6 May 2024

Bazar ertəsi, 17:23

İŞİD KOALİSİYALAR MƏNGƏNƏSİNDƏ

"İslam Dövləti" ələ keçirdiyi ərazilərin bir hissəsindən sıxışdırılaraq çıxarılır. Həmişəlikmi?

Müəllif:

01.07.2016

"İslam Dövləti" (İD) ətrafında vəziyyət dəyişir. İraq və Suriya ərazisinin bir hissəsinə nəzarət edən bu terror təşkilatı ABŞ və Rusiyanın başçılıq etdiyi iki koalisiyanın təzyiqi qarşısında mövqelərini itirir. ABŞ ilə Rusiya isə müharibəyə bürünmüş ərəb ölkələri və ümumilikdə, bütün Yaxın Şərq bölgəsinin gələcəyinə dair fikir ayrılıqları və ziddiyyətlərdə ilişib-qalıb.

 

Fəllucadan sonra Mosul?! 

Rəsmi Bağdad İraq Ordusunun ölkə paytaxtından 50 kilometr qərbdə yerləşən əl-Fəlluca şəhərinə nəzarəti bərpa etdiyini açıqlayıb. İraqın Baş naziri Heydər əl-Abadi bildirib ki, ölkənin təhlükəsizlik qüvvələri bir neçə kiçik ocaq istisna olmaqla, demək olar ki, bütün şəhərə nəzarət edir. İraq Ordusu komandanlığı da şəhər meriyasının və şəhərin hökumət məhəlləsinin terrorçulardan tam təmizləndiyini bildirir.

Fəlluca "məscidlər şəhəri" kimi tanınır. Məsələ ondadır ki, bu şəhərdə 200-dən artıq müsəlman məbədi var. Bununla yanaşı, şəhər son dərəcə strateji əhəmiyyətə malikdir: Bağdaddan Suriya və İordaniyaya uzanan tras məhz Fəllucadan keçir. Hələ 2013-cü ildə Fəlluca sünnilərin İraqın sabiq baş naziri Nuri əl-Malikiyə qarşı etiraz hərəkatının mərkəzinə çevrilmişdi. 2014-cü ildə isə o, "İD" tərəfindən ələ keçirilmişdi. Qeyd edək ki, Fəlluca ölkənin digər yaşayış məntəqələrilə müqayisədə terrorçuların nəzarətində daha uzun müddət qalıb.

Pentaqonun məlumatına görə, İraq Silahlı Qüvvələri və könüllülər hələlik şəhərin yalnız üçdəbir hissəsini "İD"-dən azad edib. Bununla yanaşı, ABŞ qruplaşmanın İraqda nəzarətdə saxladığı ərazilərin 45%-ni itirdiyini də bildirir.

Fəllucanın azad olunması Bağdadın təhlükəsizliyinin təmini baxımından böyük əhəmiyyət daşıyır. Çünki İraq paytaxtında, az qala, hər gün partladılan bombalı avtomobillərin əsas "fabrik"i məhz bu şəhər sayılır.

"İD" ilə mübarizədə Fəllucanın strateji rolunu təsdiqləyən daha bir məqam: BMT Təhlükəsizlik Şurası (TŞ) terrorçulardan azad olunmuş şəhərdəki vəziyyətlə bağlı qapalı toplantı keçirib. TŞ İraq ordusunun irəliləməsini, onun "İD"nin nəzarətində olan əraziləri geri qaytarmasını alqışlayıb. Bununla yanaşı, hazırda TŞ-yə sədrlik edən fransız diplomatı Fransua Delatr Fəllucadakı humanitar vəziyyətdən narahatlığını ifadə edib. BMT-nin məlumatına görə, oradakı hərbi əməliyyatlar 10 minlərlə insanı ev-eşiyini tərk etmək məcburiyyətində qoyub. Delatr istisnasız olaraq, bütün münaqişə tərəflərini beynəlxalq humanitar hüquqa hörmətlə yanaşmağa, əhaliyə yardım etməyə çağırıb.

İraq Ordusunun son uğurlarında müxtəlif xarici mərkəzlərin dəstəyinin rolu danılmazdır. Bu, ilk növbədə, əsas hərbi kontingentinin İraqdan çıxarılmasından sonra belə, Bağdada təsir imkanlarını itirməmiş Vaşinqtona aiddir. Bununla yanaşı, vəziyyətə son illərdə İraqın yeni hökumətinin ən yaxın müttəfiqlərindən birinə çevrilmiş İranla hərbi-siyasi əməkdaşlığın inkişafı da öz təsirini göstərir. Yeri gəlmişkən, bu, həm də post-Səddam İraqının rəhbərliyində şiə siyasətçilərinin mövqelərinin güclənməsi ilə bağlıdır.

İndi böyük ehtimalla, İraq Ordusu Fəllucanın terrorçulardan tam təmizlənməsindən sonra, Mosulu nəzarətə qaytarmaq üçün genişmiqyaslı əməliyyata başlayacaq. Xatırladaq ki, bu şəhər 2014-cü ilin iyunundan "İD"nin nəzarətindədir. Mosul terrorçuların qələbəsinin özünəməxsus rəmzi sayılır. "İD" lideri Əbu Bəkr əl-Bağdadi xilafəti məhz Mosul məscidlərindən birində elan edib və məhz orada özünü xəlifə adlandırıb ki, bu da təsadüf deyil.

İraq komandanlığı rəsmilərinin bildirdiyinə görə, xüsusi təyinatlıların elit bölükləri və 2 ordu diviziyası iyunun 18-də Bağdaddan 200 kilometr şimalda yerləşən Bayci şəhərindən Mosula tərəf hərəkətə başlayıb. Generalitetin məruzəsində bildirilir ki, hərbçilər hücuma Mosul yaxınlığındakı strateji məntəqə olan Kayaradan başlayıb. Ordu buradakı hərbi-hava bazasından Mosula hücum üçün istifadə etmək niyyətindədir.

Bununla yanaşı, İraq rəhbərliyi Mosul uğrunda döyüşlərin çətinliyini anlayır. Aydındır ki, "İD" bu şəhər uğrunda "son damla qanınadək" mübarizə aparacaq. Rəsmi Bağdadın nümayəndəsi Əhməd Camal bildirib ki, "hələlik Mosulun azad olunacağı vaxtı dəqiq söyləmək çox çətindir. Hər halda, söhbət çoxsaylı əhalinin yaşadığı şəhərdən gedir. Ümid edirəm ki, terrorçuları bu ilin sonunadək şəhərdən çıxarmaq mümkün olacaq".

İstəniləni halda, "İD"nin İraqdakı mövqeləri laxlayır. Bunun ciddi səbəblərindən biri də terrorçuların digər strateji istiqamətdə də zərbələr almasıdır. Söhbət Suriyadakı döyüş meydanından gedir.

 

Rakka uğrunda döyüş

Suriyada "İD"nin paytaxt elan etdiyi Rakka uğrunda əsl döyüş gedir. Bu şəhər eyniadlı əyalətin mərkəzidir. Ölkədə kənd təsərrüfatı baxımından ən məhsuldar torpaqlar məhz bu əyalətdədir. Bundan başqa, Rakka ərazisində aviabaza və ölkənin ən iri neft quyuları yerləşir.

İyunun əvvəlində Suriya hərbçiləri Rusiya aviasiyasının dəstəyi ilə 2014-cü ildən bəri ilk dəfə olaraq qərbdən və cənub-qərbdəni Rakka əyalətinə daxil olub. Eyni vaxtda şimaldan Rakkaya kürd döyüşçüləri və Suriyanın ərəb müxalifət qrupları hücuma başlayıb. Onlar əməliyyatlara amerikapərəst koalisiyanın dəstəyilə start verib.

Rakka uğrunda döyüşün vacib məqamlarından biri də Demokratik Birlik Partiyasının (DBP) ABŞ, Böyük Britaniya və müttəfiqlərinin dəstəklədiyi kürd dəstələrinin strateji əhəmiyyətli Manbic şəhərinə doğru hərəkətə başlamasıdır. Qeyd edək ki, bu şəhər Türkiyə sərhədi ilə Rakka arasında yerləşir.

Rəsmi Dəməşq isə Rakkanın kürdlər tərəfindən azad olunacağı təqdirdə ölkənin parçalanacağından ehtiyatlanır. Məsələ ondadır ki, DBP ABŞ-ın himayədarlığı ilə İraqın şimalında əsasən kürdlərin yaşadığı rayonların muxtariyyət qazanmasına çalışır. Amerikalıların Suriyanın kürd kantonlarında öz hərbi bazalarını yaratdığına dair məlumatlar isə Dəməşqin bu narahatlığının nə qədər əsaslı olduğunu göstərir.

Aydındır ki, Suriyanın şimalında kürd muxtariyyətinin yaradılması planı heç də yalnız kürd separaitzmi və terrorunun istənilən təzahürünə qarşı ciddi mübarizə aparan Türkiyəni narahat etmir. Bu perspektiv Dəməşqin müttəfinləri olan İranla Rusiyanın da ürəyincə deyil. Rusiya, İran və Suriya müdafiə nazirlərinin Tehranda keçirilmiş kofransında bəyan olunub ki, Suriyanın siyasi sistemində islahatlar aparıla bilər və aparılmalıdır, lakin bu, yalnız Bəşər Əsəd hökumətinin terror ocaqlarını söndürməsindən, ölkənin şimal raynlarındakı "hər kəs hər kəsə qarşı" müharibəsinə son qoymasından sonra baş verməlidir. Bu, əslində, Moskva ilə Tehranın Suriyanın ərazi bütövlüyünə növbəti dəstək nümayişidir. Bununla yanşı, bir çox ekspertlər amerikapərəst koalisiyanın məhz Suriyanı parçalamaq istədiyindən şübhələnir. Üstəlik, bu koalisiyanın üzvləri ölkənin gələcəyində hazırki pezident Bəşər Əsədi görmür.

Beləliklə, Əsədin taleyi ABŞ və Rusiyanın Suriya probleminin həllinə yanaşmasındakı fikir ayrılığının səbəbidir. Bu mənada, ABŞ dövlət katibi Con Kerrinin bu yaxınlarda verdiyi bəyanat maraqlıdır: "Rusiya anlamalıdır ki, bizim səbrimiz tükənməz deyil. Konkret olaraq, Əsədin məsuliyyəət cəlb olunması məsələsində səbir kasamız daşıb".

ABŞ administrasiyasının qəbul etmədiyi Əsəd ordusu tərəfindən Rakkanın azad olunması perspektivi haqda isə heç danışmağa dəyməz. Axı bu halda Əsəd hökumətinin mövqeləri xeyli güclənəcək, bu isə ABŞ-ın və onun yerli müttəfiqlərinin - kürd döyüşçülərinin və mötədil Suriya müxalifətinin maraqlarına cavab vermir. Odur ki, Rakkanın terrorçulardan azad olunması şansı Suriya ətrafında cərəyan edən geosiyasət baxımından həyati əhəmiyyət daşıyır. Nüfuzlu xarici mərkəzlərdən - Əsəd hökumətinin dəstəkləyən Rusiya və ya Suriya müxalifətinin arxasında olan ABŞ - hansının nəinki Suriyada, həm də bütünlükdə Yaxın Şərqdə möhkəmlənəcəyi məhz bu əməliyyatın nəticəsindən asılı olacaq. 

 

"İD" nəyə hazırlaşır? 

Fakt isə faktlığında qalır - "İslam Dövləti» tədricən mövqelərini itirir və bu savaşın getdiyi müddət ərzində ilk dəfədir ki, onun iflas perspektivi görünməyə başlayıb. Bunun fonunda ortaya sual çıxır: antiterror koalisiyaları (fərqi yoxdur, amerikapərəst, yoxsa rusiyapərəst) "İD"ni ələ keçirdiyi ərazilərdən çıxışdırıb-çıxara biləcəksə, qruplaşmanın axırı necə olacaq? Əlbəttə ki, bu halda qaçmağa üstünlük verən bir çox terrorçunun miqrant adı ilə Türkiyə və ya Avropada məskunlaşacağı təhlükəsi var. Bundan sonra onların hansısa terror mərkəzindən silahlı hücum əmri alması ilə nələrin baş verə biləcəyini düşünmək belə, qorxuludur. İstənilən halda, reallıq budur ki, hadiəsələrin bu cür inkişaf edə biləəcyi nəzərə alınmalıdır.

Bu məqamda "İD" liderlərindən olan Əbu Məhəmməd əl-Adnaninin mayın sonlarında yayılmış audiobəyanatını yada salmaq yerinə düşər. "İD"nin "şəhərləri və əraziləri" itirəcəyi təqdirdə, necə davranacağı haqda danışan əl-Adnani deyir: "Belə olarsa, hər zaman başa qayıda bilərik - vaxtilə səhralarda idik və nə şəhərlərimiz, nə ərazilərimiz var idi". Sonda isə o, "səhrada gücünü bərpa edəcək" "İD"nin yenidən "qayıda biləcəyini" deyir.

Əl-Adnaninin bu bəyanatından bir qədər sonra, "İD"nin nəşrlərinin birində dərc olunmuş materialda bildirilib ki, qruplaşma şəhərləri, xilafətin ərazisini itirərsə belə, yaşamağa davam edəcək.

Demək, "İD" terrorçuları həqiqətən də özlərini "tələdə" hiss edir və məğlub olacaqlarını istisna etmir. Bununla yanaşı, onlar bu məğlubiyyətin sarsıdıcı ola biləcəyini düşünmür. Bəlkə ona görə ki, sivil bəşəriyyətin qüdrətli hisəsi bütün ölkələr və xalqlar üçün təhlükə olan terrorizmlə kompromissiz və ardıcıl mübarizə ilə yox, özlərinin geosiyasi və iqtisadi maraqlarının təmin olunması ilə  məşğuldur?



MƏSLƏHƏT GÖR:

354