6 May 2024

Bazar ertəsi, 17:56

«FƏRAT QALXANI»

Ankaranın Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlarda məqsəd Türkiyənin milli maraqlarının təminidir

Müəllif:

01.09.2016

Artıq bir həftədir ki, dünya ictimaiyyətinin diqqəti Ankaranın həyata keçirməkdə olduğu «Fərat qalxanı» hərbi əməliyyatlarına yönəlib. Suriyanın şimalında başlanılan əməliyyatlarda hədəf Türkiyənin müstəqilliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdid olan terrorçu strukturlardır.

 

Cerablusun alınması 

Türkiyə rəhbərliyinin Suriyanın şimalına ordu yeritmək qərarı vaxtilə bu çiçəklənən ərəb ölkəsini bitmək bilməyən, milyonlarla insana fəlakət və iztirab gətirmiş müharibə ocağına çevirmiş bir çox qüvvələrin maraqlarına toxunub. Qeyd edək ki, «Fərat qalxanı» əməliyyatı «İslam Dövləti» (İD) terrorçu qruplaşmasının Türkiyə ərazisində növbəti miqyaslı cinayətindən sonra başlayıb. Söhbət Qaziantep şəhərində törədilmiş və 50-dən artıq insan həyatına son qoymuş partlayışdan gedir.

Türkiyə Silahlı Qüvvələri Suriya ərazisindəki əməliyyatların ilk günündəcə uğur qazanıb - “İD” yaraqlıları strateji əhəmiyyətə malik Cerablus şəhərindən çıxarılıb və indi şəhər “Azad Suriya Ordusu”nun nəzarətindədir. Amma Ankaranın səbrini daşıran heç də yalnız dini radikalların cinayətləri olmayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, «Fərat qalxanı» hərbi əməliyyatına başlanılmasında məqsəd istər “İD”, istərsə də Suriya-Türkiyə sərhədindəki separatçı kürd qruplaşmalarından gələn təhlükələri önləməkdir.

Beləliklə, Ankara istər “İD”, istərsə də kürd terroruna eyni dərəcədə düşmən mövqeyində olduğunu bir daha təsdiqləyib.

Məlum olduğu kimi, ikincilər dünyanın müxtəlif güclərinin dəstəyi ilə bütünlükdə Yaxın Şərqdə yeni geosiyasi düzənin yaradılmasında əsas amillərdən birinə çevrilib. Türkiyənin şərqində bir-birini əvəzləyən yeni terror aktları göstərir ki, silahlı kürd qruplaşmaları Türkiyədə sabitliyin pozulmasına, ölkənin zəiflədilməsinə yönəlmiş fəaliyyətini davam etdirir; məsələn, Artvin əyalətinin Şavşat rayonunda müxalifətçi Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun kortejinə hücum olub. Ölkənin Daxili İşlər naziri Efkan Ala bu hadisəni terrorçu “Kürd Fəhlə Partiyası”nın (PKK) «Türkiyənin Qara dəniz regionunda fəaliyyətə başlamaq» cəhdi kimi xarakterizə edib.

Daha bir səs-küylü terror aktı da PKK-dan olan kamikadze tərəfindən Şirnak əyalətinin Cizrə şəhərində törədilib. Polis idarəsinin qarşısında törədilmiş güclü partlayış nəticəsində 11 asayiş keşikçisi həlak olub, 78 nəfər yaralanıb.

Beləliklə, kürd terrorunun Türkiyənin təhlükəsizliyi üçün əsas təhdid olması sonda rəsmi Ankaranı Suriyanın şimalına ordu yeritmək məcburiyyətində qoyub. Qeyd edək ki, dünyanın müxtəlif güc mərkəzləri məhz bu bölgədə kürd muxtariyyətinin yaradılması prosesinə start verib. Bu prosesin məqsədi heç də yalnız rəsmən bəyan olunduğu kimi, “İD” və Suriya Prezidenti Bəşər Əsəd rejimi ilə mübarizə deyil. Həmin güclər, şübhəsiz ki, Türkiyənin regiondakı nüfuzunu da zəiflətmək və gələcəkdə daxili siyasi sabitliyi pozmaq istəyir. Ölkənin şərqində PKK-nın indiyədək görünməmiş səviyyədə aktivləşməsi də bununla bağlıdır.

Ankara da əslində, «Fərat qalxanı» əməliyyatının əsas hədəflərindən birinin kürd terrorçu qüvvələrinin məhv edilməsi, Türkiyə sərhədi boyunca kürd zolağı və ya dəhlizinin yaradılmasına imkan verməmək olduğunu gizlətmir. Bu mənada, Türkiyə Ordusunun Cerablusu götürməsinin böyük əhəmiyyəti var. Çünki bu, «Demokratik İttifaq» (PYD) və «Xalq özünümüdafiə dəstələri» (YPG) kimi kürd qruplaşmalarının Suriyanın şimalında muxtariyyət yaratmaq imkanlarını məhdudlaşdırır. Sirr deyil ki, PKK bu mümkün muxtariyyətə arxalanaraq, özünün separatçı potensialını daha da artıra bilər.

Amma qlobal siyasətdə bir sual xüsusilə aktualdır: “Türkiyənin apardığı hərbi əməliyyatlara onun NATO-dakı əsas müttəfiqi olan ABŞ-ın nə dərəcədə aidiyyəti var?”. Türkiyədə iflasa uğramış dövlət çevrilişi cəhdi fonunda Ankara-Vaşinqton münasibətlərinin heç də ən yaxşı dövrünü yaşamadığını nəzərə alsaq, bu sual xüsusi maraq doğurur. Qeyd edək ki, Türkiyə rəhbərliyi çevriliş cəhdinin təşkilində birbaşa Amerika siyasətçiləri və xüsusi xidmət orqanları ilə sıx əlaqələri olan, Pensilvanidə yaşayan müsəlman vaiz Fətullah Güləni günahlandırır.

 

Bayden nə deyirdi və nəyi nəzərdə tuturdu?

ABŞ-ın İraq və Suriya ərazisində kürd muxtariyyətlərinin yaradılması layihəsinin əsas ilhamvericisi və himayəçisi olduğu heç kəsə sirr deyil. Vaşinqtonun Yaxın Şərqdə kürd elementinin güclənməsinin onilliklərdir, terrorçu PKK ilə mübarizə aparan Türkiyənin maraqlarına hansı təsiri göstərə biləcəyini anlamadığını düşünmək isə sadəlövhlük olardı. Bununla yanaşı, beynəlxalq ekspertlər ictimaiyyəti Birləşmiş Ştatların Ankaranın «Fərat qalxanı» əməliyyatına başlamasına «hə» dediyini düşünür. Üstəlik, Amerika aviasiyası Türkiyə Ordusunun bu istiqamətdə irəliləməsinə havadan dəstək də verib. Bu yerdə Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlunun bir bəyanatını yada salmaq lazımdır. O, Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində apardığı əməliyyatların planının ABŞ-la birlikdə hazırlandığını bildirib.

Belə olan təqdirdə ortaya, əlbəttə ki, bir sual da çıxır: “Amerika Yaxın Şərqdə «hər kəsin hər kəsə qarşı» savaşdığı bir vaxtda, Avro-Atlantizmin əsas dayağı kimi kürd hərəkatını dəstəkləməkdən əl çəkib? Yoxsa Vaşinqtonun «Fərat qalxanı»nı dəstəkləməsi, sadəcə, Ankara ilə əməkdaşlığı qoruyub-saxlamaq məqsədi güdən taktiki manevrdir?

Deyəsən, söhbət ikinci variantdan gedir. Çünki amerikalılar İraq və Suriyanı ölüm həddinə gətirib-çıxarmış dağıdıcı «antitiran inqilabları» zamanı strateji baxımdan, kürd faktoruna arxalandıqlarını heç kəsdən gizlətmirlər. Onların fikrincə, bu faktor daha effektli və dağıdıcıdır.

Türkiyə Prezidenti Ərdoğanın ölkəsində iflasa uğramış çevriliş cəhdini dəstəkləməkdə günahlandırdığı ABŞ-ı sərt tənqid atəşinə tutduğu, Vaşinqtonu faktiki olaraq, «ya Türkiyə, ya da Gülən» seçimi qarşısında qoyduğu vaxtda, Ağ ev Ankaranı sakitləşdirməli idi. Yəqin ki, Birləşmiş Ştatların vitse-prezidenti Co Baydenin Türkiyə paytaxtına səfəri də bu məqsədi güdürdü. Qeyd edək ki, səfər zamanı o, Türkiyəni NATO-nun şərq hissəsində əsas müttəfiq saydıqlarına dəfələrlə eyham vurub. «Fərat qalxanı» əməliyyatına tam dəstək ifadə edən Bayden, eyni zamanda, kürd qüvvələrini Fərat çayının qərbindəki mövqelərdən geri çəkilməyə çağırıb.

Digər tərəfdən, etiraf etmək lazımdır ki, türklərin Cerablus yürüşü Amerikanın özü üçün də sərfəli olub: şəhər Bəşər Əsədə müxalifətdə olan qüvvələrin nəzarətinə keçib. Başqa sözlə, Cerablusun götürülməsi əməliyyatının bir ucu - Əsədə qarşı olması - Vaşinqtonun maraqları ilə tam üst-üstə düşüb. Kürdlərə gəlincə, ABŞ-ın ilk imkandaca onlara yenidən dəstək verəcəyinə heç bir şübhə yoxdur.

Bununla yanaşı, Vaşinqtonun Ankaranın hərbi əməliyyatlarına, ən azı, loyal münasibət göstərməsi daha bir, bəlkə də əsas amillə də bağlıdır. Söhbət Türkiyə ilə Rusiya arasında yenidən yaxınlaşmanın başlanmasından gedir. Bunun fonunda Ərdoğanın Vaşinqtonla strateji müttəfiqliyi poza biləcəklərinə eyham vurması ABŞ-ın Avrasiya siyasəti üçün arzuolunmaz nəticələr verə bilər. Odur ki, Ağ ev «Fərat qalxanı»na sözdə də olsa dəstək verməklə, Vaşinqtonun bundan sonra da Ankaranı Şimali Atlantika düşərgəsində görmək istədiyini nümayiş etdirib.

 

Sankt-Peterburqun əks-sədası 

Türklərin Cerablusu götürməsindən danışarkən bir məqamı da unutmaq olmaz: Ankara Suriyanın şimalında bu cür «təhlükəsizlik zonası» yaratmağı çoxdan planlaşdırırdı. Türk strateqləri hesab edir ki, bu zona məhz Cerablus şəhərindən Qərbə uzanmalı, ilk növbədə, türklərə yaxın olan türkmən əhalinin yaşadığı rayonları əhatə etməlidir. Əvvəllər bu plana istər ABŞ, istərsə də Rusiya qəti etiraz edir, bunu kürd qüvvələrinin “İD” ilə mübarizə aparması ilə əsaslandırırdı. Bu qüvvələr bu səbəbdən, kürdlərin Suriyanın şimalında möhkəmlənməsinə göz yumurdu. Ötən ilin noyabrında Rusiya ilə münasibətlərdə gərginliyin artması ilə Türkiyə üçün «təhlükəsizlik zonası»nın yaradılması işi daha da çətinləşmişdi. Yeri gəlmişkən, Ankara-Moskva münasibətləri Rusiya HHQ-nin məhz Suriya türkmənlərinin yaşadığı rayonların üzərində fəallaşmasından sonra pozulmuşdu. İndi, Rusiya ilə Türkiyənin barışmasından sonra vəziyyət tam dəyişib. Xatırladaq ki, tərəflər arasında yaxınlaşma Ərdoğanın bu yaxınlarda Sankt-Peterburqa səfər edərək, rusiyalı həmkarı Vladimir Putinlə görüşməsindən sonra daha sürətli xarakter alıb.

Daha bir diqqətçəkən məqam Ankaranın «Fərat qalxanı» əməliyyatına başlamasından dərhal sonra, Rusiya və Türkiyə prezidentlərinin ikitərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə etmələridir. Müzakirə zamanı onlar xüsusilə «terrorçuluqla mübarizədə birgə səylər»dən danışıb. Rusiya KİV «diplomatik mənbələr”ə istinadən xəbər verir ki, Rusiya və Türkiyənin Baş qərargahları mütəmadi olaraq, bir-biri ilə əlaqə saxlayır. Türkiyənin NTV telekanalı isə rəsmi Ankaranın Kremli Suriyada başlanacaq əməliyyatlarla bağlı əvvəlcədən məlumatlandırdığını bildirib. Əksər ekspertlər bu mənada, «Fərat qalxanı»nın Rusiyanın da razılığı ilə başladığını istisna etmir; məsələn, türkiyəli politoloq Mehmet Perinçekin fikrincə, Ankaranın başladığı əməliyyat «Türkiyə-Rusiya yaxınlaşmasının məhsuludur». Politoloq hesab edir ki, əməliyyata hazırlıq hələ Ankara ilə Moskva arasında yaşanmış böhrandan əvvəl müzakirə edilib. Lakin «Gülən tərəfdarlarının Rusiya təyyarəsini vurmasından sonra» tərəflər arasındakı razılaşma qüvvəsini itirib. Perinçek əmindir ki, Gülənin arxasında duran ABŞ üçün Rusiya ilə Türkiyənin daha da yaxınlaşması sərfəli deyil, bu səbəbdən də onların arasında dialoqun bərpasından sonra «Avrasiya qüvvələri» Suriya, İran, İraq və Rusiyanın maraqları ilə üst-üstə düşən əməliyyatlar keçirmək şansı qazanıb.

Bu mənada, rusiyalı politoloq Leonid İsayevin fikri də maraqlıdır. O hesab edir ki, Türkiyə ilə ikitərəfli münasibətlərdəki son yaxınlaşma fonunda Moskva Ankaranı tənqid etməkdən çəkinəcək. Politoloqun fikrincə, Suriyanın şimalı Rusiyanın ciddi nüfuzu və marağı olan bölgə deyil. «Biz Suriya-Türkiyə sərhədində baş verənlərdən məqsədli şəkildə uzaq dururuq. Məqsəd lazımsız münaqişə yaratmamaqdır», - deyə İsayev bildirib. O, Rusiyanın diqqəti Suriyanın başqa hissələrinə, əsasən, Hələbə yönəltdiyini xatırladıb.

Müvafiq olaraq, Türkiyə ilə Rusiya arasında iki ölkənin Suriyadakı hərbi fəallığı ilə bağlı müəyyən razılaşmaların olduğunu da düşünmək mümkündür. Nəzərə alınmalıdır ki, Putin ilə Ərdoğanın Sankt-Peterburq danışıqlarından sonra tərəflər iki ölkənin hərbi qərargahlarının və kəşfiyyatının fəaliyyətini razılaşdıracaq mexanizm yaradıb. Odur ki, Ankaranın Suriyanın şimalında əməliyyatlara Rusiyanın iradəsinə əks çıxaraq başladığını düşünmək çətindir. Hər halda, Ərdoğan münasibətlərin bərpasına cəmi bir neçə həftə əvvəl və böyük çətinliklərlə nail olub.

Görünür, Moskva Türkiyənin bu addımına Ərdoğanın konkret türklərə lazım olan işi görməklə kifayətlənəcəyini düşünərək mane olmayıb. Söhbət türkmən əhalinin də təhlükəsizliyinə təhdid olan kürd terroru yuvasına çevrilmiş ərazidə əməliyyatlardan gedir. Üstəlik, bu əməliyyatlar “İD”nin həmin bölgədə sıxışdırılmasına da kömək edir ki, bu da həm Moskvanın, həm də Dəməşqin maraqlarına uyğundur. Başqa sözlə, Ankara böyük, ehtimalla, Suriyada hakimiyyət məsələsinə müdaxilədən çəkinəcək və Moskva da Cerablusda baş verənlərə bu ümidlə göz yumur.

Türkiyə rəhbərliyinin son zamanlar anti-Əsəd ritorikasını xeyli azaltması da bunu göstərir. Ölkənin Baş naziri Binəli Yıldırım, hətta bildirib ki, Ankara bundan sonra keçid dövründə Bəşər Əsədin hakimiyyətdə qalmasını belə, mümkün sayır. Türkiyə Baş nazirinin müavini Nurəddin Canıklı isə Ankaranın Suriya ilə iqtisadi əlaqələri inkişaf etdirmək məqsədini açıqlayıb. Bu arada KİV-də Dəməşqdə Türkiyə kəşfiyyatının əsas simalarından biri ilə Suriya rəhbərliyi arasında gizli görüşün keçirildiyinə dair xəbərlər yayııb. Məlumata görə, görüşdə kürd məsələsi müzakirə olunub. Odur ki, rəsmi Dəməşqin Türkiyənin əməliyyatlara başlamasını rəsmən pisləməsinə rəğmən, onun uğur qazanmasında maraqlı olduğunu istisna etmək olmaz. Çünki bu əməliyyatlar faktiki olaraq, Suriyanın parçalanmasına çalışan kürd hərəkatını zəiflətmək iqtidarındadır. Bununla əlaqədar olaraq, Suriya HHQ-nin bu yaxınlarda əl-Hassakda kürdlərin mövqelərini bombaladığını da xatırlatmaq olar. Beləliklə, Türkiyənin Cerablusda uğurlu kampaniya həyata keçirməsinə Suriya savaşına cəlb olunmuş bir çox qüvvələrin maraqlarından irəli gələn bəzi amillərin yol açdığını söyləyə bilərik. Lakin ən önəmlisi - bu əməliyyat Türkiyənin istər daxili sabitlik, istərsə regional və qlobal miqyasda xarici siyasi mövqeyin gücləndirilməsi baxımından milli maraqlarını müdafiə etmək əzmində olduğunu nümayiş etdirib.



MƏSLƏHƏT GÖR:

392