26 Aprel 2024

Cümə, 15:09

BARIŞIĞIN BİR ADDIMLIĞINDA

«İki ölkə və unitar dövlət variantının mümkün olmadığı hər iki icmaya aydındır. Qalır federativ dövlət»

Müəllif:

15.10.2016

Yunan və türk icmalarının səyləri sayəsində Kipr problemi tam həllinə yaxındır. Bunu BMT-nin Baş katibi Pan Gi Mun Kiprin rəhbəri Nikos Anastasiadis ilə görüşündən sonra bəyan edib. Anastasiadis ilə tanınmamış Şimali Kipr Türr Cümhuriyyətinin rəhbəri Mustafa Akıncının BMT-nin Baş katibi, ABŞ-ın vitse-prezidenti və Dövlət Departamentinin başçısı, Böyük Britaniyanın Xarici İşlər naziri, Türkiyə Prezidenti və digər şəxslərlə görüşləri Kiprin iki lideri arasında bu ilin iyunundan Nikosiyada aparılan intensiv danışıqların kulminasiyası sayıla bilər. Anastasiadis və Akıncının bəyanatlarından belə məlum olur ki, 40 ildən artıqdır davam edən və iki NATO ölkəsi - Yunanıstan ilə Türkiyəni müharibənin astanasına gətirib-çıxarmış, dini, ideoloji zəmində, hətta qitəmiqyaslı sivilizasiyalararası müharibə ilə bağlı real təhlükəyə çevrilmiş münaqişə müasir dünyada nadir hallarda rast gəlinən qarşılıqlı razılaşma ilə çözümə çox yaxındır. Hər iki lider sülh naminə son dərəcə çətin olan kompromislərin əldə olunması yolunda sonadək getmək əzmini ifadə edir. İndi, 40 ildir bir-birindən BMT sülhməramlılarının «yaşıl» xətti ilə, tikanlı məftillərlə, «mavikaskalılar»la ayrılmış türklərlə yunanlar Kipr Federasiyasının tərkibində birgə yaşamağı öyrənməli olacaq. Tanınmış politoloq Əhməd Sozen «R+»a müsahibəsində Kipr yunanları ilə türklərinin necə barışdığı haqqında danışıb.

- Necə oldu ki, XX əsrdən bəri ərəblə-israilli, hindistanlı ilə pakistanlı, erməni ilə azərbaycanlı arasında və s. davam edən münaqişələr arasında yalnız türklərlə-yunanlar razılığa gələ bildi?

- Bu, şəxsən Kipr icmalarının liderlərinin böyük xidmətidir. Biz Anastasiadis ilə Akıncının Kipr Federasiyasının yaradılması işində də siyasi iradə nümayiş etdirəcəklərinə çox ümid edirik. Bu, Kiprin sülh şəraitində çiçəklənməsi üçün son şansdır. Onlar buna getməsələr, dinc şəraitdə yaşayan Kiprlə bağlı ümidlərdən birdəfəlik əl üzmək olar. Bu prosesin ləngiməsi Kipr probleminin həllinə yönəlmiş bütün səylərin, ümidlərin üzərindən xətt çəkəcək.

- Anastasiadis deyir ki, artıq bu ilin sonunadək sülh razılaşmasının imzalanması mümkün olacaq…

- Buna bir qədər şübhə edirəm. Amma nəzəri baxımdan bunu istisna etmək olmaz. İki liderin yaxın vaxtlarda keçiriləcək növbəti görüşündə nizamlama prosesinin davamı üçün «yol xəritəsi»nin hazırlanması tamamilə mümkündür. Daha sonra tərəflər birlikdə razılaşmanın yekun variantını hazırlaya bilər. Sonda bu, hər iki icmada referenduma çıxarılacaq. Proses 2017-ci ilin əvvəllərinədək uzanacaq.

Amma sülhün əldə edilməsi üçün vaxt çox azdır. Gələn il Cənubi Kiprdə 2018-ci ildə keçiriləcək prezident seçkisi ilə bağlı kampaniyaya start veriləcək. Seçki kampaniyası zamanı danışıqların davam etdiriləcəyini gözləmək olmaz. Digər yandan, 2017-ci ildə Kipr yunanlarının dəvətini almış neft şirkətləri Aralıq dənizindəki qaz yataqlarında kəşfiyyat qazma işlərinə başlayacaq. Bu, çox ağrılı məsələdir. Bir neçə il əvvəl Türkiyə «Barbarossa» seysmik elmi-tədqiqat gəmisini yataqların olduğu əraziyə göndərərək geoloji kəşfiyyat işlərinə başlamışdı. Nəticədə Kipr yunanları danışıqları dayandırmışdı. Nikosiya həmin yataqları özününkü sayır, Şimali Kipr Türk Cümhuriyyəti isə onu özününkü hesab edir. Bu amil bütünlükdə Kipr probleminin həlli prosesini poza bilər. Bundan başqa, problemin həll olunmamış qalması bu yataqların işlənməsinə xarici investisiyaların cəlbini də əngəlləyir.

- Bəs, sadə Kipr yunanları ilə türkləri nə düşünür?

- Kipr türkləri təcrid durumdan çıxmaq, Avropa ictimaiyyətinin bir hissəsinə çevrilmək, amma eyni zamanda, müstəqil olmaq istəyir. Lakin indi adada iki müstəqil dövlətin yaradılmasının mümkün olmadığı hər kəsə aydındır. Odur ki, türklər siyasi mövqeyin, istəyin nəzərə alınacağı federativ quruluşun yaradılmasını istəyir.

Kipr yunanları isə icmaların hüquqlarının məhdud olacağı unitar dövlət arzusundadır. Onlar istəyir ki, ölkənin idarə olunmasında əsas söz sahibi sayı çox olan xalqın nümayəndələri olsun. Amma onlar da bunun «dalan» olduğunu bilir və bu üzdən federasiyanın yaradılması ilə razıdır. Hər iki icma anlayır ki, indi iki dövlət, yaxud unitar dövlət variantı mümkün deyil. Qalır üçüncü, kompromis variant - federativ dövlət. Bu praqmatik yol reallığa çevrilərsə, bu, çox dəyərli siyasi təcrübə, müasir dünyada münaqişələrin həlli üçün nümunə olacaq. Kiprin Avropadan çox, Yaxın Şərq regionuna yaxın olduğunu nəzərə alsaq, müxtəlif dini konfessiyası olan və fərqli dildə danışan iki icmanın sülh şəraitində birgə yaşaması, Yaxın Şərq üçün doğrudan da unikal nümunə sayıla bilər..

- Güc mərkəzlərinin mövqeyi necədir? Söhbət ABŞ, Aİ, Türkiyə və Rusiyadan gedir. Kipr məsələsində kompromis, razılaşma və ya sövdələşmə varmı? Məsələn, Kipr və Suriya problemlərində qarşılıqlı güzəştlər...

- Danışıqlar prosesinin “pərdəarxası”nda qlobal oyunçular arasında belə sövdələşmələr tamamilə mümkündür. ABŞ uzun müddətdir, Kipr probleminin həllinə çalışır, tərəfləri sülhə nail olunması üçün ciddi addımlar atmağa çağırır. Rusiyanın mövqeyi bir qədər fərqlidir. Sülh prosesini Moskva da dəstəkləyir. Lakin o, regiona təsir rçaqlarını itirmək istəmir. Kreml bu regionun tamamilə NATO və Qərbin hecemonluğu altına keçməsindən narahatdır. Odur ki, Rusiya nizamlama prosesini ləngidə, ona maneələr yarada bilər, amma onu tam pozmağı bacarmaz. Burada Rusiyanın imkanları məsələn, Cənubi Qafqazda olduğu qədər geniş deyil. Güc mərkəzləri arasında razılaşma tamamilə mümkündür. Lakin hələlik bunun hansı çərçivədə, hansı aspektdə ola biləcəyini söyləmək çətindir.

- Bəs Kipr Federasiyasının rəhbərliyi necə formalaşdırılacaq? Vahid Kiprin ordusu necə olacaq?

- İkipalatalı parlamentin yaradılması nəzərdə tutulur: yuxarı palata - Senatda iki icmaya bərabər təmsilçilik imkanı yaradılacaq, aşağı palatada icmaların sayı proporsional olacaq. Qanun layihələri hər iki palatadan keçməlidir. Konstitusiya Məhkəməsində də hakimlər etnik mənsubiyyətinə görə bərabər sayda olacaq. İcra hakimiyyəti prezidentlik olacaq və o, bu postun sahibi rotasiya yolu ilə müəyyənləşəcək. Amma bu məsələ hələ ki, müzakirə olunur. Kipr ordusuna gəlincə, bu, rəmzi ordu olacaq. Bəlkə də Kipr hərbi bloklara qoşulmayan neytral dövlət mövqeyi tutdu. Yunanıstan və Türkiyə tərəfindən Kiprin təhlükəsizliyinə zəmanət məsələsi də müzakirə olunmaqdadır. Yeri gəlmişkən, Türkiyə hər zaman BMT-nin vasitəçilik etdiyi danışıqları dəstəkləyib. Ankara danışıqların inkişafına birmənalı dəstək verib və o, problemin siyasi yolla həllini dəstəkləyir.

- Türklərlə yunanların birgə həyata qayıtması prosesi necə olacaq? Axı, hər iki icmada bir-birinə qarşı qəzəbli olan, nifrət bəsləyən insanlar var...

- Ən çətini də budur. Öz xalqlarını köhnə inciklikləri unutmağın vacibliyinə inandırmalı olan liderlərin halına acımaya bilmirsən. İyirminci əsrdə almanlarla-fransızlar arasındakı müharibələrdə, təxminən, 20 milyon insan ölüb. Amma bu dövlətlər millətlərin ən nəhəng birliyi olan Avropa İttifaqını yarada bildi. İndi almanlarla-fransızlar arasında nə sərhəd, nə düşmənçilik var. Beləliklə, yunanlarla-türklər də evlərindən, məktəblərindən nifrəti, kini ata bilməsə, sülhə, razılığa gəlmək çox çətin olacaq. Nə qədər çətin olsa da, bunu etmək lazımdır.

- Bəs Kiprlə-Türkiyə arasıda münasibətlər necə olacaq?

- Ankara ilə Nikosiya dostluq və mehriban qonşuluq haqqında diplomatik razılaşma əldə etməlidir. Yeri gəlmişkən, federasiyanın yaradılacağı təqdirdə Şimali Kipr Türkiyə lirəsindən imtina etməli, yunan tərəfinin yer aldığı avrozonaya keçməli olacaq.

Yaxın 2 ayda intensiv danışıqlar davam edəcək. Bu danışıqlarda hakimiyyətin formalaşdırılması, 60-70-ci illərdəki hərbi əməliyyatlar zamanı itirilmiş mülkiyyətə görə kompensasiya, hüquq-mühafizə orqanlarının təşkili və digər vacib məsələlər həllini tapmalıdır.


MƏSLƏHƏT GÖR:

467