2 May 2024

Cümə axşamı, 02:07

MERKEL DÖVRÜNÜN DAVAMI

Ancaq sürprizlər “dəmir fraun”un növbəti dəfə Almaniyanın kansleri seçilməsinə mane ola bilər

Müəllif:

15.01.2017

Ötən ilin noyabrında Almaniyanın kansleri Angela Merkel, 2017-ci ildə IV dəfə bu vəzifəyə seçilməyə hazırlaşdığını bildirdi. Kanslerin sözlərinə görə, təmsil etdiyi Xristian-Demokrat İttifaqının (XDİ) mənsubları onu bu il bir daha kansler seçkilərində iştirak etməyə həvəsləndiriblər. On bir ildir, Almaniyanı idarə edən Angela Merkel, 2017-ci ildə də bu vəzifəyə bir daha seçilməklə, keçmiş kanslerlər Konrad Adenauer (14 il) və Helmut Kolun (16 il) rekordunu təzələyə bilər.

Qeyd etmək lazımdır ki, Almaniyada kansler birbaşa xalq seçkisi ilə deyil, Prezidentin təqdimatı iləölkə parlamenti Bundestaq tərəfindənvəzifə başına gətirillir. Növbəti seçkilərdə Xristian-Demokrat İttifaqının əsas rəqibi hal-hazırda onun müttəfiqi olan “sosial-demokratlar partiyası olacaq. Onun sədri Ziqmar Qabriyel, vitse-kansler və İqtisadiyyat naziri vəzifəsini tutur.

Keçən il Almaniyada sosial sorğu keçirən "Emnid İnstitutu" və "Infratest Dimap" adlı Sosiologiya Mərkəzi kimi qurumların açıqladığı rəqəmlərə görə, əhalinin yarıdan çoxu Angela Merkelin yenidən kansler olmasını dəstəkləyir. Maraqlıdır ki, daha öncəki sorğularda Merkelin mühacir siyasətinə görə respondentlərin 50%-i Merkelin seçilməsinin əleyhinə, yalnız 42%-i bu seçimin lehinə idi.

Qeyd etmək lazımdır ki, Almaniya Bundestaqında 17 siyasi partiya təmsil olunur. Bunların arasında öndə gələn əsas 5 siyasi partiya var ki, onlar arasında hakim Xristian-Demokratlar Partiyası 254 yerə, Sosial-Demoktarlar Partiyası 193, Sol Partiya 64, Yaşıllar Partiyası 63, Xristian Sosial İttifaqı  isə 56 yerə malikdirlər.

Axırıncı yerdə olan xristian-sosialistlər ilə XDİ-dən başqa, digər parlament partiyaları Merkelin növbəti dəfə kansler olmasına qarşı çıxırlar. Solların nümayəndəsi Bernd Riksinger, Merkelin dördüncü dəfə kansler seçilməsinin qarşısını almaq üçün, ondan başqa hər hansı bir namizədi dəstəkləyəcəklərini bəyan edib.  

Hakim partiyanın ölkənin siyasi həyatındakı yeganə müttəfiqi xristian-sosialistlərin dəstəyinə malik olmalarına baxmayaraq, bu iki partiya arasında mühacir böhranından dolayı, 2015-ci ildən bu yana müəyyən ziddiyyətlər yaranmışdır. Xristian-sosialistlərin rəhbərliyi bu qədər miqrantın Almaniyaya axınını müsbət qarşılamır və Merkelin miqrant siyasətini tənqid atəşinə tutur. Bir başqa tərəfdən, müttəfiqlər arasında xarici siyasət kursu ilə bağlı da fikir ayrılıqları mövcuddur.

Belə ki, xristian-sosialistlərin yanaşmasına görə, Rusiyaya qarşı Almaniyanın tədbiq etdiyi iqtisadi embarqolar yolverilməzdir. Partiyanın sədri Horst Zeehofer 2015-ci ildə Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyü zaman Suriya siyasətində Rusiyanı tamamilə dəstəklədiklərini bildirib.

Rusiya ilə yaxınlığına görə seçilən bir başqa partiya isə get-gedə daha da güclənən “Almaniya üçün Alternativ”dir (AfD.) Alman mətbuatının yazdığına görə, Rusiyadan dəstək alan partiya nümayəndələri, Berlindəki Rusiya səfirliyinə tez-tez baş çəkirlər, eyni zamanda, Krıma və Moskvaya səfərlər edirlər. Bir başqa maraqlı fakt, AfD-nin nümayəndələrinin rusiyalı deputatlar və iş adamları ilə görüşləridir. İfrat sağyönümlü partiyanın nümayəndələri, təbii ki, Merkelin miqrant siyasətini sərt tənqid atəşinə tuturlar.

Almaniyanın ən böyük 5 siyasi partiyasından biri olan “Sol Partiya”nın da (Die Linke) Rusiyaya qarşı mötədil mövqeyi məlumdur. Belə ki “Die Linke”, Rusiyaya qarşı Almaniyanın sanksiyalara qoşulmasını daim tənqid edən siyasi partiyalardan biri sayılır.

ABŞ-ın, Almaniyada təsir dairəsinə daxil partiyalarından biri sayılan Yaşıllar Partiyasının (Die Grünen) bu məsələ ilə bağlı mövqeyi isə tam fərqlidir. 

Merkel seçiləcəyi təqdirdə, həll edəcəyi vacib daxili məsələ xarici problemlərdir. Daxili problemlər arasında ən mühümü, mühacir böhranı, qacqınların cəmiyyətə sosial-siyasi inteqrasiyası, mədəni adaptasiyadır ki, bunun da həlli Angela Merkelin şəxsi keyfiyyətləri, siyasi bacarıqları fonunda proqnozlaşdırılır.

Hələ, 2015-ci ildə miqrant böhranı ilə bağlı “Almaniya elə Almaniya olaraq qalacaq" şüarı ilə çıxış edən Merkel bu məsələdə ona əks mövqe tutan "xristian-sosialistlər" ilə eyni mövqedə olduğunu göstərdi. Son iki ildə Almaniyada miqrantlarla bağlı qanunlara dəyişiklik edilməsindən Avropa İttifaqı ilə Türkiyə arasında miqrant böhranını həll etməkdən ötrü danışıqlar prosesinin başladılmasına qədər bir sıra tədbirlər görülsə də, Almaniyanın daxili siyasətində xanım Merkelin “Biz bunu bacararıq” ifadəsi tənqid atəşinə tutularaq, onun miqrant siyasəti tənqid hədəfi oldu. Ölkənin müxtəlif intellektualları Merkelin miqrant siyasətini tənqid atəşinə tutdular, sağyönümlü partiyalar isə Angela Merkelin mühacir siyasətindən öz xeyirlərinə istifadə edərək, mənəvi-ideoloji bazalarını daha da qüvvətləndirdilər.

Məsələ ondadır ki, Almaniyaya üz tutan mühacir dalğası özü ilə bir sıra sosial, iqtisadi problemlər də gətirdi. Bəzi almaniyalı siyasi ekspertlər mühacirləri özləri ilə bərabər kriminogen vəziyyət və  digər mənfi xüsusiyyətlərini Almaniya cəmiyyətində bərqərar etməkdə günahlandırırlar.

Ölkəyə axışan suriyalı qaçqınlar öz gəlişləri ilə məcbur edir ki, Almaniyanın dövlət büdcəsinə yenidən baxılsın və sosial, habelə qaçqınlar üçün nəzərdə tutulmuş ictimai xərclər də çoxaldılsın. Ən əsası, ölkədə son dövrlərdə terror hadisələrinin çoxalmasıdır.

2016-cı ilin ilk Yeni İl bayramı tədbirləri zamanı yerli qadınlara edilən təcavüz faktları, Hannoverdə polisə hücum, Essendə Sikx məbədi önündə partlayış, Ansbaxda partlayış və nəhayət, ilin sonunda 12 nəfərin ölümü ilə nəticələnmiş Berlin terror aktının, habelə həmin ilin noyabr ayında Əfqanıstanın Məzari-Şərif bölgəsində Almaniya konsulluğuna edilən terror hücumunun baş verməsi Almaniya hökumətini məcbur edir ki, terrorizmə qarşı həm daxildə, həm də xaricdə daha sərt mübarizə aparsın.

Təbii ki, Berlin terrorunun ölkənin daxili ictimai-siyasi rəyinə, o cümlədən, 2017-ci ildə baş tutacaq Kansler seçimlərinə təsirsiz ötüşəcəyini demək doğru olmazdı. Terror hadisəsini bir müsəlmanın törətməsi, sözsüz ki, daxildəki ekstremist sağçı hərəkat və milliyyətçi partiyaların mövqeyini bir qədər də möhkəmləndirir, eyni zamanda, xanım Merkelin mühacir siyasətini tənqid atəşinə tutmağa əsas verir.

Maraqlıdır ki, Merkelin özü da zaman-zaman miqrantlar əleyhinə ritorikadan istifadə edir və multikulturalizm siyasətinin iflasa uğradığını bildirir. O, “xristian-demokratlar”ın 2016-cı ilin yanvar ayında Noybrandenburqda keçirilən iclasında bildirdi ki, Suriyada sülh bərpa olunacaq və  İraqda İŞİD məhv ediləcəyi halda, mühacirlərin öz doğma vətənlərinə geri göndəriləcəyi şübhəsizdir. Elə isə Merkel növbəti dəfə kansler seçiləcəyi təqdirdə, Almaniyanın xarici siyasət kursu necə olacaq?

Hələ 2014-cü ildə Münhen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı Almaniyanın Xarici İşlər naziri Frank Valter Ştaynmayer ölkəsinin bundan sonra beynəlxalq münasibətlərə tamaşaçı kimi qalmayacağını və aktiv şəkildə siyasi proseslərdə iştirak edəcəyini bildirmişdi. Bu il Merkelin növbəti dəfə kansler seçiləcəyi təqdirdə, mütəxəssislərin fikrincə, Xarici İşlər naziri postuna Avropa Parlamentinin Sədri Martin Şults gətirilə bilər. Nəzərə alsaq ki, Aİ Parlamentinin sədri Martin Şultsun fəaliyyəti dönəmində də mərkəz xətti insan hüquq və azadlıqları təşkil edib, o zaman Almaniyanın 2017-ci ildən sonrakı diplomatiyasının ana xəttini insan azadlıqları təşkil edəcəyi ehtimal oluna bilər. Onu da qeyd etmək lazımdır ki, Angela Merkelin namizədliyi ABŞ tərəfindən tam dəstəklənir, ələlxüsus da Barak Obamanın son Almaniya səfərində Merkelə olan dəstək açıq-aşkar büruzə verildi. Lakin yeni seçilmiş Prezident Trumpun dövründə iki ölkə arasında münasibətlərin hansı səviyyədə olacağını proqnazlaşdırmaq elə də asan deyil.

Konkret olaraq xarici siyasət kursuna gəldikdə isə, ən mühüm istiqamətlər aşağıdakılardır.

Almaniyanın Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyində passivlik müşahidə olunacaq. İsraillə bağlı istənilən məsələyə Almaniya dövləti çox ehtiyatla yanaşır, ikitərəfli əməkdaşlığı son dərəcə diqqətlə qiymətləndirir.

2006-cı ildən bəri İsrailə bir sıra silah-sursat satan Almaniyanın bundan sonra da bu xətti tutacağı zənn edilməkdədir. Buna görə də Fələstin məsələsində Almaniyanın sərt çıxış edəcəyi güman olunmur. Bunun tam əksini İraqa yönəldilmiş siyasətdə görə bilərik. Almaniya, ABŞ-dan sonra, İraq Kürdüstanına ən çox maliyyə yardımı göstərən ölkədir və bu bölgə Almaniya üçün xüsusi geosiyasi rola sahibdir. Almaniyanın Müdafiə naziri Ursula fon der Leyenin son üç ildə 3 dəfə Ərbil şəhərinə səfər etməsi, Bərzani ilə görüşməsi, rəsmi Berlinin bölgəyə necə diqqət ayırdığını göstərir. Almaniya İraqda xristian və yezidi kürdlərin təlim görməsinə də çalışır.

Bu illər əzrində ilk dəfə Almaniya üçün kürd məsələsi Suriyadakı Kobani şəhərinin İŞİD tərəfindən zəbt olunmasından sonra təkrar gündəmə gəldi. Almaniya “Yaşıllar” Pariyası təcili olaraq, Kobaniyə alman qoşunlarının çıxarılmasını tələb edirdi. Suriyada vətəndaş müharibəsi başladığı ərəfədə kansler Angela Merkel çıxışlarının birində bildirmişdi ki, Almaniya heç bir halda Suriyaya qarşı hərbi müdaxilənin həyata keçirilməsini dəstəkləməyəcək. İstər kansler Merkel, istərsə də Xarici İşlər naziri Frank Valter-Ştaynmayer Suriya konfliktinin həllinin Rusiya ilə ortaq məxrəcin tapılmasında və onun vasitəçiliyi ilə həll edilməsində çıxış yolu gördüyü açıqlayıblar.

Almaniya bir başqa Şərq ölkəsi olan İranın ən böyük ticari və iqtisadi tərəfdaşıdır və İranda 80-ə yaxın alman şirkəti çalışır. Məhz buna görə də 2016-cı ilin yanvar ayında, İran üzərindən sanksiyalar qaldırılandan bir qədər sonra, Almaniyanın İqtisadiyyat naziri Ziqmar Qabriyel İrana işadamlarından ibarət böyük bir heyətlə işgüzar səfər etdi. Səfər zamanı aydın oldu ki, alman şirkətləri İranla istənilən iqtisadi sahədə işbirliyi qurmağa, İrana investisiya yatırmağa böyük maraq göstərirlər. İki ölkə arasındakı ixracatın 2015 və 2016-cı illər ərzində 10 milyard avro səviyyəsinə qaldırılacağı deyilirdi. Lakin ABŞ-ın 2016-cı ildə təkrar İrana qarşı sanksiyaların müddətini 10 ilə qədər uzatması, Birləşmiş Ştatların ən yaxın tərəfdaşı Almaniyanı məcbur edir ki, İranla olan münasibətlərinə yenidən baxsın və iqtisadi maraqlara xidmət edəcək müqavilələrin imzalanmasını məhdudlaşdırsın. Bu askeptdən çıxış edərək deyə bilərik ki, İran-Almaniya rəsmi münasibətlərində müəyyən mənada durğunluq yaşanacaq.

Qeyd etmək lazımdır ki, Merkel administrasiyası ABŞ-ın təzyiqi ilə Rusiyaya qarşı Avropa İttifaqı daxilində sanksiyaların qəbul olunmasında əsas lokomativ rolunu oynayırdı. Ukraynadakı “avromaydan”ın aktiv dəstəkçilərindən biri olan Almaniya hökuməti Donbas krizisinin həll olunmasında istər "Normandiya formatı" çərçivəsində, istərsə də digər bir çox diplomatik görüşlərdə birbaşa iştirak edir. Bununla yanaşı, Rusiya Almaniyanın ən böyük iqtisadi tərəfdaşlarından biri sayılır. Almaniyanın enerji təhlükəsizliyinin 40%-i Rusiyadan asılıdır. Sanksiyalaradək müddətdə Rusiya ərazisində, təqribən, 400-dən çox alman şirkəti fəaliyyətdə idi. Sanksiyaların tətbiq olunmasından sonra belə, Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirən bir xeyli alman şirkəti oldu. Almaniya bu iqtisadi sanksiyaların aradan qaldırılmasının tərəfdarıdır. Yəqin ki, bundan sonra Almaniyanın Rusiya və Ukrayna məsələsində ortaya qoyacaq siyasəti daha çox yeni ABŞ administrasiyasının mövqeyi ilə birbaşa bağlı olacaq.

Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq onu deyə bilərik ki, Almaniyada hal-hazırda mövcud siyasi vəziyyət, partiyaların bir-birləri ilə olan münasibəti, hakim partiyanın öz liderlərini qeyd-şərtsiz dəstəkləmələri, növbəti dövrlərdə sürprizlər yaşanmayacağı təqdirdə, Angela Merkelin növbəti dəfə də kansler seçilmək şanslarının kifayət qədər yüksək olduğunu deməyə əsas verir. Ən azından, son dövrlər keçirilmiş bir çox sorğu nəticələri, statistik göstəricilər bundan xəbər verir. Məsələ burasındadır ki hal-hazırda Almaniyada Merkelə alternativ hər hansı bir rəqibin olduğunu demək çətindir. Sosial-demokratların namizədi Qabrielin reytinqi Merkelin fonunda kifayət qədər azdır. Əgər bütün ziddiyyətlərə baxmayaraq,xristian-demokratlarla "bacı-qardaş" kimi tanınan xristian-sosialistlərın də dəstəyini, o cümlədən fəaliyyətdə olan sağçı, ekstremist partiyaların Bundestaqda ya məhdud, ya da ümumiyyətlə, təmsil olunmamasını nəzər alsaq, Merkelin seçilmək şansının yüksək olduğunu demək mümkündür...



MƏSLƏHƏT GÖR:

384