Ştatlara, nə Avropa İttifaqına sərf edir. Onlar hesab edirlər ki, növbədənkənar seçki ölkədə qərbpərəst qüvvələrin mövqelərini zəiflədə bilər. Bunun rusiyapərəst partiya sayılan Sosialistlər Partiyası ilə "Bizim partiya"nın uğur qazanması ilə nəticələnəcəyini istisna etmək olmaz.

Bu arada sonuncuların hakimiyyətə gəlmək şansı durmadan artır. Bu, xüsusilə ölkədə iqtisadi durumun ağırlaşması fonunda belədir. Hər halda, iqtisadiyyatın geriləməsinə görə məsuliyyət təbii ki, hökumətin üzərinə düşür. Qərbpərəstlərin Moldovaya rəhbərlik etdikləri 6 ildə ÜDM 2,5 dəfə azalıb, beynəlxalq maliyyə institutlarından alınmış kreditlər korrupsiya sxemlərinin köməyilə talan edilib. Bunu istər yerli və beynəlxalq KİV, istərsə də ayrı-ayrı avropalı siyasətçilər (məsələn, artıq qeyd olunduğu kimi, Turborn Yaqland) təsdiqləyir.

Amma ABŞ müxalifət liderlərini siyasi ehtirasları coşdurmamağa çağırır. Birləşmiş Ştatların Kişinyovdakı səfiri Ceyms Petitin İqor Dodonu görüşə çağırması da bu məqsəd güdür. Lakin müxalifətin mövqeyini Moldova sosialistlərinin lideri ifadə edib. O, ABŞ səfirinə müraciətlə deyib: "Moldovanı banan respublikası, bizi isə papuas saymaq lazım deyil".

Bununla əlaqədar, Dodonun bu günlərdə Vaşinqtona ünvanladığı tənqidləri də xatırlatmaq olar. O, Amerikanı "geosiyasi məqsədlərlə Moldovada korrupsiyaya qurşanmış siyasətçiləri dəstəkləməkdə" ittiham edib.

Moldovada yaşananların geosiyasi səbəblərinə Rusiya ilə Qərb arasındakı xüsusilə postsovet məkanındakı qarşıdurma kontekstində yanaşılmalıdır. Avropa Parlamentinin Moldovada müxalifətçilərin parlamentin binasını ələ keçirmələrindən bir gün sonra qəbul etdiyi əhəmiyyətli qətnamə də bunu təsdiqləyir. Sənəddə Gürcüstan, Ukrayna və Moldovanın Aİ ilə assosiasiya və azad ticarət razılaşmasının reallaşdırılması istiqamətindəki ilk addımları qiymətləndirilir. Bununla yanaşı, qətnamədə deyilir ki, "ayrılmış vəsait lazımi qaydada xərclənməlidir və o, öz-özlüyündə iqtisadiyyatın sabitləşdirilməsi üçün kifayət deyil". Sənəddə əsas məqamlardan biri "Rusiyanın bu 3 ölkənin götürdüyü avropapərəst kursun pozulmasına, sabotajına yönəlmiş əməllərin pislənməsi"dir.

Moldovada yaşananların geosiyasi tərəfini rəsmi Kişinyovun atdığı bir sıra addımlar da təsdiqləyir. Kişinyov zaman-zaman Rusiya jurnalistlərinin ölkəyə daxil olmasına imkan vermir. Bu da son deyil. Kremldə prezident Vladimir Putinin rəhbərliyilə keçirilmiş Təhlükəsizlik Şurasının toplantısında Rusiyadaxili problemlərlə yanaşı, Moldovada baş verənlər də müzakirə edilib.

Şübhəsiz ki, Moldovadaxili ziddiyyətlərin artmasına xarici amillər getdikcə daha çox təsir göstərəcək. Bu mənada Moldovanın parçalanma yaşayan qərbpərəst düşərgəsinin perspektivi də qeyri-müəyyən qalır. Onlar indi ölkənin hakimiyyət resurslarının bölüşdürülməsi uğrunda mübarizə aparırlar.

Şübhəsiz ki, hakim Demokrat Partiyası hakimiyyəti əldə saxlamaq üçün bütün yollara əl atacaq. Baş nazirin polisə müraciəti də bunu göstərir: o, asayiş keşikçilərini "ictimai asayişi pozan nümayişçilərə qarşı sərt tədbirlər görməyə" çağırıb. Bəs, Moldovada solçuların, xüsusilə də rusiyapərəst qüvvələrin (Nestase qardaşlarının partiyası "korrupsiyaya qurşanmış hökumətə" qarşı məhz bu qüvvələrlə birləşib) hakimiyyətə gəlmə şansı real xarakter alarsa, Avropapərəst "Ləyaqət və həqiqət" partiyası hansı addımları atacaq?

Bu gün Moldovada cərəyan edən siyasi proseslərin əsas intriqası məhz bundadır: hakimiyyət müxalifəti "yerinə oturtmağa" çalışır, müxalifət isə "aksiyaların qələbəyədək davam etdiriləcəyini" bildirir. Qüdrətli xarici mərkəzlər isə öz maraqlarına əsasən, postsovet məkanında hökmranlıq uğrunda növbəti savaşa başlayıblar.



MƏSLƏHƏT GÖR:

510