30 Aprel 2024

Çərşənbə axşamı, 07:30

AMERİKA ARZUSUNUN DİRÇƏLİŞİ

Donald Tramp ABŞ-ın əzəmətini geri qaytara biləcəkmi?

Müəllif:

15.11.2016

Noyabrın 8-də amerikalılar ABŞ-ın 45-ci prezidentini seçdilər. Nəinki ABŞ-ın özündə, hətta bütün dünyada çoxlarının gözləntisinin əksinə olaraq, Ağ evin yeni sahibi Respublikaçılar Partiyasının namizədi, 70 yaşlı milyarder Donald Tramp oldu. Onun Demokrat Partiyasından olan rəqibi, ölkənin sabiq birinci xanımı və dövlət katibi Hillari Klintonun Birləşmiş Ştatların tarixinə ilk qadın prezident kimi düşmək istəyi baş tutmadı. Xanım siyasətçinin yaşını və səsvermədə üzləşdiyi iflası nəzərə alsaq, onun siyasi karyerası, yəqin ki, bununla da başa çatdı...

 

Amerikanın «brekzit»i

Trampla-Klinton arasında savaş hələ uzun müddət təhlil olunacaq. Bu, ABŞ tarixinin çox bahalı, son dərəcə qeyri-adi və təxminedilməz prezidentlik yarışı olub. Yarış Hollivudun ən yaxşı ssenaristlərinin fantaziyasına layiq nəticələr verən çox sayda qalmaqallar, kompromatlar, səs-küylü ittihamlarla yadda qalıb.

Səsvermənin nəticəsini çoxları sensasiya, hətta Amerikanın «brekzit»i kimi qyimətləndirib. Trampın qələbəsi bütün siyasi şablonları alt-üst edib, tanınmış ekspertlərin, sosioloji təşkilatların proqnozlarının daşını-daş üzərində qoymayıb. Məsələ ondadır ki, seçki kampaniyası dövründə aparılmış sosioloji sorğuların əksəriyyəti Klintonun lider olduğunu göstərirdi. İndi, məlum olur ki, analitik hesablamalar heç nəyə dəymir, seçicilərin dəyişiklik istəyi istənilən inzibati resursdan daha güclü vasitədir.

Sosioloqlar bir məqamı nəzərə almamışdılar: Trampı dəstəkləyən amerikalıların bir çoxu bunu dilə gətirməyə tələsmirdi. Axı seçki kampaniyasının gedişiboyu respublikaçı milyarderi seksizmdə, radikallıqda, vergidən yayınmaqda, antisemitizmdə, islamofobiyada və s. günahlandırırdılar. Bunlar yaxşı təhsil almaq, karyera qurmaq istəyənlərin tolerant, siyasi baxımdan korrekt olmasının zəruri sayıldığı ABŞ üçün son dərəcə ağır günahlardır.

Beləliklə, Trampın qələbəsi bir daha sübut edir ki, xarici görünüş daxildəki vəziyyəti heç də tam əks etdirmir və daxildə olan hansısa anda üzə çıxa bilər. Bunu heç kəs gözləmirdi və Trapmın zəfərinin ilk saatlarında onun siyasəti ilə razı olmayanlar açıq-aşkar şok içərisində idilər. Onlar bu durumlarını sosial şəbəkələr vasitəsilə ifadə edirdi.

Klintonun arxasında nəhəng inzibati resurslar var idi. Banklar, hərbi-sənaye şirkətləri, media məhz onu dəstəkləyirdi. Bəs qələbə üçün nə çatmadı? Sabiq dövlət katibi əhalinin savadlı, proqressiv hissəsinə, qadınlara, azlıqlara, miqrantlara arxalanırdı. Əslində, yalnız miqrantların ciddi qüvvə olduğunu düşünmək mümkün idi. Son zamanlar ABŞ-ı əbəs yerə miqrantlar ölkəsi adlandırmırlar; məsələn, Amerika elektoratının 17%-ni Latın Amerikasından olanlar təşkil edir. Florida kimi vacib ştatlarda məhz onların səsinin həlledici olacağı gözlənilirdi. Lakin sonda Klinton Trampdan geridə qaldı. Ola bilsin ki, Klintonun seçiciləri onun çıxışlarında populizmin Trampdakından az olmadığını dərk edib. Bundan başqa, elə həmin ispandilli əhali seçkiqabağı vədlərlə real iş arasında ciddi uçurumun olduğunu yaxşı bilir. Klintonun güclü tərəfi təcrübəsi və tərəfdarları idi. Lakin onun özü qətiyyən xarizmatik siyasətçi deyil. Üstəlik, xanım siyasətçinin imici ləkəlidir. Klintonun guya xəstə olması və bunu ictimaiyyətdən gizlətməsi, elektron poçtu ilə yazışmalarının üzə çıxması və s. onun imicini ləkələmişdi. Sən demə, Klinton dövlət katibi postunu tutan zaman işgüzar yazışmaları şəxsi e-maili vasitəsilə aparırmış. Bununla əlaqədar, FTB-nin səsverməyə günlər qalmış yaydığı açıqlamada bildirilirdi ki, 5-dək xarici ölkə kəşfiyyatının Klinotonun elektron məktublarını oxuduğu istisna deyil. Bu, hətta «dövlətə xəyanət» kimi qiymətləndirilib.

 

 

Namizədlə-prezident arasında fərq

İndi bütün nəzərlər dünyanın ən nüfuzlu ölkəsinin sükanı arxasına keçmiş Trampa yönəlib. Halbuki, əvvəl onu heç kəs nəzərə almır, hətta praymerizədək irəliləyəcəyini düşünmürdü. Bəlkə də Trampın özü belə, prezident seçiləcəyinə inanmır, sadəcə, bu yarışda iştirak etməklə əylənmək istəyirdi. Artıq hər şeyə nail olmusansa, niyə də yox? Milyardların var, dünyamiqyaslı şou təşkil etmisən, 5 dəfə ata, 8 dəfə baba olmusan, şəxsi həyatın haqqında seriallar çəkmək olar, sanki çoxdan pensiyaçı olsan da, gücün, temperamentin kifayət qədərdir, qanun isə böyük siyasətlə məşğul olmağı qadağan etmir. Ona ən müxtəlif adlar qoyurdular: “bambılı”, “kloun”, “manipulyator”, “tərs”, “əliəyri biznesmen”, “populist”, “loğva”, “uşaq-kişi”. Bunlar hələ ən mülayimləridir. İsteblişmentin, hətta partiyadaşlarının əksəriyyəti Trampa qarşı idi. Bütün bunlara rəğmən o, Klintonun fonunda daha səmimi təsir bağışlaya, ənənəvi dəyərləri geri qaytarmaq istəyən amerikalıların diqqətini çəkə bilib.

Tramp xalqa «Amerikaya əzəmətini qaytaraq»; «Hər şeydən öncə Amerika» şüarları ilə üz tutub. Sabiq dövlət katibinin komandasının yaddan çıxardıqları onun çağırışlarını eşidib - o, məşhur «birmərtəbəli Amerika»nın əhalisi. Özü də dərisinin rəngi və millətindən asılı olmayaraq, Latın Amerikası və afroamerikalılar icmalarının bir çox nümayəndəsi səsini məhz Trampa verib, halbuki, Klinton onların səsinin çoxdan «cibində olduğunu» düşünürdü. Onlar böyüdükləri, nə vaxtsa arzuladıqları Amerikanın tezliklə yox olacağından qorxur. Onları məhəllələrindən, kiçik şəhərlərindən uzaqdakı dünya o qədər də maraqlandırmır. Buşun təşəbbüskarı olduğu terrorçuluqla beynəlxalq mübarizə də onları maraqlandırmır. Bu insanların əksəriyyəti Əsədin kim olduğunu bilmir, İraqla-İranı səhv salır. Bu, sadə, zəhmətkeş insanlardır. Onları şerif və mer seçkisi, abort və silahdaşıma hüququ mövzuları, benzinin qiyməti, vergilər, beysbol üzrə milli çempionat və hələ də hər bazar günü üz tutduqları kilsə daha çox maraqlandırır. Bəlkə də onların bəziləri ürəyində bir qədər rasistdir (istər ağdərililər, istərsə də qaradərililər), seksual azlıqları bəyənmir, həqiqətən də Uoll-stritdən olan iş adamlarından zəhlələri gedir.

Amma əlbəttə ki, Trampın reallıqda bu insanlara nə verə biləcəyi başqa söhbətdir. Milyarder prezident həqiqətən də «ölkəni zəngin və varlı hakimiyyət»dən alacaq, korrupsiyalaşmış isteblişmenti sarsıdacaq, lobbiçilik imkanlarını məhdudlaşdıracaq, vaxtını aşağı və orta sinfin problemlərinə, fəhlələrə, kiçik biznes təmsilçilərinə ayıracaq? Axı seçki kampaniyasının gedişində Tramp bu insanlara yeni iş yerləri, vergi yükünün azaldılması kimi vədlər verib. O, həqiqətənmi, ABŞ ərazisində faydalı qazıntıların hasilatına məhdudiyyəti aradan qaldıracaq? Şaxtaçılara iş yerlərini qaytaracaq? Enerji infrastrukturu obyektlərinin tikintisini bərpa edəcək? O, ABŞ-ın ən zəngin insanlarından biri, indi isə “Oval” kabinetin sahibi kimi, adi kovboy, beysbolkalı oğlan, ağır iş günündən sonra pabda istirahət edən əsl yanki obrazından nə dərəcədə tez imtina edəcək? Bu insan bir vaxtlar deyirdi ki, «karyera qurmağın çox yolu var, onlardan ən doğrusu isə lazımi ailədə dünyaya göz açmaqdır»…

Amerikanın yeni prezidenti daha çox iqtisadçıdır, nəinki siyasətçi (daha doğrusu, onun siyasi təcrübəsi ümumiyyətlə yoxdur). Seçkiqabağı çıxışlarında o, dövlətlərarası sərhədləri aradan qaldırmış qloballaşmanı, kapitalın ölkədən axınına və işsizliyə səbəb olan beynəlxalq ticarət razılaşmalarını çox tənqid edib. Hətta məsələn, Tramp Çini valyuta manipulyatorları siyahısına sala, BMT-də iqlimlə bağlı ödəmələri dayandıra biləcəyi haqqında hədələr də səsləndirib.

Amma yeni prezidentin çox tezliklə siyasətlə iqtisadiyyatı bir-birindən ayırmağa öyrənəcəyinə şübhə yoxdur. Eyni sözlər Trampın Yaxın Şərq və Meksikadan (o, bu ölkə ilə sərhəddə elə meksikalıların özlərinin hesabına divar tikmək vədi verib) olan miqrantlarla, qeyri-leqal miqrasiya, müsəlmanlar (ölkəyə girişlərinə qadağa qoyacağını bildirib), qadın haqları və s. son dərəcə sərt bəyanatlarına da aiddir. Axı namizəd Trampdan fərqli olaraq, prezident Tramp indi dövlət aparatı, hakimiyyət institutları, böyük biznes dairələri, Konqres və Senatla (impiçment proseduru ləğv edilməyib), kəşfiyyat xidmiətləri, Konstitusiya, nəhayət, heç də hər zaman şəxsi maraqlarla üst-üstə düşməyən milli maraqlarla hesablaşmalı olacaq.

Tramp prezident olmaq istədi və oldu. İndi, vəzifəyə uyğun davranmaq tələb edilir. Hər halda, ölkənin idarə olunması özünün «Allah, çar və ağa» olduğun şəxsi biznes imperiyasını idarə etməkdən fərqlidir. Odur ki, müşahidəçilər ABŞ-ın 45-ci prezidentinin tezliklə rola girəcəyini, açıqlamalarında xeyli ehtiyatlı olacağını deyir. Prezident seçildikdən 2 gün sonra, Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayanla görüşən Tramp bildirib ki, səhiyyə və immiqrasiya kimi məsələlərdə tezliklə işə başlayacaq. Odur ki, böyük ehtimalla, Trampın seçkiqabağı vədlərindən əsas zərbə başıbəlalı Obamacare - tibbi sığorta sistemindəki islahatlara dəyəcək.

Yeri gəlmişkən, Trampın seçkiqabağı kampaniya saytından artıq müsəlmanların ölkəyə girişinə qadağa qoyulması ilə bağlı çağırışlar qeyb olmaqdadır.

 

Yarımçıq qələbə

Tramp bir şeyi də unutmamalıdır: o, sözün tam anlamında qalib sayılmır. Yalnız ona görə yox ki, seçki nümayəndələrinin səsinə görə məğlub olmuş Klinton seçicilərdən alınmış səslərə görə onu üstələyib. Məsələ ondadır ki, seçici fəallığı çox yüksək olsa da, seçicilərin əksəriyyəti seçki kampaniyasından son dərəcə məyus olduğunu bildirib. Amerika vətəndaşlarını məyus edən onların iki pisdən daha yaxşısını seçmək məcburiyyətində qalmalarıdır; məsələn, Trapmpın bir çox tərəfdarı, əslində, daha çox Klintonun qatı əleyhdarlarıdır. Onlar sabiq birinci xanımı yenidən Ağ evdə görməmək üçün istənilən namizədə səs verməyə hazır idilər.

Sadə amerikalı, 3 böyük qız uşağının atası, baptist və sabiq hərbçi Kerri Lokhart siyasi seçimini «R+»a belə şərh edib: «Bəli, mən də əksər amerikalı kimi, Trampa səs vermişəm. Biz satılan, korrupsiyalaşmış siyasətçilərdən bezmişik. Əlbəttə, Tramp heç də ideal deyil. Lakin çoxları Klintonla müqayisədə onu daha yaxşı sayır».

Yeri gəlmişkən, ABŞ-da keçirilmiş seçkinin əsas xüsusiyyətlərindən biri də namizədlərə bu qədər inamsızlığın olmasıdır. ABŞ-da seçki sisteminin çox çətin olduğu, vətəndaşların real iradəsini əks etdirmədiyinə dair ənənəvi tənqidi fikirlə yanaşı, yaranmış vəziyyət Amerika vətəndaşlarının yalnız iki namizəd arasında seçim etməkdən bezdiyini də göstərib. ATƏT müşahidəçiləri deyir ki, hazırkı qaydalar üçüncü partiya namizədini və ya müstəqil namizədlərin prezident seçkisində iştirakını, qeydiyyatını çətinləşdirir. Bundan başqa, 35 milyonadək vətəndaş, ümumiyyətlə, səs verə bilməyib. Səbəb, seçicilərdən hansı sənədlərin tələb edilməli olduğuna dair vahid qaydanın olmamasıdır - bu qaydalar ştatlara görə fərqlənir.

Tramp isə seçki gününədək nəticələrin saxtalaşdırıla biləcəyini deyirdi. Qərb demokratiyasının ən müqəddəs məkanı sayılan Amerikada seçkinin saxtalaşdırıla biləcəyi faktının özü kifayət qədər maraqlıdır. Axı onu bütün dünya diqqətlə izləyir.

 

 

Tramdan beynəlxalq arenada nə gözləmək olar?

ABŞ-ın geosiyasi çəkisini, beynəlxalq arenada baş verənlərə təsir imkanlarını nəzərə alsaq, bu, təəccüblü deyil. Trampın Amerika ordusunun başqa ölkələrə müdaxiləsinin dayandırılacağını, faktiki olaraq, «demokratiya ixracı» təcrübəsindən imtina olunacağını söyləməsi bir çoxlarında nikbinlik yaradıb. Respublikaçı iddia edir ki, onun üçün Amerikanın maraqları hər şeydən üstündür və bu maraqlar evin içindədir. Amma yəqin ki, tezliklə yeni prezidentə «səvh düşündüyünü» başa salan olacaq, axı ABŞ-ın başqa dövlətlərin işlərinə qarışması hər zaman məhz Birləşmiş Ştatların maraqlarının müdafiəsi kimi təqdim olunur. Onu da unutmaq olmaz ki, Respublikaçılar Partiyasında qüdrətli silah lobbiçilərinin bir çox təmsilçisi yer alır. Odur ki, milyarder prezidentin belə, təkbaşına hər kəsə qarşı çıxmağa gücü çatmaya bilər. Beləliklə, Trampın ABŞ-ın əsas geosiyasi hədəfindən imtina etməsinə, çətin ki, imkan versinlər. Söhbət istənilən vasitə ilə qlobal liderliyin qorunub-saxlanmasından gedir.

Trampın qələbəsi Avropa siyasətçilərini də əməlli-başlı pərt vəziyyətə salıb. Avropa Parlamentinin rəhbəri Martin Şults bundan sonra Avropa ilə ABŞ arasında münasibətlərin çətinləşə biləcəyindən narahatlığını dilə gətirib. Avropa Komissiyasının sədri Jan-Klod Yunker isə Trampdan beynəlxalq ticarət, NATO ilə münasibətlər, iqlim dəyişikliyi kimi məsələlərlə bağlı mövqeyini açıqlamasını istəyib. Bu, yəqin ki, daha çox Trampın kifayət qədər aydın ifadə etdiyi mövqeyində bir az korrektəyə, yumşalmaya getməsi istəyidir.

Amerikalıların seçimi Londonda da aşkar qıcıq yaradıb. Qeyd edək ki, ilin əvvəlində ölkə parlamentində Trampın Birləşmiş Krallığa girişinin qadağan edilməsi məsələsi belə, müzakirə olunmuşdu. Müzakirələr 570 min insanın dəstəklədiyi ictimai petisiya üzündən keçirilmişdi. O zaman məsələyə dair hər hansı qərar qəbul olunmasa da, britaniyalı parlamentarilər Trampın ünvanına təhqirlər səsləndirməkdən belə, çəkinməmişdilər. Səsvermənin keçirildiyi noyabrın 8-nə keçən gecə isə sosial şəbəkələrdə onların bəziləri Trampın qələbəsindən dəhşətə gəldiyini gizlətmirdi.

Ərəb və müsəlman dünyası da gərgin gözləntidədir. Çünki Trampın bir-birinə qarışmış Yaxın Şərq problemlərinin, xüsusilə Suriyadakı vəziyyətin öhdəsindən necə gələcəyi bəlli deyil. O, rəqibi Klintonu ayrı-ayrı qruplara silah tədarükünə görə açıq tənqid edib. Bu silahların sonradan “İD” yaraqlılarının əlinə keçdiyini bildirib.

Bununla yanaşı, yeni ilədək bu istiqamətdə vəziyyət dəyişə bilər. Odur ki, hələlik nəticə çıxarmaq tezdir. Trampın müsəlmanlar haqqında radikal fikirləri isə əlbəttə ki, gərginliyin azalmasına xidmət etmir. Digər yandan, Klinton bu cür fikirlər səsləndirməsə də, regionda onun imici daha pisdir.

İndi Tramp administrasiyası ilə Türkiyə arasında dialoqun necə olacağı, sonda İrana hansı münasibətin göstəriləcəyi də məlum deyil. Yeni prezident Tehranla nüvə razılaşmasına yenidən baxacaqmı? İran katerləri Amerikanın hərbi gəmilərinə yaxınlaşarsa, onların məhvinə göstəriş verəcəkmi? İranın buna cavabı necə olacaq?

Trampın lap başdan ABŞ-dakı seçkiqabağı ritorikanın əsas elementlərindən olmuş Moskva ilə hansı tonda danışacağı da ayrıca mövzudur. Birincisi, Vaşinqton Rusiyanı ölkədə prezident seçkisini pozmaq məqsədilə kiberhücumun təşkilində ittiham edib. İtthama görə, Moskva nəticələrin legitimliyinin şübhə altına düşməsinə çalışıb, saxtakar faktları düzüb-qoşmağa cəhd edib. Moskva Trampın qələbəsində maraqlı sayılırdı. Onun Putinə simpatiya bəslədiyinə dair fikirlər də var. Hər halda, Tramp Putini «Obamadan daha yaxşı lider» saydığını bildirib, hətta Moskva ilə əməkdaşlıqdan faydalanmağın mümkün olacağı təqdirdə, Krımı Rusiyanın bir hissəsi sayacağını da istisna etməyib. Rusiyada isə bir çox siyasətçilər və politoloqlar respublikaçının qələbəsini, az qala, öz qələbəsi kimi qəbul edir, son dərəcə pis durumda olan Amerika-Rusiya münasibətlərinin tezliklə düzəlməyə başlayacağına dair ehtiyatlı fikirlər səsləndirir.

Amma Trampla-Putinin şəxsi münasibətlərinin necə olacağını indidən dəqiq söyləmək çətindir. Onun Putinin Obamadani yaxşı lider olduğunu söyləməsi bir şeydir, özünün Putindən yaxşı olması isə başqa şey. “Oval” kabinetin yeni sahibinin iddialı olmasını, çılğınlığını nəzərə alsaq, o, çətin ki, sələfinə oxşamaq istəsin. «Bloomberg» bildirir ki, Putin öz növbəsində, yəqin ki, Trampın «təxminedilməzliyini» nəzərə alır. Rusiyalı ekspert Fyodr Lukyanovun sözlərinə görə, Tramp Putinlə razılığa gəlməyin düşündüyü qədər də asan olmadığını anladığı anda, «məyusluq onda qıcıq yarada, nəticədə, hər şey pis istiqamətdə getməyə başlaya bilər».

Azərbaycan üçün isə əsas məsələ Vaşinqtonun yeni administrasiyasının xarici siyasi hədəfləri arasında Cənubi Qafqaz regionunun neçənci sırada duracağıdır. Bakı ABŞ ilə enerji və nəqliyyat kommunikasiyası, təhlükəsizlik və terrorçuluqla mübarizə sahələrində əməkdaşlıq edir. Bununla yanaşı, nəzərə alsaq ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bütün məqamlar Bakını xüsusilə narahat edir. Azərbaycan Prezidenti İlham Əliyev Trampa təbrik məktubunda yazır: «Ümidvaram ki, ABŞ Minsk qrupunun həmsədri kimi, Sizin rəhbərliyiniz altında bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcək».

Həqiqətən də, hazırda Qarabağ münaqişəsinin Tramp üçün prioritet olmayacağına dair narahatlıq var. Çünki o, diqqətini daha çox daxili problemlərə yönəldir. Bundan başqa, Tramp, məsələn, Azərbaycanda və Cənubi Qafqazın digər regionlarında olmuş Klintondan fərqli olaraq, regiondakı vəziyyətdən o qədər də xəbərdar deyil. Amma digər tərəfdən, Tramp administrasiyası prosesə yeni yanaşma da ortaya qoya bilər. Üstəlik, ABŞ Konqresinin hər iki palatasında çoxluğa malik respublikaçılarla rəsmi Bakının münasibətləri daha yaxşı tutur, nəinki demokratlarla.

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb ki, ABŞ-da keçirilmiş prezident seçkisinin nəticələri Ermənistan və dostları üçün daha bir sürpriz sayıla bilər. «Bob Dold, Mark Kerk və digər ermənipərəst konqresmenlər seçkidən kənarda qaldılar», - deyə o, qeyd edib. Məşhur «Azərbaycanda demokratiya aktı»nın tərəfdarlarından olan Cozef Hek də məğlublar sırasındadır.

Beləliklə, Tramp səs-küylü, səxavətli seçkiqabağı vədlərinin boş sözə çevrilməməsi üçün cidd-cəhdlə işləməlidir. Əks təqdirdə bu mənada o, Barak Obama ilə müqayisədə belə, rekord qıra bilər. Əlbəttə ki, Trampın necə komanda yığacağından da çox şey asılıdır - o, 1000-ə yaxın təyinat etməlidir. Hələlik, əksər Qərb analitiki Trampın prezidentliyi dönəminin Qərb dəyərləri üçün sınaq olacağını düşünür. Söhbət demokratiya və insan haqlarından gedir. Nüfuzlu «Financial Times» nəşri hesab edir ki, hadisələr, hətta mövcud beynəlxalq iqtisadi düzənin dağılması və ABŞ-ın özünün keçmişdəki «qarışmamaq» siyasətinə qayıtması ilə sonuclana bilər.

Beləliklə, Trampın idarəçiliyinin hər hansı qlobal nəticələrə yol açacağını düşünmək olmaz. Amma onun sürprizlərlə dolu olacağına şübhə yoxdur. ABŞ, müəyyən mənada, həqiqətən öz «Brehit»ini yaşadı və onun əsas nəticəsi Trampın özü deyil - sistem onun davranışında lazımi düzəlişlər etmək iqtidarındadır. Əsas məsələ amerikalıların Tramp kimi şəxsi prezident seçməsinin səbəbləridir...

 

 

 

ABŞ-ın tarixindən elektoral sürprizlər

BBC

ABŞ tarixində bütün proqnozların əksinə olaraq, autsayder sayılanların Ağ evə sahib çıxdığı başqa dövrlər də olub

 

1912-ci il: Vudro Vilson

Əsas rəqiblər ikinci müddətə prezidentlik uğrunda yarışan respublikaçı Uilyam Taft və 1901-1909-cu illərdə ABŞ prezidenti olmuş son dərəcə populyar Teodor Ruzvelt sayılırdılar.

Amma ağır partiyadaxili böhran şəraitində, siyasi təcrübəsi, demək olar ki, olmayan Vudro Vilson prezidentliyə namizəd göstərilir.

O, Federal Ehtiyat Sisteminin yaradılması (1913-cü il) ilə yadda qalıb. Lakin o, hər şeydən əvvəl o dövr üçün xarici siyasətdə qeyri-adi fəallıq nümayiş etdirib.

Onun ikinci müddətə prezident olduğu dövrdə ABŞ Antanta tərəfindən Birinci Dünya müharibəsinə qoşulub. «Vilsonun 14 maddəsi» adlı sülh şərtləri məhz ona məxsusdur. Vilson Avropaya səfər etmiş ilk ABŞ prezidenti olmaqla, Millətlər Liqasının yaradılması təşəbbüsünü irəli sürməsi ilə də yadda qalıb.

Vilsonun beynəlxalq fəaliyyəti ona Nobel Sülh Mükafatı qazandırıb. Vətənində isə o, idealizmdə ittiham olunaraq, populyarlığını itirib.

 

1940-cı il: Franklin Ruzvelt

Əksər amerikalı və beynəlxalq ekspertlər, o cümlədən Stalin ilə Hitlerin məsləhətçiləri proqnozlarında üstünlüyü Uendell Uilkiyə verirdi.

Birincisi, Ruzvelt üçüncü müddətə namizəd olmaqda, ənənəni pozmuşdu. Hətta bəzi demokratlar belə, bunun yolverilməz olduğunu bildirirdi. Uilki isə təbliğatını «Əgər bir insan əvəzolunmazdırsa, bizim heç birimiz azad deyilik» şüarı ilə aparırdı.

İkincisi, respublikaçı namizəd opponentini ABŞ-ı başlamaqda olan Dünya müharibəsinə cəlb etmək cəhdində təqsirləndirir, mitinqlərdə bildirirdi ki, «Ruzveltə verilən səslər oğullarınızın, həyat yoldaşlarınızın və qardaşlarınızın məzarı üzərindəki xaç deməkdir».

Lakin Ruzvelt, ilk növbədə, həmkarlar ittifaqı təşkilatlarının və ənənəvi olaraq demokratlara səs verən Cənubun sayəsində qalib gələ bildi.

 

1948-ci il: Harri Trumen

Demokratlardan prezidentliyə namizəd olan Trumen ozamanadək 3 il müddətinə prezident postunu tutmuşdu. O, buna vitse-prezidentlikdən dünyasını dəyişmiş Ruzveltin yerinə keçməklə nail olmuşdu.

Çoxları onu Ağ evə təsadüfən düşmüş şəxs sayırdı və seçkidə 1930-cu illərədək Nyu-Yorkda prokuror işləmiş respublikaçı Tomas Dyuinin qalib gələcəyini düşünürdü. Çünki o, mafiya ilə mübarizə sahəsində ad çıxarmışdı.

Lakin demokratlar arasındakı parçalanma Trumenin əleyhinə işləyirdi. Nəticədə, seçicilərin yarıdan azının səsini toplamış Trumen seçki nümayəndələri sistemi sayəsində qalib oldu.

“Marşall planı”nın reallaşdırılması, NATO-nun yaradılması, irqi seqreqasiyaya qarşı dövlət siyasətinə başlanılması, ən nəhəng xarici siyasi məğlubiyyət sayılan hadisə - Çində kommunistlərin hakimiyyətə gəlişi və Koreya müharibəsi onun ikinci prezidentlik dövrünə təsadüf edib.

 

1960-cı il: Con Kennedi

Eyzenhauerin dövründə vitse-prezidentlik təcrübəsi qazanmış respublikaçı namizəd Riçard Nikson Ağ evin sahibi postuna əsas namizəd sayılırdı. Demokratlar Partiyası daxilində isə Kennedinin rəqibləri siyasi «ağırçəkililər» - senator Hemfri, Conson və Sayminqton idilər.

Kennedinin «ifrat» gəncliyi (43 yaş) və katolik kilsəsinə mənsub olması da onun əleyhinə işləyirdi. Protestantların üstünlük təşkil etdiyi Amerikada bunun müsbət məqam olmadığı hər kəsə bəllidir.

 

Sonda Kennedi cüzi səs çoxluğu ilə olsa da, Niksona qalib gələ bilib. Üç il ərzində o, birgə məktəb haqqında qanunu işə sala, dövlət qulluğuna qəbul zamanı irqi ayrı-seçkiliyi aradan qaldıra,  Ay proqramını reallaşdıra, Karib böhranını həll edə bilib. Lakin Kennedi tarixə daha çox faciəvi və son dərəcə müəmmalı qətli ilə düşüb.



MƏSLƏHƏT GÖR:

416