4 May 2024

Şənbə, 18:27

İKİİSTİQAMƏTLİ DÜNYA

Türkiyə Rusiya və İsraillə münasibətlərini qaydaya salır

Müəllif:

15.07.2016

Türkiyə özünün yeni tarixində çətin mərhələdən keçir. Son günlərdə o, Rusiya və İsraillə münasibətlərinin normallaşması fonunda İstanbul aeroportunda törədilmiş dəhşətli terrorla yadda qalıb. Qeyd edək ki, bu iki dövlətlə münasibətlərin qaydaya salınması Ankaraya Yaxın Şərq və Avrasiyanın kəsişməsində gedən böyük geosiyasi oyunlarda ciddi dividendlər vəd edir.

 

İstanbula hücum

Türkiyə yeni terror aktı ilə sarsılıb. İyunun 28-də 3 terrorçu İstanbulun Atatürk Hava Limanı yaxınlığında insanları güllələməyə başlayıb.  Daha sonra onlar terminalın daxilində və binanın girişində partlayıcı qurğuları işə salıb. Terror aktı nəticəsində 45 nəfər dünyasını dəyişib, 140-dan artıq insan yaralanıb.

Rəsmi Ankara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın timsalında İstanbul aeroportunda törədilmiş terror aktının arxasında «İslam Dövləti» (İD) qruplaşmasının dura biləcəyini bəyan edib. Baş vermiş hadisə ilə əlaqədar açılmış cinayət işində 30 nəfərin adı keçir. Türkiyənin xüsusi xidmət orqanları isə hesab edir ki, kamikadzelərin əməllərinə bilavasitə Əhməd Çatayev adlı şəxs rəhbərlik edib. O, vaxtilə çeçen separatçılarından olan Doku Umarovun maraqlarını təmsil edib. Çatayev Avstriyada qaçqın statusu alıb və bununla əlaqədar olaraq, uzun illər Rusiya onu mühakimə edə bilməyib. "The Wall Street Journal"ın məlumatına görə, Çatayev ötən ildən başlayaraq, "İD"nin sıralarında fəaliyyətə başlayıb və insanların ələ alınması ilə məşğul olub. Nəşrin iddiasına görə, Suriyanın Kobani şəhərində məhv edilən məhz onun dəstələri idi. Bu dəstələr İraq və Suriyanın bir hissəsinə nəzarət edən terror qrupunun tərkibində döyüşürdü. Türkiyə KİV-in məlumatında isə İstanbulda terror aktı törətmiş şəxslər arasında Özbəkistan və Qırğızıstan vətəndaşlarının da olduğu  bildirilir.

Beləliklə, Türkiyədə növbəti miqyaslı terror aktının törədilməsi ölkənin faktiki olaraq, hərbi vəziyyətdə yaşadığını təsdiqləyib. O, iki cəbhədə - "İD" və PKK ilə qarşıdurma kimi xarakterizə olunur.  Bu terror təşkilatları Türkiyənin təhlükəsizliyinə, ərazi bütövlüyünə və ümumiyyətlə, mövcudluğuna təhdiddir. Şübhəsiz, bu terror aktının əsas məqsədi də türk dövlətində sabitliyin pozulması, ölkə iqtisadiyyatının inkişafına, onun xarici siyasi hədəflərə nail olmasına maneə yaradılması idi. İstanbul aeroportundakı terror aktlarının  Türkiyə diplomatiyasında bir sıra vacib hadisələrin baş verdiyi dövrə təsadüf  etməsi isə kifayət qədər maraqlı  məqamdır.

 

Ankara ilə Moskva dialoqu bərpa edib

Rusiyaya məxsus "Su-24" bombardmançı təyyarəsinin vurulması ilə bağlı insidentdən 7 ay sonra, Ankara-Moskva dialoqu normallaşmaq şansı qazanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə yazdığı məktubda pilot Oleq Peşkovun həlak olmasına görə üzr istəyib və Rusiya ilə dost münasibətlərinin bərpası üçün əlindən gələni etməyə hazır olduğunu bildirib. Ərdoğan regiondakı böhranlı vəziyyətlərə birgə reaksiyanın göstərilməsinə, terrorla birgə mübarizəyə hazır olduğunu da vurğulayıb. Məktubunda o, Rusiyanı "dost və strateji tərəfdaş" adlandırıb və bildirib ki, Ankara "heç zaman Rusiyaya məxsus təyyarəni vurmaq istəyində və niyyətində olmayıb".

Qeyd edək ki, Türkiyə hökumətinin üzr istəməsi Kremlin Ankara ilə münasibətlərin bərpası üçün irəli sürdüyü şərtlərdən biri idi. Moskva ötən ilin noyabrında Rusiya HHQ-yə məxsus bombardmançının vurulmasına cavab olaraq, qonşu ölkəyə bir sıra sanksiyalar tətbiq etmişdi. Sanksiyalar bəzi meyvə-tərəvəz tədarükünə qadağa qoyulmasını, turizm sahəsində əməkdaşlığın dayandırılmasını da nəzərdə tuturdu.

Təxminən, 1 ay əvvəl isə Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ankara ilə münasibətlərin bərpasına çalışdığını, lakin "münasibətlərin bərpası üçün istəklə yanaşı, hansısa addımların da atılmalı olduğunu" demişdi. Bu bəyanat Rusiya-Türkiyə dialoqunun bərpasının mümkünlüyünə açıq eyham idi.

Rusiya-Türkiyə münasibətlərindəki böhranın aradan qaldırılması üçün real şansın olduğunu iki dövlət başçısı arasında baş tutmuş telefon danışığı da təsdiqləyib. Söhbət zamanı Ərdoğan ilə Putin yaxın zamanlarda görüşmək haqqında razılığa da gəliblər. Danışıqların əsas nəticəsi isə cəmi 1 gün sonra, Putinin rusiyalı turistlərin Türkiyə kurortlarına gedişinə qadağanın aradan qaldırılması barədə göstərişi olub.

İki ölkə arasında əlaqələrin bərpası istiqamətində daha bir ciddi addım Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Soçidə keçirilən toplantısında bu iki ölkənin XİN başçılarının bir araya gəlməsidir. Mövlud Çavuşoğlu ilə Sergey Lavrov ikitərəfli münasibətlərin bərpası yollarını müzakirə edib, terrorçuluqla mübarizə üzrə Rusiya-Türkiyə işçi qrupunun fəaliyyətinin bərpasına dair razılığa gəliblər.  Xatırladaq ki, qrup fəaliyyətini, faktiki olaraq, 7 ay əvvəl dayandırmışdı.

Bu, terrorçuluqla mübarizə mövzusunun Rusiya-Türkiyə böhranının aradan qalxmasında əsas amillərdən biri olduğunu göstərir. Moskva ilə Ankara açıq şəkildə bildirirlər ki, terrorçuluqla mübarizə onların ümumi hədəfidir. Bu mənada, Putinin İstanbul aeroportunda törədilmiş terror aktı ilə əlaqədar Ərdoğana verdiyi başsağlığını da xatırlatmaq yerinə düşər. "Hər kəs üçün ümumi bəla olan terror təhlükəsi ilə mübarizədə  beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini hər iki tərəf vurğulayıb", - deyə Kremldən verilən açıqlamada  bildirilir.

Moskva ilə Ankara ikitərəfli münasibətləri normallaşdırarkən anlayırlar ki, onlar müasir geosiyasi vəziyyətdə obyektiv olaraq müttəfiqdirlər. Odur ki, ikitərəfli münasibətlərdə bəzi problemlərin olmasına baxmayaraq, Rusiya və Türkiyə gərginliyin aradan qaldırılması üçün dialoqa üstünlük verib. Çünki onlar beynəlxalq arenada birgə qərar və səylərlə daha çox nailiyyət əldə edə biləcəklərini anlayır.

Əlbəttə ki, Rusiya-Türkiyə dialoqunun bir anda yüksəksəviyyəli ikitərəfli əməkdaşlığa çevriləcəyini gözləmək olmaz. Bu istiqamətdə yaxın perspektivdə irəliləyiş, ilk növbədə, iqtisadi əməkdaşlıq və birgə layihələrin reallaşdırılması sahəsində mümkündür.

Rusiya ilə Türkiyə arasında münasibətlərin bərpasından, şübhəsiz ki, onlarca dost, strateji tərəfdaş olan ölkələr udacaq. Bu, Cənubi Qafqazın lideri olan Azərbaycana da aiddir - bu regionda təhlükəsizlik böyük ölçüdə Moskva ilə Ankaranın geosiyasi maraqlarının üst-üstə düşməsinə əsaslanır. Bakı son yarım ildə Rusiya-Türkiyə münasibətlərinin bərpasında maraqlı olduğunu dəfələrlə nümayiş etdirib. Və Ərdoğanın Putinə məktub yazdığı açıqlandıqdan dərhal sonra, rəsmi Ankara Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına verdiyi töhfəyə görə Azərbaycana minnətdarlıq  edib.

 

Təl-Əvivlə böhran aradan qaldırıldı

Bu arada Ərdoğanın Putinə məktubu Türkiyə ilə İsrail arasında diplomatik münasibətlərin bərpası ilə eyni vaxta təsadüf edib. Təl-Əviv 2010-cu ildə Türkiyənin «Mavi Mərmərə» təyyarəsinə edilmiş hücuma görə, Ankaradan üzr istəməyə və insident zamanı həlak olmuş şəxslərin ailələrinə kompensasiya kimi, 21 milyon dollar ödəməyə hazır olduğunu bəyan edib. Bundan başqa, İsrail Türkiyənin istəyinə uyğun olaraq, Qəzzanın blokadasında müəyyən yumşaltmalara getməyə də razılıq verib.

Ankara isə öz növbəsində, İsrailin "Azadlıq flotiliyası"na qarşı əməliyyatda adıkeçən siyasi və hərbi rəhbərliyinə qarşı bütün iddiaları geri götürməyə, həmçinin İsrailin qaz proqramının reallaşdırılmasına yardım göstərməyə hazır olduğunu bəyan edib.

Türkiyə ilə İsrail arasında strateji tərəfdaşlıq münasibətlərinin bərpasında Qərbin, ilk növbədə, həm Təl-Əvivin, həm də Ankaranın müttəfiqi sayılan ABŞ-ın maraqlı olduğuna şübhə yoxdur. Bununla yanaşı, Türkiyə ilə İsrailin öz maraqları da ikitərəfli dialoqun bərpasını  tələb edir.

Türkiyə ilə əldə olunmuş razılıqdan danışan İsrailin Baş naziri Benyamin Netanyahu açıq şəkildə deyib ki, onun ölkəsinin təhlükəsizliyi və iqtisadiyyatı üçün bu barışığın vacib strateji əhəmiyyəti var. Yeri gəlmişkən, İsraildə Təl-Əvivin Ankaradan üzr istəməsini heç də hər kəs razılıqla qarşılamayıb. Hətta hökumətin Müdafiə naziri Aviqdor Liberman da daxil olmaqla, 3 üzvü Türkiyə ilə razılaşmanın əleyhinə çıxıb. Lakin "İsrailin rifahına biganə olmayanlar Türkiyə ilə razılaşmanı dəstəkləməlidir" düşüncəsində olanların mövqeyi üstün olub. "Haares" qəzetinin bu barədəki məqaləsində  deyilir: "Razılaşmanın hər iki tərəfi qane etməyəcək ayrı-ayrı paraqrafları ümumi nəticəyə kölgə salmır: razılaşma İsrailə sərf edir. Əsas nailiyyət Türkiyə-İsrail ikitərəfli münasibətlərinin bərpası, Ərdoğanın İsrail ilə NATO bloku arasında əməkdaşlığa yaratdığı maneələrin aradan qaldırılmasıdır".

Beləliklə, Türkiyənin Rusiya və İsrail ilə münasibətlərin normallaşdırılması  istiqamətində ciddi addımları regional təhlükəsizliklə bağlı yaşanmaqda olan problemlər fonunda önəmli nəticələr verə bilər. Bu problemlər isə özünü terror təhlükəsinin artmasında və Ankara ilə Qərb arasında qarşıdurmanın güclənməsində göstərir. Türkiyənin Avropa İttifaqına üzvlük kursundan imtinası da münasibətlərdəki gərginliyin hansı həddə çatdığının göstəricisidir.

Sonda Rəcəb Tayyib Ərdoğanın müsəlmanların müqəddəs Ramazan ayının başa çatması münasibətilə türk xalqına ünvanladığı təbrikdəki bir fikri qeyd etmək yerinə düşər. Həmin fikir rəsmi Ankaranın Rusiya və İsrail ilə dialoqun bərpası kontekstində "son həftələrdə atılmış qarşılıqlı müsbət addımların gələcəyə ümid yaratdığını" aydın şəkildə ifadə edir. Ərdoğan bildirir ki, Türkiyə "Suriya ilə, terrorçuluqla bağlı böhranları, süni gərginlikləri aşır və digər dövlətlərlə münasibətlərini bərpa edir".

Türkiyə liderinin sadaladığı amillər, şübhəsiz ki, Ankaranın istər xarici siyasətdə, istərsə də türk dövlətinin təhlükəsizliyi və birliyi kontekstində üzləşdiyi bir sıra təhdidlərin aradan qaldırılmasına yardım etməlidir.



MƏSLƏHƏT GÖR:

395