29 Mart 2024

Cümə, 19:46

“G20”nin ŞİFRƏLİ İŞARƏLƏRİ

«Böyük İyirmilik»in sammiti beynəlxalq siyasətdə hələ çox sürprizlərin gözlənildiyini düşünməyə əsas verir

Müəllif:

15.09.2016

Sentyabrın 4 və 5-də Çinin Xançjou şəhərində «Böyük İyirmilik»in (“G20”) 11-ci sammiti keçirilib. Söhbət dünyanın ən inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatına malik dövlətlərinin qeyri-formal birliyindən gedir (dünya ÜDM-nin 85, ticarətinin 75%-i, əhalisinin isə üçdəikisi bu ölkələrin payına düşür). Çin rəhbəri Si Cinpin sammitin böyük uğurla nəticələndiyini bəyan edib. İştirakçılar yekun kommünikedə dünya iqtisadiyyatının inkişafını təmin etməyə yönəlmiş kompleks tətbirlərin hazırlanmasına dair razılığa gəldiklərini bildirib, terrorçuluğu pisləyib və onun istənilən formada maliyyələşdirilməsi ilə mübarizə aparacaqlarına söz veriblər.

 

İqtisadiyyatdan-siyasətə

Sammitin mövzusu kifayət qədər əhatəli idi: «İnnovasion, sağlam, qarşılıqlı əlaqəli və inklüziv dünya iqtisadiyyatının qurulması». Lakin həmişə olduğu kimi, iqtisadiyyat haqqında ümumi söhbətlər gedib. Qlobal inkişafın və maliyyə bazarlarında sabitliyin dəstəklənməsinin, azad ticarət prinsiplərinə əməl olunmasının vacibliyi, proteksionizmlə mübarizənin önəmi haqqında fikirlər dəfələrlə təkrar edilib. Bəs bu məsələlərdə konsensusa necə gəlmək olar? Təəsüf ki, bu suala cavab yoxdur.

Xançjouda gündəmi Çinin müəyyən etməsi təəccübü deyil. Ev sahibi olmaqla yanaşı, dünyanın ikinci böyük iqtisadiyyatına malik Pekin qlobal iqtisadi inkişafa ən böyük töhfə verən ölkədir. Pekin dünya iqtisadiyyatında «maraqlar üzrə qruplar»a qarşı çıxıb, struktur islahatlarının iqtisadiyyatın inklüzivliyinə yönəlməsinin vacibliyini, eyni zamanda, “G20”nin ümumi idarəetmə platforması kimi çıxış etməli olduğunu bəyan edib. Bundan başqa, sammit liderləri dünyada qloballaşma prosesinə inamsızlığın artmasından narahatlıqlarını da dilə gətiriblər.

«Böyük Səkkizlik» formatı əvvəldən məhz qlobal iqtisadi problemlərin həll yollarının axtarılması üçün yaradılıb. Bu, Asiya ölkələrində maliyyə böhranının getdikcə dərinləşdiyi 1990-cı illərin sonlarında baş verib. “G20” bir də 2008-ci ildə - yeni böhran baş qaldıran zaman yada düşüb. On il sonra isə yeni tendensiya yaranmaqdadır - sammit daha çox siyasi xarakter almağa başlayır ki, bunun da izahı var. «Böyük Səkkizlik» çoxdandır ki, günün geosiyasi reallıqlarını əks etdirir. Üstəlik, BMT Baş Assambleyası həddindən artıq geniş, formal və deklarativ qurumdur. Odur ki, bu gün «Böyük Səkkizlik»in əsas üstünlüyü daha çox iqtisadi problemlərlə bağlı birgə çıxış yollarının aranmasında yox, sammit çərçivəsində münasibətlərində müəyyən problemlərin olduğu liderlərin belə, görüşmək imkanı qazanmasındadır. Əgər onlar arasında hansısa səbəblərdən rəsmi səfərlərin təşkili mümkün deyilsə və müzakirələrin aparılmasına isə ehtiyac varsa, «iyirmilik»in kluarları bunun üçün ən rahat məkandır.

Müşahidəçilər bildirir ki, indiyədək “G20” çərçivəsində heç zaman Xançjoudakı qədər ikitərəfli görüş keçirilməyib.  Bu görüşlərdən ən önəmlisi kimi, Obama-Putin, Merkel-Ərdoğan, Putin-Si Cinpin, Merkel-Obama, Obama-Mey, Obama-Ərdoğan, Putin-Ərdoğan, Sindzo Abe-Si Cinpin danışıqlarını göstərmək olar.

 

Suriya diqqət mərkəzində

Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Barak Obama arasındakı  (böyük ehtimalla, sonuncu olacaq)   görüş xüsusi diqqətə səbəb olub. Təxminən, saatyarım davam edən bu görüşün detalları, əlbəttə ki, KİV-ə çıxmayıb. İctimaiyyət, sadəcə, prezidentlərin öz şərhləri ilə kifayətlənməli olub. Barak Obama mətbuat konfransında bildirib ki, tərəflər Suriyada barışığın əldə edilməsi məsələsində «müəyyən irəliləyişə nail olub». Bununla yanaşı, o, danışıqların «asan keçmədiyini» də söyləyib.

Putin, öz növbəsində, tərəflərin «bir-birini başa düşdüyünü», tərəflərin mövqelərində «müəyyən yaxınlaşmanın» olduğunu bildirib.

Bununla yanaşı, Obama inam məsələsində boşluğu tam doldurmağın, hələ ki, mümkün olmadığını deyib, Putin «inam məsələsindəki boşluqlar”ın «qaydaya salınmasına ehtiyac olan texniki məsələlər» adlandırıb. Yəni, reallıq dəyişməyib - Rusiya Suriyanın hazırkı rejimini dəstəkləyir, ABŞ isə əvvəlkitək, Bəşər Əsədin getməli olduğunu düşünür.

Ukraynaya gəlincə, Obama Minsk razılaşmasına tam əməl edilənədək, Rusiyaya tətbiq olunmuş sanksiyaların aradan qaldırılmayacağını bir daha bəyan edib. Putin isə bildirib ki, münasibətlərin normallaşdırılması üçün Vaşinqton Rusiyaya tətbiq etdiyi sanksiyaları aradan qaldırmalıdır. Buradan məlum olur ki, tərəflər bu məsələdə heç bir razılığa gəlməyib. Sonradan KİV-də belə bir xəbər yayılıb ki, Vaşinqton Çində Moskvaya Suriya ilə bağlı «son təklif»ini verib. Mətbuatın məlumatına görə, təklif bütün ölkə ərazisində barışığa nail olunmasını, humanitar dəhlizin yaradılmasını, Suriya aviasiyasının uçuşlarının dayandırılmasını, həmçinin terrorçuların mövqelərinə Rusiya ilə Amerikanın birgə zərbələr endirməsini nəzərdə tutur.

Suriya məsələsi, şübhəsiz ki, Obamanın Ərdoğanla görüşündə, həmçinin Ərdoğan-Merkel danışıqlarında da müzakirə edilib. Xatırladaq ki, Ankara avqustun sonlarında Suriyada yerüstü əməliyyatlara başlayıb. Türkiyə əməliyyatların “İD” təhlükəsi tam aradan qalxanadək davam etdiriləcəyini bəyan edib. Amma aydındır ki, indi söhbət daha çox kürdlərin xalq özünümüdafiə dəstələrinin (YPG/YPJ) nəzarətində olan ərazilərindən  gedir. Ankara bu qüvvələri özü üçün “İD”dən heç də az təhlükəli hesab etmir. Üstəlik, ABŞ da onları dəstəkləyir.

Bu arada ABŞ-Türkiyə münasibətləri heç də yaxşı dövrünü yaşamır. Türkiyədə iyulda baş vermiş dövlət çevrilişinə cəhddən sonra, Ankara Vaşinqtondan müsəlman vaiz Fətullah Gülənin ekstradisiyasını tələb edir. Ankara qiyamın məhz Gülən tərəfindən təşkil olunduğunu düşünür. Bütün bunların fonunda isə amerikalıların Suriyadakı vəziyyətə nəzarəti getdikcə əldən verdiyi, bu məsələdə İran və Rusiyaya uduzduğu müşahidə olunmaqdadır. Sonuncuların bu məsələdə Türkiyənin maraqlarını da nəzərə almağa razılıq verdikləri hiss edilir.

«Biz faktiki olaraq, Yaxın Şərqdə öz oyunumuzu oynaya bilmirik və mövqelərimizi ruslarla iranlılara uduzuruq», - deyə “Fox News” telekanalı kədərlə bildirir.

Ərdoğan sammitdənsonrakı açıqlamasında Obama ilə “G20” çərçivəsində keçirdiyi görüşdə Rakkada məskunlaşmış yaraqlılara qarşı birgə mübarizənin mümkünlüyünü söylədiyini bildirib. Söhbət “İD”nin paytaxt elan etdiyi şəhərdən gedir.

Suriya mövzusu Ərdoğan-Merkel görüşündə də diqqət mərkəzində olub. Halbuki, Türkiyə-Almaniya münasibətlərində də müəyyən problemlər yaşanır. Bu problem Berlinin Ankaranı iyunda baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı atdığı addımlara görə tənqid etməsindən sonra, eyni zamanda, Bundestaqın «erməni soyqırımı»nı tanıması nəticəsində yaranıb. Amma Berlində anlayırlar ki, indi nəinki Suriyadakı vəziyyət, həm də Avropanın əsas başağrısı - Yaxın Şərq və Afrikadan olan qaçqınlarla bağlı problemin həlli məhz Ankaradan asılıdır. Ankaraya göstərəcəyi yardıma görə Aİ-yə vizasız gediş-gəliş vəd olunur. Amma bu istiqamətdə konkret irəliləyiş yoxdur. Qeyd edək ki, indi, «iyirmilik»də rəhbərlik Almaniyaya keçir və birliyin növbəti sammiti Hamburqda baş tutacaq. Bu, Bundestaqa seçklərədək baş verəcək. Odur ki, bu müddətdə frau Merkel ciddi-cəhdlə işləməlidir və əlindəki «kartları» sağa-sola xərcləmək düzgün olmazdı.

Ərdoğanın münasibətləri tam qaydaya sala bildiyi yeganə şəxs Putindir. Onlar Xançjouda da mümkün qədər söhbətləşmək üçün bütün imkanlardan istifadə ediblər. Dünya KİV-də və sosial şəbəkələrdə “G20” sammitinin rəsmi fotosunun çəkildiyi an böyük maraqla müzakirə olunub: Obama qızğın söhbət edən Ərdoğanla Putinə tərəf çox maraqla (Si Cinpin və Merkel üzərindən) boylanırdı…

Moskva-Ankara dostluğu bir çox parametrlərinə görə Vaşinqtona sərf etmir. Bu parametrlər arasında Rusiyaya Ukraynadan yan keçməklə Avropaya çıxış imkanı verən enerji sahəsində əməkdaşlığın bərpası da var. Üstəlik, bu əməkdaşlıq Türkiyə üçün Brüsselə əlavə təsir rçaqları yaradır. Və əlbəttə ki, bir də artıq barəsində danışılan Suriya məsələsi...

 

Pekin nə demək istəyirdi?

Yəqin ki, sammitin gedişində Obama və onun nümayəndə heyəti Putin-Si Cinpin əlaqələrini də diqqətlə izləyib. Pekinlə-Moskva arasında münasibətlərin yaxşılaşması də Vaşinqtona sərf etmir. Üstəlik, çox tez-tez belə təəssürat yaranır ki, Rusiya ilə Çin yalnız özləri üçün dostluq etmir, bu, həm də Amerikaya qarşı yönəlib. Cinpin Putinlə görüşündə bəyan edib ki, Çinlə-Rusiya suverenliyin qorunması sahəsində qarşılıqlı siyasi dəstəyi artırmalıdır. Çin lideri Rusiyanın «öz ölkəsinin reallıqlarına uyğun inkişaf yolu ilə getməsini» dəstəklədiklərini deyib, Aİİ ilə İpək Yolu strategiyalarının yaxınlaşdırılması prosesində fəal olmağın vacibliyini bildirib.  Bu nəqliyyat inteqrassiya layihələri artıq mövcud olan və ya hazırlanan, başında ABŞ-ın dayandığı (məsələn, Trans-Atlantik müqavilə), amma getdikcə Avropanın aparıcı dövlətləri olan Almaniya ilə Fransanın daha çox skeptik yanaşmağa başladığı layihələrdən yan keçməyi nəzərdə tutur. Asiya regionunda Azad Ticarət Zonasının yaradılmasına dair Trans-Sakit okeanı müqaviləsi Çinin kənarda durması ilə yerində sayır. Çünki Pekinin özünün regiona dair miqyaslı iqtisadi planları var; məsələn, «Bir kəmər, bir yol» layihəsi Çinlə-Avropa və Afrika arasında nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur.

Bundan başqa, Çin bəyan edib ki, iqtisadi sanksiyalar pozucu amildir və o, iqtisadi və siyasi atmosferi korlayır. Bu, şübhəsiz ki, Rusiyaya tərəf reverens idi. Yeri gəlmişkən, Si Cinpin Putini sammitin «1 nömrəli” qonağı adlandırıb.

Kreml rəhbəri də Pekinə qarşı jest edib - o, çinli həmkarı üçün bir qutu dondurma aparıb. Ola bilsin ki, bununla Putin Si Cinpinin «dilini şirin etmək»dən çox, bu cür hədiyyə haqqında ilk dəfə söhbətin düşdüyü yeri - Vladivostoku xatırlatmaq istəyib. Söhbət burada keçirilmiş Şərq İqtisadi Forumundan gedir. Orada, məsələn, “Böyük Asiya” enerji dairəsinin yaradılması kimi cəlbedici iqtisadi layihə müzakirə olunub.

Bunun fonunda Çində Barak Obamanın qarşılanma forması kifayət qədər təzadlı təsir bağışlayıb. Əvvəlcə prezident təyyarəsinə qırmızıxalılı trap verilməyib, Ağ ev başçısı təyyarənin quyruq hissəsindəki qapısından düşməli olub. Daha sonra çinli təhlükəsizlik xidməti işçiləri amerikalı reportyorları, hətta ABŞ nümayəndə heyətinin bəzi üzvlərini, o cümlədən Obamanın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Syuzan Raysı Ağ ev sahibinə yaxın buraxmayıb. Ağ ev əməkdaşlarından biri buna etiraz etmək istədikdə isə çinli nümayəndə tərəfindən sərt cavab alıb: «Bura bizim ölkəmizdir. Bizim aeroportumuzdur». Bu kadrlar bütün dünya KİV-ə çıxıb. «Onlardan bunu gözləmirdik», - deyə sonradan insidentə münasibət bildirən Rays qeyd edib.

«The New York Post» isə baş verənləri Amerika prezidentlərinin xarici ölkələrə bütün səfərləri zamanı əməl olunan ənənənin pozulması kimi qiymətləndirib.

Bəs görəsən, bu, çinlilərin nəyinə gərək imiş? Cavab sadədir - amerikalılara «müstəsna hüquqlar”a malik olmadıqları açıq şəkildə nümayiş etdirilib. Yəni, «siz lider yox, hamı ilə  bərabərsiniz». Bu, faktiki olaraq, dünya düzəninə meydan oxumaqdır. Şərqdə heç bir addım boş yerə atılmır və orada bəzən eyhamlar sözlərdən vacibdir. Maraqlıdır ki, ABŞ KİV baş verənləri yalnız Prezident Obamaya yox,  bütünlükdə, Birləşmiş Ştatlara hörmətsizlik kimi şərh edir.

Yeri gəlmişkən, Obama (sammitdən kənar) Filippinin yeni prezidenti Rodriqo Dutertedən də «payını alıb». Dutertenin həmkarı haqqında işlətdiyi ifadəni təkrarlamaq istəməzdik. Onu özündən çıxaran Obamanın «Filippinin daxili işlərinə qarışması»dır. Söhbət ABŞ liderinin ölkədə insan haqlarının pozulması, narkotik ticarətində şübhəli bilinənlərin məhkəmə olmadan kütləvi şəkildə edam edilməsi haqqında tənqidlərindən gedir. «Mən suveren dövlətin prezidentiyəm və biz artıq çoxdandır ki, müstəmləkə deyilik», - deyə Duterte bildirib. Burada maraqlı olan Dutertenin hövsələsizliyindən çox, onun Obamanı özünə qarşı qaldırmasının yersiz olmasıdır. Çünki filippinlilərin ABŞ-ın dəstəyinə ehtiyacı var. İyulda Filippinin iddiasına baxan Haaqa Məhkəməsi elan edib ki, Çinin Cənubi Çin dənizində istənilən ərazi iddiaları əsassızdır, Spratli (Nanş) arxipelaqının mübahisəli əraziləri isə ada deyil və müstəsna iqtisadi zona təşkil etmir.

Pekin buna cavab olaraq, arbitrajın qərarını legitim saymadığını bəyan edib. Bu, Filippinin və bir sıra qonşu dövlətlərin maraqlarına birbaşa ziddir. Çin mübahisəyə üçüncü dövlətlərin qarışmasına da qarşıdır və problemin «yalnız ona aidiyyəti olan dövlətlər arasında danışıqlar yolu ilə çözülə biləcəyini»  deyir.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Xua Çunin Dutertenin Obamaya “açıq hücum»undan sonra Filippinlə münasibətləri möhkəmləndirməyə hazır olduqlarını bəyan edib. Güman ki, Manila bu işarəni başa düşüb. Axı ABŞ-ın yardımı «nisyə məsələdir», Çinin öz limanlarından Filippin mallarının ixracını ləngitməsi, balıqçılığa qadağa qoyması, turizm sahəsində məhdudiyyətlər tətbiq etməsi isə real təhlükədir. Üçüncü ölkələr məsələsinə gəlincə, Çin XİN bu məsələdə Rusiyanın dəstəyini yüksək qiymətləndirib. Bundan başqa, Moskva ilə Pekin Cənubi Çin dənizi hövzəsində birgə hərbi-dəniz təlimləri keçirəcəklərini də əvvəlcədən bəyan edib.

 

Hələlik, qüvvələr nisbəti belədir…

Beləliklə, sammit dünyadakı hazırkı qüvvələr nisbətini aydın şəkildə ortaya qoyub. Miqrasiya böhranı və «brexit»dən təngə gəlmiş Avropa Çində çox solğun təsir bağışlayıb. Qırmızı kostyum geyinmiş Tereza Meyin beynəlxalq debütü də vəziyyəti dəyişməyib. Görünən odur ki, həmkarları Barak Obamanı, ümumiyyətlə, hesabdan silib. O, həmkarları üçün indi ikiqat «axsaq ördək»dir.

Amma tezliklə vəziyyət dəyişəcək; birincisi, Obamanın xələfinin özünü necə aparacağı bəlli deyil. Aydındır ki, Amerikanın rəqiblərinin əksər uğuru onun son zamanlardakı zəif liderliyi ilə bağlıdır. Demək, ən maraqlı hadisələr hələ qarşıdadır. Türkiyə xarici siyasət istiqamətini dəyişib. Bəs onun indiki ittifaqı nə qədər dayanıqlıdır? Rusiya beynəlxalq məsələlərdə özünü «at belində» hiss edir. Bəs Rusiyanın daxilində vəziyyət yaxşıdırmı? Odur ki, beynəlxalq siyasətdə istər Suriyada, istərsə də Yaxın Şərqdə sürprizlərin baş verəcəyini gözləmək olar. Təəssüf ki, Ukraynada vəziyyətin pisləşəcəyi də istisna deyil. Tərəflərin müxtəlif səviyyədə verdikləri son bəyanatlar belə düşünmək üçün əsasdır.

Dünya siyasətçilərinin növbəti toplantısına isə çox qalmayıb. Sentyabrın 17-25-də BMT Baş Assambleyası toplanmalıdır. Doğrudur, orada bu cür intensiv danışıqlar və şifrəli əlamətlər gözləmək doğru olmazdı. Yaxın gələcək üçün deyilə biləcək sözlərin hamısı, yəqin ki, artıq Çində deyildi…



MƏSLƏHƏT GÖR:

497