30 Aprel 2024

Çərşənbə axşamı, 18:56

SURİYA «ALA-TORANLIĞI»

ABŞ ilə Rusiya illərdir davam edən müharibə nəticəsində əldən düşmüş ərəb ölkəsində barışığı qoruya bilmədi

Müəllif:

01.10.2016

Suriya münaqişəsində növbəti ciddi gərginlik dönəmi başlayıb. Bununla da sanki qarşı-qarşıya duran tərəflər arasında tezliklə sülh razılaşmasının əldə olunacağına olan bütün ümidlərin üzərindən xətt çəkilib. Vaxtilə çiçəklənən dövlət olan bu ərəb ölkəsində onsuz da bitmək bilməyən silahlı böhran atəşkəs razılaşmasının iflasa uğraması ilə daha da dərinləşib. Xatırladaq ki, atəşkəs razılaşması Suriya münaqişəsinin əsas xarici oyunçuları olan ABŞ və Rusiyanın himayəsi ilə əldə edilmişdi.

 

Deyr əz-Zorun əks-sədası

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun sözlərinə görə, Suriyada atəşkəs haqqında razılaşma Moskva ilə Vaşinqton arasında terrorçularla mübarizə, ölkənin ehtiyac içərisində olan bölgələrinə humanitar yardımların çatdırılması, siyasi prosesin bərpası üçün şəraitin yaradılması məsələlərində effektiv koordinasiya qurmağa imkan verirdi. Amerika KİV isə yazır ki, Suriya barışığı üzrə razılaşmanın əsas prioriteti mötədil müxalifətlə «İslam Dövləti», «Cebhat ən-Nusra» terror təşkilatlarının nəzarətində olan ərazilər arasında sərhədlərin müəyyənləşdirilməsi idi.

Lakin atəşkəsin tətbiqindən 1 həftə sonra razılaşma faktiki olaraq, ləğv edilib. Rusiya buna görə günahı ABŞ-ın və Suriya müxalifətinin üzərinə atır. Moskva tərəfindən dəstəklənən rəsmi Dəməşq isə razılaşmanın ləğvinə görə terrorçuları günahlandıraraq, onların bu müddətdə atəşkəsi, ən azı, 300 dəfə pozduğunu bəyan edib.

ABŞ, öz növbəsində, Rusiya ilə Bəşər Əsəd rejiminin üzərinə düşən öhdəliklərə əməl etmədiyini deyir; məsələn, müxalifətçilərin mühasirədə olduğu Hələbə humanitar dəhliz açılmayıb.

Bununla yanaşı, atəşkəs razılaşmasının tam iflasına bilavasitə səbəb ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriya ordusunun Deyr-əz-Zor şəhərindəki mövqelərinə aviazərbələr endirməsi olub. Nəticədə, ən azı, 62 nəfər ölüb, 100-dən çox hərbçi yaralanıb. Ekspertlər bir fakta xüsusi diqqət çəkir: Deyr-əz-Zorun bombalandığı gün dünya faktiki olaraq, ABŞ ilə Rusiya arasında şiddətli müharibənin astanasında idi - Koreya müharibəsindən ötən dövrdə ilk dəfə Rusiya və ABŞ hərbçiləri birbaşa toqquşmaya girə bilərdi. Suriya üçün amerikalıların bu hücumu ciddi fəsadlar verə bilər. Məsələ ondadır ki, “İD” qüvvələri ABŞ HHQ tərəfindən darmadağın edilmiş mövqelərə dərhal hücuma başlayıb.

Pentaqon insidentə görə təəssüfləndiyini bəyan edərək, onu yanlışlıq adlandırıb. Moskva isə Vaşinqtonun Əsədə qarşı olan qüvvələrin məğlubiyyətini istəmədiyi qənaətinə gəlib. Rusiya XİN-dən bildiriblər ki, amerikapərəst koalisiyanın bu cür «yanlışlıqlar»ı daha çox terrorçulara dəstəyə bənzəyir. Birləşmiş Ştatların buna cavabı da özünü çox gözlətməyib. Amerikalıların fikrincə, Rusiya Suriya hökumətinə təzyiq göstərmək üçün imkanlarından tam istifadə etmir, müxalifəti aviazərbələr vasitəsilə məqsədli şəkildə boğmağa çalışır.

Amerika ilə Rusiya arasında Suriya ilə bağlı ziddiyyət, həmçinin bu ölkədəki ümumi vəziyyət növbəti faciəvi insidentdən sonra daha da ağırlaşıb. Söhbət atəşkəs razılaşmasının pozulmasından dərhal sonra, sentyabrın 20-nə keçən gecə baş vermiş insidentdən gedir. Həmin gecə Suriya ərəb Qızıl Aypara Cəmiyyəti ilə BMT-nin birgə karvanı Hələbin şimal-qərbində atəşə tutulub. Qeyd edək ki, karvan Hələb və Homs əyalətlərinin 160 mindən artıq insanın yaşadığı yaşayış məntəqələrinə yüklərin daşınması kimi humanitar missiyanı həyata keçirirdi. İnsident nəticəsində, təxminən, 20 nəfər mülki şəxs və BMT missiyasının əməkdaşları həlak olublar. Onların arasında Qızıl Aypara Cəmiyyətinin Suriya şöbələrindən birinin direktoru Ömər Bərəkət də var.

Amerika administrasiyası baş verənlərə görə dərhal Moskva ilə Dəməşqi günahlandırıb. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisinin müavini Ben Rods bildirib ki, humanitar karvana hücumu ya Suriya hakimiyyəti, ya da Rusiya həyata keçirib. Bununla yanaşı, Vaşinqton bu bölgəyə aviazərbələrə görə məsuliyyəti «istənilən halda» Rusiyanın daşıdığını düşünür.

Bu dəfə cavab vermək növbəsi Moskvaya çatıb. Rusiya XİN-in rəsmisi Mariya Zaxarova ABŞ administrasiyasının irəli sürülən ittihamlarla bağlı «sübutunun olmadığını» bəyan edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Dəməşqlə Moskvaya ünvanlanmış ittihamları əsassız adlandırıb.

Rusiya ABŞ-ın ittihamlarını rədd etsə də, Vaşinqton Suriya nizamlanmasında Moskva ilə münasibətlərə yenidən baxmağa hazır olduğunu açıqlayıb. Amerika administrasiyası Rusiya ilə Suriyada hərbi əməkdaşlığa dair razılaşmanın imzalanmasının tez olduğunu, bunun üçün ölkədə dayanıqlı barışığa nail olunmasının vacibliyini bəyan edib.

ABŞ ilə Rusiya arasında münasibətlərin getdikcə gərginləşdiyinin daha bir göstəricisi kimi, Amerika Prezidenti Barak Obamanın BMT Baş Assambleyasındakı çıxışını göstərmək olar. O, Rusiyanı «keçmişdəki şöhrətini güc yolu ilə bərpa etməyə çalışmaqda» günahlandırıb. Beləliklə, görünən odur ki, Suriya böhranı ciddi beynəlxalq problemə çevrilməkdədir. O, ABŞ ilə Rusiya arasındakı qlobal qarşıdurmanı «soyuq müharibə» illərindəki səviyyəyə doğru aparır ki, bu da dünyada sülh və təhlükəsizlik üçün yaxşı heç nə vəd etmir.

 

Aazaz ilə Cerablus arasında

Bütün bunlarla yanaşı, Suriya böhranının inkişafından danışarkən Türkiyə amilini nəzərə almamaq mümkün deyil. Regional geosiyasətdə Ankaranın rolu son dərəcə ciddi nəticələrə yol aça bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, Türkiyə Suryianın şimalında hərbi əməliyyatları davam etdirir. Məqsəd oradan istər islamçı, istərsə də millətçi kürd terrorçularının çıxarılmasıdır.

Türkiyə «Fərat qalxanı» əməliyyatına başlamaqla, Əsəd hakimiyyətinə müxalif olan Azad Suriya Ordusu (ASU) ilə birlikdə Aaziz və Cerablus şəhərləri arasındakı 90 kilometrlik sərhədə nəzarə edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi əməliyyatların miqyasının cənuba doğru genişləndiyini də bəyan edib. Buradan belə məlum olur ki, Türkiyə Ordusu və ASU hissələri hazırda “İD” yaraqlılarının nəzarətində olan Əl-Bab yaşayış məntəqəsinə tərəf irəliləyəcək. Bununla yanaşı, Ərdoğan Ankaranın Suriyanın şimalında yaratdığı təhlükəsizlik zolağının 5 min kvadratkilometrədək genişləndiriləcəyini də bildirib.

Görünən odur ki, Türkiyə Ordusunun hədəfi “İD”nin paytaxt elan etdiyi strateji əhəmiyyətli Rakka şəhəridir. Bu şəhərə hücumun Amerika komandanlığı ilə ciddi şəkildə razılaşdırıldığını düşünmək olar. Yəqin ki, amerikalılar Türkiyənin də köməyi ilə Suriya ərazisində güclü müxalif mərkəz yaratmağı düşünür. Amma Ankara ilə Vaşinqtonun Suriya böhranının həllinə strateji yanaşmaları arasında bir ciddi fərq var. Birləşmiş Ştatlar Suriyanın kürdlərin, ələvilərin və sünnilərin yaşadığı bir neçə hissəyə parçalanmasını tamamilə mümkün sayırsa, Türkiyə bu ölkə ərazisində kürd muxtariyyətinin yaradılmasını qətiyyən qəbul etmir. Bu səbəbdən də Ankara Suriya dövlətinin bütövlüyünün qorunub-saxlanılmasında maraqlıdır. Bunu Prezident Ərdoğan BMT Baş Assambleyasının sessiyasındakı çıxışında da açıq şəkildə ifadə edib: «Türkiyə Suriyanın ərazi bütövlüyünə hər kəsdən çox dəyər verir. Bizim başqasının torpaqlarında gözümüz yoxdur. Bizim «Fərat qalxanı» əməliyyatımız regionda sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır. Hədəfimiz ərazilərin «İslam Dövləti» terror təşkilatından təmizlənməsidir».

Ankaranın Suriyanın ərazi bütövlüyünü dəstəkləməsi Türkiyə ilə Rusiyanın mövqelərini yaxınlaşdıran amildir. Moskva da Suriyanın bütövlüyünün qorunmasında maraqlıdır və bu, yalnız Suriya xalqının deyil, bütünlükdə regionun maraqları baxımından vacibdir. Suriyanın gələcəyi ilə bağlı Moskva ilə Vaşinqton arasındakı fikir ayrılıqları isə müharibənin əldən saldığı bu ərəb ölkəsində barışığın pozulmasının başlıca səbəbidir.

 

 

Hələb od içində...

Barışığın pozulması ilə Suriyada bütün cəbhəboyu vəziyyət gərginləşib. Hökumət qoşunlarına qarşı nəinki ASU, həm də Hələbdə miqyaslı hücuma başlamış «Cəbhat ən-Nusra» da daxil olmaqla, müxtəlif terror təşkilatları fəallığı artırıb. Suriya Ordusu isə Rusiya hərbi avsiasiyasının dəstəyi ilə Hələbin şimalında terrorçuların hücumunu dəf etməkdədir.

Bəs bu vəziyyətdə Suriyada sülh perspektivinə zərrə qədər də olsa, ümid varmı? Axı bu ölkənin xalqı amansız müharibə nəticəsində hər gün onlarca, yüzlərlə insanını itirir. Dünya ictimaiyyətinin böyük bir hissəsinin bu ərəb ölkəsində illərdir davam edən silahlı münaqişənin tezliklə dinc yolla həllinə nail olunmasının vacibliyini anlaması belə ümid yaradır. Bunu dünya liderləri, o cümlədən dünya birliyini Suriya böhranının həlli naminə birliyə çağıran, problemin hərbi yolla həllinin olmadığını deyən ABŞ Prezidenti Barak Obama da anlayır.

Rusiyanın Suriya məsələsində ABŞ ilə əməkdaşlığı davam etdirməyə hazır olmasını da müsbət hal saymaq olar. Halbuki, Vaşinqton bu məsələdə Rusiya ilə münasibətlərə yenidən baxa biləcəyini bildirir. Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva Birləşmiş Ştatlarla Suriya problemi ilə bağlı əldə olunmuş razılaşmadan çıxmağı düşünmür, çünki «axırıncı hadisələr onun son dərəcə aktual olduğunu təsdiqləyib». Bununla yanaşı, ABŞ və «digər oyunçular», o cümlədən, bir sıra nüfuzlu ölkələrin hökumətləri sülh razılaşmasının uzunmüddətli olması üçün «problemin həllini yalnız Əsədin güc yolu ilə devrilməsində görən bəzi strukturların zorakılıqdan çəkindirilməsini təmin etməlidirlər».

 

Həqiqətən də, Suriya Prezidentinin siyasi taleyi artıq çoxdandır ki, Suriya böhranının əsasını təşkil etmir. İndi söhbət yalnız Suriyanın yox, bütünlükdə Yaxın Şərq regionunun taleyindən, hətta beynəlxalq təhlükəsizlikdən gedir. Və hadisələrin bundan sonrakı inkişafına görə, bütün məsuliyyət xarici güc mərkəzlərinin üzərinə düşür. Bu mərkəzlər isə indiyədək bəşər sivilizasiyasının beşiyi olan Suriyanı qanlı geosiyasi eksperimentlər mərkəzinə çevirmək üçün əllərindən gələni ediblər…



MƏSLƏHƏT GÖR:

391