18 May 2024

Şənbə, 11:37

"İD"nin "YATMIŞ ÖZƏKLƏRİ"

Beynəlxalq terrorçuluqla mübarizəyə öz evindən başlamaq lazımdır

Müəllif:

15.05.2016

Rusiyada neftin ucuzlaşması və Qərblə qarşıdurmada qarşılıqlı sanksiyalar üzündən yaranmış çətin iqtisadi vəziyyət ölkədə bir sıra problemlərə yol açıb. Onlardan biri də kriminogen durumun ağırlaşmasıdır.

Bu gün ölkədə cinayətlərin böyük əksəriyyəti məişət zəminində və əmlak mübahisələri üzündən baş versə də, terror təhlükəsi nəinki gündəmdən çıxmır, əksinə, getdikcə artır. Bu, İraq və Suriyanın əhəmiyyətli bir hissəsini işğal etmiş "İslam Dövləti"nin (İD) Rusiyanın ünvanına aşkar hədələri ilə bağlıdır. Rusiyanın ötən ilin sentyabrında Suri-yanı bombalamağa başlamasından sonra, "İD" ona qarşı cihad elan edib. Bir qədər sonra isə İnternetdə Rusiyanın "qan içərisində boğulacağı"na dair bəyanatlar yayılıb. Bu günlərdə İnternetdə yeni video yerləşdirilib. Orada Dağıstanda kamikadze tərəfindən avtomobilin partladılması kadrının fonunda, Rusiyada kütləvi terror aktlarının təşkil ediləcəyinə dair növbəti hədələr yer alıb. Hədəni səsləndirən yaraqlılar rus dilində danışırlar.

Müxtəlif məlumatlara görə, hazırda "İD" sıralarında 2,5 mindən 5 minədək (MDB-nin Antiterror Mərkəzinin məlumatı) Rusiya vətəndaşı var. Onların əksəriyyəti Şimali Qafqaz respublikalarından olanlardır.

Bununla yanaşı, çoxsaylı bəyanatlardan belə məlum olur ki, ölkənin hüquq-mühafizə orqanlarını daha çox narahat edən Suriyada döyüşən yaraqlıların vətənə qayıdışı yox, "İD"nin adamlarının Rusiyanın daxilində insanların ələ alınması istiqamətində apardığı işlərdir. Ekspertlər hesab edirlər ki, ölkəni tərk edərək müharibəyə yollanmış 1 nəfərə ürəyi yananların sayı onlarca, hətta yüzlərlədir. Məhz onlar "yatmış özəklər" adlandırılır və hansısa dövrdə cihadçılar onları asanlıqla səfərbər edə bilər.

İnsanların ələ alınması ilə məşğul olanlar pərakəndə şəkildə işləyir. Lakin onlar Şimali Qafqazda, Volqaboyunda, Sibir və Uzaq Şərqdə özəklər şəklində sabit bir strukturda cəmləşiblər. Beynəlxalq Araşdırmalar İnstitutunun direktoru Andrey Kazansev hesab edir ki, onlar, adətən, 3 müxtəlif şəbəkə halında fəaliyət göstərirlər.

Birincisi, insanların ələ alınması İnternet vasitəsilə həyata keçirilir. Baş Prokurorluğun məlumatına görə, yalnız son dövrlərdə cihada çağırışla məşğul olan 8 mindən artıq sayt qapadılıb. Saytlarda cihada maliyyə dəstəyinin göstərilməsi üçün bank və digər rekvizitlər də yerləşdirilirmiş. Amma bu, sadəcə, informasiya xarakteri daşıyır. Daha sonra şəxsi yazışmalar gəlir. Qeyd edək ki, insanların cəlbi ilə məşğul olanlar arasında xarici görünüşcə slavyanı xatırladan şəxslər kifayət qədər çoxdur. Onlar, adətən, yaxşı təhsilə malik olur, rus dilini əla bilirlər. Onlar qurbanlarını ya sosial şəbəkələrdən, ya da müxtəlif forumlardan tapır. Daha sonra işə bilavasitə "yeni əsgər"i ünvana çatdırmalı olan şəxslər qoşulur.

Bir qayda olaraq, bu işdə əsas hədəf gənclərdir. Söhbət vətənində heç bir perspektivə malik olmadığını düşünən, dini baxışlarına görə təqib olunan, ətrafdakıların ədalətsizliyindən, korrupsiyadan, özünüifadə məhdudiyyətindən narazılıq edən cavan oğlanlardan və qızlardan gedir.

Bu ilin fevral-mart aylarına olan məlumata görə, gənclər arasında yoxsulluq 15, əhalinin fəal hissəsi arasında 17% təşkil edir. Rublun dəyərini kəskin şəkildə itirməsi nəticəsində, Rusiya əməkhaqqının ən aşağı olduğu ölkələrin siyahısında son yerlərdə qərarlaşıb.

"Tələyə düşənlər" arasında cəmiyyətə inteqrasiya edə bilməyən şəxslər çoxdur. Söhbət qastarbayterlərdən, xüsusilə ətrafdan təcrid vəziyyətdə yaşayan qeyri-leqallardan gedir. Ölkənin şimalında - Surqut, Nefteyuqansk, Radujnı, Xantı-Mansiysk, Salehard - son zamanlar milli və dini zəmində toqquşmaların son dərəcə intensiv xarakter alması hüquq-mühafizə orqanları tərəfindən məhz "İD"nin insanları ələalma fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir. Ölkənin neft gəlirləri hesabına cəlbedici olan rayonlarında, əsasən, Mərkəzi Asiya ölkələrindən olan miqrantlar daha həvəslə məskunlaşır. Ekstremizm təbliğçiləri də onların arasından çıxır. Hüquq-mühafizə orqanları artıq "Hizm ut-Təhrir" və "İD"nin tərəfdarlarından ibarət gizli təşkilatları ifşa ediblər.

Həbsxanalarda da insanların ələ alınmaları prosesi son dərəcə fəal gedir. Rusiyada hər il, orta hesabla, 250 min insan həbsdən azad olunur və təxminən, eyni sayda azadlıqdan məhrum edilir. Onların, təxminən, 55%-i təkrar cinayət üstündə saxlanılır. Cəzasını başa vurmuş şəxslər cəmiyyətə işsiz, pulsuz və mənzilsiz, əsəbi qayıdır və onların cinayət əlaqələri olur. Ekspertlərin fikrincə, belə insanlar terror təşkilatları üçün "asan ov"dur.

Sadalanan sosial təbəqələrlə yanaşı, güc strukturlarının təmsilçilərinə də böyük diqqət ayrılır və bu, heç də təəccüblü deyil. Bu işdə rəhbərlikdən narazılıq hallarından istifadə olunur.

Bir məqamı da bilmək lazımıdır ki, "İD" tərəfindən ələ alınan şəxslər heç də hər zaman yoxsul, təqib olunan, sıxışdırılan insanlar olmur. Vəhhabi bandit dəstələrinin sıralarında maddi durumu yüksək şəxslərə, o cümlədən sahibkarlara və zəngin valideynlərin övladlarına da rast gəlinir. "İD"nin təbliğatı onlara ədalət, qardaş məhəbbəti, bu ölkədə yol verilən yanlışlıqların təkrarlanmadığı dövlətdə yaşamaq vəd edir. Bu, yalnız yoxsullar üçün deyil, kifayət qədər varlı şəxslər üçün də cəlbedicidir.

Bu yerdə "İD" ideoloqlarının bir etirafı kifayət qədər maraqlı sayıla bilər. Onlar deyir ki, bu və digər cəlbetmə vasitəsi "Əl-Qaidə" da daxil olmaqla, İslam terroru təşkilatlarının təcrübəsindən yox, bu yaxınlaradək Latın Amerikası və Avropada fəaliyyət göstərmiş solçu terror qurumlarının təcrübəsindən götürülüb.

2015-ci ildə Şimali Qafqazda 770 yaraqlı və onlarla əlbir olan şəxs saxlanılıb, 156 yaraqlı məhv edilib. Məhv edilmiş şəxslər arasında "İD"yə sadiqliyə and içmiş 26 liderdən 20-nin adına rast gəlinir. Mətbuatın yazdığına görə, yalnız Dağıstanda Çeçenistan, Moskva, Sankt-Peterburq, Yekaterinburq, Stavropol və Krasnodarda təbliğat aparan 40 nəfər saxlanılaraq mühakimə olunub. Dağıstan prokurorluğunun məlumatına görə, respublikada 15 min nəfər xüsusi nəzarətdədir. Onların arasında yaraqlıların xanımları, dul qadınları və bacıları, övladları və valideynləri də var.

Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin üzvü Adalbi Şxaqoşevin dediyi kimi, qanunvericilik, az qala, "onlayn" vəziyyətdə dəyişdirilir, çünki gündəlik olaraq terrorçuların cinayət məsuliyyətindən hansı yollarla yayındığı araşdırılır. Bu səbəbdən, qanunlar da sərtləşdirilir; məsələn, terror aktının törədilməsi, insanların girov götürülmələri və terror aktının törədiləcəyinə dair yalan məlumat yayılmasına görə, cinayət məsuliyyətinə cəlb olunma yaşının aşağı həddi 20-dən     14-ə endirilib. Bundan başqa, terror aktı nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzi, həm onu törətmiş şəxsin, həm də qohum və yaxınlarının hesabına ödənilir - o halda ki, onların əmlakı terrorçuluq fəaliyyəti nəticəsində əldə edilmiş olsun.

Qanunvericiliyin daha da sərtləşdirilməsinin tərəfdarları istəyirlər ki, terror aktını həyata keçirmiş şəxsi ələ almış adam da terrorçu sayılsın və indiki kimi 5-7 il yox, ömürlük azadlıqdan məhrum olunsun.

Lakin bu cür tələbləri artırmaq Rusiya cəmiyyətinin bir çox təbəqəsi tərəfindən qəbul edilmir. Bunun səbəbi var. Hələ birinci və ikinci Çeçenistan müharibələri dövründən (1994-1996 və 1999-2000) dövlətin antiterror siyasətində terrorçulara və onlarla əlbir olan şəxslərə qarşı mübarizədə sərt üsullara üstünlük verilib. Amma bunun effektivi yaxşı olmayıb - hər öldürülən yaraqlının yerinə yeniləri peyda olub.

Yalnız 2010-cu ilin payızında sosial gərginliyin azaldılmasına yönəlmiş mexanizmlər işə salınıb. Şimali Qafqaz respublikalarında icra hakimiyyətləri yanında adaptasiya komissiyaları yaradılıb, İslamın müxtəlif cərəyanlarına aid qüvvələr arasında konstruktiv dialoqa başlanılıb. Bundan sonra respublikaların rəhbərliyi insanların fərqli inanca malik olduğu, fərqli ibadət etdiyi və fərqli geyindiyi üçün təqibə məruz qalmasının yolverilməzliyindən danışmağa başlayıblar. Və bu, dərhal müsbət effekt verib.

Şimali Qafqaz meşələrində gizlənmiş insanların əksəriyyətinin qarşısına seçim qoyulub - cinayətə yol veriblərsə, təslim olaraq həbsə getmək, yaxud antiterror əməliyyatları nəticəsində məhv edilmək. Nəticədə, cinayətkar qruplara qoşulmuş, lakin heç bir cinayətdə iştirak etməmiş şəxslər dinc həyata qayıdıblar.

Ekstremizm yalnız xarici qüvvələrin təsirinin nəticəsi deyil. O, həm də cəmiyyətdə yaşanan proseslərin ortaya çıxardığı nəticə ola bilər. Onda bu və ya digər ölkədə siyasi, iqtisadi, sosial, mədəni və ideoloji sahələrdə vəziyyətin qaydasında olmamasına etiraz elementləri də var. Ekstremizmin qarşısının alınması üçün profilaktik tədbirlər yalnız güc tətbiqi ilə, cəza üsulları ilə yox, kompleks həyata keçirilməlidir. Əks təqdirdə, xəstəliyin səbəbləri ilə deyil, onun əlamətləri ilə sonu görünməyən müharibə alınacaq.



MƏSLƏHƏT GÖR:

454