17 May 2024

Cümə, 15:15

QOVMALI, yoxsa SAXLAMALI?!

Türkiyə ilə Aİ miqrasiya böhranını hər iki tərəfin xeyrinə həll etməyə çalışır

Müəllif:

15.03.2016

Avropa İttifaqı (Aİ) ilə Türkiyə Yaxın Şərq və Şimali Afrikadan olan milyonlarla hazırkı və gələcək qaçqınlarla bağlı problemi həll edir. Avropalı məmurların və Türkiyə siyasətçilərinin bildirdiklərinə görə, Brüssel ilə Ankara, ümumilikdə, razılığa gəliblər. Aİ-də inanırlar ki, Ankara ilə razılaşma Egey dənizi və Qərbi Balkanlar vasitəsilə qeyri-leqal miqrant axınının qarşısının alınmasına imkan verəcək. Almaniya kansleri Angela Merkel bildirib ki, "indi qeyri-qanuni miqrasiya qanuni miqrasiyaya çevriləcək". Lakin heç də hər kəs belə nikbin deyil. Bəziləri istər razılaşmanın reallaşdırılmasının mümkünlüyünə, istərsə də bu prosesdə insan haqları və humanitar məqamlara əməl olunacağına şübhə edirlər.

 

Səbəblər

Aİ miqrantlarla bağlı kritik vəziyyəti mümkün qədər tez və istənilən yolla çözməlidir. Avropa İttifaqının Statistika Xidmətinin məlumatına görə, 2015-ci ildə Aİ-yə sığınacaq istəyi ilə 1,25 milyon müraciət ünvanlanıb və miqrant axını davam edir. Yaxın illərdə yalnız Almaniyaya 2 milyon qaçqının üz tutacağı gözlənilir. Bununla yanaşı, yüz minlərlə insan naməlum istiqamətdə yoxa çıxaraq, "buxarlanır". Avropa İttifaqının miqrantlar və vətəndaşlıq işləri üzrə komissarı Dimitris Avramopulos hesab edir ki, Avropaya miqrant axını ilə bağlı hazırkı böhran humanitar fəlakət həddinə çata bilər. Bundan başqa, Aİ ölkələrində milli təhlükəsizliklə bağlı vəziyyət pisləşir, kriminogen durum ağırlaşır; məsələn, Parisdə ötənilki terror aktlarını həyata keçirmiş şəxslərdən bəzilərinin Fransaya qaçqın kimi gəlmiş şəxslər olduğu müəyyənləşdirilmişdi. Miqrantların Kölndə və digər şəhərlərdə Yeni İli hansı formada "qeyd etmələri" isə bütün Almaniyanı şoka salmışdı. Nəticədə, Avropa İttifaqının dayaqlarından olan Şengen razılaşması təhlükə qarşısında qalıb.

İndi Angela Merkel kimi bəzi siyasətçilər üçün razılaşma hava-su kimi lazımdır - xüsusilə seçki ərəfəsində. Hər halda, Almaniyada qaçqın problemi artıq daxili-siyasi problemə çevrilib və istənilən seçkinin nəticəsi hökumətin kursunun effektivliyi ilə bağlı referendum kimi qəbul ediləcək.

Türkiyə isə Aİ ilə bu mövzuda danışıqlarda ona görə maraqlıdır ki, bu, onun geosiyasi statusunu, həmçinin avropalı qonşularının gözündə tərəfdaş kimi qiymətini xeyli artırır. Hər zaman Türkiyənin Aİ-yə üzvlüyünün əsas əleyhdarlarından biri kimi çıxış etmiş Almaniya kansleri Merkel indi Ankaranın özündə "mütləq Avropa maraqları"nı ifadə etdiyini bildirir. Ankara isə miqrant probleminin həllindəki dəstəyin əvəzinə, maliyyə yardımı, viza rejiminin liberallaşdırılması planının sürətləndirilməsini, Aİ-yə üzvlüklə bağlı danışıqlarda yeni mərhələlərə başlanılmasını tələb edir.

 

Rəqəmlər

Həqiqətən də, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ötən il Aİ-yə üz tutmuş 1 milyondan çox qaçqının 850 mindən çoxu Yunanıstana məhz Türkiyə vasitəsilə dənizi keçməklə gəlib. Türkiyənin özü artıq 2,7 milyon suriyalı, 200 mindən artıq iraqlı qaçqına sığınacaq verib. Bununla yanaşı, o, Aİ-də sığınacaq almaq hüququ olmayan, oraya Türkiyə vasitəsilə qanunsuz yolla yollanmış qaçqınlara da qucaq açmağa hazırdır. Belə çıxır ki, Türkiyədən dəniz vasitəsilə, qaçaqmalçıların və bərəçilərin köməyi ilə Yunanıstana üz tutmuş bütün miqrantlar geri qayıdacaq. Aİ isə öz növbəsində, rəsmi qaçqın statusu almış suriyalıları qəbul etməlidir. Yəni, "qanuni miqrantlar Aİ-yə, qeyri-leqallar Türkiyəyə" sistemi işə düşməlidir. Amma suriyalı qaçqınların bir hissəsi Türkiyə ərazisində Avropanın pulu hesabına yaşamalıdır.

Bir sıra mənbələrin məlumatına görə, Ankara miqrant probleminin həlli qarşılığında, Aİ-dən 20 milyard avroyadək pul istəyib. Lakin bu rəqəm hələlik rəsmi təsdiqini tapmayıb. Təsdiqlənən yalnız odur ki, Türkiyə Aİ-dən 2018-ci ilədək 3 milyard avro istəyib. Bundan əlavə, Brüssel ötən ilin noyabrında Ankaraya bu məqsədlərlə 3 milyard avro ayırmağa razılıq verib. Avropa Komissiyasının rəhbəri Yunker bildirib ki, onlar artıq Türkiyədəki suriyalı uşaqlara ərəb dilində məktəblərin açılması üçün 95 milyon avro ayırıblar. Bu məsələdə kimsə Türkiyəni xəsislikdə ittiham edirsə, bilməlidir ki, Aİ Ankaraya namizəd ölkə kimi, onsuz da maliyyə yardımı ayırır (islahatlar, demokratikləşmə və Avropa dəyərlərinə yaxınlaşma üçün). Fransa KİV-in məlumatına görə, burada söhbət heç də kiçik məbləğdən getmir - 2007-2020-ci illər arasında bu məqsədlə Türkiyəyə 10,5 milyard avronun ayrılması nəzərdə tutulub (6 milyard artıq ayrılıb, qalan 4,5 milyard isə qarşıdakı 4 ildə köçürülməlidir). Bu məbləğin bir hissəsi onsuz da sərhədlərə və miqrasiyaya nəzarət işlərinə xərclənir. Bundan başqa, Aİ artıq Türkiyəyə məhz suriyalı qaçqınlar üçün 51 milyon avro ayırıb. Slate.fr yazır ki, bu maliyyələşmə istər Türkiyəyə, istərsə də Aİ-yə sərf edir. "Aİ maliyyələşdirməni dayandırarsa, investisiyalar "öz xərcini ödəməyəcək". Çünki Türkiyəyə ayrılan pulların böyük hissəsi Avropaya qayıdır, avropalı ekspertlərin səfərlərinə, mənzil-qərargahı Avropada olan müəssisələrin fəaliyyətinə xərclənir", - deyə Fransa nəşri yazır. Yazıda bildirilir ki, bu halda "maliyyə yardımı siyasətlə kəsişmir".

Miqrantlar məsələsində isə ön planda məhz siyasətdir. Və əlbəttə ki, Ankara-Brüssel danışıqlarının nəticəsi heç də hər kəsin ürəyincə deyil. Məhz bu səbəbdən, Avropa Parlamentinin sədri Martin Şults Ankaranın Aİ-yə qəbulu məsələsinin miqrasiya probleminə dair danışıqlardan ayrı aparılmalı olduğunu bildirib.

Avstriya kansleri Verner Fayman isə hesab edir ki, Aİ "siyasi prinsiplərini qurban verməməli", viza rejiminin sadələşdirilməsi və Türkiyənin Avropa ailəsinə qoşulması məsələsindəki mövqeyini dəyişməməlidir. Onun fikrincə, Brüssel müvafiq olaraq, miqrant böhranın həllində Türkiyəyə arxalanmamalı, öz sərhədlərinin müdafiəsini özü həll etməldir.

"Financial Times" yazır ki, Fransanın sabiq prezidenti Nikolya Sarkozi də Türkiyə ilə viza rejiminin ləğvinə qəti etirazını bildirib. Almaniyada isə bu mövqeyi hakim koalisiyaya daxil olan Xristian-Sosialist İttifaqı və Sosial-Demokrat Partiyası dəstəkləyir.

Belçikanın sabiq Baş naziri, hazırda Avropa Parlamentində Avropa Uğrunda Liberallar və Demokratlar Alyası (ALDE) fraksiyasına başçılıq edən Gi Verxofstadt isə "The Guardian" səhifələrində yer almış məqaləsində bildirir ki, "rabitəsiz, ümidsiz Avropa liderləri effektiv kollektiv tədbirləri görmək iqtidarında deyillər" və bütün səylərini "axının qarşısını alacaq" sistemin yaradılmasına yönəldiblər. Çünki məhz bu sistem bədbəxt qaçqınları geriyə - Egey dənizinə qaytaracaq...

 

Marşrutlar

Brüssel "Türkiyə ilə razılaşma" ilə yanaşı, qaçqınların "Balkan yolunu" bağlamaq qərarına gəlib. Qeyd edək ki, bu, onların Şimali Avropaya gedib-çıxdıqları əsas yoldur. Əslində bu, sadəcə, faktın "rəsmiləşdirilməsi"ndən başqa bir şey deyil. Nəhəng miqrant axınının hərəkət etdiyi marşrut üzərində yerləşən ölkələr (Makedoniya, Serbiya, Xorvatiya, Macarıstan, Avstriya) onsuz da qaçqınları öz ərazilərinə buraxmaqdan imtina ediblər. Sloveniya və Xorvatiya martın 9-dan etibarən, yalnız məhz bu ölkələrdən sığınacaq istəyən və ya humanitar yardıma ehtiyacı olan qaçqınların yolunu açır. Serbiya sənədi olmayan şəxslər üçün Makedoniya və Bolqarıstan sərhədinin bağlı olduğunu bəyan edib. Makedoniya isə bundan sonra miqrantların onun sərhədindən Yunanıstana keçməsinə imkan verməyəcəyini bildirir. Macarıstanın Xarici İşlər naziri miqrant axını artacağı təqdirdə, ölkəsinin Rumıniya ilə sərhəd boyunca tikanlı məftillər çəkəcəklərini deyir. Bundan əvvəl Macarıstan Serbiya və Xorvatiya ilə sərhədlərinə məftillər çəkib. Macarıstan Avropa Məhkəməsinin müəyyən etdiyi miqrant kvotasına etiraz etməyə də hazırlaşır.

Bütün bunlarla yanaşı, "Balkan yolu" bağlanacağı təqdirdə, Aİ miqrantların Yunanıstan ərazisində ilişib-qalmamasını təmin etməlidir. Müxtəlif məlumatlara görə, oraya yenicə üz tutmuş qaçqınların sayı gündə 2-3 minə çatır. Aİ ölkələri onların Yunanıstandan digər ölkələrə paylanması prosesini sürətləndirməyə çalışır. Amma ən vacibi, Türkiyənin qeyri-leqal miqrantları geri qaytarmasıdır. Türkiyənin Avropa məsələləri üzrə naziri Volkan Bozkır isə bildirib ki, Ankara ilə Aİ arasında miqrantların geri qaytarılmasına dair əldə edilmiş razılaşma artıq Yunanıstan adalarında olan qeyri-leqallara aid deyil. Onun sözlərinə görə, razılaşmada söhbət yalnız Aİ-nin sənədi qəbul etməsindən sonra gələcək qaçqınlardan gedir. Bozkır bildirib ki, Aİ ilə Türkiyə arasındakı razılaşmaya əsasən, Ankara yüz minlərlə, milyonlarla deyil, on minlərlə miqrantın geri qayıtmasına şərait yaradacaq. Bundan başqa, Aİ qaçqınlar arasında peşəsinə əsasən seçim aparmamalıdır və apara bilməz. Çünki prosesə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı nəzarət edəcək.

 

Mexanizmlər

Bu, iş razılaşmasının həyata keçirilməsi ilə bağlı konkret mexanizmə çatdıqda yaşana biləcək ziddiyyətlərin ilk əlamətləridir. Bu, ilk növbədə, qaçqınların şəxsiyyətinin müəyyənləşdirilməsi prosedurunda, saxta pasportların "tutulması"nda özünü göstərəcək. İD-nin bu sahədəki imkanları yaxşı məlumdur. 822 kilometrlik Türkiyə-Suriya sərhədi isə terrorçular üçün yaxşı imkanlar yaradır. 

Nəhayət, suriyalı qaçqınların seçimi necə həyata keçiriləcək - kimlər Türkiyədə qalacaq, kimlər Aİ-yə gedəcək? Bozkırın sözləri müəyyən narahatlığa yol açıb: insanlara İnsan Haqları üzrə ümumi Bəyannamənin prinsiplərinə cavab verməyən dəyərlər meyarı tətbiq oluna bilər.

Daha çox narahatlıq yaradan isə Avropaya gedib-çıxmış qeyri-leqal miqrantların Türkiyəyə hansı yolla qaytarılacağıdır. Miqrantlar buna müqavimət göstərərsə, onlara güc tətbiq olunacaqmı? Axı, BMT-nin qaçqınlar üzrə Bəyannaməsi məcburi kütləvi deportasiyanı qadağan edir. Nəhayət, niyə söhbət yalnız suriyalı qaçqınlardan gedir? Axı, İraqdan, Liviyadan, Sudandan olan insanlar da müharibədən qaçırlar. Bundan başqa, hərbi əməliyyatlar zonasından qaçanlarla iqtisadi miqrantlar arasında fərqi necə müəyyənləşdirməli? Hər halda, bombadan, yoxsa aclıqdan ölüm arasında xüsusi fərq yoxdur.

Bütün bunlarla yanaşı, Türkiyə, Aİ və ABŞ, güman ki, Suriya vətəndaşlarının öz ölkələrini tərk etməməsinə çalışacaqlar. Söhbət Suriyada mülki əhali üçün "yüksək təhlükəsizlik zonası"nın yaradılmasından gedir. Bu, Aİ-Türkiyə danışıqlarında da müzakirə olunub. Məsələnin gələcək inkişafı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a gözlənilən səfəri zamanı baş verə bilər. Səfər martın 29-dan aprelin 2-dək baş tutmalıdır.

Məlumata görə, Ankara ilə Vaşinqton Suriya böhranının həlli, Suriyanın şimalında, Hələb, İdlib şəhərləri ilə Türkiyə sərhədi arasında suriyalı qaçqınlar üçün təhlükəsizlik zonasının yaradılması məsələlərini müzakirə edəcək. Bundan əvvəl isə Türkiyənin Baş naziri Əhməd Davudoğlu BMT-ni analoji qərarın qəbuluna çağırıb. Belə "təhlükəsizlik zonaları", güman ki, Türkiyəyə onun üçün son dərəcə vacib olan kürd problemini çözmək imkanı da yaradacaq. Axı, bu, faktiki olaraq Suriya-Türkiyə sərhədindəki buferzonanın Suriya tərəfində Türkiyənin nəzarət etdiyi ərazinin yaranması anlamına gəlir. Bundan başqa, "təhlükəsizlik zonaları"nın yaradılması zamanı böyük ehtimalla, onların üzərində uçuşsuz zona elan olunacaq və bu, güman ki, ABŞ-ın iştirakı ilə baş tutacaq. Belə olan halda, Suriyanın federallaşdırılmasına (əslində, onun hissələrə parçalanmasına) dair söz-söhbətin də getdikcə qızışdığı vaxtda, suriyalı qaçqınlar məsələsi sırf humanitar əhəmiyyətli məsələ olmaqdan uzaqlaşır. Odur ki, bu qaçqınları qovmaq, ya onlara qucaq açmaq məsələsini məhz geosiyasət çözəcək.



MƏSLƏHƏT GÖR:

471