19 May 2024

Bazar, 20:23

LATIN AMERİKASI İMTAHANI

Braziliya və Venesuela ağır siyasi və iqtisadi böhranla üz-üzə qalıb

Müəllif:

01.06.2016

Latın Amerikası yenidən dünya birliyinin diqqət mərkəzindədir. Ənənəvi olaraq radikal solçularla sağçı oliqarxokratiya arasında güzəştsiz qarşıdurma meydanına çevrilən bu regionun bir çox ölkəsində son dərəcə ciddi hadisələr yaşanır. Deyəsən, söhbət, hətta növbəti siyasi-ideoloji meyildən də gedə bilər. Bu dəfə söhbət neoliberalizmə doğru meyillənmədən gedir. Latın Amerikasının sosialistləri isə bu düşərgənin adamlarını ABŞ-ın başçılıq etdiyi dünya kapitalının maraqlarına xidmət etməkdə günahlandırır.

 

Korrupsiyanın əks-sədası, yoxsa xalqın seçiminə rişxənd?

Latın Amerikasının ən nəhəng dövləti, əsrin əvvəllərindən solçu qüvvələrin rəhbərlik etdiyi Braziliya ciddi böhranla üz-üzədir. Hələ mayın 12-də Braziliya Senatı prezident Dilma Ruseffə impiçment elan olunmasına səs vermişdi. Qeyd edək ki, Braziliya tarixinin ilk qadın prezidenti olan Dilma Ruseff sələfi Luis da Silva kimi, İşçilər Partiyasının (IP) namizədi idi.

Prezidentin bu vəziyyətə düşməsinin əsas səbəbi, onun korrupsiyada ittiham olunan da Silvanı hökumətə daxil etmək qərarıdır. Bundan başqa, Braziliyanın "Petrobras" enerji şirkəti ətrafında artıq 3 ildir getdikcə qızışan korrupsiya qalmaqalı da ona qarşı ciddi ittihamlara yol açıb. Qeyd edək ki, 2003-2010-cu illərdə bu şirkətə məhz Ruseff başçılıq edib. İstintaqın iddiasına görə, şirkət tikinti işləri ilə bağlı podrat məsələsində rüşvət alıb. Guya bu yolla əldə olunmuş qeyri-leqal vəsaitin bir hissəsi hakim partiyanın maliyyələşdirilməsinə yönəldilib. Bu da son deyil. Dilma Ruseff dövlət banklarının vəsaitindən 2014-cü ilin dövlət büdcəsindəki kəsri aradan qaldırmaq üçün istifadə etməkdə günahlandırılır. Guya bu zaman məqsəd prezident seçkisində Ruseffin qələbəsinin təmini olub.

Braziliya Konstitusiyasına əsasən, prezident səlahiyyətləri 180 gün müddətinə 2010-cu ildən ölkənin vitse-prezidenti postunu tutan Mişel Temerə verilib. Qarşıdakı yarım ildə Dilma Ruseffin işi məhkəmədə araşdırılacaq və onun gələcəyi ilə bağlı yekun qərarı da məhkəmə verəcək.

Lakin impiçmentin Braziliya Demokratik Hərəkat Partiyasının (BDHP) kulisarxası manevrlərinin nəticəsi olduğunu düşünmək üçün də bütün əsaslar var. Qeyd edək ki, partiyanın liderlərindən biri məhz Mişel Temerdir. O, Ruseffi partiyasının İP hökumətinə göstərdiyi dəstəyə etinasızlıqda təqsirləndirir.

BDHP-nin Ruseffi tənqid etməklə məşhurlaşmış daha bir fəal personaj Eduardo Kunxa bu yaxınlaradək parlamentin aşağı palatasının spikeri postunu tuturdu. Lakin onun İsveçrədəki hesablarında qanunsuz yolla əldə etdiyi 40 milyon dolların olduğuna dair məlumat yayıldıqdan sonra, Kunxa vəzifəsini itirib. Bu fakt, həmçinin Mişel Temerə, Senatın başçısı Renan Kaleyrosa və Braziliya Milli Konqresinin bir çox deputatlarına qarşı qaldırılmış cinayət işləri göstərir ki, korrupsiya Braziliyanı, onun inkişafını, sabitliyini və suverenliyini qamçılamaqdadır.

Amma Mişel Temer başçılıq etdiyi hökumətin hədəfini bu cür açıqlayıb: ölkədə birliyə, iqtisadiyyatın inkişaf etdirilməsi ilə milli xilasa nail olmaq. Bəs ciddi sosial ziddiyyətlər fonunda bu birliyə nail olunması mümkündürmü? Səlahiyyətlərini Temerə vermiş Dilma Ruseff IP-nin son 13 ildə həyata keçirdiyi sosial proqramların nəticələrinin heç olacağına, ölkədə miqyaslı etiraz aksiyalarının başlaya biləcəyinə dair xəbərdarlıq edib. Etiraf etmək lazımdır ki, IP hakimiyyətdə olduğu illərdə həqiqətən də sosial sahədə ciddi nailiyyətlər qazanıb. Rəsmi məlumata görə, bu dövrdə, təxminən, 36 milyon insan ifrat yoxsulluq həddindən qurtulub, 2,6 milyon braziliyalı dövlət tərəfindən subsidiya ilə mənzil alıb. Lakin iqtisadi böhran Braziliya iqtisadiyyatını ciddi sınaqlarla qarşı-qarşıya qoyub. Bununla yanaşı, o da qeyd olunmalıdır ki, böhranın əsas səbəblərindən biri, inkişaf templəri azalmış Çinin Braziliyaya kənd təsərrüfatı və metallurgiya sənayesi məhsullarının ixracında yüksək həddi qoruyub-saxlaya bilməməsidir. Dilma Ruseff üstünlüyü sosial proqramların miq-yasının qorunub-saxlanmasına versə də, onun siyasəti nəticəsində büdcə kəsri və inflyasiya problemləri ortaya çıxıb. İndi dövlət başçısı səlahiyyətlərini icra edən Mişel Temer son dərəcə çətin seçim qarşısındadır: büdcəni yalnız sosial proqramların ixtisarı və ya vergilərin müvəqqəti artırılması ilə balanslaşdırmaq olar. Bunun hər ikisi aztəminatlı ailələrə və orta sinfə zərbə olacaq. Beləliklə, əhalinin yaşayış səviyyəsində geriləmənin mütləq IP və tərəfdarlarının xəbərdarlıq etdiyi miq-yaslı etiraz aksiyalarına yol açacağını anlayan Temer, qeyri-populyar addımlar ata bilər. Səbəb sadədir: sosioloji sorğular göstərir ki, hazırda Braziliya prezidentinin səlahiyyətlərini icra edən bu şəxsi əhalinin cəmi 1-2%-i dəstəkləyir. Beləliklə, onun itirəcəyi heç nə yoxdur. Üstəlik, Temer 2018-ci ildə keçiriləcək prezident seçkisi yarışına qoşulmaq niyyətində olmadığını gizlətmir. Amma sosial xərclərin azalması ilə bağlı eksperimentlər onun təmsil etdiyi partiya üçün ciddi nəticələr verə bilər: Temerin Braziliyada iqtisadi geriləmənin qarşısının alınmasına yönəlmiş islahatları uğurlu olarsa, bu partiyanın hakim qüvvəyə çevrilmək iddiaları üçün ciddi əsaslar yaranacaq.

Lakin Braziliyadaxili böhrandan danışarkən, onun ümumilikdə Latın Amerikasına təsirini nəzərə almaq lazımdır. Ekspertlər regionun bir sıra ölkələrində, məsələn, Venesuela, Salvador, Boliviya, Ekvador, Nikaraquada 2000-ci ildən müşahidə olunan "sollaşma"nın başa çatacağını, sağ-mərkəzçi düşərgənin mövqelərini gücləndirəcəyini istisna etmir. Bu, qeyd olunan dövlətlərin xarici siyasi kursuna da öz təsirini göstərə bilər. Elə Braziliyanın özündə Joze Serranın xarici işlər naziri postuna gəlişi kifayət qədər maraqlıdır. Artıq mətbuat "Braziliyanın yeni xarici siyasəti" haqqında danışmağa başlayıb.

"Bundan sonra diplomatiya ayrı-ayrı siyasi partiyaların və onların xaricdəki müttəfiqlərinin maraqlarına, ideologiyasına deyil, bütünlükdə Braziliyaya xidmət edəcək" kimi abstrakt ifadənin arxasında Latın Amerikasının ən iri ölkəsinin xarici siyasi prioritetlərində dəyişikliklərin ola biləcəyi fikri dayanır. Da Silva və Ruseffin prezidentlikləri dövründə Braziliya "Bolivar ölkələri" (Venesuela, Ekvador, Boliviya, Nikaraqua) ilə münasibətlərə, "Cənubi Amerika ümumi bazarı"nın (MERKOSUR) möhkəmlənməsinə, həmçinin dünyanın nəhəng qeyri-qərb fövqəldövlətlərini özündə birləşdirən BRHÇC (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) formatında əməkdaşlığın inkişafına xüsusi diqqət ayırırdı.

Prezident səlahiyyətlərini Temerin icra etdiyi, XIN başçısı postunu isə Serranın tutduğu indiki şəraitdə, artıq Braziliyanın siyasətindəki prioritetlərin dəyişdiyini göstərən məqamlar var. Bunlardan biri ABŞ-ın Dilma Ruseffə impiçment elan olunmasına münasibətidir. Vaşinqton bə-yan edib ki, bu, dövlət çevrilişi deyil. "ABŞ-ın mövqeyi düzdür", - deyə Joze Serra bildirib.

Braziliyanın yeni XIN başçısının öz siyasətində Argentinaya verməyi planlaşdırdığı rol da maraqlıdır. Xatırladaq ki, bu ölkədə yarım il əvvəl Prezident Kristina Kirşnerin solçu hakimiyyətini sağ-mərkəzçi Maurisio Makri hökuməti əvəzləyib; məsələn, Joze Serra Buenos-Ayresə azad ticarətin yalnız MERKOSUR çərçivəsində deyil, həm də ikitərəfli razılaşmalar əsasında möhkəmləndirilməsini təklif edir. Demək, Braziliyanın yeni liderləri beynəlxalq danışıqlarda regional kollektiv alət kimi, "Cənubi Amerika ümumi bazarı»nın qorunub-saxlanmasında o qədər də maraqlı deyillər.

Amma ən vacibi bu, deyil - Serra "ənənəvi tərəfdaşlarla mübadilənin genişləndirilməsinə" tərəfdar olduğunu açıq şəkildə nümayiş etdirir. Söhbət ABŞ, Avropa və Yaponiyadan gedir. Onun bu yanaşması hakimiyyətdən uzaqlaşdırılmış Ruseffin kəskin reaksiyasına səbəb olub. Ruseff deyib ki, "bizim siyasətimiz Latın Amerikasına, Afrikaya, BRHÇC-yə önəm vermək idi və bu, sonda Braziliyaya hörməti artırırdı".

Bütün bunlarla yanaşı, Braziliyada yaşananların Latın Amerikasının digər solçu hökumətlərinin taleyinə təsir etmə ehtimalı var; məsələn, ilk olaraq "hədəf"ə Venesuela gəlib. Ölkə başçısı Nikolas Maduro Braziliyada Dilma Ruseffə impiçment elan olunmasını ABŞ-ın təsiri ilə "düzü-lüb-qoşulmuş" iş və "xalqın seçiminə rişxənd" adlandırıb. O, növbəti qurbanın öz ölkəsi - Venesuela ola biləcəyindən narahatlığını da dilə gətirib.

 

Maduro duruş gətirəcəkmi?

"ABŞ çalışır ki, Latın Amerikasında xalqların əsas haqqlarından olan demokratik seçki ilə seçilmiş proqressiv hökumətlər hakimiyyətdə qalmasın", - deyə unudulmaz Uqo Çavesin xələfi bildirib. O, Venesuelada dövlət çevrilişindən qaçmaq üçün mayın 13-də ölkədə fövqəladə vəziyyətin müddətini daha 60 gün uzadıb. Bununla yanaşı, Maduro xüsusi tədbirlər də görüb. Bu tədbirlər prezidentə dövlət çevrilişinə, iqtisadiyyatda xaosa imkan verməmək, ölkədə sosial vəziyyəti sabitləşdirmək, həmçinin "bütün xarici və daxili təhdidləri dəf etmək" üçün əlavə səlahiyyətlər verir.

Hadisələrin gedişi isə göstərir ki, Maduro hökuməti qarşısına qoyduğu vəzifələrə asanlıqla çata bilməyəcək. Cənubi Amerikanın ən böyük neft ixracatçısı olan Venesuelada iqtisadi vəziyyət dünyada "qara qızıl"ın ucuzlaşması ilə kəskin şəkildə ağırlaşıb. Dövlət gəlirlərinin azalması əmtəə çatışmazlığına, inflyasiyanın artmasına (mayın 24-nə olan məlumata görə, Venesuela milli mətbəxinin əsasını təşkil edən qarğıdalı ununun qiyməti 900% artıb) yol açıb. Bundan başqa, Venesuelada keçirilmiş parlament seçkisində müxalifətin qələbə qazanmasından sonra icraedici və qanunverici hakimiyyət arasında yaranmış ziddiyyət ölkənin siyasi düzəninin təməlini laxladır. Parlamentarilər Maduronu "totalitar tendensiyaları" dəstəkləməkdə və diktatura qurmaq cəhdində günahlandırır. Lakin müxalifətə sosial dəstəyi daha çox prezident Maduro ilə siyasi qarşıdurma deyil, ölkədə əsl qiyama yol açan ərzaq çatışmazlığı təmin edir. KİV xəbər verir ki, artıq Venesuelada ərzaq məhsulları və məişət mallarının satıldığı mağazaların talanı kütləvi xarakter alıb.

Bəs Prezident Maduro ölkə iqtisadiyyatında onun siyasi taleyinə mütləq şəkildə təsir göstərəcək (müxalifət artıq dövlət başçısına etimad məsələsinin səsverməyə çıxarılacağı təcili referendumun keçirilməsi ilə bağlı 2 milyon imza toplayıb) mümkün kollapsın qarşısını ala biləcəkmi? 

Hələlik görünən yalnız hakimiyyətin xalqı "Venesuelanın müs-təqilliyini sarsıtmağa çalışan dünya imperializminə müqavimət" şüarı altında səfərbər etmək cəhdidir. Maduro Silahlı Qüvvələrin təlimlərini də keçirib. Aviasiya, zirehli texnika, Hərbi Dəniz Qüvvələri və 500 mindən artıq hərbçinin cəlb olunduğu təlimlərin məqsədi kimi Venesuela ordusunun xarici təhdidlərə sinə gərmək hazırlığının yoxlanılması göstərilib. Manevrlərin bitimində Maduro Venesuelanın "bundan sonra heç zaman heç kəsin əsarəti altına düşməyəcəyini, müstəmləkəyə çevrilməyəcəyini" bəyan edib. Görünən isə odur ki, iqtisadiyyatda real antiböhran tədbirləri görülməzsə, vətəndaşların vacib tələbatları ödənməsə, Venesuelanı xilas etmək mümkün olmayacaq.

Braziliya və Venesueladakı çaxnaşmalar göstərir ki, Latın Amerikasının bəzi ölkələrinin solçu hökumətləri, ilk növbədə, qarşılaşa biləcəkləri iqtisadi çətinliklərə hazır deyilmişlər. Bəs bu böhranlar regionun siyasi landşaftının solçulardan-sağçılara dəyişməsinə səbəb olacaqmı? Bir şey aydındır ki, Latın Amerikasının istər solçu, istərsə də sağçı qüvvələri yeni siyasi savaşa hazırlaşırlar. Nümunə kimi, Havanada Kuba inqilabının lideri Fidel Kastro ilə "solçı Latın Amerikası"nın daha bir nümayəndəsi olan Boliviya Prezidenti Evo Moralesin görüşünü göstərmək olar. Əfsanəvi komandante Amerikanın Boliviyanın prezidenti postunda yerli aborigen xalqın ilk təmsilçisi ilə ABŞ-ın "imperialist səyləri" nəticəsində Latın Amerikasında solçuların zəifləməsi məsələsini müzakirə edib. Bu, Latın Amerikasının ənənəvi geosiyasi trendinin dəyişmədiyini təsdiqləyir. Söhbət Amerikanın hegemonluğu ilə antiamerika əhvallı sosializm arasında qarşıdurmadan gedir.



MƏSLƏHƏT GÖR:

487