3 May 2024

Cümə, 17:29

KEÇMİŞ TERRORÇU OLMUR

Ermənistan prezidenti silahlı qiyamdan qorxdu

Müəllif:

15.07.2016

Ermənistanda növbəti daxili siyasi sensasiya yaşanır. İyunun ikinci yarısında yerli auditoriyanın diqqəti "Jirayr Sefilyan işi"nə cəmlənib. Radikal müxalifətçi "Müəssislər məclisi"nin liderlərindən biri, əlahiddə Şuşa batalyonunun sabiq komandiri hələ iyunun sonunda kifayət qədər ciddi ittihamla - silahlı qiyama hazırlıq - həbs olunub.

Rəsmi versiyaya görə, bu əhvalat mayın 20-də İrəvanın mərkəzində baş vermiş adi yol qəzası ilə başlayıb. O vaxt polis qəzada iştirak etmiş avtomobillərin birindən 2 ədəd «Kalaşnikov» avtomatı və onun üçün nəzərdə tutulmuş 120 ədəd güllə tapıb. İyunun 20-də isə əsl sensasiya baş verib - Ermənistanın İstintaq Komitəsinin versiyasına görə, Sefilyanın həbsi ilə avtomobildən aşkarlanmış arsenal arasında birbaşa əlaqə var. İndi istintaq deyir: Jirayr Sefilyan cinayət yoldaşları ilə birlikdə nə az, nə çox - bir sıra binaların, rabitə vasitələrinin, o cümlədən İrəvan teleqülləsinin silahlı basqınla ələ keçirilməsini planlaşdırırmış. "Onun barəsində Ermənistan Cinayət Məcəlləsinin 235-ci maddəsinin 2-ci bəndinə (Əvvəlcədən əlbir olmuş bir qrup şəxs tərəfindən silah, sursat, partlayıcı maddə və ya qurğuların qeyri-qanuni yolla əldə edilməsi, satışı, saxlanması, gəzdirilməsi və ya daşınması) uyğun olaraq cinayət işi açılıb", - deyə Ermənistan İstintaq Komitəsinin məlumatında bildirilir: "İttiham 8 şübhəli şəxsə qarşı irəli sürülüb. Onlardan 6-sı saxlanılıb, digərləri  haqqında axtarış elan edilib". Saxlanılanlar arasında "Əlahiddə Şuşa batalyonu birləşmiş döyüşçüləri"nin üzvü Pavel Manukyanın qardaşı Tatu Manukyanın da olduğu məlumdur. Onun evində aparılmış axtarış zamanı mənzildən güllələr tapılıb. Bununla yanaşı, "Yeni Ermənistan" İctimai Xilas Fondu və "Müəssislər məclisi"nin fəallarının mənzillərində də axtarışlar aparılır.

Jirayr Sefilyanın vəkilləri isə tamamilə gözlənilən bəyanatlarla çıxış edir. Onların sözlərinə görə, "Müəssislər məclisi" liderinə qarşı yönəlmiş ittihamlar hakimiyyətin siyasi sifarişidir. Guya hakimiyyət Ermənistanın aprel döyüşlərində verdiyi real itkilərlə bağlı açıqlamalarına görə Sefilyanı bağışlamır və s. Jirayr Sefilyanın silahdaşları tərəfindən verilmiş bəyanatları isə həm gözlənilən, həm də sensasion adlandırmaq olar; məsələn, "Müəssislər məclisi"nin nümayəndəsi Qaregin Çuqaszyan jurnalistlərə açıqlamasında fikrini kifayət qədər birbaşa deyib: "Siz Serj Sarqsyanın 5 rayonu verməyə hazır olduğuna dair fikrirlərini eşitdiniz? Sizə söz verirəm ki, o, buna gedəcəyi təqdirdə, silahlı qiyam baş verəcək".

S.Sarqsyan "Bloomberg" agentliyinə müsahibəsinə demişdi ki, guya, o, 2011-ci ildə qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa hazır imiş.

Çuqaszyanın bəyanatı bir çox ekspert tərəfindən radikal baxışları ilə tanınmış Jiraya Sefilyanın həbsi haqqında söylədikləri ehtimalları bir daha təsdiqləyib: onun saxlanılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mümkün "siyasi irəliləyiş"lə bağlıdır.

Belə irəliləyişin ola biləcəyini isə bu gün çoxları söyləyir. Bu, xüsusilə aprel döyüşlərindən sonra gündəmə gəlib: aprel hadisələri real diplomatiya əvəzinə, danışıqların uzanmasının, imitasiyasının son dərəcə təhlükəli olduğunu təsdiqləyib. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə tam açıq danışıb: "Əgər kimsə fikirləşir ki, biz növbəti 20 ildə mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır. Əgər belə olarsa, məsələnin sülh yolu ilə həlli yaxınlaşa bilər". 

Münaqişənin real nizamlanması isə istər vasitəçilərin, istərsə də Azərbaycan nümayəndələrinin dəfələrlə vurğuladığı kimi, hazırkı status-kvonun saxlanılması ilə mümkün deyil. Yəni, bunun üçün işğal altındakı torpaqlar azad olunmalıdır. Ermənistanı isə bu asan olmayan qərara çox şey vadar edir - iqtisadi səbəblərdən tutmuş, İrəvanın aprel döyüşlərində üzləşdiyi hərbi reallıqlaradək. Prezident İlham Əliyevin də xatırlatdığı kimi, aprel döyüşləri erməni tərəfinin təxribatı üzündən baş verib və bu, İrəvana beynəlxalq təzyiqlərin artması fonunda edilib. Bu addım ərəfəsində isə Serj Sarqsyan məntiqlə "siyasi meydanı təmizləməli", ən azı, radikal rəqiblərini səhnədən yığışdırmalıdır. Axı radikal "Qarabağ şüarları" Ermənistanın yeni tarixində artıq bir dəfə hakimiyyət dəyişikliyi ilə nəticələnib.

Məlum olduğu kimi, 1998-ci ildə məhz belə bir şəraitdə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan vəzifəsini tərk etmək məcburiyyətində qalmışdı. Qeyd edək ki, həmin dövrdə Serj Sarqsyan ölkənin müdafiə naziri postunu tuturdu və dövlət başçısının devrilməsi prosesində kifayət qədər fəal iştirak etmişdi. Buna səbəb Ter-Petrosyanın 1997-ci ildə həmvətənlərini Azərbaycanla kompromisə çağırması idi. O vaxt prezident bunu regionda vəziyyətin Ermənistanın ziyanına dəyişməsi ilə əsaslandırırdı.

Bununla yanaşı, Levon Ter-Petrosyandan fərqli olaraq, Xocalı soyqırımının iştirakçısı olmuş Serj Sarqsyan, hələ ki, kompromisə hər hansı açıq çağırış etmir. O, müdafiə naziri Seyran Ohanyan da daxil olmaqla, "komanda"sının "heç bir ərazi güzəştinin olmayacağını" deyən üzvlərini də "sakitləşdirməyə" tələsmir.

Amma aprel məğlubiyyətindən sonra, Serj Sarqsyanın timsalında hakimiyyət özünü inamlı hiss etmir. Hakim "komanda"nın mövqelərini, tədricən, ölkənin artmaqda olan sosial-iqtisadi problemləri də zəiflətməkdədir. Nəhayət, Sarqsyan və onun «yaxın ətrafı» Ermənistanda anti-Rusiya əhvalının artdığını da nəzərə almaya bilməz. Bu, xüsusilə İrəvanın Avrasiya İqtisadi İttifaqına üzvlüyündən sonra, yerli iqtisadiyyatda ciddi inkişafın baş verməməsindən, KTMT-yə üzvlüyün isə aprel döyüşlərində məğlubiyyəti önləməməsindən sonra hiss olunur. Bütün bunlarla yanaşı, ölkədə prezidentin "Qarabağ şüarları" ilə hakimiyyətdən kənarlaşdırılması kampaniyasının başlanması üçün Qarabağla bağlı danışıqlarda real güzəştlərə gedilməsi heç də vacib deyil - bunu Serj Azatoviçin "yaxın ətrafı" yaxşı bilir. Bunun üçün kifayət qədər şayiə və informasiya sızması var.

İrəvanda anlayırlar ki, Jirayr Sefilyan "Yaxın Şərq təcrübəsi"nə malik peşəkar terrorçudur. O, Livanda doğulub, ilk döyüş təcrübəsinə orada yiyələnib, Ermənistana 90-cı illərin əvvəllərində, Yaxın Şərqdən yaraqlıların Qarabağda döyüşməyə fəal şəkildə "dəvət olunduğu" dövrdə gəlib. Bu gün onun «Müəssislər məclisi» (yeri gəlmişkən, Sefilyan bu təşkilatdakı heç də yeganə terrorçu deyil) İrəvanın radikal müxalifətinin özünəməxsus «hərbi dəstəsi»dir.

Ermənistan üçün ən vacibi və ən təhlükəlisi isə bu ölkədə hakimiyyətin yeganə gəlirli biznes olmasıdır. Serj Sarqsyanın rəhbərliyə gəlməsi ilə isə burada "səhra komandirləri dövrü" başlayıb. Onlar ölkənin siyasi həyatına öz mübarizə üsullarını gətirib və bu üsullar arasında ən yaxşısı "cəhənnəm maşını" və "Kalaşnikov" avtomatıdır. 2008-ci il martın 1-də Sarqsyanın qələbəsi ilə bitmiş seçkinin saxtalaşdırılmasına etiraz olaraq keçirilən mitinqdə nümayişçilərin güllələnməsi yalnız ilk epizod idi. Gümrü küçələrində baş vermiş və şəhər merinin də qarışdığı silahlı mübahisələr kifayət qədər düşündürücüdür. Serj Sarqsyanın yaxın dostu, daha çox "Liska" kriminal təxəllüsü ilə tanınan Suren Xaçatryanın mənzilində baş vermiş insident isə daha diqqətçəkəndir. 2013-cü il iyunun 1-də onun evində baş vermiş atışmada Gorus şəhəri meri vəzifəsinə sabiq namizəd Avo Budaqyan ilə qardaşı Artak Budaqyan qətlə yetirilib, Qarabağdakı hərbi hissələrdən birinin komandiri isə yaralanıb. İnsident zamanı "Liska"nın cangüdənlərindən biri də xəsarət alıb.

İctimaiyyətin təzyiqi ilə Serj Sarqsyan Xaçatryanı "Sünik"in, yəni, Zəngəzurun qubernatoru postundan azad etmək məcburiyyətində qalıb. Lakin cəmi bir il sonra, "Liska" yenidən dövlət qulluğuna qayıdıb. Bütün bunların fonunda Ermənistanda silahlı qiyam təhlükəsi həqiqətən yüksəkdir. Və bu, heç də yalnız Sefilyanın timsalında radikal müxalifət tərəfindən gözlənilmir.

Sarqsyan və onun "yaxın ətrafı" Ermənistanda anti-Rusiya əhvalının artdığını  nəzərə almaya  bilməz...



MƏSLƏHƏT GÖR:

428