5 May 2024

Bazar, 11:02

«NONSTOP» REJİMİNDƏ

Qarabağ nizamlanmasına bütün nüfuzlu oyunçuların diqqəti artıb

Müəllif:

15.07.2016

Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Sankt-Peterburqda baş tutmuş üçtərəfli görüşdən sonra, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin "dalandan çıxarılması"na yönəlmş beynəlxalq səylər nəinki azalmır, əksinə, getdikcə güclənir. ATƏT-in Minsk qrupunun fəaliyyətində də intensivlik müşahidə olunur. Rusiya Prezidenti Vladimir Putin amerikalı və fransalı həmkarları ilə telefon danışığı zamanı problemi müzakirə edib, bu ölkələrin xarici işlər nazirləri isə analoji məsləhətləşməni mütəmadi şəkildə davam etdirirlər. Bu arada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun və ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya XİN başçısı Frank-Valter Ştaynmayerin İrəvan və Bakıya səfərləri də prosesin məntiqi davamı sayıla bilər.

Berlinin yalnız Avropa məsələlərinin deyil, müxtəlif beynəlxalq problem və münaqişələrin həllində də rolu müsbət xarakterə malikdir. Bu baxımdan o, böyük ümidlər yaradır. Xatırladaq ki, may-iyun aylarında Ermənistan prezidenti Serj Sarqsyan və Azərbaycanın dövlət başçısı İlham Əliyev Berlinə səfər etmişdilər. Odur ki, bu gün bütün Avropa ilə bərabər, Almaniyanın da əsas diqqəti "Brexit" probleminə, yəni Böyük Britaniya sakinlərinin əksəriyyətinin Avropa İttifaqından çıxmağa səs verdiyi referendumunun nəticələrinə yönəlsə də, Almaniyanın Xarici İşlər naziri Ştaynmayer regiona səfərini təxirə salmayıb.

Rotasiya əsasında ATƏT-ə sədrliyi qəbul etmiş və eyni zamanda, Minsk qrupunun üzvü olan Almaniya Qarabağ probleminin həlli prosesində irəliləyişə kömək etməyə hazır olduğunu açıq şəkildə ortaya qoyub. Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində apreldə baş vermiş hərbi böhrandan sonra, Berlin diplomatik vasitəçiliyi öz üzərinə götürməyə belə, cəhd göstərib. Lakin onun bu istəyi Minsk qrupuna həmsədrlik edən fövqəldövlətlər tərəfindən qəti olmasa da, nəzakətlə rədd olunub. Xatırladım ki, Ermənistan və Azərbaycan prezidentlərinin Rusiya, ABŞ və Fransa XİN başçılarının iştirakı ilə Vyanada keçirilmiş görüşünə Almaniyanın Xarici İşlər naziri Ştaynmayerin əvəzinə, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini dəvət olunmuşdu.

Ştaynmayerin regiona səfəri ərəfəsində Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində aparıcı rolun məhz Moskvaya məxsus olduğunu bəyan etdi. Sülhməramlılar məsələsinə aydınlıq gətirərək bildirdi ki: «Hələ 90-cı illərdən Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı əməliyyatlarla bağlı təsdiqlənmiş konsepsiya var. Lakin bu, nizamlama prosesinin yekun mərhələsinə aiddir. İndi bu ideya gündəmdə deyil. Çünki həll yoxdur. ATƏT katibliyi çərçivəsində yüksəksəviyyəli planlaşdırma qrupu çalışır. O, Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT-in himayəsi altında hipotetik sülhməramlı əməliyyatların keçirilməsi sxemini hazırlayır. Yəni, bu, ATƏT üçün dəqiq müəyyən olunmuş məqsəddir. Amma hansı qüvvələrlə? Bu, necə olacaq? Hələlik bunlar yalnız xəritə üzərindəki eskizdir və iştirakçı ölkələri onunla kifayət qədər mütəmadi şəkildə tanış edirlər".

"O (qrup), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşikin ofisi, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə sıx koordinasiya şəklində çalışır, tez-tez yerlərdə vəziyyətlə tanış olur. Uyğunlaşma dedikdə, yerlərin nəzərdən keçirilməsi, sülhməramlı bölmələrin mümkün yerləşmə xəritəsinin müəyyən olunmasını nəzərdə tutulur. Yekun mərhələ nizamlanma prinsiplərinin razılaşdırılmasıdır. Yalnız bundan sonra tərəflər bu sülhməramlı əməliyyatların elementlərini razılaşdırmalıdır. Lakin tərəflərin nizamlanmanın prinsipləri ilə bağlı razılığının olmadığı şəraitdə bu, çox uzaq perspektivdir", - deyə Lukaşeviç bildirib.

Rusiyanın yüksəksəviyyəli diplomatının bu bəyanatı Ermənistan üçün soyuq duş təsiri bağışlayıb. Çünki ermənilər ATƏT-ə sədrlik edən Almaniyanın vasitəsilə təmas xəttində «araşdırma mexanizmi»nin tətbiqi ilə bağlı arzularını reallaşdırmağı planlaşdırır, bununla da özlərinə sərf edən status-kvonun davam etməsinə nail olmağa çalışırdı.

Ermənilərin ikinci əsas arzusu, Ştaynmayeri Dağlıq Qarabağa aparmaq idi. Bu, marionet separatçı rejimin legitimləşdirilməsinə ciddi yardım edər, onun üçüncü tərəf kimi, danışıqlar prosesinə qoşulmasına yol aça bilərdi. Lakin İrəvanın bu istəyi də baş tutmayıb. ATƏT sədri Frank-Valter Ştaynmayer tanınmamış "DQR"in «prezidenti» Bako Saakyan ilə İrəvanda qısa söhbətlə kifayətlənib və onunla Dağlıq Qarabağın erməni icmasının lideri qismində görüşüb. Daha sonra Bakıda olan almaniyalı diplomat Dağlıq Qarabağın azərbaycanlı icması ilə də bir araya gəlib.

ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilə birgə mətbuat konfransında Azəraycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki, artıq Qarabağ nizamlanması üzrə substantiv (detallı) danışıqlara başlanılıb. Onun sözlərinə görə, hazırda "üzərində iş gedən sənəd mövcuddur və bu istiqamətdə irəliləmə davam edərsə, sülh əldə oluna bilər". E.Məmmədyarov Almaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişə nail olunması üçün göstərdiyi səyləri yüksək qiymətləndirib, Azərbaycanın işğal altındakı ərazilərinin boşaldılması ilə status-kvonun dəyişdirilməsinə nail olunmasının vacibliyini deyib.

Almaniya Avropanın aparıcı fövqəldövlətidir. Onun ATƏT-in fəaliyyətdə olan sədri qismində Qarabağ probleminin həlli prosesində irəliləyişə nail olmağa çalışmasını yalnız alqışlamaq olar.

Amma yenə də bu prosesin hərəkətverici subyektləri Minsk qrupuna həmsədrlik edən ABŞ, Fransa və ilk növbədə, Rusiyadır. Rusiya XİN-də problemin həlli ilə bağlı konkret təkliflər hazırlanıb və o, bu yaxınlarda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburqda keçirilmiş görüşündə tərəflərə təqdim olunub. Rusiyanın "Известия" qəzetinin iyulun əvvəlində verdiyi məlumata görə, hazırda bu, səsləndirilmiş istəklər və narazılıqlar əsasında təkmilləşdirilir. KTMT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısına qatılmaq üçün İrəvana yollanmış Rusiyanın XİN başçısı Sergey Lavrov təklifləri erməni tərəfi ilə müzakirə edib, iyulun 11-12-də isə Bakıya gələrək, burada Prezident İlham Əliyev və həmkarı Elmar Məmmədyarovla intensiv danışıqlar aparıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə nüfuzlu beynəlxalq qurumların diqqəti də artıb; məsələn, ATƏT Parlament Assambleyasının iyulun əvvəlində Gürcüstan paytaxtında keçirilmiş toplantısında qəbul edilmiş yekun bəyannaməyə Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə dəyişiklik edilib. Dəyişiklikdə ATƏT regionunda həlli uzanan münaqişələrin sülh və danışıqlar yolu ilə həlli üçün səylərin artırılmasına davamlı ehtiyac olduğu, tərəflərin ərazi bütövlüyünə və suverenliyinə tam hörmət əsasında, Helsinki Yekun Aktı və BMT-nin Nizamnaməsinə uyğun olaraq təhdid və güc tətbiqindən çəkinmənin vacibliyi qeyd edilir.

Daha sonra 49-cu maddədə deyilir: "ATƏT PA qaçqın və daxili köçkünlərin problemlərinin həllində daha qəti siyasi iradə nümayişinə, imzalanmış razılaşmaların daha qəti və operativ şəkildə reallaşdırılmasına çağırır. ATƏT PA Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın münaqişə nəticəsində daimi yaşayış yerini tərk etmək məcburiyyətində qalmış əhalisinin təhlükəsiz və layiqli şəkildə öz evlərinə qayıtması hüququnu bir daha təsdiqləyir".

NATO-nun iyulun 8-9-da Varşavada keçirilmiş sammitinin iştirakçıları da Dağlıq Qarabağ probleminə diqqət ayırıb. Prezident İlham Əliyev sammitdəki çıxışında bildirib ki, "Ermənistanın Azərbaycana qarşı davamlı şəkildə gücdən istifadəsi nəinki ölkəmizin ərazi bütövlüyünü pozur, o cümlədən regional təhlükəsizliyə ciddi təhdid yaradır". Dövlət başçısı deyib ki, İrəvan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə 20 ildən çoxdur ki, əməl etmir. Sammit çərçivəsində prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri, Almaniyanın Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer, həmçinin əfqanıstanlı, polşalı və türkiyəli həmkarları ilə də görüşüb. O, Qarabağ probleminin həlli ilə bağlı Fransa Prezidenti Fransua Olland ilə də məzmunlu müzakirələr aparıb. Azərbaycanın bu məsələyə dair prinsipial mövqeyi NATO-nun Varşava sammitinin iştirakçıları tərəfindən anlayışla qarşılanıb və ermənilərin etirazlarına rəğmən, toplantının yekun kommünikesində təcavüzkar separatçılıqla üzləşmiş dövlətlərin ərazi bütövlüyü, müstəqillyi və suverenliyinə hörmət ifadə olunub, Cənubi Qafqazda mövcud olan münaqişələrin beynəlxalq hüququn prinsip və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllinə çağırış edilib.

ATƏT PA və NATO sammitində qəbul olunmuş bəyanatlar, Minsk qrupuna həmsədrlik edən fövqəldövlətlərin başçıları və XİN rəhbərləri səviyyəsində görünməmiş fikir mübadilələrinin aparılması bundan sonra da vacibdir. Çünki məqsəd Ermənistan-Azərbaycan danışıqlarında dinamikanı artırmaqdır və bu işdə hazırda əsas moderator kimi Moskva çıxış edir. Amma Rusiya səylərini ATƏT-in Minsk qrupuna həmsədrlik edən digər fövqəldövlətlərlə əlaqəli şəkildə həyata keçirir. Hər halda, Fransanın Xarici İşlər naziri Jan-Mark Eyro ölkəsinin Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşü Parisdə təşkil etməyə hazır olduğunu bəyan edib. ABŞ Prezidenti Barak Obama isə öz növbəsində, Rusiya və Fransa ilə birlikdə Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olunmasına yardım etməyə hazır olduqlarını bildirib. Təxminən, 20 ildir davam edən vasitəçilik zamanı buna eyni anda nail olunması mümkün olmayıb. İndi isə Moskva real təkliflər irəli sürür. Bu təkliflərdə Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə doğru mərhələli şəkildə irəliləmək nəzərdə tutulur.

"Biz Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı rolunu yüksk qiymətləndiririk", - deyə Prezident İlham Əliyev Rusiyanın XİN başçısı Sergey Lavrov ilə iyulun 11-də Bakıda keçirdiyi görüşündə bildirib. "Hesab edirəm ki, danışıqların bu dövrü ən dinamikdir", - deyən İ.Əliyev problemin həlli üzrə danışıqlarda müsbət dinamikanın davam edəcəyinə ümidini dilə gətirib. Azərbaycan lideri Moskvanın münaqişənin tezliklə həllində maraqlı olduğunun aydıq şəkildə göründüyünü söyləyib.

XİN başçıları Bakıda apardıqları danışıqların yekununda keçirdikləri birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində real irəliləyişə nail olunmasına olan ümidləri bir qədər də artırıb. Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov fikrini birbaşa deyib: "Ötən dövrlərlə müqayisədə indi biz uğura hərzamankından daha yaxınıq. Lakin məlum səbəblərdən, münaqişənin həlli ətrafında aparılan danışıqların detallarını geniş ictimaiyyətin müzakirəsinə çıxarmırıq".

Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov isə öz növbəsində bildirib ki, "danışıqlar substantiv formada konkret məsələlər ətrafında aparılır. Biz son danışıqların yekununa əsasən, həll olunmamış məsələlərdə müəyyən irəliləyiş əldə edə bilərik".



MƏSLƏHƏT GÖR:

390