3 May 2024

Cümə, 17:06

MAHİYYƏT ÜZRƏ DANIŞIQLAR

Qarabağ nizamlanması üzrə danışıqların yeni raundu substantiv məsələlərin müzakirəsinə yönəlib

Müəllif:

01.07.2016

İyunun 20-də Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev ilə Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsini həll etmək məqsədilə Sankt-Peterburqun Konstantinov sarayının Oval zalında bir araya gəliblər. Bu formatda danışıqların aparılması təşəbbüsü Rusiyanın dövlət başçısı Vladimir Putindən gəlmişdi. Azərbaycan və Ermənistan prezidentləri də danışıqlardan əvvəl rusiyalı həmkarları ilə ikitərəfli görüş keçirdilər. Bunun ardınca 3 prezident yardımçılar olmadan, təxminən, 1 saat üz-üzə söhbət aparıb. Daha sonra onlar müzakirələri işgüzar səhər yeməyi süfrəsi ətrafında davam etdirıb. Üçtərəfli dialoqun yekun mərhələsi isə daha 40 dəqiqə davam edib və bundan sonra müzakirələrə ATƏT-in Rusiya, ABŞ və Fransadan olan həmsədrləri, həmçinin ATƏT katibliyinin nümayəndəsi də qatılıb.

"Danışıqlar konstruktiv şəraitdə keçib. Azərbaycan Sankt-Peterburq danışıqlarının nəticəsini müsbət qiymətləndirir", - deyə Azərbaycanın Xarici İşlər naziri E. Məmmədyarov APA-ya müsahibəsində bildirib. Ermənistanın XİN başçısı Edvard Nalbandyan da görüşü müsbət qiymətləndirib. RİA "Novosti"nin məlumatına görə, o, danışıqların "kifayət qədər səmərəli keçdiyini" söyləyib: "Müəyyən ehtiyatlılıqla deyə bilərəm ki, danışıqlar konstruktiv atmosferdə keçib". Erməni nazir görüşdə "danışıqların yalnız prezidentlər deyil, həm də XİN başçıları səviyyəsində davam etdirilməsinə dair razılığa gəlindiyini" də söyləyib: "Bütün bu proses ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında keçiriləcək".

Nazirlərin rusiyalı həmkarı Sergey Lavrov isə danışıqların səmimi və açıq keçdiyini söyləyib.

Danışıqların yekununda birgə bə-yanat qəbul edilib. Kremlin mətbuat xidmətinin məlumatına görə, bəyanatda deyilir: "Azərbaycan və Ermənistan prezidentləri mayın 16-da Vyanada keçirilmiş son Azərbaycan-Ermənistan sammitində əldə edilmiş və münaqişə zonasında sabitliyə, sülh prosesinin irəliləməsinə imkan verəcək atmosferin yaradılmasına yönəlmiş razılaşmaları təsdiqləyib. Bu məqsədlə onlar münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılmasına dair razılığa gəlib. Onlar təmas xəttində son zamanlar müşahidə olunan atəşkəs rejimindən razılıqlarını da ifadə edib. Nizamlanmanın əsas aspektləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Dövlət başçıları bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu vurğulayıb ki, bu Dağlıq Qarabağ nizamlanmasında irəliləyişə əldə olunması üçün şərait yaradacaq. Prezidentlər Dağlıq Qarabağ problemilə bağlı müntəzəm əlaqə saxlamalarının vacibliyini vurğulayıb, Sankt-Peterburq danışıqlarının yekun mərhələsinə dəvət olunmuş ATƏT-in Minsk qrupu həmsədrlərinin işinə əlavə olaraq, danışıqların bu formatda da davam etdirilməsi haqda razılığa gəlib".

Bəyanatın mətnindən görünür ki, görüşün əsas nəticəsi artıq son zamanlar ermənilərin irəli sürdüyü ikinci dərəcəli yox (insidentlərin araşdırılması, inam yaradılması tədbirləri və s.), əsas məqamlarla bağlı danışıqlara start verilir. Artıq Azərbaycanın uzun müddətdir təklif etdiyi substantiv danışıqlara başlanıldığını söyləmək olar. Dialoq isə ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə, lakin Rusiyanın himayəsi altında keçiriləcək.

Bu arada Minsk qrupu həmsədrlərinin iyunun 24-də ATƏT-in mətbuat xidməti tərəfindən yayılmış bəyanatı təəccüb yaradır: "Biz Azərbaycanla Ermənistanı ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşikin missiyasının genişləndirilməsi yolundakı bütün maneələri aradan qaldırmağa çağırırıq". Sənəddə tərəflər danışıqlarda və ATƏT-in araşdırma mexanizminin tətbiqində irəliləyişə nail olmağa da çağrılır, mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda əldə edilmiş razılaşmalara hörmətlə yanaşılmasının vacibliyi vurğulanır.

Lakin prezidentlərin Sankt-Peterburqda qəbul etdikləri bəyanatda insidentlərin araşdırılması ilə bağlı heç bir fikir yoxdur. Belə təəssürat yaranır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri özlərinin ənənəvi və rahat "diplomatiya turizmi"nə kənar "hakim və rəhbər" statusunu da əlavə etməyə çalışır.

Azərbaycan Sankt-Peterburqda Kaspirşikin müşahidə missiyasının genişləndirilməsinə razılığını bildirib. Bakı bu razılığı hələ daha əvvəl Vyana görüşündə də ifadə etmişdi. Qeyd edək ki, hazırda bu missiya 6 nəfərdən ibarətdir. Amma onların sayının 2, hətta 3 dəfə artırılması halında belə, qoşunların təmas xəttində sabitlik daha çox münaqişə tərəflərinin xoş məramından asılı olacaq, nəinki monitorinqin sıxlığından. Nümunə üçün çox uzağa getməyə ehtiyac yoxdur. Hazırda Ukraynanın cənub-şərqində, təxminən, 1000 nəfər beynəlxalq müşahidəçi yerləşdirilib. Lakin orada atəşkəs mütəmadi olaraq pozulur, üstəlik bu, artilleriyadan və reaktiv qurğulardan istifadə ilə baş verir. Odur ki, beynəlxalq monitorinqə həddindən artıq çox ümid bağlamağa dəyməz. Səylərin daha çox sülh prosesinin irəliləməsinə yönəldilməsi daha yaxşı olar.

Qarabağ mövzusundan danışan ermənilər, xüsusilə xarici siyasətçilər, diplomatlar və analitiklər unutmamalıdır ki, Qarabağdakı hazırkı təmas xəttinin hər iki tərəfi hüquqi baxımdan Azərbaycan ərazisidir və bizim razılığımız olmadan orada hər hansı fəaliyyət (monitorinq və ya insidentlərin araşdırılması) qanunsuz və mümkünsüzdür. Bunun üçün yalnız ermənilərin və havadarlarının istəyi kifayət etmir. Onu da xatırladaq ki, atəşkəs məqsəd yox, münaqişənin həlli üzrə məzmunlu, faydalı danışıqların aparılması üçün şəraitdir. Danışıqlar aparılmasa və ya o, sadəcə, imitasiya xarakteri daşıyarsa, atəşkəs rejiminin erozisyası və silahlı qarşıdurmaların bərpası arzulanmaz olsa da, qaçılmazdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki hazırkı status-kvonun sonsuzluğadək uzadılmasının mümkünsüzlüyünü dünya çoxdan anlayıb. "Dördgünlük müharibə" adlandırılan aprel toqquşmaları göstərib ki, sülh danışıqlarının dalana dirənməsi halında barışıq heç də dayanıqlı deyil. Şübhəsiz ki, regionda sülh və təhlükəsizliyə təhdid olan Dağlıq Qarabağın statusunun müəyyənləşməməsi yox, BMT Təhlükəsizlik Şurası, Baş Assambleyası və digər beynəlxalq qurumların çoxsaylı qətnamələrinə rəğmən, Ermənistan qüvvələrinin Azərbaycan ərazilərini işğalda saxlamasıdır. İlkin olaraq məhz bu məsələ həllini tapmalıdır. Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərini BMT Nizamnaməsinə tam uyğun olaraq, hərbi yolla geri qaytarmaq hüququndan imtina etməyib. Bakının müasir silah-sursat alışını davam etdirməsi, iyunun 19-24-də keçirilmiş və Silahlı Qüvvələr Günü ərəfəsində ənənəyə çevrilmiş hərbi təlimlər də bunu təsdiqləyib. Qeyd edək ki, təlimlərə 25 min hərbçi, 300-dən artıq tank və zirehli maşın, təxminən, 100 raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30 hava hücumundan müdafiə sistemi cəlb edilmişdi.

Azərbaycanın ərazi bütövlüyü məsələsi danışıqlar mövzusu ola bilməz və mövcud status-kvo dərhal dəyişməlidir. "Münaqişə uzanıb. Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin bəyan etdiyi kimi, status-kvo qəbuledilməzdir. Biz bu bəyanatı tamamilə dəstəkləyirik", - deyə Prezident İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşü zamanı bildirib: "Lakin status-kvonun dəyişməsi üçün 20 ildən artıq müddətdə Azərbaycanın işğal altında olan ərazisinin işğaldan azad edilməsi başlanmalıdır".

Bununla yanaşı, İ.Əliyev prezidentlərin üçtərəfli görüşünün təşkili təşəbbüsünə, həmçinin Rusiyanın Dağlıq Qarabağ probleminin həllində oynadığı konstruktiv roluna görə V.Putinə minnətdarlığını bildirib.

Bakının sülh nizamlanması prosesinin irəli aparılması üçün işçi və detallı danışıqlar əzmi bütün səviyyələrdə təsdiqlənir. Hazırkı mərhələdə Sankt-Peterburqda razılaşdırılmış ilkin məqamların konturları haqda konkret nəsə söyləmək çətindir. Çünki prezidentlərin görüşünün çox hissəsi dar çərçivədə, yardımçıların iştirakı olmadan keçib. Lakin əldə edilmiş razılaşmaların bazasını əvvəlkitək məşhur "Madrid prinsipləri"nin təşkil etdiyi şübhə doğurmur. Tərəflər arasında bu prinsiplərin əsas elementləri üzrə razılıq çoxdan əldə olunub. Fikir ayrılıqları, əsasən, onların konkret vaxtı və onların implementasiyası mexanizmi ilə bağlıdır. Amma ümumi prinsiplərə ilişib qalmaq olmaz. İrəli, reallaşdırıla biləcək qərarlara doğru irəliləmək lazımdır və deyəsən, proses məhz bu istiqamətdə gedir. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik də "Amerikanın səsi"nə müsahibəsində deyib: "Deməliyəm ki, prezidentlər çox ciddi işçi təkliflər üzərində işləyir. Əlbəttə ki, bu işçi təkliflərlə bağlı fikir ayrılıqları var. Əslində, heç kəs tam razılığın olacağını gözləmirdi də. Lakin hər iki tərəf, konkret desəm, hər iki prezident bu təkliflər üzərində işin davam etdirilməsinə razılıq verib".

Münaqişənin sülh yolu ilə həlli prosesində uğurun əldə olunması üçün vasitəçilər və beynəlxalq qurumların problemə diqqəti azaltmaması, diplomatik səyləri artırması vacibdir. Və sanki biz bunu müşahidə edirik. Məsələn, prezidentlərin Sankt-Peterburq görüşünün ardından ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Minsk qrupu həmsədrlərini qəbul edərək, onlarla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin gedişinə dair müzakirə aparıb.

Prezident Serj Sarqsyanın administrasiyası isə istər ermənilərin özləri, istərsə də beynəlxalq birlik üçün tam aydın olmayan addımlar atır; məsələn, bu günlərdə ölkədə prezidentin radikal əleyhdarları həbs edilib və onların arasında sabiq səhra komandirləri də var. Üzərindən odlu silah və partlayıcı tapıldığı bildirilən Jirayr Sefilyan da saxlanılanlar arasındadır. İstintaqın məlumatına görə, o, 8 nəfərdən ibarət qrupla birlikdə silahlı hücum vasitəsilə bəzi binaların, o cümlədən Yerevandakı teleqüllənin ələ keçirmlməsinə hazırlaşmaqda təqsirləndirilir.

Prezident S.Sarqsyan isə Sankt-Peterburqdan İrəvana qayıdar-qayıtmaz Dağlıq Qarabağa yollanıb - ya aprel döyüşləri zamanı müdafiədə qeydə alınmış yanlışlıqların aradan qaldırılıb-qaldırılmadığını yoxlamaq üçün, ya da inadkar səhra komandirlərinə Azərbaycan ərazilərini bundan sonra işğalda saxlamağın mümkün olmadığını izah etmək üçün.

Aydındır ki, özünü və rejimini dalana dirəmiş Serj Sarqsyan var qüvvəsilə manevr etməyə, erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı qaçılmaz qərarların qəbulundan yayınmağa çalışır. Kompromisin əleyhinə olan radikalların həbsi də bir tərəfdən Rusiya və digər fövqəldövlətlərə terror riskinin olduğunu nümayiş etdirmək məqsədi daşıyır - Sarqsyan üçün ərazilərin işğaldan azad olunması belə təhlükə yarada bilər. Digər tərəfdən isə Sarqsyan ağılsız radikalları vaxtında neytrallaşdırmalıdır. Çünki onlar Ermənistanın hakim elitasının işğalçı tələblərdən imtinasını əngəlləmək üçün terrora da, silahlı qiyama da hazırdır. Amma bütün bunlar Ermənistanın hakim elitasının problemidir və problemin həlli də onların öz işidir. Sabiq və indiki radikal səhra komandirlərindən gələn təhlükə bəhanəsini nə Azərbaycan, nə də dünya qəbul edəcək.

Prezident İlham Əliyev iyunun 25-də hərbçilər üçün inşa edilmiş binanın açılış mərasimindəki çıxışında Peterburq görüşünün nəticələrini müsbət qiymətləndirərək deyib: «Ümid edirəm ki, bu proses sürətlə davam etdiriləcək. Yenə də heç bir şərt qəbul etmədən biz bu danışıqlara gedirik. Danışıqlar mənalı, predmetli olmalıdır, sadəcə olaraq görüntü, imitasiya naminə aparılmamalıdır. Görüşün nəticəsi olaraq birgə bəyannamə qəbul edilib. O da ictimaiyyətə aşıqlanıb. O bəyannamədə hər şey, xüsusilə, məsələnin həlli yolları göstərilir». Azərbaycan Prezidenti ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisində işçilərin sayının artırılması məsələsinə də aydınlıq gətirib: "...Orada say göstərilmir. Ancaq mən deyə bilərəm ki, əgər bu gün o ofisdə 6 nəfər işləyirsə, bu, maksimum 2 dəfə, 2,5 dəfə artırıla bilər. Yəni, burada böyük missiyadan söhbət getmir. Nəzərə alsaq ki, təmas xətti onkilometrlərlə ölçülür, bu işlərin başqa mənasını axtarmaq lazım deyil. Ofisin mandatı da yerindədir, heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq, 6 nəfər əvəzinə 12, ya 13, ya 14 nəfər olacaqdır, vəssalam".

Erməni tərəfinin israr etdiyi insidentlərin araşdırılması mexanizmi mövcud deyil və onun nədən ibarət olduğı haqda kimsə konkret bir fikir söyləmir. "Əgər bunun mənası ondan ibarətdir ki, münaqişə dondurulsun və təmas xəttində hansısa əlavə tədbirlər görülsün, əlbəttə, Azərbaycan buna getməyəcək. Bu, o vaxt ola bilər ki, danışıqlar prosesində müsbət dinamika davam etdirilsin, biz konkret nəticələri görək, bilək ki, nə vaxt bizim torpaqlarımız işğaldan azad olunacaq, onda əlbəttə, müxtəlif mexanizmlər işlənə və o vaxt bu məsələyə baxıla bilər", - deyə İlham Əliyev bildirib. Onun sözlərinə görə, Sankt-Peterburq görüşünün yekununda qəbul olunmuş bəyanatda son zamanlar qoşunların təmas xəttində sabitliyin yarandığı, atəşkəs rejiminin bərpa olunduğu bildirilir və bu, müsbət hal kimi qiymətləndirilir. Müvafiq olaraq, insidentlərin araşdırılması mexanizminə də heç bir ehtiyac yoxdur və ermənilərin bu şərti qəbul edilməyib.

Sankt-Peterburq görüşü ilə bağlı çıxışının sonunda İlham Əliyev deyib: «Bir daha demək istəyirəm ki, biz məsələnin mahiyyəti əsasında danışıqlar aparmalıyıq. Ermənistanın işğalçı siyasətinə son qoyulmalıdır. Biz bilməliyik ki, torpaqlarımızın azad edilməsi prosesi nə vaxt başlanacaq. Əlbəttə ki, bu proses olacaq. Azərbaycan tərəfi və mən şəxsən dəfələrlə qeyd etmişdim ki, biz bu münaqişəni ancaq mərhələli yolla həll edə bilərik. Çünki başqa cür mümkün deyil. Ermənistan həmişə çalışırdı ki, vəziyyəti daha da mürəkkəbləşdirsin, danışıqlar prosesini və mərhələli həll variantını pozsun. Ancaq bizdə olan fikirlərə görə, bu yol ən məqbul yoldur. Bu, tezliklə məsələnin həllinə gətirib çıxara bilər. Azərbaycan dövlətinin məsələnin həlli ilə bağlı prinsipial mövqeyi ortadadır. Bu mövqedə heç bir dəyişiklik olmayıb və olmayacaq. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaranmayacaq".

Prezident İlham Əliyevin sözlərinə əlavə olunacaq hər hansı fikir yoxdur. Çünki bu sözlərin altına hər bir azərbaycanlı imza atmağa hazırdır. Bu məsələdə hakimiyyət, ordu və ictimaiyyət həmrəydir.



MƏSLƏHƏT GÖR:

433