4 May 2024

Şənbə, 03:59

ƏYANSIZ KRAL

Ermənistan hökumətinin yeni üzvlərini Serj Sarqsyanın adamları saymaq çətindir

Müəllif:

15.10.2016

İrəvanda polis məntəqəsinin ələ keçirilməsi ilə bağlı iki həftə davam edən epopeya Ermənistandakı daxili siyasi vəziyyətin bütün çətinliklərini üzə çıxarıb. Qeyd edək ki, həmin müddətdə əhalinin əhəmiyyətli bir hissəsi «Sasna srer» terror təşkilatının əməlini dəstəkləyirdi.

Doğrudur, bir çox analitiklər düşünür ki, Ermənistan Prezidenti Serj Sarqsyan Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda laxlamış mövqeyini bərkitmək üçün bütün bunları özü düzüb-qoşub. Lakin öklədə daxili siyasi narazılıq o həddədir ki, insanlar hakimiyyətə qarşı çıxacaq istənilən qüvvəni dəstəkləməyə hazırdır. Nəticədə, Sarqsyan narazılıq dalğasını, az da olsa, zəiflətmək üçün milli barışıq hökumətinin yaradılmasına hazırlıq elan etmək məcburiyyətində qalıb. Bununla yanaşı, demək olar ki, bütün erməni ekspertləri yeni hökumətin tərkibini hiddətlə qarşılayıb. Onların fikrincə, orada milli barışıq anlayışından əsər-əlamət belə yoxdur.

 

"Dəyişikliklər rəmzi", yoxsa "Damokl qılıncı"?

Beləliklə, Ermənistanın yeni Baş naziri Serj Sarqsyanın özü kimi, Azərbaycanda doğulmuş Karen Karapetyandır. Təhsilini Ermənistanda almış Karapetyan 1990-cı illərdən Rusiyanın "Qazprom" şirkətinin müxtəlif strukturlarında çalışıb. Ermənistan prezidenti yeni baş naziri "dəyişikliklər rəmzi" kimi təqdim etsə də, bunun üçün onun "effektiv işləməsinin vacibliyini" də bildirib.

Ekspertlər isə hesab edir ki, K. Karapetyan Kremlin adamıdır və Sarqsyanın başı üzərində "Damokl qılıncı" rolunu oynayacaq; məsələn, terrorçu, "Müəssislər Məclisi" təşkilatının təmsilçisi Alek Yeniqomşyan bildirib ki, "Karapetyan nə az, nə çox - moskvalı məmurdur. Artıq o həddə çatmışıq ki, Ermənistanın suverenliyini daha bir pillə güzəştə gedir, rusiyalı məmurun Ermənistanın baş naziri olmasına imkan veririk. Bu, dekolonizasiya uğrunda mübarizə baxımından vəziyyəti daha da qəlizləşdirir".

"Respublika" partiyasının lideri Aram Sarqsyan da eyni fikirdədir. O da hesab edir ki, Karapetyan müəyyən missiyanın həyata keçirilməsi üçün Ermənistandan kənarda seçilmiş şəxsdir. Amma Ermənistan prezidentinin özünün də Karapetyanı bu posta təyin etməsi üçün öz səbəbləri var. Birincisi, sələfləri Tiqran Sarqsyan və Ovik Abramyandan fərqli olaraq, onu ləkələyəcək hər hansı kompromatlar yoxdur. İkincisi, yenə də Abramyandan fərqli olaraq, Karapetyan siyasi çəkiyə və iqtisadi gücə malik deyil. Nəhayət, ölkənin yeni Konstitusiyasına əsasən, hakimiyyətin Baş nazirin əlinə keçəcəyi 2018-ci ildə Karapetyan bu postu Sarqsyana daha asanlıqla qaytarar, nəinki Baş nazirlikdən incikliklə ayrılan Ovik Abramyan. Amma son zamanlarda yaşanan bəzi hadisələr göstərir ki, sonda Karapetyan da siyasi iddialara malik "tərsə" çevrilə bilər.

 

Yeni Baş nazirin mesajları

Bu yaxınlarda tanınmış iqtisadçı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Abel Aqanbekyan Ermənistana səfər etmişdi. Xatırladaq ki, vaxtilə Mixail Qorbaçovun əsas iqtisadi məsləhətçisi olmuş Aqanbekyan yenidənqurma ideyasının müəlliflərindən sayılır. İndiki dövrdə bir çox mütəxəssis Aqanbekyanı Sovet İttifaqının dağılmasının əsas günahkarlarından sayır. O, Qarabağ müharibəsində «ilk atəş»in müəllifi də hesab olunur: 1987-ci ilin noyabrında Parisdə erməni diasporu nümayəndələrinin qarşısında çıxış edən Aqanbekyan demişdi: «Bir iqtisadçı olaraq hesab edirəm ki, Qarabağ Azərbaycandan çox Ermənistana bağlıdır».

Beləliklə, yeni Baş nazirin dəvəti ilə İrəvana baş çəkmiş bu liberal iqtisadçı orada kifayət qədər maraqlı bəyanatlar səsləndirib. Karen Karapetyanı özünün bacarıqlı tələbəsi adlandıran Aqanbekyan Baş nazirin ünvanına uzun-uzadı təriflər yağdırdıqdan sonra «Qraparak» qəzeti əməkdaşının «Prezident Sarqsyana hansı məsləhəti verərdiniz?» sualını konkret cavablandırıb: «Getsin! O, heç nə bacarmadığını göstərib».

İstənilən halda, bu, Sarqsyana son dərəcə açıq şəkildə meydan oxumaqdır. Üstəlik, bu meydanı ağsaqqal liberal deyil, daha çox onun «qəyyumluğu altında olan» şəxs, Ermənistanın yeni Baş naziri oxuyur.

Amma Baş nazirin bir mesajı daha böyük rezonansa səbəb olub. Karapetyanın dövlət aparatındakı «bayağı oğurluğa» son qoyulmasının vacibliyi haqqında bəyanatına (o, daha təkmil oğurluqların necə olacağına toxunmayıb) Ermənistan parlamentinin sədri Qalust Saakyan elə cavab verib ki, dilçilərin belə, dili-ağzı quruyub. Saakyan hesab edir ki, «oğurluq «oğurlamaq» sözündən deyil». Spikerin fikrincə, oğurluq dedikdə, oğru aləmindən olan insanların hərfi mənada oğurluq etməsi nəzərdə tutulmur. Sən demə, burada söhbət funksiyaların yerinə yetirilməməsindən gedir. «Oğurluq» anlayışının postmodernistcəsinə izahını başa vuran Saakyan deyib ki, kimsə oğruların adını bilirsə, müvafiq orqanlara müraciət etməlidir. Bir sözlə, o, Ermənistanın siyasi elitasının yeni Baş nazirin «özbaşına verdiyi açıqlamalar”a uzun müddət dözmək fikrində olmadığını göstərib.

Bütün bunların fonunda, Ermənistanda keçiriləcək parlament seçkisinə 7 aydan da az qalır. Ölkədəki hakimiyyət strukturunu və hakim elitanın daxilindəki oyun qaydalarını nəzərə alsaq, Karapetyan komandasının mövcud «düzən»ə hansı «rəmzi» dəyişikliklər gətirə biləcəyi, bunun hansı müddətə mümkün olacağı məsələləri açıq qalır. Yeni hökumət Ermənistandakı sistem böhranının qarşısında gücsüzdür və onun əlindən yalnız populist bəyanatlar səsləndirmək gəlir; məsələn, bu yaxınlarda Ermənistanda qaz və elektrik enerjisinə görə tariflərə yenidən baxılması məsələsi müzakirə olunurdu. Üstəlik, mövcud qiymət siyasəti məhz Karapetyanın «Armqazprom»a rəhbərlik etdiyi dövrdə onun tərəfindən formalaşdırılıb. Belə çıxır ki, o, ya həmin vaxt hazırkı tariflərin yüksək olduğunu anlamayıb, ya da qəsdən öz xalqı əleyhinə qərar verib.

 

Kralın bütün adamları

Ermənistanın yeni hökumətindəki 7 nazir (o cümlədən maliyyə, səhiyyə, mədəniyyət, energetika, nəqliyyat və rabitə, iqtisadiyyat və kənd təsərrüfatı nazirləri) vəzifəyə Karapetyanın tövsiyəsi ilə təyin olunub. Ermənistan üçün kifayət qədər əhəmiyyətli olan diaspor naziri postunu Qranuş Akopyan qoruyub-saxlaya bilib ki, burada da ekspertlər «Rusiya izi» görür. Onların fikrincə, bu, erməniəsilli rusiyalı oliqarxlar Karen və Samvel Karapetyanların («Taşir» qrupu) dəstəyi olmadan mümkün olmazdı. Cənab Akopyan uzun illərdir erməni diasporunun ianələrinin «lazımi sahələrə yönəldilməsi» ilə məşğuldur. Güman ki, diaspor naziri bundan sonra da diaspordan pul qoparmaqda davam edəcək. Yeri gəlmişkən, diaspordan danışarkən daha bir partiyanı, «Erməni işi» ilə çoxdan məşğul olan «Daşnaksutyun» inqilabi federasiyasını da unutmaq olmaz. Qeyd edək ki, o, yeni hökumətdə 3 nazirlə təmsil olunur: elm və təhsil, təbiətin mühafizəsi və ərazi idarəetmə və inkişaf. Amma bu, daşnakların lideri Qrant Marqaryanın Vanadzorda keçirilən mitinq zamanı «hakimiyyətdə keyfiyyət dəyişikliyinin vacibliyi» haqqında bəyanat səsləndirməsinə mane olmayıb. Bununla yanaşı, bir məsələ də açıq qalır: belə olan təqdirdə, daşnaklar indiki hökumətdə 3 nazir portfelinə sahib çıxmağa nədən razılıq verib?

Yeni hökumətin formalaşdırılması prosesinin əsas intriqası isə şübhəsiz ki, xarici işlər və müdafiə nazirlərinin təyinatı ətrafında yaşanıb. Ermənistanın Qarabağ cəbhəsindəki aprel məğlubiyyətindən sonra məhz bu iki nazirin istefaya göndərilməsi məsələsi sərt şəkildə qoyulmuşdu. Lakin onların taleyi son anadək məlum deyildi - ya Serj Sarqsyan intriqanı sonadək qoruyub-saxlamağa çalışır, ya da kənardan konkret göstəriş almırdı. Ermənistan mətbuatının yazdığına görə, XİN başçısı Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovdan şəxsən dəstək alıb. Bu isə İrəvanın nə cür xarici siyasət yürüdəcəyini ehtimal etməyə imkan verir.

Müdafiə naziri postuna gəlincə, bu məsələni Ermənistanda yeni hökumətin formalaşdırılması prosesinin kulminasiyası saymaq olar. Məsələ ondadır ki, ölkədə 1998-ci ildə baş vermiş «dinc çevriliş»dən sonra, Ermənistanı səhra komandirlərindən ibarət hərbi xunta idarə edir. Onlar Qarabağda insanlıq əleyhinə törədilmiş hərbi cinayətin iştirakçılarıdır. Müvafiq olaraq, ölkədə əsas qüvvə ordu, ən strateji vəzifə isə müdafiə naziri postudur. Yeri gəlmişkən, Serj Sarqsyan da vaxtilə bu vəzifəni tutub.

Sabiq nazir Seyran Ohanyan Ermənistan rəhbərliyinin gözündən çoxdan düşmüşdü. Onunla və ailə üzvləri ilə bağlı tez-tez yayılan kompromattipli materiallar, aprel müharibəsində Ermənistanın məğlub olması və bir sıra digər amillər Ohanyanın tezliklə postu ilə vidalaşacağını göstərirdi. Bununla yanaşı, onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postunu tutacağına dair də xəbərlər yayılmışdı. Ohanyanın özü isə bunu istisna edirdi. İndi, onun KTMT-nin Baş katibi postunda Nikolay Bordyujanı əvəzləyib-əvəzləməyəcəyi bəlli deyil. Bəlli olan Ohanyanın müdafiə naziri postundan kənarlaşmaqla Sarj Sarqsyandan incik düşmüş şəxslərin sırasına qoşulacağıdır. «Qraparak» yazır ki, Seyran Ohanyanın istefaya göndərilməsindən sonra, onun müxalifətə keçəcəyi haqqında da fikirlər yayılıb. Guya sabiq nazir Prezident Aparatı rəhbərinin sabiq müavini Viktor Dəlləkyanın yaradacağı «Şrcadars» («Dönüş») partiyasının sədri olacaq.

Hər halda, Ermənistanın müdafiə naziri vəzifəsində Seyran Ohanyanı Vigen Sarqsyan əvəzləyib. Bu, erməni ekspertlərinin çaşqınlığına səbəb olub. Sankt-Peterburqdakı Şimal-Qərbi İdarəçilik İnstitutunu bitirmiş Vigen Sarqsyan təhsilini ABŞ-ın Fletçer hüquq və diplomatiya məktəbində, Tayfa və Harvard universitetlərində davam etdirib. Ermənistana qayıtdıqdan sonra o, bir sıra administrativ vəzifələr tutub. Lakin onun karyerasında hərbi xidmətlə, yaxud hüquq-mühafizə orqanlarında fəaliyyətlə bağlı heç bir bəndə rast gəlinmir. Serj Sarqsyan yeni nazirlə yanaşı, Ermənistan silahlı qüvvələrinin Baş Qərargahına yeni rəis də təyin edib. Bu postu «DQR ordusu»nun sabiq komandanı Movses Akopyan tutub. Baş Qərarhagın keçmiş rəisi, pensiyaçı Yuri Xaçaturov isə karyerasının son günlərini rəmzi vəzifə olan Təhlükəsizlik Şurasının katibi postunda keçirəcək. Ermənistan mətbuatının ehtimalına görə, müdafiə naziri Vigen Sarqsyan bu postda təşkilati, tədarük və s. daxil olmaqla, «mülki» işlərlə məşğul olacaq. Orduya bilavasitə rəhbərlik isə Movses Akopyan tərəfindən həyata keçiriləcək.

Versiyalardan birinə görə, Sarqsyan Akopyanı Ermənistan silahlı qüvvələri Baş Qərargahına rəsi təyin etməklə onu özünə yaxınlaşdırıb, bununla da onu keçmiş müttəfiqi və komandiri, konkret desək, Ermənistanın eks-prezidenti Robert Koçaryandan üz döndərmək məcburiyyətində qoyub.

Beləliklə, sanki S. Sarqsyan Ermənistanda mövqelərini gücləndirib. Amma bu, yalnız medalın bir üzüdür. Ermənistan əhalisinin əksəriyyətinin dövlət başçısına münasibəti mənfidir. Karen Karapetyanın başçılıq etdiyi yeni hökumətdə yer almış şəxsləri də birmənalı şəkildə Sarqsyanın adamları adlandırmaq olmaz. Üstəlik, Prezident Nazirlər Kabinetini yeniləməklə vaxtilə yaxın ətrafı sayılan nüfuzlu şəxslərin içərisində özünə düşmənlər qazanıb. Onların arasında Ovik Abramyanın, Seyran Ohanyanın və Prezident komandasının artıq sabiq üzvləri olan digərlərinin adlarını çəkmək olar. Yəni, Sarqsyan faktiki olaraq, əyansız krala çevrilib.



MƏSLƏHƏT GÖR:

418