27 Aprel 2024

Şənbə, 17:39

«ARZU» ARZUNU ÖLDÜRDÜ

Gürcülər əvvəlki hökumətə səs verdi

Müəllif:

15.10.2016

Gürcüstanda keçirilən parlament seçkisi hakim «Gürcü Arzusu» partiyasının qələbəsi ilə başa çatıb. Beləliklə, artıq qarşıdakı 4 ildə Tiflisin əsası milyarder Bidzina İvanişvili tərəfindən qoyulmuş hazırkı siyasi kursu davam etdirəcəyini söyləyə bilərik. Yeri gəlmişkən, gürcü xalqının əksəriyyəti daha yaxşı gələcəklə bağlı ümumxalq arzusunu məhz qaliblərin faktiki lideri olan İvanişvili ilə bağlayır.

Gürcüstanda seçkiqabağı mübarizə kifayət qədər sərt siyasi şəraitdə keçib. Müşahidəçilərin dediyi kimi, prosesin ayrı-ayrı mərhələlərində seçicilərin ünvanına hədələr, inzibati resurslardan istifadə, namizədlərə hücum (o cümlədən seçicilərlə görüşlər zamanı), kompromatların dərci və s. baş verib. Seçki ərəfəsində isə tanınmış siyasətçilərə qarşı bir neçə sui-qəsd olub. Sentyabrın sonlarında Qoridə naməlum şəxslər deputatlığa namizəd, ölkənin sabiq müdafiə naziri İrakli Okruaşvilinin mühafizəçilərinə atəş açıb. İnsident zamanı namizəd xəsarət almasa da, onun mühafizəçisi ilə koordinatoru yaralanıb.

Oktyabrın 5-də, seçkiyə 3 gün qalmış isə Gürcüstan paytaxtının insanların gur olduğu rayonunda deputat Givi Tarqamadzenin avtomobili partladılıb. Bu dəfə də siyasətçi xəsarət almayıb. Lakin onun sürücüsü və hadisə zamanı təsadüfən ərazidən keçən 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili «dövlətin öz vətəndaşlarını cinayətkar əməllərdən qoruya bilmədiyi üçün» xəsarət alanlardan üzr istəyib.

Ölkənin hakim «Gürcü Arzusu» partiyasının sədri olan Baş naziri Georji Kvirikaşvili isə Tarqamadzeyə sui-qəsdi seçki ərəfəsində ölkədə sabitliyin pozulmasına cəhd kimi qiymətləndirib. Onun fikrincə, bu əməlin sahibləri ölkəni «siyasi dividend qazanmaq üçün qanlı çəkişmələr meydanına çevirmək istəyir». Cinayəti törətmiş şəxslərə müraciət edən Baş nazir deyib: «Siz mütləq qanun qarşısında cavab verəcəksiniz. Heç bir immunitet və ya başqa dövlətin vətəndaşı olmaq günahkarları qorumayacaq!».

Gürcüstan hökumətinin başçısı bununla açıq şəkildə sabiq prezident, Ukrayna vətəndaşlığını qəbul etmiş və hazırda Odessa vilayətinin qubernatoru postunu tutan Mixail Saakaşviliyə işarə vurub. Saakaşvili avtomatik olaraq, Gürcüstan vətəndaşlığını itirsə də, ölkənin əsas müxalifət qüvvəsi olan «Vahid Milli Hərəkat» (VMH) partiyasının faktiki lideridir. Tarqamadzeyə sui-qəsdə gəlincə, o, bu hadisəyə heç bir aidiyyətinin olmadığını deyib və hökumətə cavab verib. Saakaşvilinin sözlərinə görə, «böyük vətənpərvər» Givi Tarqamadze «hüquq-mühafizə orqanları üçün fəal aləqadə olduğu üçün hədəf seçilib, çünki bu, İvanişvilini çox qorxudur». Seçki prosesinə əsas intriqanı da Saakaşvili gətirmişdi: o, tərəfdarlarının «qaçılmaz olan» qələbəsindən dərhal sonra, Gürcüstana qayıdacağını bəyan etmişdi. Saakaşvilinin ölkəyə qayıdacağı gözləntisini onun həyat yoldaşı, VMH-in namizədlər siyahısında ikinci olan Sandra Rulofs, həmçinin «millətçilər»in formal rəhbəri, ölkənin sabiq Xarici İşlər naziri və Gürcüstan parlamentinin sabiq spikeri David Bakradze də dilə gətirmişdilər. Gürcüstanın Daxili İşlər naziri Georgi Mqebrişvili isə eks-prezidentin ölkə sərhədini keçəcəyi təqdirdə, dərhal həbs ediləcəyini deyir, bunu onun barəsində cinayət işinin olması ilə əsaslandırırdı. Lakin hadisələrin sonrakı gedişi və ən başlıcası, parlament seçkisinin nəticələri Mixail Saakaşvilinin vətənə təntənəli qayıdışına imkan verməyib.

150 yerlik Gürcüstan parlamentinə seçkilər qarışıq seçki sistemi ilə keçirilib: 77 deputat partiya siyahısı, 73 nəfər isə birmandatlı dairədən (mojaritar sistemlə) seçilib. Seçkidə 19 partiya, 6 seçki bloku və təkmandatlı dairələrdən 800-dən çox namizəd iştirak edib. Səsvermənin nəticələrinə görə, qələbəni səslərin 48,8%-ni toplayan «Gürcü Arzusu» qazanıb. VMH-yə 27,1% seçici səs verib. Bundan başqa, «Gürcüstan Vətənpərvərləri Alyansı» da 5%-lik baryeri aşaraq, parlamentə düşə bilib. O, 5,6% səs yığıb.

Digər siyasi qüvvələrə gəlincə, onların heç biri ali qanunverici orqana düşmək üçün tələb olunan minimal həddi aşa bilməyib. Sabiq Müdafiə naziri İrakli Alasaniyanın rəhbərlik etdiyi «Azad Demokratlar», tanınmış opera ifaçısı Paata Burçuladzenin lideri olduğu «Xalq Üçün Dövlət», parlamentin spikeri David Usupaşvilinin başçılıq etdiyi «Respublika Partiyası», həmçinin tanınmış siyasətçi Şalva Natelaşvilinin Leyboristlər Partiyası parlamentə düşə bilməyənlərdir.

Bir sıra təkmandatlı dairədə namizədlərdən heç birinin tələb olunan minimum səsi (50%+1) toplaya bilmədiyi üçün ikinci turun keçiriləcəyi gözlənilir. Lakin bu, ümumi vəziyyətə ciddi təsir göstərməyəcək. «Gürcü Arzusu»nun ölkənin siyasi sistemində liderliyini qoruyub-saxlayacağına şübhə yoxdur. Bu, VMH-in hakimiyyəti «seçkini təmiz keçirməməkdə» təqsirləndirməsinə rəğmən, belədir.

«Seçki tam saxtalaşdırılıb», - deyə VMH liderlərindən olan Nika Maliya bildirib. Mixail Saakaşvili isə tərəfdarlarını təslim olmamağa çağırıb. Bununla yanaşı, bir çox ekspertlərin proqnozlarının əksinə olaraq, seçki hər hansı ciddi qarışıqlığa səbəb olmayıb. Çünki eks-prezidentin tərəfdarları kütləvi etiraz aksiyası təşkil edə bilməyib. Etiraz dalğasının olmaması Saakaşviliyə vəd etdiyi kimi, «Qara dənizi üzərək vətənə qayıtmaq» imkanı da verməyib. Buradan belə qənaətə gəlmək olar ki, Gürcüstanda Mixail Saakaşvili dövrü birdəfəlik bitib. Düşünmək olar ki, gürcü xalqı daha heç vaxt adı faktiki olaraq separatçı Abxaziya və Cənubi Osetiya muxtariyyətlərinin Gürcüstandan ayrılması ilə nəticələnmiş 2008-ci ilin avqust müharibəsi ilə bağlı olan Saakaşviliyə səs verməyəcək. Ümumilikdə isə, Saakaşvilinin və onun rəhbəri olduğu partiyanın Gürcüstanın siyasi səhnəsindəki perspektivləri «Gürcü Arzusu»nun ölkəni necə idarə edəcəyindən asılıdır.

Əksər gürcülər indiki hökumətin həyata keçirdiyi islahatları, həqiqətən, bəyənir və bunu son seçkinin nəticələri də təsdiqləyir. Söhbət, ilk növbədə, kifayət qədər populyarlıq qazanmış ümumxalq tibbi sığorta proqramından, “hepatit C”nin pulsuz müalicəsindən, Saakaşvilinin dövründə Rusiya bazarlarına çıxarılması yasaq edilmiş bir sıra Gürcüstan məhsulları üçün bu qadağanın götürülməsindən və s. gedir. Bununla yanaşı, Saakaşvilinin dövründə əldə olunmuş nailiyyətləri qiymətləndirən gürcülər də az deyil və bu, ilk növbədə, korrupsiya ilə uğurlu mübarizəyə aiddir. Odur ki, «millətçilər»in hakimiyyətə mümkün qayıdışını birmənalı olaraq istisna etmək, yəqin ki, tezdir.

İstənilən halda, bu gün bir məqam tam aydındır - Gürcüstan Parlamentində hakim siyasi qüvvə mütləq üstünlük qazanıb. Demək, Gürcüstanın hazırkı rəhbərliyinin siyasi strategiyası davam edəcək.

Xarici siyasi konteksdə «Gürcü Arzusu»nun növbəti qələbəsi Rusiyaya münasibətdə Saakaşvili hakimiyyətilə müqayisədə daha çevik siyasətin davam edəcəyi anlamına gəlir. Amma Moskva ilə Tiflis arasında ciddi yaxılaşma gözləmək də olmaz. Çünki Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqil dövlətlər kimi tanınması qərarından vaz keçməyi düşünmür. Bununla yanaşı, gürcü ictimaiyyətinin Moskva ilə münasibətlərin yaxşılaşdırılmasını istəməsi də faktdır. Son seçkidə «Vətənpərvərlər Alyansı»nın üçüncü yer tutaraq parlamentə düşməsi də bunun göstəricisi sayıla bilər. Məsələ ondadır ki, onu əksəriyyət rusiyapərəst siyasi qüvvə kimi qəbul edir. «Vətənpərvərlər Alyansı»nın 2 il əvvəl Tiflis meri postuna iddiaçı olmuş lideri İrma İnaşvili isə əvvəllər Rusiyanın «Birinci kanalı»nda çalışıb. Hazırda o, Gürcüstanın «Qərbin çox zərərli təsiri”ndən qorumasını, Rusiya ilə münasibətlərin qaydaya salınmasını vacib sayır.

Gürcüstanda rusiyapərəst sayılan daha bir siyasi qüvvə «Nino Burcanadze - demokrtaik Gürcüstan»dır. «Qızılgül inqilabı»nın liderlərindən biri, Gürcüstan Parlamentinin sabiq spikeri Nino Burcanadzenin partiyası seçkiqabağı proqramında Gürcüstanın bloklara qoşulmayan ölkə elan olunmasını, həm Qərb, həm də Rusiya ilə münasibətlərin fəal şəkildə yaxşılaşdırılmasını təklif edirdi. Seçkinin nəticəsi isə Burcanadzenin özünün iflasa uğradığını göstərir. Hər halda, o, fəal müxalifətçilik fəaliyyəti dövründə Gürcüstanın siyasi sistemində nüfuzlu partiya yarada bilməyib.

Bununla yanaşı, ayrı-ayrı siyasi qüvvələrin rusiyapərəstliyi gürcü ictimaiyyətinin, ümumilikdə, Avro-Atlantik məkana inteqrasiyaya üstünlük verdiyini şübhə altına qoymur. Avropapərəst «Gürcü Arzusu»nun növbəti qələbəsi göstərir ki, Tiflis qərbpərəst kursu davam etdirəcək. «Gürcü Arzusu»nun proqramında ABŞ ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi birbaşa məqsəd olaraq göstərilir və bu, müdafiə sahəsini də özündə əks etdirir. Amma əksər gürcünün ölkənin tezliklə NATO və Avropa İttifaqına qoşulacağı ilə bağlı gözləntisinin məyusluqla əvəzləndiyi də qeyd olunmalıdır. Bu, böyük mgnada Qərb strukturlarının Gürcüstanın üzündən Rusiya ilə ciddi qarşıdurmaya getməmək istəməməsilə də bağlıdır.

Gürcüstanın Cənubi Qafqaz regionundakı qonşuları ilə münasibətlərində də ciddi dəyişikliklər gözlənilmir. «Gürcü Arzusu» hökuməti Azərbaycanı özünün ən yaxın strateji tərəfdaşı sayır, bununla yanaşı, xarici siyasi prioritetləri arasında Ermənistanı ölkəmizlə eyni səviyyəyə qoymaq cəhdlərindən də əl çəkmir. Lakin Bakının Gürcüstandakı iqtisadi vəziyyətə təsir miqyasını, regional siyasətdəki mövqeyini, Avrasiyanın kəsişməsində Azərbaycanın liderliyi ilə həyata keçirilən miqyaslı layihələri nəzərə alsaq, bu cəhdlər açıq-aşkar uğursuzdur.



MƏSLƏHƏT GÖR:

447