4 May 2024

Şənbə, 16:20

ŞƏRQ ALYANSI

ŞƏT-in Azərbaycan üçün cəlbediciliyi dəfələrlə artıb

Müəllif:

01.07.2016

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderləri iyunun 23-24-də Daşkənddə qurumun yaranmasının 15-ci ildönümünü qeyd edib. Doğrudur, onun yaradılması tarixi 1996-cı ildən - keçmiş SSRİ ölkələri olan Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanın Çinlə mübahisəli sərhəd məsələlərini çözməsindən sonra başlayır. Lakin təşkilat hazırkı formada 2001-ci ildən, yəni, Özbəkistanın "Şanxay beşliyi"nə qoşulmasından sonra fəaliyyət göstərir.

Qeyd edək ki, uzun müddət ŞƏT-ə yeni üzvlərin qəbuluna moratorium tətbiq edilib. Bu, qurumun qanunvericilik bazasının təkmilləşdirilməsi zərurəti və onun genişləndirilməsi mexanizminin işlənib-hazırlanmalı olması ilə əsaslandırılırdı. Əslində isə moratoriumun üzv dövlətlərin təşkilatın inkişaf istiqaməti ilə bağlı razılığa gələ bilməməsi ilə əlaqəli olduğu istisna edilmirdi. Onun genişləndirilməsi ilə bağlı vahid strategiya da yox idi.

"Şanxay altılığı"nın özəyini təşkil edən Rusiya ilə Çin bu yaxınlaradək onun təyinatını fərqli görürdü. Moskva təşkilatda siyasi məsələlərin, təhlükəsizlik və narkotik ticarəti problemlərinin həllinə daha çox diqqət ayrılmalı olduğunu düşünür, Pekin isə regiondakı iqtisadi maraqlarını önə sürürdü. Nəticədə, qurum qərarlarının icrası məcburi olmayan diskussiya klubunu xatırladırdı.

Bu dövrdə təşkilatda çoxtərəfli iqtisadi inteqrasiya son dərəcə ləng gedirdi. Nəhəng birgə layihələr, əsasən, kağız üzərində qalır, pilot layihələrin reallaşdırılmasında da ciddi nəticələr əldə olunmurdu. Ekspertlərin fikrincə, bunun əsas səbəbi layihələrin maliyyələşdirilməsi mexanizminin olmaması idi.

ŞƏT üzvləri arasında ikitərəfli əməkdaşlıq formatında əlaqələr daha yaxşı idi. Əslində, bu vəziyyətin indi də köklü şəkildə dəyişdiyini söyləmək mümkün deyil. Elə bu dəfə də sammitə cəmi 1 gün qalmış Çinlə Özbəkistan növbəti ikitərəfli layihənin başa çatdığını qeyd edib. Si Cinpin ilə İslam Kərimov Özbəkistanın şərqində inşa olunmuş 19 kilometrlik dəmir yolu tunelinin onlayn istismara verilməsi mərasiminə qatılıblar. Qeyd edək ki, bu, Mərkəzi Asiyada bu tipli ən nəhəng qurğudur. Onun dəyəri 455 milyon dollardır.

Bütün bunlarla yanaşı, 2014-2015-ci illərdə Rusiya ilə Çinin ŞƏT-in hansı istiqamətdə inkişaf etməli olduğuna dair baxışlarında yaxınlaşma müşahidə edilməyə başlanıb. Həmin illərdə ABŞ və müttəfiqlərilə münasibətləri pozulan Rusiya xarici siyasətdə Şərqə dönüş etdiyini açıqlayıb, Çin isə yeni İpək Yolu iqtisadi kəməri layihəsi ilə bağlı yekun qərara gəlib. ABŞ-ın Sakit okean və Trans-Atlantik regionlarda azad ticarət zonaları yaratmaq qərarı da ŞƏT-in güclənməsi üçün önəmli impuls olub.

Elə bu andan ŞƏT-in dar çərçivəli, regional təşkilatdan qlobal quruma çevrilməsi prosesi başlayıb. Artıq ona beynəlxalq münasibətlərdə Qərbin güc mərkəzinə alternativ kimi də baxılmağa başlayıb. Ötən il Pakistan və Hindistanın ŞƏT-ə qoşulması prosesinə start verilməsi bu istiqamətdə daha bir ciddi addım olub. Quruma birdən-birə iki, üstəlik, bir-birilə münaqişə yaşayan ölkənin qəbulunun izahı sadədir - Pakistan Çinin, Hindistan isə Rusiyanın yaxın tərəfdaşıdır. Yəni, təşkilat daxilində nüfuz məsələsində müəyyən paritetə riayət olunur.

Əlbəttə ki, Dehli və İslamabad kimi nəhəng regional oyunçuların quruma qəbulu ilə ŞƏT-də balansın pozula biləcəyinə dair narahatlıq da var. Belə düşünənlərin fikrincə, bu qərar təşkilat daxilində geosiyasi maraqlara əsaslanan qruplara parçalanma ilə nəticələnə, bu isə onun fəaliyyətinin effektivliyini azalda bilər.

O da nəzərə alınmalıdır ki, ŞƏT-in Mərkəzi Asiyadan olan bəzi üzvləri arasında da ciddi ziddiyyətlər və həll olunmamış problemlər qalmaqdadır. Amma bu, onların fəal əməkdaşlığına mane olmur. Hindistanla Pakistanın ŞƏT-ə üzv olması faktı və onların təşkilat daxilində fəaliyyəti isə ciddi müsbət ispuls sayıla bilər. Bu, onların ikitərəfli münasibətinə də aiddir.

ŞƏT-ə yeni üzvlərin qəbulu prosesinin başa çatacağı 2017-ci ildə təşkilat üzvlərinin ümumi əhalisinin sayı 3 milyard nəfəri ötəcək. Bu, planet əhalisinin, demək olar ki, yarısıdır. Bundan başqa, təşkilatda 4 nüvə dövləti yer alacaq, onun bütün üzvlərinin ÜDM-nin həcmi, təxminən, 2 dəfə artaraq 20 trilyon dollara çatacaq ki, bu da dünya ÜDM-nin 19%-dən çoxdur.

ŞƏT-in genişlənməsi şübhəsiz ki, onun beynəlxalq nüfuzunu artırır, srateji həyat qabiliyyətini nümayiş etdirir, onu yeni geosiyasi zirvəyə ucaldır. Nəticədə, BMT, ASEAN ilə əlaqələr genişlənir, BRHÇC ilə əməkdaşlıq formaları müzakirə olunur.

Böyük ehtimalla, ŞƏT üzvlüyünə növbəti namizəd İran olacaq. Onun təşkilata qoşulmasında istər İranla sıx iqtisadi əlaqələri olan Rusiya, istərsə də öz infrastruktur layihələrində bu ölkədən fəal istifadə edən Çin maraqlıdır. İranın beynəlxalq iqtisadi sanksiyalardan qurtulmasından sonra, onun təşkilata qəbulu üçün maneə yoxdur. Amma Rusiyanın Daşkənddə bu prosesə başlanılması ilə bağlı verdiyi təklif Çin tərəfindən dəstəklənməyib. Çinin Xarici İşlər naziri Van İ bildirib ki, Pekin daha da irəli getməzdən əvvəl diqqətin Hindistan və Pakistanın ŞƏT-ə qoşulmasına cəmlənməsinin tərəfdarıdır. Hazırda İran ŞƏT-də Hindistan, Pakistan, Belarus, Monqolustan və Əfqanıstanla birlikdə, müşahidəçi dövlət statusuna malikdir. Bu, ŞƏT-in işində iştirakın "ikinci pillə"sidir. Bu status həmin dövlətlərin başçılarına qurumun geniştərkibli toplantılarına qatılmaq hüququ verir.

Bununla yanaşı, "üçüncü pillə" - "Dialoq üzrə tərəfdaş"lar da var. Bu ilin martında Azərbaycan da ŞƏT-ə "tərəfdaş" kimi qəbul olunub (Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka da bu statusa malikdir). Bu haqda memorandum Pekində təşkilatın baş katibi Rəşid Alimov ilə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov arasında imzalanıb.

Memorandumu iyunun 2-də təsdiqləyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, "Azərbaycan ŞƏT-də tərəfdaş statusu əldə etməyi təşkilata tam inteqrasiya yolunda ilk addım kimi qiymətləndirir".

Azərbaycan bu təşkilata qoşulmağa marağını hələ 2012-ci ildə göstərib. O dövrdə ŞƏT-in fəaliyyətində təhlükəsizlik problemlərinin həlli, beynəlxalq terrorçuluqla mübarizə xətti daha üstün idi. İndisə diqqət daha çox ticari, istehsalat, maliyyə, investisiya, kənd təsərrüfatı sahələrində əməkdaşlığın gücləndirilməsinə yönəldilib. Bu gün təşkilatın qarşısında duran prioritet vəzifələrdən biri birgə infrastruktur layihələrinin həyata keçirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasıdır. Onlar Asiya ilə Avropa arasında bağlayıcı bənd rolunu oynamalıdır.

Daşkənddə keçirilmiş görüşdə dövlət başçıları "ŞƏT daxilində birgə fəaliyyətin potensialının artırılması üçün müşahidəçi və dialoq üzrə tərəfdaş ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlığın genişləndirilməsi"nə tərəfdar olduqlarını bəyan ediblər.

Yekun sənəddə bildirilir ki, "mədəniyyət, səhiyyə, elm və texnika, təhsil, ətraf mühitin mühafizəsi, idman, turizm, ŞƏT regionunun, o cümlədən Böyük İpək Yolu boyunca mədəni və təbii irsinin öyrənilməsi və qorunması sahələrində ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişafına xüsusi diqqətin göstərilməsi vacibdir".

İndi təşkilat daxilində, tədricən (2020-ci ilədək), inteqrasiya məkanının yaradılması nəzərdə tutulub. Bu, mal, xidmət, kapital və texnologiyaların sərbəst hərəkətinə imkan verməlidir. Perspektivdə ŞƏT-in Azad Ticarət Zonasının yaradılması da planlaşdırılır. Təşkilatın fəaliyyətində daha bir vacib istiqamət isə iştirakçı ölkələrin milli iqtisadiyyatlarının marağında olduğu innovasiya layihələrinin stimullaşdırılması və dəstəklənməsidir.

Beləliklə, Azərbaycan üçün ŞƏT-də təmsil olunmanın cəlbediciliyi dəfələrlə artıb.

Azərbaycan təhlükəsizlik və beynəlxalq terrorçuluqla mübarizə sahəsində səylərin koordinasiyası ilə yanaşı, ŞƏT-in təşəbbüsü ilə müxtəlif transmilli enerji və nəqliyyat layihələrinə cəlb olunacağını da gözləyə bilər. Onlar Azərbaycan ərazisində artıq mövcud olan, Şərqlə-Qərbi, Şimalla-Cənubu birləşdirən layihələrə əlavə olardı.



MƏSLƏHƏT GÖR:

444