27 Aprel 2024

Şənbə, 08:36

MÜRGÜLƏYƏN ŞƏR

Politoloq Sanat KUŞKUMBAYEV: "Qazaxıstanda terror nə dünən başlayıb, nə də sabah bitəcək"

Müəllif:

15.06.2016

Sosial rifahın yüksək olduğu, siyasi sabitliyin hökm sürdüyü Qazaxıstan növbəti dəfə terrorçuların hədəfinə çevrilib. Ölkənin qərbində yerləşən Aktobe şəhəri dini ekstremistlərin terror hücumuna məruz qalıb. Təxminən, 20 nəfər 2 silah mağazasına hücum edərək, silahları ələ keçirib, daha sonra hərbi hissəyə soxulmağa uğursuz cəhd göstərib. Sonda onlar Qazaxıstan Milli Qvardiyasının bazasına girə biliblər. Ekstremistlərlə atışmada Milli Qvardiyanın 6 hərbçisi həlak olub, 10-dan artıq insan yaralanıb. Bütün Qazaxıstan ərazisində sarı dərəcəli terror təhlükəsi elan edilib. Güc strukturlarının bütün şəxsi heyəti ayağa qaldırılıb, aeroportlarda təhlükəsizlik tədbirləri gücləndirilib, aeroportların ətrafı və yaxın ərazilər tam nəzarətə götürülüb.

Baş vermiş hücumla bağlı bir neçə versiya var - daxili siyasi sabitliyi pozmağa çalışan hansısa üçüncü ölkənin sifarişindən tutmuş, sələfilərin vahhabilərin də saxlanıldığı ağır rejimli həbsxanaya hücum təşkil etmək planınadək.

Bu, dini ekstremizmin getdikcə gücləndiyi Qazaxıstanda ilk terror aktı deyil. Deyilənə görə, vəhhabilər Aktobeni gələcək Mərkəzi Asiya xilafətinin paytaxtı sayır - guya o, "Qazaxıstanın Mosulu"dur.

Aktyubinsk vilayətində antiterror əməliyyatları rejimi elan olunub. "R+" Qazaxıstanın sabitliyi üçün terror təhlükəsi və dini təhlükəsizliklə bağlı siyasi elmlər doktoru, Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Sanat KUŞKUMBAYEV ilə söhbətləşib.

- Necə oldu ki, Qazaxıstanın güc strukturları bu cür miqyaslı terror hücumuna imkan verdi?

- Bu, regionda ilk terror deyil. 5 il əvvəl Aktyubinsk vilayətində ekstremist qrup Qazaxıstan tarixində ilk terror hücumu təşkil etmişdi. Bir müddət sonra Almatı vila-yətində, mərkəzi vilayətlərdə, Astanada və ölkənin digər regionlarında da terror aktları törədildi. Təsdiqlənmiş məlumata görə, bu, radikal dini qruplaşmaların əməli idi. Dini ekstremizm dünyada ümumi trenddir. Yaxın Şərqdə, Mərkəzi Asiyada, Əfqanıstanda baş verənlər, təbii ki, Avropada, postsovet məkanında da özünü göstərir - radikal dini qruplaşmalar güclənir.

- Aktobedə terrorçuların əsas hədəfi nə idi?

- Bu terror aktına görə rəsmən heç bir təşkilat məsuliyyəti üzərinə götürməyib. Prinsipcə, "yatmış" ekstremist qruplaşmaların fəaliyyətini izləmək çətindir. Bu, qəflətən fəallaşaraq özlərini göstərmək qərarına gəlmiş insanlardan ibarət darçərçivəli qruplaşma da ola bilər. Odur ki, güc strukturları üçün "mürgüləməkdə" olan qruplaşmaları izləmək çox çətindir. Çünki onlar hansısa məqamadək heç bir fəallıq göstərmir. Üstəlik, onların "Əl-Qaidə", İŞİD, "Cabhat ən-Nusra" və s. kimi beynəlxalq terror təşkilatları ilə sıx əlaqədə olması heç də vacib deyil. Aktobedəki qruplaşmanın tam lokal fəaliyyət göstərməsi tamamilə mümkündür. Ola bilsin ki, onlar terror aktları törətməklə, beynəlxalq terror təşkilatlarına "bilet" əldə etməyə çalışır. Aktobedə öldürülmüş və axtarışda olan ekstremistlərin siyahısı dərc olunub. Onların, demək olar ki, hamısı dini radikallaşma yolu keçmiş və nəticədə terrorçuya çevrilmiş gənclərdir. Onların hansısa konkret siyasi məqsəd güddüklərini söyləmək üçün heç bir əsas yoxdur. Heç kəs heç nə elan etməyib, şərt irəli sürməyib, ultimatum verməyib və s. Bir fakt var - silah əldə etmək məqsədilə müxtəlif obyektlərə hücumlar edilib.

- Keçmişdə terror aktlarını daha çox Qazaxıstana Çindən qaçmış uyğurlarla əlaqələndirirdilər. İnternetdə sələfi uyğurların xilafət yaratmaq niyyətlərini açıq şəkildə dilə gətirdiklərini əks etdirən videogörüntülər də var. Uyğur vəhhabilərinin xarici forması və ideoloji ritorikası İŞİD-ə çox bənzəyir. 

- Aktobe hadisələrində uyğur izi müşahidə olunmur. Hücumda iştirak etmiş şəxslərin, demək olar ki, hamısı - öldürülənlər də, axtarışda olanlar da - Qazaxıstan vətəndaşları, Aktyubinsk vilayətinin sakinləridir. Onların adları, soyadları, doğulduqları məkan, ünvanları məlumdur ortada uyğur amili yoxdur.

- Radikal dini qruplaşmalar necə yaranır? Yəqin ki, onların öz əmiri var. Bəzi məlumatlara görə, belə qruplaşmaların "təsisçisi" ərəb ölkələrində dini təhsil almış şəxslər olur.

- Dini radikalizmlə Yaxın Şərqin, yaxud Fars körfəzi ölkələrinin islam universitetləri arasında birbaşa əlaqə tapmaq çətindir. Adətən, ekstremist təşkilatlara düşmüş insanlar din haqda səthi biliklərə malik olur. Onlar dini baxımdan savadlı olmur. Radikal qruplaşmaların yaranması islam dininin nüfuzlu, tanınmış dini təhsil ocaqlarının fəaliyyətinin deyil, dinin yanlış təfsirinin nəticəsidir. Qazaxıstanda dini ekstremizmlə əlaqəli fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər var. Onlar adətən həbsxanadan çıxdıqdan sonra yenidən qruplaşma yaratmağa çalışır, psixikası hələ tam formalaşmamış gəncləri, ekstremist baxışlardan təsirlənmiş şəxsləri həmin qruplaşmalara cəlb etməklə məşğul olurlar.

- Bəs hüquq-mühafizə orqanlarının baş verənlərə reaksiyası nə dərəcədə müvafiq oldu? Onlar günün-günortasında şəhərin müxtəlif hissələrində bu cür döyüşə hazır idilərmi? 

- Antiterror əməliyyatının nəticəsinə əsasən deyə bilərik ki, güc strukturları terrorçuların hücumunu kifayət qədər tez bir zamanda lokallaşdıra, neytrallaşdıra bildi. Terrorçular avtomat silahları ələ keçirsəydilər, nəticə çox ağır ola bilərdi. Nəzərə almaq lazımdır ki, qruplaşma kifayət qədər böyük idi. Milli Qvardiyanın döyüşçüləri hərbi hissənin daxilində terrorçuları dəf etməyi bacardı və terrorçular silah anbarına çata bilmədi. Hücum edənlərin bir hissəsi oradaca məhv edildi, bir hissəsi qaçdı, bir neçə nəfər isə həbs olundu.

- Qazaxıstanda dini icmalar üzərində effektiv nəzarət varmı?

- Bu, çox çətin sualdır. Əslində, Dini Işlər üzrə Komitə, rəsmi müftilər var. Amma inanclı şəxslərin şüuruna necə nəzarət edəsən? İcma üzvlərinin baxışlarındakı radikallığın səviyyəsini müəyyənləşdirmək çətindir. Əsas odur ki, adi inanclı şəxslərin dini ekstremistlərin tələsinə düşməsinə imkan verməyəsən. Onlar sıralarına mümkün qədər çox insanı cəlb etməyə çalışır. Radikal ideologiyalar isə bir qayda olaraq, cəlbedicidir. Ekstremist təşkilatlarda ən müxtəlif insanlar peyda olur. Burada konkret meyarlar yoxdur. Onların arasında sosial problemləri olan, insanların əməllərindən məyusluq yaşayan şəxslərlə yanışı, cinsindən və milliyyətindən asılı olmayaraq, kifayət qədər varlı, zəngin adamlar da var.

- Aktobedə yaşananlar fonunda regionunuz beynəlxalq terrorçular üçün nə dərəcədə əlçatandır? Hələlik, regional təhlükəsizliyi nisbətən uğurla təmin etmək mümkün olur. Amma Qafqaz, Mərkəzi Asiya regionlarında "mürgüləyən" qruplaşmalar az deyil...

- Düşünürəm, problem regionumuzun terror ocaqları ilə qonşuluğunda deyil. Əfqanıstan və Pakistan da terror təşkilatlarının qurbanıdır. Sadəcə, onlar ekstremist hücumlarının "ön cəbhəsi"ndə yerləşir. Bizim ölkələrimiz isə öndə olmasa da, terrordan zərər görür. Dünyada terror mənbəyi və terror qurbanı olan tək ölkə yoxdur. Terrorçuluq ümumi çağırışdır və bu, az-çox hər bir ölkəyə aiddir. Avropa belə, bu təhlükədən qaça bilmir. Qazaxıstanda isə terror nə dünən başlayıb, nə də sabah bitəcək. İndi təhlükə kənardan, hansısa həmsərhəd ölkələrdən gəlmir. Parçalanma cəmiyyətin daxilində baş verir. Bu, dövlətin dünyəvi, yoxsa islam dövləti olmasından asılı deyil. Regionun digər ölkələrində olduğu kimi, Qazaxıstanda da Suriyada, İraqda, Əfqanıstanda döyüşən insanlar var. Döyüş təcrübəsi qazanmış bu insanlar geri döndükdə ekstremist ideyaların qatı təbliğatçısına çevrilə bilirlər.



MƏSLƏHƏT GÖR:

474