3 May 2024

Cümə, 08:28

İRAN YENİ DÖVRÜN ASTANASINDA

Professor Kadir Qolkarian: "Sanksiyaların ləğvini İran dövləti və xalqının inkişafında dönüş nöqtəsi kimi qiymətləndirmək olar"

Müəllif:

26.01.2016

İranla beynəlxalq vasitəçilərdən ibarət "altılıq" arasında Tehranın nüvə proqramına dair əldə edilmiş razılaşmanın şərtlərinin yerinə yetirilməsi bu ölkəyə tətbiq edilmiş sanksiyaların əksəriyyətinin ləğvilə nəticələnib. Beləliklə, nəhəng bazara sahib ölkə dünyaya açılır. Artıq dünyanın iri şirkətləri İranın perspektivli iqtisadiyyatına "hücum"a hazırlaşırlar. Tehran isə nəinki sanksiyalardan əvvəlki durumu bərpa edəcəyini deyir, hər kəsə yeni ölkə, yeni dövr, iqtisadiyyatın bütün sahələrində bum vəd edir. Sanksiyalardan, təcrid vəziyyətindən xilas olmuş İranın necə olacağı haqda iranlı politoloq, professor Kadir Qolkarianla söhbətləşmişik.

- İrana nüvə proqramı ilə bağlı tətbiq olunmuş sanksiyalar tam aradan qaldırıldı. İran xalqının gözləntiləri nədən ibarətdir? Bəzi media orqanları İranda yeni tarixi dövrün başlanacağını proqnozlaşdırır...

- Təxminən, 2 il davam edən danışıqlardan sonra İrana tətbiq edilmiş əsassız sanksiyalar aradan qaldırıldı. Məlum olduğu kimi, İran əhalisi bu embarqoların qoyulması nəticəsində ciddi çətinliklər yaşadı. Amma bu məhdudiyyətlərə rəğmən, ölkə inkişafını davam etdirdi. Əlbəttə ki, İran xalqı embarqonun aradan qaldırılmasına böyük ümidlərlə yanaşır. Düşünürəm ki, siyasi, iqtisadi, ticari və digər sahələrdə açılacaq yeni imkanlar sosial və mədəni inkişafa səbəb olacaq. Vəziyyəti İran dövləti və xalqının inkişafında dönüş nöqtəsi kimi qiymətləndirmək olar. Sanksiyaların ləğvi nəticəsində müsbət nəticələr özünü, ilk növbədə, gənclərlə bağlı göstərəcək. İran əhalisinin 43%-ni isə gənclər təşkil edir. Bu, təhsildə, texnologiyaların mənimsənilməsində, elmdə, tədqiqat sahələrində və s. yeni imkanlar deməkdir. Əhali əmin idi ki, embarqo nə vaxtsa aradan qaldırılacaq. Üstəlik, bu sanksiyalar Qərb ölkələrinin, o cümlədən ABŞ-ın iqtisadiyyatına da mənfi təsir göstərirdi.

- Sanksiyaların aradan qaldırılmasında praqmatik siyasətçi imicinə malik Həsən Ruhani hökumətinin xüsusi zəhməti var. Hökumət daxili siyasi dəyişikliklərə də gedə bilərmi? Məsələn, insan haqlarının təmini, Azərbaycan dilinin tədrisi, qadın hüquqları, söz azadlığı və digər sahələrdə...

- Ruhani hələ seçki kampaniyası dövründə sanksiyaların aradan qaldırılmasına nail olmaq üçün əlindən gələni edəcəyini deyirdi. O, İranın nüvə proqramı məsələsini siyasi müstəvidən hüquqi müstəviyə keçirəcəyini bildirirdi. Ruhani sözünə əməl etdi. Halbuki buna nail olmaq çox çətin idi.

Məsələ ondadır ki, İran daxilində radikallar və mühafizəkarlar buna qarşı idilər. ABŞ-da isə respublikaçılar bunun əleyhinə çıxırdılar. "5+1" qrupu çərçivəsində razılaşmaya qarşı olanlar arasında İsrail və bu ölkənin maraqlarını təmsil edən AIPAK (American Israel Public Affairs Committee) siyasi lobbisi də var idi. Bu da son deyil: Yaxın Şərqin İranı regional rəqib hesab edən ölkələri də tərəflərin razılığa gəlməsini istəmirdi.

Vəziyyətin unikallığı ondadır ki, İran xalqı 1979-cu ildən necə deyərlər, sakit yaşamaq hüququndan məhrum olmuşdu. Əvvəlcə ölkə daxilində kəskin qütbləşmə, qarşıdurma olmuş, daha sonra İran-İraq müharibəsi baş vermiş, nəhayət, Tehran embarqo ilə qarşılaşmışdı.

İran hökuməti daxili və xarici mürtəce qüvvələrə münasibətdə ehtiyatlı və praqmatik yanaşma ortaya qoymaqla, uğurlu nəticə əldə edə bildi. Qeyd etmək lazımdır ki, xarici siyasətdəki məhdudiyyətlər daxili islahatlara, yenidənqurmalara da mane olurdu. Sülh və sakitlik şəraitində hökumət lazımi islahatları aparacaq. Bu, istər hüquqi, istər mədəni, istər etnik qrupların, qadınların hüquqlarının təmini, istər söz azadlığı, istərsə də digər sahələrə aiddir. Hazırkı hökumət anlayır ki, dövlətin gələcək inkişafı bu problemlərin həllindən asılıdır. Bu islahatları həyata keçirmədən ölkəni müasir beynəlxalq normalara uyğunlaşdırmaq mümkün deyil. Hökumət qarşısına İranı güclü, çiçəklənən dövlətə çevirmək məqsədi qoyubsa, o, qanuni tələblərə əməl etməli, xalqın iradəsilə hesablaşmalıdır. Əks təqdirdə, İran xalqı ilə hökuməti arasında gözlənilməz, son dərəcə arzuolunmaz hadisələr yaşana bilər. Bu gün İran ictimaiyyəti müasir dünyada siyasətin, iqtisadiyyatın, texnologiyaların sosial həyatın sürətlə dəyişdiyini bilir. Bir saatlıq vaxt itkisi illərlə geri qalmaq deməkdir. Bu gün İranda heç kəs qarışqa kimi divardan yıxılmaq, sonra yenidən divara dırmaşmaq istəmir. İslahatların aparılması həm əhalinin, həm də hökumətin arzusudur.

- Bəs, İran öz bazarlarını xarici investisiyalar üçün açıq elan edəcəkmi? Bu, İran ictimaiyyətinə necə təsir göstərəcək?

- Son illərdə Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə İrana məhdudiyyətlərin tətbiqindən çox ağılla yararlanıblar. Geniş anlamda onlar öz ölkələrinin gələcək iqtisadi inkişafının bünövrəsini formalaşdırıblar. Əmirlik Cabel Əlik kimi güclü limanı tikməklə, layihəyə 700 nəhəng İran şirkətini cəlb edib. Onlar İranın uğurlu müəssisələrinin 10%-ni təşkil edir. Türkiyə isə azad ticarət zonası yaratmaqla, 3500 iranlı investoru cəlb edə bilib. 2010-cu ilin martında İran banklarının SWIFT sistemindən kənarlaşdırılması ilə əlaqədar olaraq, ticarət sahəsində çalışan bütün şirkətlər Türkiyə və ya BƏƏ-yə üz tutmaq məcburiyyətində qaldı. Yəni bizim şirkətlərimiz qazanc əldə etmək üçün başqa ölkələrin iqtisadiyyatını inkişaf etdirməli oldular.

Həmin dövrdə daxili bazarın tələbatlarını xarici şirkətlər vasitəsilə ödəmək zərurəti yarandı. Bu, əlbəttə ki, bütünlükdə idxalın əsassız olaraq bahalaşmasına yol açır.

Bu gün vəziyyət kökündən dəyişib. İranın 75-85 milyard dollarlıq daxili və ya xarici investisiyaya ehtiyacı var. Xüsusilə energetika, hotel biznesi, maşınqayırma, yol tikintisi və digər sahələrdə xarici kapitala ehtiyac duyulur. İqtisadiyyatın müxtəlif sektorlarına investisiya yatırılmalıdır. Bu gün OPEK-də neftin qiyməti 22 dollara yaxınlaşır. İranın dövlət büdcəsində isə neftin 1 barelinin qiyməti 40 dollar nəzərdə tutulub. "Qara qızıl"ın qiymətində ucuzlaşma davam edərsə, büdcə ilə bağlı müəyyən çətinliklər yaranacaq. Hələlik defisit yoxdur. Neft gəlirləri dövlət büdcəsinin cəmi 25%-ni təşkil edir. İran dövlət büdcəsinin gəlirlərini vaxtında şaxələndirə bilib və bu, neftin ucuzlaşması ilə bağlı meydana çıxan problemlərdən qaçmağa imkan verir. Qeyd etmək lazımdır ki, artıq Aİ-dən olan bir çox şirkət İranın enerji və maşınqayırma sahələrinə investisiya yatırmaqla bağlı danışıqlara başlayıb. Bəzi müqavilələr artıq imzalanıb. Məlum olduğu kimi, Dünya Bankı bu il İran iqtisadiyyatında 5%-lik artım proqnozlaşdırır. Hazırda ölkə iqtisadiyyatına yatırılacağı gözlənilən xarici investisiyanın həcmi 30-50 milyard dollardır. Lakin investisiyalar gözlənilən səviyyədə olmasa belə, İran Mərkəzi Bankı ABŞ-ın maliyyə institutlarında "dondurulmuş" 32 milyard dollarından istifadə edə bilər. Hadisələrin gedişi göstərir ki, ticarətin artması sosial təminatı yaxşılaşdıracaq, işsizlik azalacaq, inflyasiya aşağı düşəcək, iranlıların həyatının müxtəlif sahələrində müsbət dəyişikliklər baş verəcək.

- Azərbaycanda belə bir narahatlıq var ki, təcrid durumdan çıxmış İran İslam İnqilabının ixracı siyasətinə qayıda bilər... 

- İranda İslam İnqilabı lokal bir hadisə idi. Xüsusilə SSRİ-nin dağılmasından sonra dünyada ideologiyaların mübarizəsində fundamental dəyişikliklər baş vermişdi. Mərkəzi Asiya regionunda kommunizmlə kapitalizmin mübarizəsi ideologiyasını islam və imperializm ideologiyalarının mübarizəsi ideologiyası əvəzləmişdi. Müsəlman ölkələrində hələ də onlara kənardan islam inqilabının "ixrac olunacağı" ilə bağlı narahatlıq var. Düşünürəm ki, bu qorxunu regiona imperialist siyasəti gətirən ölkələr yayır. Bu gün terrorçuluğun, zorakılığın yayılması bu ideoloji mübarizənin və qorxunun nəticəsidir.

İslam dünyasına islamofobiya siyasətilə, insanların islamdan, müsəlmanlardan qorxudulması ilə təzyiq göstərilir. Fikrimcə, regiondakı faciəvi hadisələr, terrorçuluq İrana təzyiq vasitəsidir. Bununla islam inqilabının başqa ölkələrə mümkün keçidinin qarşısını almağa çalışırlar. Tehran ölkələrin daxili işlərinə kənar müdaxiləyə qarşı olduğunu dəfələrlə bəyan edib. Düşünürəm ki, İran dövləti öz xarici siyasətini dünya siyasətilə razılaşdırıb və indi islam inqilabının ixracı onun üçün prioritet deyil. Lakin o da nəzərə alınmalıdır ki, İran onun islam inqilabı ilə bağlı təcrübəsindən, istifadə etmək istəyən istənilən xalqa, yardım göstərməyə hazırdır. Təbii ki, bu, zorakılıq, kənar müdaxilə yolu ilə baş verə bilməz. Bu, yalnız müstəqil, xalqın dərrakəli şəkildə qəbul etdiyi qərarla ola bilər.

- İranla Azərbaycan arasında münasibətlərin o qədər də yaxşı olmadığı dövr var idi. İran Azərbaycanın ABŞ və İsraillə münasibətlərini təhlükə sayır, Bakı isə İranın təcavüzkar Ermənistanı dəstəkləməsindən narazılıq edirdi. Bəs, bundan sonra İranın Cənubi Qafqazla bağlı siyasəti necə olacaq?

- İlk növbədə, onu qeyd etmək istəyirəm ki, İranla Azərbaycanın mövqeləri bir çox məsələlərdə üst-üstə düşür. Lakin ümumi baxışın mövcud olduğu halda belə, hər bir ölkənin öz milli maraqları ola bilər. Bu yaxınlarda biz ABŞ və İsrail kimi yaxın müttəfiqlərin İranın nüvə proqramı ilə bağlı fikir ayrılığı yaşadıqlarının şahidi olduq. Bəzən İranla Azərbaycan arasında da ziddiyyətlərin meydana çıxması tamamilə normal haldır. Tehran, həqiqətən də, Azərbaycanın ona qarşı hansısa planların reallaşdırılması üçün meydana çevrilə biləcəyindən narahatlığını ifadə edib. Hər bir ölkə başqa dövlətlərlə münasibətlər qurmaqda azaddır. Əgər bu münasibətlər hər hansı digər dövlət üçün təhlükə yaratmırsa, bütün iddialar əsassızdır. Azərbaycanla İsrail arasında istənilən səviyyədə əməkdaşlıq qurula bilər. Mehriban qonşuluqla bağlı beynəlxalq normaların pozulmasından yalnız bir halda danışmaq olar ki, bu əməkdaşlıqdan İranın təhlükəsizliyinə hər hansı təhdid yaransın. Eyni sözləri İran-Ermənistan münasibətləri haqda da söyləmək olar. Əgər bu münasibət Azərbaycanın təhlükəsizliyi baxımdan problem yaratmırsa, Bakının narahatlığına əsas yoxdur. Beynəlxalq münasibətlərin norma və qaydalarının prinsipləri bundan ibarətdir.

- Ekspertlər İranın neft bazarına çıxışının "qara qızıl"ın qiymətinin daha da ucuzlaşmasına səbəb olacağını proqnozlaşdırır...

- İran embarqolarla əlaqədar olaraq, bir neçə il beynəlxalq neft bazarına çıxa bilməyib. İndi o, əlavə olaraq 500 min barelədək neft satmaq imkanı qazanıb. Bu, təbii ki, dünyada neftin ucuzlaşmasına səbəb olacaq. Bu yerdə onu da qeyd etmək lazımdır ki, neftin qiymətindəki hazırkı geriləmə nəhəng ixracatçıların siyasətinin nəticəsidir. Söhbət Səudiyyə Ərəbistanı və digər ərəb dövlətlərindən gedir. Hazırda həmin ölkələrin siyasəti neftin qiymətinin mümkün qədər aşağı salınmasına yönəlib. Onlar, bununla, İranı maddi-iqtisadi böhrana soxmağa çalışırlar. Amma bu siyasətdən elə Səudiyyə Ərəbistanının özü də əziyyət çəkir. İndi onun dövlət büdcəsində 100 milyard dollarlıq kəsir var. Ölkədə benzinin qiyməti görünməmiş həddə yüksəlib. Düşünürəm ki, neftin qiymətindəki bu eniş müvəqqətidir. Bir müddət sonra OPEK-lə yanaşı, Rusiya, Norveç və ABŞ dünya bazarında neftin qiymətini sabitləşdirəcək. Ümumilikdə isə beynəlxalq neft bazarında qiymətlərin formalaşması, ilk növbədə, Fars körfəzinin ərəb dövlətlərindən asılıdır.



MƏSLƏHƏT GÖR:

548